TOMAS MANNA MƏKTUB
Alman mühacirlərinin - Hitler düşmənlərinin …
Dostoyevski bəşəriyyətin taleyini öz xalqının
taleyi vasitəsilə təsəvvür edir. Bu, ümumbəşəriliyin yalnız xəlqilik yolu ilə
aşkara çıxarıla biləcəyini düşünən görkəmli millətçilərə xas tipik bir baxışdır.
Romanın böyüklüyü bəşəriyyəti və milləti idarə edən metafiziki hərəkət
qanunlarının təsvir olunduğu mütləq qarşılıqlı asılılıqda özünü göstərir. Bu səbəbdən,
onda dəruni insan varlığına aid elə bir duyğu, elə bir emosiya yoxdur ki, rus
ruhunun aurasında öz qəti yerini tapmasın. Milli məzmunda sərbəst buraxılmış,
eyni zamanda öz kökü ilə qırılmaz bir şəkildə əlaqəsi olan emosiyaları öz
aurasında, öz havasında təsvir edə bilmək bacarığı şairin yaradıcılığındakı azadlığın
kvintessensiyasıdır. Bu yalnız tamamən fərqli elementləri birləşdirərək
yarımçıq roman personajları yaradan ucuz romançıların əl atdıqları bərbad üsul
ilə müqayisədə aşkara çıxır. Əsərdə milli şəxsiyyət, doğma ölkənin insanı, insan
fərdi və sosial varlıq olaraq bir-birinə uşaqcasına yapışdırılıb. Onları əhatə
edən, aşkar hiss olunan eybəcər psixoloji örtük isə müqəvvanı tamamlayır. Lakin
Dostoyevski personajlarının psixologiyası heç də şairin çıxış nöqtəsi deyildir.
Psixoloji aspekt, sadəcə, milliliyin qızmar qaz dumanından çevrilmə zamanı içində
xalis insanlığın (die reine Menschlichkeit) ortaya çıxdığı zərif kürəyə bənzər
bir şeydir. Burada psixologiya sadəcə olaraq insan varlığının marjinal təbiətinin
ifadəsidir. Əslində tənqidçilərin düşündüyü psixoloji problem kimi görünən şey reallıqda
tam başqadır. Onlara görə, sanki məsələ rus “ruhu”, ya da epilepsiya xəstəsinin
“psixika”sındadır. Tənqid sənət əsərlərinə bu cür yanaşmağa yalnız əsərin zəmininə
hörmət etmək və qadağan olunmuş yerlərə ayaq basmamaqla özünə bəraət qazandıra bilər.
Tənqidçinin müəllifi onun qəhrəmanlarının psixologiyasına görə tərifləməsi bu sərhədin
kobudcasına pozulmasına aşkar nümunədir. Əksərən, tənqidçilərlə yazıçılar bu mənada
bir-birinə layiq olur. O səbəbdən ki, ortabab romançı köhnəlmiş, bayat şablonlardan
istifadə edir, tənqidçi də öz növbəsində onları əsərdə görüb tanıyaraq müəllifə
tərif yağdırır, sadəcə olaraq ona görə ki, tənqidçi onları müəyyən edə bilib. Amma bu yer, tənqidin bütün bunlardan uzaq durmalı, məsafə saxalamalı
olduğu ərazidir. Dostoyevskinin əsərini bu yolla tədqiq etmək ədəbsizlik və yanlış
(schamlos und falsch) olardı. Tənqidçinin vəzifəsi Dostoyevski romanının
yaradıcı ideyasında millətin və insanın metafiziki şəxsiyyətini dərk etmək, onu
anlamaqdan ibarətdir.
Hər bir sənət əsəri kimi bu roman da ideyaya söykənir,
yaxud Novalisin dediyi kimi “onda a priori ideal, var olmaq üçün bir zərurət
var”. Tənqidin də vəzifəsi məhz bu zərurəti aşkara çıxarmaqdan başqa bir şey
deyil. Romanın bir epizoddan ibarət olması ondakı bütün hadisələrin başlıca səciyyəvi
cəhətidir. Bu, baş qəhrəman Knyaz Mışkinin həyatından bir epizoddur. Onun bu
epizoddan həm əvvəl, həm də sonrakı həyatı qaranlıq içində gizli qalmışdır,
çünki əvvəlki və sonrakı illərini xaricdə yaşamışdır. Bu insanı Rusiyaya hansı
zərurət çəkib gətirmişdi? Knyazın rus varlığı yad ölkədə yaşarkən ətraf zülməti
yarıb çıxan işıq zolağı kimi onu əhatə edən qaranlıqdan ortaya çıxaraq
yaranmışdır. Bəs onun Rusiyada yaşadığı zaman sınaraq özünü biruzə vermiş işıq
şüası hansı idi? Buraxdığı xeyli səhvlərdən və təbiətindəki xeyirxahlıqdan
başqa onun bu dövrdə nə iş tutduğunu söyləmək mümkün deyil. Ən yaxşı anında belə
onun həyatı məqsədsiz-məramsız axır və bu mənada o, xəstə, canı ağrıyan bir
adamın həyatına oxşayır.
O, təkcə ictimai meyarlar baxımından uğursuz,
talesiz adam deyil, ən yaxın dostu da, əgər roman onu dosta sahib olmaqdan məhrum
etməsəydi, onun həyatında heç bir qayə və ya istiqamətverici bir məqsəd tapa
bilməyəcəkdi. Əksinə, o demək olar ki, nəzərə çarpmayan bütöv bir tənhalıqla əhatə
olunmuşdur. Onun daxil olduğu bütün münasibətlər qısa zamanda bir növ qüvvə sahəsinə
düşür. Bu sahə onların bir-birinə yaxınlaşmasına mane olur. Tamamən təvazökar,
üstəlik müti olmasına baxmayaraq bu insan büsbütün əlçatmazdır və onun həyatı
bir nizam, bir sistem əmələ gətirir. Bunun mərkəzində biz onun öz yetkin tənhalığını
görürük. Burada biz son dərəcə qəribə bir nəticənin hasil olmasını müşahidə
edirik: bütün hadisələr, ondan hər nə qədər uzaq görünsələr də, ona doğru cəzb edilir,
çəkilir və hər şey və hər kəsin bir mərkəzə istiqamətdə cəzb olunduğu bu proses
kitabın məzmununu təşkil edir. Eyni zamanda, onun onlardan uzaqlaşmağa
çalışdığı qədər, onların da ona yanaşmaq üçün o qədər az, könülsüz
davrandıqları görünür. Aradakı bu gərginlik sanki qaçılmaz və bəsitdir. Bu, həyatın
sonsuzluğa getdikcə daha çox şaxələnərək açıldığı, lakin formasını itirməyən öz
gərginliyidir. Dostoyevski niyə Yepançinlərin evini deyil, knyazın evini Pavlovskdakı
hadisələrin mərkəzi etmişdi?
Knyaz Mışkinin həyatının epizodik təsviri yalnız
onun ölməzliyini simvolik olaraq göstərmək üçün verilmişdir. Onun həyatı, həqiqətən,
dərin əlaqələrlə bağlandığı təbii, dünya həyatından heç bir halda ayrıla bilməz.
Təbiət, bəlkə də əbədidir, amma knyazın həyatı qəti bir şəkildə ölməzdir və bu
daxili və ruhani mənada başa düşülməlidir. Bu, onun və ətrafındakı cazibə sahəsinə düşən
hər kəsin həyat həqiqətidir. Lakin bu ölümsüz həyat, hər nə qədər yaxın görünsə
də, təbiətin əbədiyyəti deyildir, çünki əbədiyyət anlayışı sonsuzluq anlayışını
inkar edir və sonsuzluq tam əzəmətini ölümsüzlükdə qazanır. Bu romanın şahidlik
etdiyi ölməz həyat öz adi mənasında ölməzlikdən tamam uzaqdır. Sonuncuda həyat
məhduddur, nəhayətlidir, ölümsüz olan isə cisim, enerji, şəxsiyyət, müxtəlif dəyişikliklərində
ruhdur (Fleisch, Kraft, Person, Geist). Göte Ekkermannla söhbətində məhz bu mənada,
görülən əməllərin ölümsüzlüyündən söz açaraq demişdi ki, əgər bundan məhrum
olsaq, təbiət bizə yeni bir fəaliyyət sahəsi təqdim etməyə məcburdur. Bütün
bunlar həyatın ölümsüzlüyündən, ölməzlik ideyasını sonsuzluğa qədər təqib edən
və ölməzliyin forma verdiyi həyatdan son dərəcə uzaqdır. Burada söhbət müddətdən
getmir. Təbiətin və ya şəxsin ölməzliyi deyilsə, bəs onda hansı həyat ölməzdir?
Knyaz Mışkin haqqında söyləyə bilərik ki, onun şəxsiyyəti həyatında ikinci dərəcəlidir,
eynən bir çiçəyin ətri və ya ulduzun parıltısı kimi. Ölümsüz həyat
unudulmazdır, bu onu müəyyənləşdirə biləcəyimiz bir işarədir. Heç bir abidə, özündən
sonra bir xatirə, yaxud heç bir dəlil qoymasa da, undulmaması olan onun həyatı,
ömrüdür. Bu cür həyat formasız, qəlibsiz olsa belə əbədi, unudulmaz qalır. Burada
“unudulmazlıq” sözü sadəcə nəyisə unuda bilməmək deyil. Bu unudulmazlığın
mahiyyətindəki nəsə bir şeyə, onu unudulmaz edən şeyə işarə edir. Knyazın romanın
gedişatında şiddətlənən xəstəliyi zamanı yaşadığı amneziya, huşsuzluq da onun həyatının
unudulmaz mahiyyətinin simvoludur. Çünki onun həyatı aşkar, bir daha üzə çıxa
bilməyən özünüdərkin girdabına gömülüb. Digər obrazlar gəlib ona baş çəkir. Romanın
qısa epiloqu bütün personajların necə iştirak etdiklərini özləri də bilmədikləri
bu həyatla onların üzərinə əbədi möhürünü vurur.
Həyatın ölümsüzlüyü üçün saf söz "gənclik"
kəlməsidir. Dostoyevskinin bu kitabdakı böyük gileyi gənclik coşğusunun puça
çıxması, iflasıdır. Onun həyatı ölməz olaraq qalır, ancaq “İdiot” öz işığında
itərək qaranlığa qərq olur. Dostoyevski təəssüflənir ki, bu insanların gənc qəlbi
olan Rusiya özünü qorumağı, hifz etməyi bacarmır, öz ölümsüzlüyünü mənimsəyə
bilmir. Buna görə də öz sərhədlərindən kənara çıxaraq yad səmtə, yad məmləkətə
düşür və Avropada, “bu küləkli Avropada” əriyib yox olur. Dostoyevski siyasi
baxışlarında inadla millilikdən, xəlqilikdən yenidən doğuluşu son ümid yeri
olaraq göstərir. Kitabın müəllifi olan şairin (der Dichter dieses Buches) gəncliyin
və xalqının xilasını uşaqlıqda görməsi bununla izah olunur. Dostoyevski uşaqsayağı
sadəliyin sərhədsiz, xilasedici gücü ideyasını "Karamazov qardaşları"nda
inkişaf etdirməsəydi belə bunun aşkar sübutunu elə bu kitabdan da, mahiyyətcə
uşaq obrazlar olan Kolya və knyazdan da aydın görmək mümkün idi. Zədələnmiş
uşaqlıq gənc nəslin ağrısıdır. Rus xalqının və rus torpağının zədəli uşaqlığı
onun gücünü iflic etmişdir. Dostoyevskidə bir fikri daim qüvvətli şəkildə hiss
edirik: bəşər həyatı öz nəcib inkişafını xalq həyatında yalnız uşaqlığın ruhundan
götürür. Uşağın özünü ifadə edə bilməməsi Dostoyevski obrazlarının nitqinə
ümumilikdə qüsurlu, şikəst danışıq effekti verir. Uşaqlıq üçün qəribsəmək yaxud
müasir dillə desək isterika bu romanın qadın obrazlarının Lizaveta Prokofyevna,
Aqlaya və Nastasya Filippovnanın canını üzür.
Kitabdakı hadisələrin gedişatını vulkan püskürməsi
nəticəsində nəhəng kraterin çöküşünə bənzətmək olar. Çünki təbiət və uşaqlıq
olmadığı təqdirdə insan yalnız özünü məhv etmək fəlakətinə çatır. İnsan ömrü ilə
dirilər arasında onların məhvinə qədər olan münasibət, bir gün daxilindən nəhəng
miqyasda böyük bəşəri enerjinin yüksələ biləcəyi nəhayətsiz kraterin uçurumu –
rus xalqının ümid yeridir.
Məqalə 1917-ci ildə
yazılmış, 1921-ci ildə çap edilmişdir.
İngilis dilindən
tərcümə etdi: Elçin İmanov