post-title

Pol Boulz: Əqrəb

(Hekayə)

Qarı təpənin yamacında, gilin içindən oyulmuş mağarada yaşayırdı. Bu mağaranı oğlanları çoxlu insanların toplaşdığı şəhərə getməzdən əvvəl onun üçün oymuşdular. O özünü burda yaşamaqdan nə xoşbəxt, nə də bədbəxt hiss edirdi, sadəcə həyatının sona yaxınlaşdığını fərqindəydi və ilin hansı fəslində olursa olsun oğlanlarının bir də heç vaxt geri qayıtmayacağını özü üçün yəqin etmişdi. Şəhərdə oğlanları üçün həmişə çoxlu iş tapılır, allah bilir nə vaxtsa dağda yaşadıqları və qoca analarına qulluq etdikləri günlər heç ağıllarının ucundan belə keçmirlər.

İl boyu tez-tez mağaranın ağzını yağış damlaları pərdə kimi qapayır və qarı içəri daxil olmaq üçün həmin damlaların altından keçməli olurdu. Su mağaranın üstündəki bitkilərin yaratdığı məsamələrə dolub, gilin arası ilə içəri damırdı. Buna görə də qarı islanmamaq üçün mağaranın bir küncündə çöməlib oturmağa adət etmişdi. O içəridə oturub axıb gedən su qatından bayıra baxanda yalnız rəngini itirmiş bomboz torpağı, onu işıqlandıran tutqun səmanı və bəzən küləyin hardansa dağların zirvəsindən qovub gətirdiyi qupquru yarpaqları görürdü. Onun oturduğu mağaranın içi isə ətrafdakı gilin hesabına xoş bir çəhrayı işığa boyanmışdı.

Yaxınlıqda hardasa su mənbəyi olduğundan, mağaradan xeyli aralıdakı cığırdan nadirən olsa belə insanlar keçərdi. Mənbənin hardasa yaxınlıqda olduğunu ehtimal edən yolçular bəzən mağaraya yaxınlaşıb onu axtarar, tapmayınca çıxıb gedərdilər. Qarı heç vaxt onları səsləməzdi. O sadəcə yaxınlaşıb onu görən və bundan heyrətlənən adamları donuq baxışları ilə müşahidə edər, qətiyyən təsirlənməzdi. O artıq insanların yaxına gəlməsinə, sonra içməli su tapmayınca, çevrilib yollarına davam etməsinə alışmışdı.

Belə həyatda qarı üçün cəlbedici şeylər çox idi. Daha oğlanları ilə dava-dalaş salıb, mübahisə etməyə, yemək bişirmək üçün onları odun dalınca göndərməyə məcbur deyildi. İndi o gecələr rahat-rahat mağaradan çıxıb yemək axtarmağa gedə bilər, tapdıqlarını heç kimlə bölüşmədən, təkbaşına yeyər və həyatında olan şeylərə görə heç kimə “çox sağ ol” demək ehtiyacı duymadan məğrurca yaşayardı.

Bəzən kəntdən qarının yaşadığı vadinin yaxınlığına bir qoca gəlib çıxar, yalnız qarının uzaqdan baxıb ayırd edə biləcəyi qədər aralıda bir daşın üstündə oturub ətrafa nəzər salardı. Qarı anlayırdı ki, qoca onun yaxınlıqdakı mağarada yaşadığından xəbərdadır, lakin hərəkətləri ilə bunu biruzə vermədiyi üçün qocanı ürəyində asıb-kəsər, ona nifrət duyardı. Qarıya elə gəlirdi ki, burda olduğunu bilməklə qocanın onun üzərində ədalətsiz bir üstünlüyü yaranmış və ona əhəmiyyət verməməklə bu üstünlükdən sanki qarıya qarşı istifadə edirdi. O qocanı yaxına gələcəyi təqdirdə necə peşman edəcəyi ilə bağlı cürbəcür yollar düşünmüşdüsə də, qoca heç vaxt ona yaxınlaşmaz, sadəcə ötüb keçərək bir az aralıdakı bir daşın üstündə dinməzcə oturub nəfəsini dərər və xeyli müddət gözlərini mağaradan çəkməzdi. Dincəldikdən sonra isə o ayağa qalxıb sakitcə yoluna davam edərdi və həmişə qarıya elə gəlirdi ki, o burda oturub istirahət etdikdən sonra, əvvəlkindən daha ləng addımlarla gedirdi.

Mağarada il uzunu əqrəblər yaşayırdı, xüsusilə yağış damlaları bitkilərin kökündən mağaraya damlayanda isə onların sayı artırdı. Qarının cındır parçalardan hazırladığı böyük bir topası var idi, həmin topa ilə o əqrəbləri görən kimi, divara, yaxud tavana sıxar, sonra sərt ayaq ləpirləri ilə yerindəcə gəbərdirdi. Bəzənsə mağaraya hansısa vəhşi heyvan ya da quş soxulurdu, ancaq qarının heç vaxt onları öldürməyə gücü çatmamışdı, sonralar isə onlara sadəcə əhəmiyyət vermirdi.
Tutqun günlərin birində, o başını qaldırıb, mağaranın ağzında oğlanlarından birini gördü. Qarı nə qədər düşündüsə də, onun hansı oğlu olduğunu yadına sala bilmədi, sonunda qərara gəldi ki, ola bilsin bu keçmişdə atı çaparkən, istiqamətini düzgün müəyyənləşdirə bilmədiyindən az qalsın yıxılıb öləsi oğlu ola bilər. O oğlunu əlinə baxıb, şikəst olub olmadığını müəyyənləşdirmək istədi. Ancaq bu həmin oğlu deyildi. 

O üzünü oğlana tutub dedi:

- Bu sənsən?
- Hə mənəm.
- Sən salamatsan?
- Hə.
- Hər şey yaxşıdır.
- Yaxşıdır.
- Sən buranı tanıyırdın?
- Gördüyün kimi.

Araya sükut çökdü. Qarı, mağaranın içinə göz gəzdirib, girişdə dayanan adamın işığın önünü kəsdiyini və içərinin tamamilə qaranlığa qərq olduğunu sezdi. Əşyarının qaraltısına baxıb ayırd etməyə çalışdı. Onun əşyaları – dəyənəklərdən, su saxlamaq üçün içi çıxarılmış balqabaqlardan, tənəkə qutulardan, dolaşıq iplərdən ibarət idi.

Qadın tənhalığını pozacaq bir adamın peyda olmasından gərginləşib qaşqabağını tökdü.

Oğlan yenidən dilləndi:

- İçəri keçmək olar?

Qarı cavab vermədi.

O cavabı gözləmədən, üstünə tökülən damlaları təmizləyərək, girişdən içəri daxil oldu. Qarı indi onun nə isə kobud bir şey deyəcəyini ağlına gətirdi. O qarşısında dayananın hansı oğlu olduğunu bilməsə də, ondan nələr gözlənildiyini yadına sala bilmişdi.

O qərara aldı ki, mütləq cavab verməlidir.

- Nə? – deyə dodağı altından mırıldandı.

Oğlan su şırnağının altından başını içəri salıb təkrarladı.

- İçəri keçmək olar?
- Olmaz.
- Sənə nə olub?
- Heç nə.

Sonra isə qarı əlavə etdi:

- Burda dayanmağa yer yoxdur.

O yenidən geri çəkilib, əli ilə saçını quruladı. Yəqin o indilərdə çıxıb gedər, - deyə qarı düşündü. Qarı onun getməsinimi, yoxsa qalmasınımı istədiyinə qərar verə bilmirdi. Bir yandan da onun burda qalmasnının nə mənası var ki? O bayırda kiminsə çöməlib oturduğunu və tütün tüstüsünün qoxusunu hiss etdi. Qulaqlarını şəkləyib ətrafı dinlədi, yağışın yerə toxunuşundan başqa, heç bir səs eşidilmirdi.

Bir az sonra qarı oğlunun ayağa qalxıb mağaraya yaxınlaşdığını eşitdi. O yenidən girişin ağzını kəsdirmişdi. 

- Mən içəri keçirəm – o xəbərdarlıq etdi.

Qarı cavab vermədi. 

O az qala ikiqat əyilib özünü içəri saldı. Mağara olduqca alçaq idi və o qamətini düzəldə bilmədi. Bir müddət yerində dayanıb, ətrafa göz gəzdirdi və döşəməyə tüpürüb dilləndi:

- Gedək.
- Hara?
- Mənimlə birlikdə.
- Niyə?
- Çünki belə lazımdır.

Qarı bir qədər dayanıb, şübhə ilə soruşdu: 

- Sən hara gedirsən ki?

O, laqeyd şəkildə üzünü vadiyə tərəf tutub dedi:

- Bax o tərəfə.
- Şəhərə?
- Daha da uzağa.
- Getmirəm.
- Getməlisən.
- Yox.

O qarının çomağını götürüb özünə uzatdı.

- Sabah – qarı etiraz etdi.
- Yox indi.
- Mənim yuxum gəlir, - qarı qucağında tutduğu əski-üsküləri yerə atıb divara büzüşdü.
- Yaxşı. Bayırda gözləyərəm – o cavab verib, bayıra çıxdı. 

Qarı dərhal yuxuya getdi. Yuxuda gördü ki, şəhər çox böyükdür. O uzandıqca uzanır və onun küçələri təzə paltarlı insanlarla doludur. Kilsələrin hündür qüllələri var və bir neçə kilsə zəngi ara vermədən çalınır. Gün boyu küçədə, çoxlu insanlar onun böyrünü kəsdirib, eləcə dururlar. O həmin insanların oğlanları olub-olmadığını heç cür müəyyənləşdirə bilmir. Bəzilərindən soruşur: “Siz mənim oğlanlarımsınız?” Ətrafdakılar onu cavabsız qoyurlar, ancaq qarı qərara gəlir ki, əgər onlar danışsaydılar deyərdilər ki, “hə, biz sənin oğlanlarınıq”. Sonra axşam düşəndə, o açıq qapılı bir evə gedib çıxır. İçəridə işıq yanır və küncdə hansısa tanımadığı qadınlar oturublar. O içəri daxil olanda, qadınlar ayağa qalxır və bir ağızdan deyirlər: “Gəl, sənin otağın bu tərəfdədir”. O qadınlara baxmaq istəmir, ancaq qadınlar onu itələyib otağına salırlar və otağın qapısını bağlayıb gedirlər. O birdən-birə balaca qız uşağına çevrilir və ağlamağa başlayır. Bayırda kilsə zəngləri çox ucadan çalınır, ona elə gəlirdi ki, göy üzü başdan başa zənglərlə doludur. Onun başı üstdə tavanın düz ortasında bir dəlik var idi. Həmin dəlikdən o ulduzları görürdü və oradan otağa az da olsa işıq düşürdü. Tavandan sallanan qamışın üstü ilə bir əqrəb sürünürdü. O yavaş-yavaş divar boyu ona tərəf enirdi. O ağlamağı kəsib əqrəbə diqqət verməyə başladı. Əqrəbin quyruğu belinə doğru əyilmişdi və yeridikcə bir tərəfədən o biri tərəfə yırğalanırdı. Qarı onu vurub yerə salmaq üçün ətrafına boylandı. Otaqda heç nə olmadığı üçün bunu əllə etməli oldu. Lakin, o olduqca ləng tərpəndiyindən əqrəb qısqacları ilə onun barmağından tutub sıxmağa başadı, o əlini havada silkələsə də, əqrəb heç cür onu buraxmaq istəmirdi. Sonra o əqrəbin onu sancmaq istəmədiyini anladı. Onu böyük sevinc hissi bürüdü. Əqrəbi öpmək üçün barmağını ağzına yaxınlaşdırdı. Bayırda zənglər artıq susmuşdu. Əqrəb yavaş-yavaş, ahəstə bir sükut içərisində onun ağzına doğru sürünməyə başladı. Qarı əqrəbin dilinə və dodaqlarına yapışan möhkəm zirehini, kiçicik pəncələrinin toxunuşunu hiss edirdi. Əqrəb astaca onun ağzına girib, bədənin bir parçasına çevrildi. 

Qarı yuxudan ayılıb oğlunu səslədi.

Oğlu cavab verdi: 

- Nədir?
- Mən hazıram.
- Nə tez?

Qarı əsasına söykənərək su şırnağının altı ilə keçərkən, oğlu hələ də bayırda dayanıb gözləyirdi. 

- Yağış yağacaq, - oğlan dedi.
- Çox yol gedəcəyik?
- Üç gün, - deyə qocanın ayaqlarına baxaraq cavab verdi. 

Qarı başını yırğaladı. Bu məqamda daşın üstündə oturmuş qocanı gördü. Onun üz-gözündən elə təəccüb yağırdı, sanki indicə bir möcüzəyə şahid olmuşdu. O qarıya baxdı və başı hiss olunmadan sinəsinə düşdü. Onlar daşın yanına gəlib çatana qədər qoca gözlərini çəkmədən qarnını süzürdü. Qarı özünü elə aparırdı ki, sanki onu heç görmür. Onlar aşağıya doğru uzanan daşlı cığırla, diqqətlə enərkən, qocanın zəif səsini eşitdilər, onun sözlərini külək gətirdi:

- Görüşənədək.
- O kim idi? – oğlan soruşdu.
- Bilmirəm.

Oğlan acıqla anasına tərəf çevrilib:

- Yalan deyirsən, – deyə dilləndi. 

Nyu-York 
1944

Çeviri: Namiq Hüseynli
Kultura.az
Yuxarı