Şüşədəki həqiqət
Bir zaman sarı olmuş, indi isə bənizi solmuş qumsallıqda sə…
90-cı illərin əvvəlləri. Qarabağ müharibəsinin başlamasıyla torpaqlarından qovulan insanlar hara gəldi səpələniblər. Çoxu evdən çıxarkən, əşyaları götürməyə, qapıları bağlamağa, heç olmasa, həyətdəki iti zəncirdən açmağa belə imkan tapmayıb. Eləcə başlarını götürüb, allah ümidinə qaçıblar. Orta məktəblərə, yataqxanalara, zavodlara, boş evlərə yerləşənləri də olub, boz çölün ortasındakı çadır düşərgəsinə sığınanları da. Günel Mövludun 2020-ci ildə nəşr olunan “Düşərgə” kitabında məhz çadır düşərgəsindəki məcburi köçkün həyatından bəhs edilir.
“Düşərgə”ni oxumağım II Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf etdi. Hədəfi düz gözündən vurmuşdu təsadüf. Hər şey isti-isti idi hələ. Bu kitab vasitəsilə məcburi köçkünlərin iki müharibə arasında nələrdən keçdiklərini, yeni həyata uyğunlaşmaq və çətinliklərlə başa çıxmaq üçün nələrə məruz qaldıqlarını daha dərindən hiss etdim. İkinci müharibədən sonra torpaqların geri qayıtmasıyla onların necə ziddiyyətli duyğular yaşaya biləcəklərini qismən də olsa, təsəvvür edə bildim. Oxuduqca, həm də onu gördüm ki, kitab ürəyimə yağ kimi yaxıldığı halda, beynim nədənsə ona şiddətlə müqavimət göstərir.
“Düşərgə” ziddiyyətli kitab imiş. Onu həm ürəyinlə, həm də beyninlə oxuya bilərsənmiş. Ürəyinlə oxusan, onu sevə, beyninlə oxusan, ağız büzə bilərsənmiş. Bu yazıda mən “Düşərgə”yə həm ürəyimlə, həm də beynimlə yol tapmağa çalışacam. Əvvəlcə ürəklə.
Ürək
Mənə görə, əsasən iki tip yazıçı var: ürəyi ilə yazan və beyni ilə yazan... Əksəriyyət yalnız birində yaxşı yazmağı bacarır, digərində axsayır. Əgər mütləq ikisindən birini seçmək tələb olunsaydı, şəxsən mən sırf beyniylə yazan yazıçıdansa, ürəyilə yazan yazıçını seçərdim; ağılla yazılan ədəbi mətndənsə, ruhla yazılan ədəbi mətni üstün tutardım.
“Düşərgə” də sırf ürəklə yazılan mətnlərdəndir. İçinə daxil olan kimi səhnələr ruhuna xitab edir.
Burda sən əvvəlcə insanların necə çaşqın olduqlarını görürsən. Onlar inana bilmirlər ki, talelərinə dağdan, dərədən, yaylaqdan didərgin düşüb ilan mələyən boz cəhənnəmə pənah gətirmək yazılıb.
“Bəzi axşamlar bir neçə qonşu birləşib çay içə-içə saatlarla söhbətləşir, bu söhbətlərin əsas mövzusu isə doğma kəndləri, o kəndlərdə qalan evləri, qaçhaqaç düşən vaxt başlarına gələn hadisələr olurdu. Hər kəs kənddən necə qaçdığını bütün detalları ilə danışır, başqaları diqqətlə qulaq asır, öz hekayətlərini danışmaq üçün növbələrinin çatmasını gözləyirdilər. Hekayət müəllifləri bir qayda olaraq, doğma kəndlərindəki evlərini, yaşayışlarını göylərə qaldırır, arada kimsə dünən gecə həyətlərini, bağ-bağatlarını, mal-qarasını yuxuda gördüyünü deyirdi. Kimi kəndlərinə qayıdar-qayıtmaz oğlunu evləndirəcəyindən, kimi nəvəsinə sünnət toyu edəcəyindən danışırdı. Qocalar əllərini göylərə açaraq: “Bala, allahdan tək diləyim var, qayıdaq kəndə, orda can rahatlığıynan ölüm! Allah mənə ölümü burda verib, qəbrimi qərib eləməsin!” deyə dua edirdilər.
İnsanların içində doğma kəndlərinə, ev-eşiklərinə qayıdacaqlarına dair hələ də güclü bir ümid var idi. Sonradan o ümid günbəgün, ilbəil azalacaq, axırda birdəfəlik yoxa çıxacaqdı. Ölümlərini doğma kəndlərinə saxlamaq istəyən qocaların sırası yavaş-yavaş seyrələcək, düşərgədən bir neçə kilometr aralıda, ayrıca “köçkün qəbiristanlığı” salınacaq, bu qəbiristanlıq ilbəil böyüyəcəkdi...”
Bolluq-bərəkət içində yaşayan insanları düşərgədəki məcburi köçkünlük bir qarın yeməyə, bir qab suya, bir əyinlik geyimə həsrət qoyub. İnsaniyyətdən uzaq mühitdə ibtidai instinktlər işə düşüb. Mübarizə artıq sağ qalmaq uğrunda gedir: bu minvalla güclülər tapdalayır, əzir, sui-istifadə edir, zəiflər isə döyülür, söyülür, hətta təcavüzə məruz qalırlar.
“Düşərgə”yə yönəldilən iradlar əsasən çoxsaylı təcavüz və adət-ənənədən kənar digər hadisələrin həqiqətən baş verib-vermədiyinin sorğulanmasından ibarət idi. Mən bu iradlarla bir o qədər razı deyiləm. Çünki birincisi, zorlanma səhnələri müdafiəsiz qadınların ibtidai instinktləri işə düşən erkəklərin “şikarına” necə çevrildiyini göstərdiyi üçün yersiz təsir bağışlamırdı. İkincisi, “Düşərgə” şəraitində qarabağlı, azərbaycanlı, insaniyyət, mədəniyyət anlayışı olmur axı. Burda söhbət artıq heyvani təbiətin oyanmasından gedir.
Bununla belə, kitabda bərbad mühitdə öz xarakterini qoruyub saxlayan maraqlı obrazlara da yer verilib: nənə, ana, kitabxanaçı bacılar, Vəli, Hüsran müəllimin oğlu və başqaları kimi. Ortalıqda qalanlara, çırpınsalar da, içlərində öz faciələrinə yas tutanlara da diqqət ayrılıb, baba obrazı kimi:
“Qoyunlarını satmağa məcbur qalandan sonra babamın həyat eşqi ölmüşdü. Qoyun sürüsünün, Toplan və Tərlan adlı iki yekəpər itinin, ucsuz-bucaqsız, yaşıl çöllərin xiffəti babamı qaraqabaq, acıdil qocaya çevirmişdi. Babamın çoban həyatından qalan tək xatirəsi, toppuz başı parıldayan çomağı otağın bir küncünə söykənib qalmışdı. Hərdən, axşamlar qonşuluqdan it hürüşməsi eşidiləndə, babam uzun illərin vərdişi ilə yerindən sıçrayaraq, çomağını götürüb cəld çölə çıxırdı. Ömrünü dağlarda, gül çiçəyin arasında mahnı oxuyaraq, təmiz hava udaraq keçirən babam indi qısılıb qaldığı bu iki otaqda sanki qəfəsə salınmış pələng idi. O, səhərlər oyanır, köhnə ülgüclə üzünü qırxır, əl-üzünü yuyub bir stəkan çay içir, kəndin kövşənlərinə çıxıb gəzişirdi. Hardasa qoyun otaran bir adam görəndə, gedib onunla danışmağa cəhd edir, özünün keçmiş çoban həyatından, şəxsi sürüsündən, heyvanları bu yaxınlarda satmasından danışırdı”.
Kitabda seçdiyim bu parçalardan savayı da xeyli maraqlı hissələr var. Bunları oxuyarkən, bəzən göz yaşlarını saxlaya, bəzən də onca faciə içində dodaqlarının qaçmasını əngəlləyə bilmirsən. “Düşərgə”də ən xoşuma gələn cəhət əvvəldə qeyd etdiyim kimi, qələmin tez-tez müəllifin ürəyini göstərməsi, ruhunu büruzə verməsi idi. Məncə, onun ən böyük uğuru budur. Amma uğursuzluqları da kifayət qədərdir.
Beyin
Təsəvvür edin, bir bənna bir mərtəbəli sadə, möhkəm və praktiki ev tikib. İş təqdirəlayiqdir. Sən bənnanı tərifləməyə hazırsan, amma görürsən ki, o, tikdiyi sadə evi təmtəraqla “Saray” adlandırır, onu məsələn, “Səadət Sarayı” ilə bir sıraya qoyur, özünü isə memar-arxitektor kimi qələmə verir. Bu bənna haqqında nə fikirləşərsiniz? Yəqin ki, onun ya nabələdlərə kəf gəldiyini, ya da özünün öz işindən baş açmadığını düşünərsiniz. Günel Mövlud da “Düşərgə”ni roman-bioqrafiya adlandırmaqla, həmin bənnaya bənzər bir davranış sərgiləmiş olub. Çünki “Düşərgə”nin roman və bioqrafiya janrıyla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Roman nədir? Bunu hələ bizə məktəbdə öyrətmişdilər: sujet və subsujet xətlərindən, ekspozisiya, düyün, kulminasiya və razvyazka kimi elementlərdən ibarət uzun mətn. Günel Mövludun kitabında nəinki subsujet xətləri, hətta qırılmayan, vahid süjet xətti belə yoxdur. Müəllif kitabın əvvəlində düşərgəyə necə daxil olduğunu, sonunda onu necə tərk etdiyini yazsa da, bu hissələr fraqmental xarakter daşıyıb. Yəni, kitabda süjet xətti əsas qəhrəman və köməkçi qəhrəmanların üzləşdiyi hadisələrin, onların bir-biriylə qarşılıqlı münasibətlərinin fonunda inkişaf edib bir hekayə kimi finala çatmayıb.
Müəllif nə edib? Məkanlar və insanlar barədə parça-parça təsvirlər və əhvalatlar yazıb. Məsələn, düşərgənin bir hissəsini təsvir edərək o biri hissəsinə keçib, bir qəhrəmandan bəhs edərək digər qəhrəmana keçib. “Düşərgə” başdan ayağa belə hoppanışlardan, qırıq-qırıq əhvalatlardan ibarətdir.
Kitabı heç bioqrafiya janrına da aid etmək olmaz. Çünki bioqrafiya janrında bildiyiniz kimi bir nəfərin həyat və yaradıcılığına vurğu olur. “Düşərgə”də isə bu da özünü epizodik olaraq göstərib. Biz Günel Mövludu mətnin əvvəlində və axırında müəyyən qədər yaxşı görürük, kitabın əksər hissəsində isə o, insanlar, məkanlar, nəsnələr, hadisələr burulğanında epizodik şəkildə boy göstərərək, yoxa çıxıb.
Əgər “Düşərgə” mütləq hansısa ədəbi janra aid edilməli olsaydı, ən uyğun gələni böyük ehtimalla, xatirə janrı olardı. Bəs onda müəllif mətni niyə roman-bioqrafiya janrına aid etməyə ehtiyac duyub? Məlum deyil.
Bildiyim qədərilə Günel Mövlud kitabını Norveç dili daxil olmaqla, xarici dillərə tərcümə etməyi planlaşdırır. Təcrübəsiz azərbaycanlı oxucu roman-bioqrafiya janrından xəbərsiz ola bilər, amma Karl Ove Knausqardın 6 cildlik “Mənim mübarizəm” roman-bioqrafiyasını oxuyan hansısa norveçlinin “Düşərgə”nin bu janra aid olmadığından duyuq düşəcəyi şübhə doğurmamalıdır.
“Düşərgə”də məni ən çox təəccübləndirən məqamlardan biri də Günel Mövludun onca ilin müəllifi olmasına baxmayaraq, hələ də Seymur Baycanın üslubunu kor-koranə təqlid etməsi oldu. Mətndən bir parçaya nəzər yetirək:
“Bəzən insanların səfaləti, kasıblığı romantikləşdirməyi məni bərk əsəbləşdirir. Ömründə bir gün ac qalmayan, çarpayısız yatmayan, soyuducularından çeşid-çeşid ərzaq əskik olmayan insanların yoxsulluqda, səfalətdə gözəllik, art axtarması köçkünlük illərində mən və mənim kimi saysız-hesabsız insanın yaşadığı məşəqqətlərə təhqirdir. Kasıblığı romantikləşdirən, yoxsulluqda art axtaran insanların bu həyatda bir saflıq, təmizlik, məsumluq, guya başqalarının görə bilmədiyi bir xoşbəxtlik görmələri, üstəlik, bunu rahatca dillərinə gətirmələri onların səfalət, aclıq, qıtlıq kimi anlayışların əsl mahiyyətindən nə qədər xəbərsiz olduqlarını göstərir...
Bu, konkret Seymur Baycan üslubudur. Fərq etməz, bədii, ya publisistik, Seymur Baycanın istənilən yazısını açın, orada mütləq bu üslubda yazılmış parçaya rast gələcəksiniz. Məsələn:
"Müşahidələrim, oxuduqlarım nəticəsində qəti olaraq bu qərara gəlmişəm ki, pafos, intellektual blef nədirsə, birbaşa insan təbiəti ilə əlaqəlidir. Adamlar var, heç cür sadə düşünmək istəmirlər. Adamlar var ki, istəyirlər onların oxuduqları kitabları çox az adam, ancaq özləri kimi “seçilmiş adamlar” oxusun. Adamlar var ki, istəyirlər onların baxdıqları filmlərə çox az adam baxsın. Bu kitablar, bu filmlər kütləviləşəndə, başqaları da bu kitablarla, bu filmlərlə tanış olmağa başlayanda onlar bir növ cırnayırlar. Bu cürə mənasız, gülməli əməllərlə özlərini xüsusi təriqət üzvi kimi hiss etmək istəyirlər. Belə deyək, özlərini süni surətdə “intellektual offsayda” salırlar".
Günel Mövlud Seymur Baycanın nəinki üslubunu kor-koranə yamsılayır, hətta ittihamlarını, pretenziyalarını da olduğu kimi götürüb. Seymurun gen-bol istifadə etdiyi “bərk”, “gülməli”, “dəhşətli dərəcədə”, “babat”, “zad”, “bir qram” kimi kəlmələrdən Günel də gen-bol istifadə edib.
Əgər Günel Seymuru iyirmi yaşlarında təqlid etsəydi, başa düşmək olardı, amma yetkin, 4-5 kitab müəllifinin yaşayan bir müəllifi təqlid etməyə davam etməsi məncə, çox böyük qüsurdur. Bu, ancaq öz üslubunu, səsini tapmamaq, yazıda ustalaşmamaq mənasına gələ bilər. Bütün bunlar azmış kimi Günel kitabının redaktəsini də Seymura həvalə edib. Elə bil, özü özünə badalaq gəlmək istəyib.
Son olaraq, Günel Mövludun mətnində məyusluq doğuran məqamlardan biri də onun yeri gəldi-gəlmədi, feminist ritorika ilə obrazlarına məhkəmə qurmaq, haqq-hesab çəkmək, şəxsinə süni obraz yaratmaq cəhdləri idi. Mütaliə zamanı hər şey yaxşı gedərkən bir də görürdün, müəllif qəfil ötmə əməliyyatı etmək istəyir. Səhv hesablama apardığından o, tezliklə ağır qəzaya düşürdü. Mətndə gərəksiz yamaq parça, lüzumsuz provokasiya (?) effekti doğuran bu hissə də müəllifin uğursuz ötmə əməliyyatının nəticəsidir:
“İndi yaşadığım Norveçdə qadınlar patriarxal cəmiyyətin qadına sırıdığı nəsnə elan edərək, büsqalter taxmamaq trendi başladanda, mən də onlara qoşuldum. Belə bir hərəkat ürəyimdən oldu, çünki ilk dəfə şiddətli bir həyəcanla taxdığım lifçik sonradan mənə olduqca narahat gəlmişdi. İndi sinəmdə azad gəzdirdiyim, yeriyəndə sallanmayan, girdəliyindən dik qalan və köynəyin üstündən kifayət qədər elastik görünən döşlərimdən çox məmnunam...”
Mətndə belə abzaslar görəndə, bir oxucu kimi öz-özünə sual verməyə bilmirdin: “Nə dəxli var, heç bunun yeridir?!”
***
“Düşərgə”də müəllif nə zaman ki ürəyinin səsini dinləyib, yaxşı yazıb, nə zaman ki beynilə haqq-hesab aparmağa çalışıb, qəzaya uğrayıb. Ədəbi mətndə ruh böyük üstünlükdür, amma onda axsamaqla da olsa, texniki həll olmalıdır, xüsusilə də söhbət roman-bioqrafiya kimi janrdan gedirsə. “Düşərgə”nin texniki həlldən, məxsusi üslubdan demək olar ki, məhrum olması isə ona həvəskar ab-hava gətirib.
İstənilən halda Günel Mövludun “Düşərgə”sinin birnəfəsə oxunan maraqlı kitab olduğunu etiraf etmək lazımdır. Bu xatirələrin nəşr olunması təkcə müasir Azərbaycan ədəbiyyatı üçün deyil, Qarabağ münaqişəsi ilə maraqlanan tədqiqatçılar üçün də faydalı hadisə sayıla bilər. Münaqişə aktualdırsa, “Düşərgə” də aktualdır. Ürəklə oxumağa dəyər.
Kulis.az