post-title

Şervud Anderson - Qarğıdalı əkini

Mallarını satmaq üçün şəhərimizə gələn fermerlər küçələrə nəsə bir canlılıq gətirirlər. Şənbə günləri bu, xüsusilə aydın duyulur. Onların əksəriyyətinin uşaqları elə bizim məktəblərdə oxuyurlar.
          Hetç Hatçinson da burda yaşayır. Onun şəhərdən üç mil aralıda yerləşən ferması kiçik olsa da, səliqə-sahmanına görə ad çıxarıb. Hetçin çox da böyük olmayan taxta evi həmişə rənglən­miş, meyvə ağacları ağardılmış olur. Tarlası isə, haçan baxsan, öz səliqəsiylə göz oxşayır.
          Hetçin yaşı yetmişi haqlayıb. O, vaxtından xeyli gec evlənmişdi. Vətəndaş müharibəsindən evə ağır yaralı kimi qayıdan atası davadan sonra xeyli yaşasa da, iş qabiliyyətini itirmişdi və nə qədər ki atası sağ idi, ailənin yeganə övladı olan Hetç təsərrüfat işlərində onu əvəz etməli olmuşdu. Yaşı əlliyə çatanda Hetç özündən on yaş kiçik bir məktəb müəlliməsi ilə ailə qurmuş və bir oğulları olmuşdu. Müəllimə də Hetç kimi bəstəboy idi. Evlənəndən sonra onlar torpağa daha bərk bağlanmışdılar. Bu bağlılığı yalnız adamların gündəlik geydikləri paltara bağlılığı ilə müqayisə etmək olardı. Ümumiyyətlə, mən ailə həyatında yarıyan, xoşbəxt olan adamlarda bir cəhəti müşahidə etmişəm: onlar getdikcə bir-birinə oxşayır, az qala, eyni cür düşünürlər.
          Uil Hatçinson xırda, lakin heyrət ediləcək dərəcədə güclü uşaq idi. O, bizim məktəbdə oxuyur, beysbol komandamızda çıxış edirdi. Şən, zarafatcıl, həm də zirək olduğundan hamı onu bəyənirdi. Xüsusi qabiliyyətə malik Uil hələ yeniyetmə çağlarından məzəli şəkillər çəkirdi. Onun çəkdiyi balıq, donuz, inək şəkilləri gündə-günaşırı gördüyümüz adamlara yaman oxşayırdı. Mən o şəkilləri görməzdən qabaq adamların inəyə, ata, donuza, balığa bu qədər oxşadıqlarını qətiyyən hiss etməmişdim.
         Məktəbi bitirəndən sonra Uil Çikaqoya gedib rəssamlıq institutuna girdi. Çikaqoda onun xalası yaşayırdı. Bizim yerlimiz Hel Ueymen də orda olurdu – o, Çikaqoya Uildən iki il qabaq getmişdi və universiteti bitirib təzədən doğma şəhərimizə qayıtdı, orta məktəb direktoru vəzifəsində işləməyə başladı.
          Əvvəllər Hellə Uil elə də yaxın deyildilər: çünki Hel Uildən bir neçə yaş böyük idi. Amma Çikaqoda tapışıb dostlaşmışdılar; kinoya, teatra birgə getmişdilər. Sonralar Hel mənə danışırdı ki, tez bir zamanda Uil Çikaqoda hamının sevimlisinə çevrilmişdi. O, gözəl oğlan idi və institut qızlarının da çox xoşuna gəlirmiş.
          Hel danışırdı ki, onu az qala hər axşam bir yerə qonaq çağırırmışlar. Öz məzəli rəsmlərini isə Uil tez bir zamanda satıb əməlli-başlı qazanmağa başlamışdı. Rəsmlər reklamın əsl malı olduğundan ona yaxşıca qazanc gətirirdi və Uil hətta evə də pul göndərə bilirdi.
          Doğma şəhərə qayıdandan sonra Hel Uilin valideynlərinə baş çəkmək üçün tez-tez fermaya gedirdi. Hel ora istədiyi vaxt gedirdi: gündüz də, axşam da, piyada da, maşınla da. Söhbət isə həmişə Uil barədə olurdu. Qocaların öz övladlarına dərin sevgisi Heli heyrətə gətirirdi; onlar bütün günü Uildən danışmağa hazırdılar. Şəhər camaatıyla, hətta qonşularla da çox az ünsiyyət saxlayan bu adamlar obaşdan gecə yarıya kimi, bəzən hətta aylı gecələrdə də yorulmaq bilmədən işləyirdilər. Hel deyirdi ki, qarı axşam yeməyini verəndən sonra əksər vaxt onlar təzədən tarlaya yollanır və işlərinə davam edirdilər.
          Hel fermada görünməyə macal tapmamış, ikisi də işi yarımçıq qoyub ona sarı tələsirdi. Qoca qabaqda gedir, qarı da arxasınca yüyürürdü. Onlarda həmişə təzə məktub olurdu; Uil hər həftə evə kağız yazırdı.
          – Biz yenə məktub almışıq, mister Ueymen! - Hetç əlini yelləyə-yelləyə elə uzaqdanca qışqırır, nəfəsi təngiyən qarı da onun ardınca eyni sözləri təkrarlayırdı:
          – Mister Ueymen, biz yenə məktub almışıq!
          Sonra onlar məktubu gətirib ucadan oxuyurdular.
          Uilin məktublarının tayı-bərabəri yoxmuş. Hel deyirdi ki, Uil kağızda şəkil çəkməyə də tənbəllik etmirmiş. Şəkilləri öz gündəlik həyatından, gördüyü adamlardan çəkirmiş, ömründə şəhər görməyən qocaları isə hər şey maraqlandırır, hər şey heyrətləndirirdi. Onlar Helin üstünə düşüb şəkillərin mənasını aydınlaşdırmasını tələb edir, Uilin yaşayışı barədə ən xırda şeyləri belə öyrənmək istəkləri ilə eynən balaca uşağı xatırladırdılar. Hər məktubda Uil qocaları şəhərə dəvət etsə də, Hetç deyirdi:   
          – Yox, biz ora gedən deyilik. Bəyəm biz heç gedə bilərik?
          Hetç ömründə fermadan qırağa çıxmamışdı; ferma isə qayğı tələb edən işdir: gərək həmişə bir əlin üstündə olsun.
          – Bəs inəyi kim sağacaq? – o, soruşurdu.
          Özündən və qarısından başqa inəklərə kiminsə əli dəyə biləcəyini Hetç heç ağlına da gətirməzdi. Nə qədər ki canı sağ idi, razı olmazdı ki, təsərrüfata özgəsi nəzarət eləsin. Onlar öz fermalarını çılğın bir qısqanclıqla sevirdilər.
          – Bunu izah eləmək çox çətin məsələdir, - Hel köks ötürüb susdu, ancaq mən hiss elədim ki, o özü qocaları yaxşı duyur və çox yaxşı başa düşürmüş.
          Bir yaz gecəsi Hel mənim yanıma ağır bir xəbərlə gəldi: Uil Hatçinson ölüb!
          Teleqram Hetç Hatçinsona göndərilsə də, gecələr dəmir yolunda növbə çəkən teleqrafçı onu gətirib Helə vermişdi. Sonradan məlum oldu ki, həmin axşam Uil qonaqlıqda imiş, qayıdanbaş isə maşını aşırmışdı; güman ki, qonaqlar kefli imişlər. Hel xahiş elədi ki, onunla gedim. Mən öz maşınımı təklif elədim, ancaq Hel razılaşmadı, piyada getməyi məsləhət gördü. Heç şübhəsiz, vaxtı uzatmaq istəyirdi.
          Nə isə, yola düzəldik. İlıq bir yaz gecəsiydi. Mən o gecənin hər anını xatırlayıram: təzəcə yaşıllaşan yarpaqları da, üstündən adladığımız çayları da. Ay işığına qərq olmuş sular elə bil canlı idi. Biz ağır düşüncələr içində addımlayırdıq. Nəhayət, fermaya çat­dıq. Mən yolda durdum, Hel qapıya sarı yönəldi. Qulağıma uzaq­dan it ulaşması və ağlayan uşaq səsi gəldi. Hel qapının qarşısında on dəqiqəyəcən dayandı. Sonra qapını döyməyə başladı. Yum­ru­ğunun səsi mənə çox dəhşətli gəlirdi, elə bil top guruldayırdı.
         Hetç qapını açdı və mən Helin hər şeyi qocaya necə söylədiyini eşitdim. Mənə hamısı aydın idi. Gəldiyimiz yol uzunu Hel hər sözü bircə-bircə düşünmüşdü. Düşünmüşdü ki, qocanı bu xəbərə necə yavaş-yavaş hazırlasın. Ancaq qapı açılanda hər şeyi unutmuş və hər şeyi birdən, özü də qocanın dik üzünə söyləmişdi.
          Vəssalam.
          Hetç dinmədi, bircə söz də demədi. Onun əynində uzun gecəköynəyi vardı. Qapı açıq idi. Kandara ay işığı düşmüşdü. Sonra qapı bərkdən çırpıldı və Hel bu üzdə qaldı. Bir qədər eləcə durub,sonra mənim yanıma qayıtdı.
          – Be-lə!..
          – Be-lə!..
         Biz qaranlıqda dayanıb diqqət kəsilmişdik. Evdən heç bir səs-səmir eşidilmirdi. On dəqiqə, bəlkə də yarım saat keçdi. Biz kirimişcə dayanıb dinləyirdik. Eləcə boylana-boylana, nə edəcəyimizi bilmədən durub qalmışdıq. Gedə də bilmirdik.
          – Ağır dərddir! – Hel pıçıldadı.
          Mən onu anladım: qocalar Uilin ölümü barədə ömür-billah düşünməmişdilər. Xeyli vaxt keçəndən sonra birdən Hel dirsəyimə toxundu:
          – Bir bax!
          Evdən ağa bürünmüş iki fiqur çıxıb anbara doğru getdi. Biz sonradan bildik ki, Hetç həmin gün axşamacan torpağı şumla­yıbmış. Az keçmiş onlar anbardan çıxıb, tarlaya tərəf üz qoydular. Biz həyətdən adlayıb anbarın kölgəsində gizləndik.
         Onlar hər ikisi ağ gecəköynəyində idilər: qocanın əlində toxumsəpən vardı, qarı isə çuvalı götürmüşdü. Və yeganə oğullarının ölüm xəbərini alan bu adamlar indi ay işığında qarğıdalı əkirdilər.
          Bu, elə dəhşətli bir mənzərə idi ki, qorxudan tüklərim biz-biz durmuşdu. Səpini qurtarandan sonra onlar gəlib bir az çəpərin qırağında oturdular, ayaqlarının dincini aldılar. Hər şey sükut içində baş verirdi.
          Mən ömrümdə ilk dəfəydi hansısa həqiqəti dərk etdim. Ancaq çətin ki anladığım o həqiqətin nədən ibarət olduğunu izah edə bilim. Bu, adamların torpağa canla-qanla bağlılığına aid bir şeydir. Mən torpaqla bağlı səssiz bir qışqırıq eşidirdim – torpağa toxum səpən qocaların harayını. O gecə həyat təzədən göyərsin deyə, qocalar toxum əvəzinə torpağa ölüm atır, ölüm basdırırdılar. Şübhəsiz ki, torpaqdan nəsə umurdular. Ancaq bunun nə xeyri vardı?
           Onlar tarlanın ömrünü öz ölmüş oğullarının ömrü ilə bağlamaqda nəyə çalışırdılar – sözlə izah etmək çətindir. Mən yalnız onu bilirəm ki, biz dözə bildiyimiz qədər dayanıb, sonra sakitcə çıxıb getdik. Ancaq yəqin ki, qocalar o gecə torpaqdan gözlədikləri şeyi almışdılar: çünki Hel ertəsi gün, meyiti necə gətirmək barədə qocalarla məsləhətləşməkdən ötrü fermaya gələndə onlar hər ikisi heyrət ediləcək dərəcədə sakit və həyəcansız görünürdülər. Hel belə düşünürdü ki, onlar yaşamaları üçün zəruri olan, çox zəruri olan nəsə bir şey tapmışdılar.  
          – Onlara ferma, bir də həmişə oxumaları üçün Uilin məktubları qaldı, – deyə Hel köks ötürdü.

Tərcümə edən: Mahir N. Qarayev

ədəbiyyat.az
Yuxarı