Azərbaycandakı ictimai quruluş haqqında
Sonralar bunu dəfələrlə söyləməyimə rəğmən yenidən bu mö…
…İnsan həyatda tez-tez yaxşı
adamlarla rastlaşır, lakin çox təəssüf ki, bu görüşlərdən xatirədən başqa heç
nə qalmır. Bəzən görürsən elə olur ki, üfüqdən durna qatarı keçir, zəif əsən
külək onların şikayətli və qəmli qaqqıltısını gətirir, lakin bir dəqiqədən
sonra mavi səmanın uzaqlarına nə qədər acgozlüklə baxsan da, orda heç bir nöqtə
də görmürsən, heç bir səs-səmir eşitmirsən. Adamlar da belə olur, görürsən ki,
təsadüf etdiyin adamların sifəti və danışığı sizin keçmiş həyatınızda
itib-batır və kiçik bir xatirədən başqa onlardan heç bir iz qalmır.
İvan Alekseyiç bahar fəslinin əvvəlindən N qəzasında yaşayırdı və
demək olar ki, hər gün Kuznetsovgilə gəlib-gedirdi. O, bu gülər üzlü qocaya,
onun qızına, qulluqçularına, öz qohumlarına olduğu kimi öyrəşmişdi, bu evi,
səliqəli eyvanı, həyətdəki xiyabanın döngələrini, mətbəxin və hamamın üzərinə
əyilmiş ağacların uzaqdan görünən kölgələrini bütün incəliklərinə qədər tədqiq
edib öyrənmişdi, lakin indicə o, bu qapıdan çıxan kimi bütün bunların hamısı
bir xatirəyə çevriləcək və onun üçün öz real mənasını həmişəlik itirəcəkdir,
sonra bir-iki il də keçəcək və bu əziz, mehriban surətlər xəyalın yaratdığı
uydurma və əfsanələr kimi onun hafizəsindən həmişəlik silinib gedəcəkdir.
A. P. Çexov
“Veroçka” hekayəsindən
2019-cu ilin yay aylarında, gün
batandan sonra, İsani stansiyasının (Tiflisdə metro stansiyası – red.) lap yaxınlığındakı balaca
parka, daha konkret desəm, balacaboy, gövdəsi yoğun, qoca tut ağacının
altındakı skamyanın ətrafına bir dəstə adam yığışıb səhərə qədər araq, çaxır,
pivə içirdilər. Həftədə bir-iki dəfə mən də dəstəyə qoşulurdum.
Ötən
əsrin təlatümlü doxsanıncı illərində müvazinətlərini itirmiş, bir daha heç cür
özlərinə gələ bilməmiş, hər şeyi öz adıyla çağırsaq, təmiz əyyaşa çevrilmiş
adamlardan ibarət bu dəstədə özümü çox rahat hiss edirdim, onların rəngarəng
söhbətlərinə maraqla qulaq asırdım.
Qəribədir, bu adamlar qətiyyən
söyüşlə danışmırdılar və nə qədər içsələr də dava-dalaş salmırdılar,
bir-birlərinə qarşı kifayət qədər ədəblə davranırdılar. Onların söyüşlə
danışdıqlarını, dava-dalaş saldıqlarını, bir-birlərinə qarşı kobudluq
etdiklərini bir dəfə də olsun görmədim. Söyüşlə danışmamaları, nə qədər içsələr
də dava-dalaş salmamaları, bir-birlərinə qarşı ədəblə davranmaqları onu
göstərirdi ki, əyyaşlıq bu adamların təbiətindən, tənbəlliyindən irəli
gəlmirdi, əyyaşlıq onların könüllü seçimi deyildi. Əsla haqq qazandırmasam da,
ədalət naminə mütləq qeyd etməliyəm ki, sovet höküməti dağılandan sonra yeni
qayda-qanunların, hər şeyin alt-üst olmasının, hər şeyin dəyişməsinın
nəticəsinda yaranmış həyatın sərt dönüşləri qarşısındakı acizlik sadəcə onları
əyyaşa çevirmişdi.
Dəstədən
iki adam xüsusən yadımda qalıb.
Birinci
adam Rusiyada yeddi ilmi, yoxsa səkkiz ilmi həbsxanada yatıb. Bu adam
doxsanıncı illərdə pul qazanmaq üçün çoxları kimi gedib Rusiyaya. Orada dəri
gödəkcə alveri ilə məşğul imiş. Dediyinə görə də pis qazanmırmış. Hər şey
qaydasındaymış. Sonra günlərin bir günü nəsə axmaq hadisə baş verib, tutub bunu
basıblar həbsxanaya. Həbsxanadan çıxdıqdan sonra neçə dəfə təzə həyata başlamaq
istəyib, amma heç nə alınmayıb. O, İsa peyğəmbəri çox sevirdi, rus ədəbiyyatını
dərindən bilirdi. Keşişlərə, kilsəyə nifrət edirdi. Mən İsa peyğəmbər haqqında
danışanda bu adam haldan-hala düşürdü. İsa peyğəmbər haqqında danışanda arada
qəddarlıq eləyib kədərin dozasını lap artırırdım və etiraf edim ki,
danışdıqlarımın təsirindən adamın haldan-hala düşməsindən bir az həzz alırdım.
Ona rus dilində “Quqark” hədiyyə etmişdim. Adam mənim üçün qiymətli olan bütün
məqamların demək olar ki, hamısın tutmuşdu. Xüsusən bir səhnə adamı dəhşət
təsirləndirmişdi…
Bizi,
yəni uşaqları hava yaxşı olanda müəllimələr bağçanın həyətinə çıxarırdı. Məllimələr
bağçanın həyətində, cır ərik ağacının altında söhbət edirdilər, biz isə özümüz
üçün müxtəlif oyunlar oynayırdıq. Bəzən hasara dırmaşıb yoldan ötənlərə
baxırdıq. Bağça köhnə klubun qarşısında yerləşirdi. Bağçayla klubun arasından
enli yol keçirdi. Klubun həyətindəki çayxanaya əsasən manıslar, pensiyaya
çıxmış müəllimlər yığışırdı. Toy etməyə hazırlaşan adamlar bu çayxanaya gələrək
manıslarla sövdələşirdilər.
Bir
gün hasara dırmaşıb yoldan ötənlərə baxanda əmim oğlunun yolun qarşı tərəfində
səkiylə addımladığını gördüm. Həyacanlandım. Necə həyəcanlandımsa bərkdən
çığıraraq əmim oğlunu çağırdım. O, səsimi eşitdi, çevrildi, məni gördü, əlini
yellədi, yoluna davam etdi. Əmim oğlunu cəmisi dörd-beş saatdan sonra
görəcəkdim. Biz eyni küçədə yaşayırdıq. Onun üçün darıxmaqdan söhbət belə gedə
bilməzdi. Lakin bağçanın hasarından əmim oğlunu görməyim, onu çağırmağım, onun
səsimi eşidərək geriyə çevrilməsi, əlini yelləməsi, yoluna davam etməsi nədənsə
məni dəhşətli dərəcədə kədərləndirdi. Üstündən uzun illər keçməsinə, bu uzun
illər ərzində həyatımda irili-xırdalı yüzlərlə, minlərlə hadisələr baş
verməsinə baxmayaraq hələ də o səhnəni xatırlayanda tüklərim biz-biz durur və
dəqiq bilirəm ki, indidən belə min il yaşasam da o səhnə yaddaşımdan
silinməyəcək. Niyə? Bunu bilmirəm. Həyatımda heç bir rol oynamamış, amma
yaddaşıma əbədi həkk olunmuş belə səhnələr mənim üçün çox qiymətlidir. Bu kimi
səhnələrlə hansısa əsərdə qarşılaşanda, səhnənin havası rəsmən məni dəli edir,
yaddaşım kəskin qıcıqlanır, istər-istəməz, özümdən asılı olmadan başı-ayağı,
əvvəli-axırı olmayan bir səhnəni xatırlayıram, bütün vücudumu ifadəedilməz,
dözülməz bir kədər bürüyür, oxumağı dayandırıram, kitabın arasına qələm qoyub,
siqaret yandırıram, toxtamaq üçün sonra da çay içirəm.
Yox,
hal-hazırda burda hər hansı şəxsi sirri, sirli bir səhnəni yazmaqdan söhbət
getmir. Hər hansı şəxsi sirri açmaq, yazmaq daha asandır. Burada o səhnələrdən
söhbət gedir ki, çox şəxsidir, əvvəli-axırı, başı-ayağı yoxdur, həyatında zərrə
qədər də rol oynamasa da, həyatında zərrə qədər dəyişikliyə səbəb olmasa da,
yaddaşına əbədi həkk olunub. Onları yazmaq, ifadə etmək, bədii həllini vermək,
ümumiləşdirmək, havasını, enerjisini oxucuya ötürmək olduqca çətindir.
Həyatında heç bir rol oynamayan, yaddaşına əbədi həkk olunmuş səhnələri ağ
kağıza köçürəndə səhnə özündə daşıdığı enerjinin ən azı yetmiş faizini itirir.
Əyyaşlar dəstəsindən yadımda
xüsusən qalmış ikinci adam sovet zamanında hansısa zavodda çilingər işləyirmiş.
Sovet hökuməti dağılandan sonra məlum hadisələr nəticəsində zavod bağlanıb,
adam qalıb işsiz. Arvadından boşanıb. Arvad nə hoqqa çıxarıbsa evi bunun
əlindən alıb, dalına bir təpik vurub, atıb bayıra. Adam dolanmaq üçün Türkiyəyə
fındıq yığmağa gedib. Orada da sənədlərini itirib. Qərəz, adamın başına çox
hadisələr gəlib, nəhayət əyyaşa çevrilib.
O,
məni görəndə həmişə deyərdi: “Hə, sən də qoşuldun bitmiş adamların dəstəsinə”.
Bu adam köynəyinin döş cibindən iri dişli, taxta daraq çıxarıb tez-tez saçını
darayır, başına elə hey ləyaqətli, bayramsayağı görkəm verməyə çalışırdı. Onun
səliqə ilə daranmış saçları kirli, yağlı köynəyi, qırış-qırış, ləkəli şalvarı,
dabanı yeyilmiş ayaqqabısı, ümumən cındırından cin hürkən görkəmi ilə tam bir
ziddiyət təşkil edirdi. Ələyi ələnib, xəlbiri göydə fırlanan bu adamın cibində
daraq gəzdirmək, saçını daramaq nəyinə lazım idi? Lap tutaq ki, onun saçı ideal
vəziyyətdə oldu, bu nəyi dəyişəcək? O, hər dəfə saçını asta-asta, ləzzətlə
darayıb başına ləyaqətli, bayramsayağı görkəm verməyə çalışanda mən keçmişdə,
uşaqlıqda gördüyüm kişiləri xatırlayırdım. Mən uşaq olan vaxtlarda kişilərin
hamısı, hətta başında iki-üç tük qalanlar belə ciblərində daraq gəzdirirdilər.
Müəllimlər, ustalar, sürücülər, mühasiblər, kolxoz sədrləri, mühəndislər,
mağaza müdürləri, zavod direktorları, partiya işçiləri, arvaddan qorxan,
arvaddan qorxmayan, fərasətli, fərasətsiz… Bir sözlə, hamı.
Dəqiq
yadımdadır, bizim məktəbdə bir qoca kimya müəllimi vardı. Təsəvvür edin, adam
məktəbdəki uşaqların hamısının atasına, anasına, əmisinə, dayısına, xalasına,
bibisinə, yalan olmasın bəzilərinin hətta nənəsinə, babasına dərs demişdi. Çox
sərt müəllim idi. Dərsində milçək uçanda vızıltısı eşidilirdi. Qız, oğlan
demirdi, şuluqluq edən, dərs oxumayan uşaqları zoğal çubuğuyla yaman döyürdü.
Ondan evdə şikayət etmək tam faydasız bir iş idi. Şikayət edənlər böyüklərdən
belə bir cavab eşidirdilər: “Cəmil müəllim boş yerə adam döyməz, yəqin nəsə
qələt eləmisən”. Yəni, biz vaxtında döyülmüşüksə, siz də döyülməlisiniz, bizdən
artıq deyilsiniz. Bu qoca kimya müəlliminin başında iki-üç tük qalmışdı. O, bu
iki-üç tükü uzadıb başının ortasına dolayardı. Uşaqları döyəndə, ya da nəsə bir
sərt hərəkət edəndə başına doladığı bu iki-üç tük açılır, düz dirsəyinə qədər
sallanırdı. Bax, həmin qoca kimya müəllimi də qara pencəyinin döş cibində daima
daraq gəzdirərdi. Daraq, bir də mənfur, adamı vahimələndirən qırmızı qələmin
başı qara pencəyinin döş cibindən hardasa iki santımetr bayıra çıxardı.
İndi
deyəsən üstündə daraq gəzdirən kişilərin sayı kəskin şəkildə azalıb. Görəsən bu
nə ilə əlaqədardır? Səbəb nədir? Yəqin ki, saç daramağa kişilər daha ehtiyac
görmürlər. Bilmirəm, başqa səbəb də ola bilər…
***
Əyyaşlar
dəstəsinə qoşulmağım çox sadə bir şəkildə baş vermişdi. Bir gün metrodan çıxıb
evə tərəf gedəndə mənə bir adam yaxınlaşıb pul istədi:
–
Xeyir ola, mən sənə niyə pul verməliyəm?
O,
tut ağacının altındakı adamları göstərib dedi:
–
Biz, içmək istəyirik.
Belə
açıq danışmağı çox xoşuma gəldi. Əgər başqa bir səbəb deyib pul istəsəydi onu
kobudluqla başımdan rədd edəcəkdim.
–
Burda gözləyin, indi gəlirəm.
Yolun
qarşı tərəfinə keçib 24 saat işləyən marketə girdim. Adıma layiq bazarlıq edib
parka qayıtdım və beləliklə dəstəyə qoşuldum.
Bu
il yay aylarında əyyaşlar dəstəsini heç görmədim. Onların yoxa çıxması mənə çox
qəribə gəlirdi. Düşünürdüm ki, yəqin özlərinə təzə məkan tapıblar, hardasa
başqa yerdə yığışırlar. Dörd gün əvvəl parkda dəstə üzvlərindən biri ilə
qarşılaşdım. Soruşdum hardasınız, niyə görünmürsünüz? Dedi hamı ölüb, təkcə mən
qalmışam. Məlum oldu ki, dəstə üzvlərindən biri gedib monastra, monastrdan onu
qovublar, sonra Samqori bazarı tərəfdə maşın vurub onu öldürüb. Biri hamamda
yıxılıb, başı unitaza dəyib. Birinin ürəyi dayanıb…
Əyyaşlar
dəstəsinin sonuncu mogikanı hamının necə, hansı vəziyyətdə ölməsini bir-bir
sadalayıb, daha sonra da həyatın faniliyi, hamının sonunun torpaq olması
haqqında yığcam, qədim bir əhvalat danışdı. O, gedib hardasa oturub içməyi,
ölənlərin ruhunu yad etməyi təklif etdi. Çox mədəni surətdə təklifdən imtina
etdim. Gün hələ yarı olmamışdı. Bilirdim ki, içməyə başlasam özümü saxlaya
bilməyəcəm, azı gecəyə qədər məclis davam edəcək, sonra da azı bir gün canımla
əlləşəcəm. Əvvəllər nə qədər içirdimsə vecimə olmurdu. Uzağı səhəri gün
yüngülvarı başağrısı hiss edirdim. Daha əvvəlki sağlamlıqdan əsər-əlamət
qalmayıb. İndi bir balaca normanı keçəndə sabahı gün canımı qoymağa yer
tapmıram. İştahasızlıq, ürək döyüntüsü, halsızlıq, qaramat fikirlər məni əldən
salır. Çox içən günün səhərisi özümə nifrət edirəm. Deyirəm kaş zamanı geri
qaytarmaq mümkün olaydı, bax filan yerdə dayanardım, ondan artıq içməzdim.
Sonuncu
mogikan vidalaşıb metroya tərəf getdi, mən isə ən yaxınlıqdakı skamyaya çöküb,
həyat, ölüm, insan taleyi barəsində düşüncələrə qərq oldum. Adamlar var idi,
indi yoxdurlar. Onlar doğulanda ataları, anaları seviniblər. Bu adamlar
bağçaya, məktəbə, əsgərliyə gediblər, evləniblər, həyatları alınmayıb, əyyaşa
çevriliblər, indi də hamısı ölüb. Hər şey bu qədər sadə. Hər şey bu qədər
bayağı. Məgər onlar belə urvatsız formada ölmək üçün dünyaya gəlmişdilər? Bəli,
belə görünür, ancaq urvatsız bir şəkildə ölməkdən ötürü… Bu acı, dözülməz
dərəcədə cansıxıcı nəticəni həzm etməyin yalnız bir çarəsi var. Bu qənaətə
gəlməliyik ki, madam dünyada milyardlarla insan yaşayır, deməli, kimlərsə
mütləq urvatsız bir formada dünyanı tərk etməlidir. Hamı təntənəli şəkildə ölə
bilməz.
Hava
o qədər sakit, o qədər təmiz idi ki, ən yüksəklikdə uçuşan quşların dimdiyi
belə görünürdü. Skamyanın yaxınlığındakı zibil qabının altına “Fanta” butulkası
atılmışdı. Butulkanın ətrafında gombul arılar uçuşurdu. “Fanta” butulkasının
ətrafında uçuşan gombul arılara baxanda həyatımın ən rahat günlərindən birini
xatırladım.
Bir
şənbə günü şəhərdə gəzərkən uşaqlıq dostumla qarşılaşdım. Uşaqlıq dostum
deyəndə bir az təntənəli səslənir, əslində biz ayrı-ayrı məktəblərdə oxuyurduq,
sadəcə ortaq bir neçə tanışımız vardı. Buna baxmayaraq qarşılaşmağımıza hədsiz
dərəcə sevindik, aramızda qısa vaxtda səmimi, təmiz dostluq münasibəti yarandı.
Belə təmiz, səmimi dostluq münasibəti daha çox yeniyetməlik, ilkin gənclik
illərində olur. Yaşlandıqca məişət prblemləri, ailə-uşaq, müxtəlif tələbatlar,
ehtiyaclar adamın əxlaqın pozur. Əlbəttə hamıya aid etmək olmaz, amma ümumən
vəziyyət təəssüf ki, bu cürdür.
Uşaqlıq
dostum tək deyildi. Yanında daha iki nəfər vardı. Dedilər ki, hospitala yaralı
gətirmişik, sabah mütləq batalyona qayıtmalıyıq. Həmin gün xüsusi, əlahiddə heç
nə baş vermədi, amma biz özümüzü çox xoşbəxt, rahat hiss edirdik. Yadımdadır
ki, bulvarda fırlandıq, o vaxtların bəsit, indiki uşaqların heç birinin haqlı
olaraq maraq göstərməyəcəyi, hətta gülüb lağa qoyacağı kobud oyun
avtomatlarında əyləndik, “Araz” kinoteatrında ulduz muharibələrindən bəhs edən
filmə baxdıq, Əzim Əzimzadənin heykəlinin yaxınlığında yerləşən kafedə toyuq
sousu yeyib, gilas mürəbbəsi ilə çay içdik. Bir neçə dəfə patrul bizi saxlayıb
sənədlərimizi yoxladı. Sənədlərimiz qaydasında idi. Gecəni Səməd Vuğun parkındakı
skamyaların üstündə keçirdik. Səhər mən hərbi məktəbə getdim, onlar da
batalyona, yəni döyüş zonasına qayıtdılar. Vəssəlam. Başqa heç nə yadımda
qalmayıb, amma həmin günün rahatlığı, təmizliyi, enerjisi, özümüzü necə xoşbəxt
hiss etməyimiz çox canlı bir şəkildə xatirimdədər. Həmin günün üstündən iki-üç
ay keçəndən sonra uşaqlıq dostumun döyüşdə yaralandığını, hospitalda öldüyünü
tam təsadüfən eşitdim. Yalnız indi başa düşürəm ki, o bədbəxt heç böyüməmişdi,
əsil uşaq idi. Bulvarda “Dəniz döyüşü” oyun avtomatında gəmi vuranda lap balaca
uşaq kimi sevinirdi. Bunları həm də ona görə yazıram ki, sağ qalanlar imkan
düşdükcə başqalarına ölənlər haqqında danışmalıdırlar.
***
Skamyada
oturub “Fanta” butulkasının ətrafında uçuşan gombul arılara baxa-baxa həyat,
ölüm, insan taleyi barəsində kifayət qədər düşündüm. Artıq ayağa qalxmaq lazim
idi. Qolumu qaldırıb yastı saatıma baxdım. Ayağa qalxmaq üçün gücümü səfərbər
eləməyə hazırlaşdığım vaxt bir də gördüm dostluq etdiyim küçə itlərindən biri
axsaya-axsaya mənə tərəf gəlir. İt gəlib düz qarşımda dayandı. Altdan yuxarı
məzlum-məzlum mənə baxdı. Baxışları ilə məndən imdad, kömək istəyirdi. Onun
çənəsindən qan axırdı. Ya boğuşmuşdu, ya da maşın vurmuşdu. Bu itin xətrini çox
istəyirəm. Həddən ziyadə gözütox itdir. Sümük paylayanda heç vaxt dava-dalaş
salmaz, sakitcə dayanıb öz növbəsini gözləyər, heç vaxt qolunun zoruna salıb
özündən zəif itin sümüyünü əlindən almaz. Neçə dəfə bu iti sınamışam. Dəfələrlə
sümük paylayanda onun payını ən sonda vermişəm. Yənə də dava salmayıb, özündən
zəif itin sümüyünü əlindən almayıb, sakitcə növbəsin gözləyib. Gəlin razılaşaq
ki, istər insan olsun, istərsə də it, gözütoxluq hər bir canlı üçün çox yüksək
kefiyyətdir.
Elə bilməyin bu it qorxaq
itdir. Yox, heç də qorxaq zad deyil. Bir dəfə başqa bir it dəstəsi bunun olduğu
it dəstəsinə hücum etdi. İtlərin hamısı yad dəstənin hücumundan qorxub qaçdı,
qıraqda dayanıb hürüşdülər, təkbaşına bu dayandı onların qabağında. Yəni
sözümün canı ondan ibarətdir ki, gücü var, cəsarətlidir, istəsə özündən zəif
itlərin sümüyünü əlindən alar, dava-dalaş salar, növbəni pozar. Amma gücündən
istifadə edib özündən zəif itin sümüyün əlindən almır, oturub ona nə vaxt sümük
verəcəyimi səbrlə gözləyir. Adi küçə itidir. Bağça, məktəb, parta, yazı
taxtası, təlim-tərbiyə, müəllim, universitet, tarix, ədəbiyyat, fəlsəfəyə aid
kitablar görməyib, di gəl sən bu itdəki mərifətə, qanacağa, gözütoxluğa bir
bax. Hə, deməli, şəraitdən asılı olaraq artıb və azalsa da bəzi ali
keyfiyyətlər canlının qanında, təbiətində, fitrətində olmalıdır.
Şəhərdə
işim vardı. Mərkəzə tərəf getməli idim. İşimi görəndən sonra bir-iki saat
piyada gəzmək də pis olmazdı. Ancaq iti bu vəziyyətdə qoyub getməyi şənimə
sığışdırmırdım. Onun vəziyyəti ürəyimi parçalayırdı. Ona baxmaq məndən ötürü
tam bir işgəncə idi. Yaxşı dost dar gündə tanınar.
Heyvan
hüquqları ilə məşqul olan İrakli adlı tanışıma zəng edib, vəziyyət barədə ona
məlumat verdim, ondan kömək istədim. İrakli dedi ki, indi “Azadlıq meydanı”
tərəfdədir, yarım saata hadisə yerində olacaq. Bu İrakli çox əcaib bir tipdir.
Əsil idealistdir. Başına özü kimi bir dəstə “dəli” yığıb. Harda bir küçə
itinin, bir küçə pişiyinin burnu qanadısa, aləmi bir-birinə qatır. Özünün də
olduqca ağıllı, mehriban, bəstəboy, sifətdən bir az çaqqala oxşayan bir iti
var. Bu it bəzən adamın üzünə elə maraqla, elə diqqətlə, elə mənalı-mənalı
baxır ki, özünü itirirsən. Bir az da qorxuya düşürsən. Fikirləşirsən ki,
dəyəsən bu heç də it deyil, it cildinə girmiş adamdır. Bu dəqiqə dil açıb ağır,
fəlsəfi bir sual verəcək və səni axmaq bir vəziyyətə salacaq.
Tiflis
sirki İraklinin əlindən bezib. Nə vaxt sirkdə tamaşa göstərsələr İraklinin
dəstəsi sirkin qarşısında heyvanların sirkdə oynadılmasına qarşı aksiyalar
keçirir, şüarlar səsləndirib, plakatlar qaldırır, heyvanların insanları
əyləndirməsini vəhşilik adlandırır.
İraklinin
bütün məziyyətlərindən danışmaq fikrim yoxdur. Yazının sonlarındayam, artıq
xeyli yorulmuşam, yoxsa İrakli haqqında məmnuniyyətlə daha əhatəli məlumat
verərdim. Qısaca onu deyə bilərəm ki, bu İraklinin ulu nənəsi fransız olub.
İnqilabdan əvvəl necəsə, nəyə görəsə gəlib Tiflisə çıxıb, geri qayıtmayıb,
burada qalıb, İraklinin ulu babasına ərə gedib. İraklinin ruscası sadəcə
mükəmməldir. Ən qəribəsi odur ki, bu adam rus bölümündə yox, gürcü bölümündə
oxuyub. Deyirəm ruscanı belə gözəl necə öyrənmisən? Deyir, nənəm öyrədib. Bu
cavab məni qane etmir. Çünki rus bölümündə oxumadan ruscanı bu dərəcədə yüksək
səviyyədə bilmək heyrət doğuran bir haldır.
Doğrudan
da düz yarım saatdan sonra İraklı metrodan çıxdı. Dərhal nəvazişli sözlər
deyə-deyə, sığallaya-sığallaya əsl peşəkar tərzdə itin orasını-burasını
qurdaladı. Özünə arxayın səslə qorxulu bir şey yoxdur dedi. İrakli tanıdığı
veterinara zəng etdi. Veterinar dedi ki, mən ora gələ bilmirəm, məşğulam, iti
qoyun bir maşına, gətirin klinikaya, burada itə baxaram. Bu küçə itini biz
hansı maşına qoyub klinikaya aparaq? Hansı taksi sürücüsü bu küçə itinin maşına
mindirilməsinə razılaşacaq? Bir də ki, bu it ömründə maşına minməyib, bunu
taksiyə mindirsək panikaya düşə bilər. Ha fikirləşsək də münasib bir variant
ağlımıza gəlmədi. Nəhayət, İrakli it sığnacağına zəng etdi, vəziyyət barəsində
məlumat verdi. Zəngdən sonra mənə it sığınacağının fəaliyyətindən şikayətin
bildirdi: “Özüm əvvəldən sığınacağa zəng etmədim. Sığınacağın fəaliyyətindən
razı deyilik, orada itlərə yaxşı baxmırlar. Təsəvvür edirsən, sığınacağa keçmiş
ovçunu direktor təyin etmişdilər. Aksiyalar keçirib onu ordan uzaqlaşdıra
bildik. Keçmiş ovçunu sığınacağa direktor təyin etmək kimin ağlına gəlib?
Dəlixanadır!”
Acmışdım. Metronun yaxınlığındakı köşkdən taxta peçenye, alma şirəsi aldım. Təxminən qırx dəqiqədən sonra sığınacağın xüsusi maşını parka daxil oldu…
Azlogos.eu