"Bir saatın tarixçəsi". Hekayə
Yazıçının ədəbi irsinə maraq 20-ci əsrdə qadın …
Aleksandr Otaroviç Tamazşvilli (Alexander Otarovich Tamazshvilli) Sankt-Peterburqdakı Rusiya Oriental Tədqiqatlar İnstitutunda çalışıb. O, Nizaminin, Azərbaycanın milli kimlik atributu kimi SSRİ miqyasında, siyasiləşdirilməsi və 800 illik yubleyi ilə bağlı iki ciddi məqalə müəllifidir. Həmin məqalələrdən biri “SSRİ-də Nizami Gəncəvinin tədqiqat tarixindən: ildönümü ətrafında – E.E. Bertels, J.V. Stalin və başqaları” adlanır. Aşağıdakı yazı həmin məqalənin ingilis dilindən tərcümə edilmiş variantıdır.
1940-cı ilin payızında
Sovetlər Birliyində keçiriləcək ən əlamətdar
və diqqətəlayiq mədəni və ictimai-siyasi hadisələrdən biri mütəfəkkir və şair
Nizami Gəncəvinin 800 illik yubleyi olmalı idi. Lakin qeydetmələr müharibə səbəbindən altı
il, 1947-ci ilin payızına qədər yubandı.
Bir çox elm adamının – şərqşünaslar, ədəbiyyatçılar və siyasətçilərin
– iştirak etdiyi bu uzun yubiley
kampaniyası (1937-ci ildən 1947-ci ilədək) yaxşı nəticələr verdi. Kampaniyanın
fəal iştirakçısı E.E. Bertels, 1930 ilə 1940-cı illərin kəsişməsində, “Nizaminin
xalis elmi tədqiqi yalnız bizim zəmanəmizdə aparıla bilər” – demişdi.
O özü belə bir nəticəyə gəlmişdi
ki, “hələ iyirmi il əvvəl Nizami ilə bağlı olan bütün rus dilli ədəbiyyat əsasən
biblioqrafik xarakterli az sayda məqaləyə əsaslanırdı. Vətənimizin hər güşəsində
böyük azərbaycanlı mütəfəkkir və şairin 800 illik yubileyinin keçirilməsi bu vəziyyəti
fundamental şəkildə dəyişdirdi”.
Bizim yerli akademik tədqiqatımız
üçün bu kampaniyanın əsas, inqilabi nəticəsi o oldu ki, Nizamini Azərbaycan
şairi və onun əsərlərini Azərbaycan ədəbiyyatının nailiyyətləri kimi görməyə
başladı, halbuki dünya Oriental Tədqiqatlar sahəsində (və bundan öncə Sovetlər
Birliyində də) Nizami fars ədəbiyyatının təmsilçisi hesab edilirdi…
Sovet Nizami tədqiqatlarının
siyasi məzmunundan, E.E. Bertelsin bioqrafları da daxil olmaqla, akademik tədqiqatla
məşğul olan yerli tarixçilər yan keçiblər. Üstəlik, Nizaminin milli mənsubiyyəti
və onun əsərləri məsələsi elmi aspektlərdən əlavə, aydın siyasi aspektə malik
idi; və bu məsələyə dair elmi əsaslı cavab Azərbaycan SSR-in yaradılmasına əsaslanan
mühüm siyasi məzmun deməkdir. (Təbii ki, yeni və suveren bir dövlət üçün
tarixində belə böyük bir şəxsiyyətin olması şərəfli və qürurvericidir). Buna
görə də Nizaminin 800 illik yubiley kampaniyasının əvvəlindən sonuna qədər elm
və siyasət bir-birini dəstəkləyərək və istiqamətləndirərək əl-ələ getdi; lakin görünür ki, siyasət
daha əhəmiyyətli rol oynadı. Bu, bir sıra obyektiv və subyektiv səbəblərlə şərtlənirdi.
Nizami akademik tədqiqat
üçün səmərəsi aşkar olan bir yubileyə istənilən halda layiq idi. Bunun üçün
president də vardı –1934-cü ildə SSRİ miqyasında klassik fars şairi Firdovsinin
1000 illik yubleyi keçirilmişdi. Bununla belə, Nizamini eyni məziyyətlərlə təqdim
edərək yubiley keçirmək obyektiv olaraq məqsədəuyğun olmazdı.
1930-cu illərin ikinci
yarısı milli ədəbi ildönümlər dövrünə çevrildi. 1937-ci ildə Şota Rustavelinin
“Pələng dərisi geymiş pəhləvan” adlı poemasının 750 illiyi, 1938-ci ildə “İqorun
yürüyüşü haqqında nağıl”ın 750 illiyi, 1939-cu ildə erməni dastanı “Sasunlu
David”in 1000 illiyi keçirildi.
Bu ildönümlər Azərbaycan
SSR-də də qeyd edilirdi. Əgər Azərbaycan həm xronoloji, həm də mədəni
perspektivdən bənzər bir yubiley təklif etməsəydi, bu, farslar, gürcülər və ermənilərlə
müqayisədə azərbaycanlıların və onların milli mədəniyyətinin geriliyi barədə
tarixən rəsmiləşmiş inanclar nəfinə arqument olardı. Bunu, yubiley kampaniyası ərzində
Nizami və onun əsərlərinə isnadlar və12-ci əsrdə Azərbaycanın inkişaf səviyyəsinə
dair mübahisələr də təsdiqləyirdi.
Həmin dövrdə “Bakı fəhləsi”
qəzetində çıxan “Yoldaş Stalinə” başlıqlı bir yazıda belə qeyd edilirdi: “Nizaminin
anadan olmasının 800 illik yubileyini qeyd etmək xalqımızın mədəni quruculuq
sahəsində böyük nailiyyətidir”.
Orta əsr Azərbaycan şairinin
səs-küylü yubleyi mövcud vəziyyətdə Sovet höküməti və ÜİKP (Ümumittifaq
Kommunist (bolşevik) Partiyası) tərəfindən həyata keçirilən Cənubi Qafqazda
beynəlxalq münasibətləri ahənglaşdırmaq siyasətinin mənafeləri üçün də həyati əhəmiyyətli
idi.
Həmin illərdə Azərbaycan SSR
K(b)P MK-nın (Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi) birinci
katibi M. Bağırovun çox güclü anti-İran hissləri vardı və şübhəsiz ki, o, vətənpərvər
bir adamdı... Bunu demək kifayətdir ki, Azərbaycan SSR K(b)P-nın 14-cü
qurultayı tərəfindən Bağırovun çıxışına əsasən qəbul edilmiş qərarda “Azərbaycan
dilinin ərəbizm, farsizm və osmanlı sözlərindən təmizlənərək tədrisində əsaslı
təkmilləşdirmələr” tələb edilirdi.
Bağırov Qafqaz və Cənubi
Qafqaz xalqlarının tarix və mədəniyyətinin öyrənilməsini diqqətlə izləməyə
çalışır, yanlış və ideoloji cəhətdən səhv inanca əsaslanan hesab etdiyi vəziyyətlərə
qarşı fəal şəkildə mübarizə aparırdı. Belə vəziyyətlərdən biri də, əlbəttə,
Nizaminin fars şairi olduğu bəyanı idi. Məhz Bağırovun səyinin nəticəsi idi ki,
Nizaminin yubileyi çox uğurlu keçdi.
Qəbul edilməlidir
ki, Azərbaycan üçün ədəbi yubiley məsələsi meydana çıxdıqda Bağırov çətin vəziyyətdə
qaldı. 1930-cu illərdə qaldırılan Nizami məsələsi sadəcə Respublika ilə əlaqədar
yaxud Respublika səviyyəsində bir məsələ deyildi. Bu barədə qərar vermək Azərbaycan
SSRİ rəhbərliyinin səlahiyyətindən kənar idi. Nizaminin miliyyəti və əsərlərinin
Azərbaycanın maraqları baxımından yenidən nəzərdən keçirilməsi cəhdinə rəsmi
Moskva millətçilik meyillərinin nümayişi – Azərbaycan xalqının keçmişini “daha
da yaxşılaşdırmaq”, Respublikanın nüfuzunu gücləndirmək təşəbbüsü kimi baxa bilərdi.
SSRİ siyasi rəhbərliyinin millətçilik, eləcə də millətçiliyin əlamətləri ilə
necə qəti və sərt şəkildə mübarizə apardığı çox yaxşı məlum idi.
Alimlərdən, əsasən
də Sovet ədəbi Orientalizm tendensiyasını yaradan Leninqrad mütəxəssislərindən
etirazlar gözlənilən idi. Buna baxmayaraq, baş tutdu; Nizaminin Azərbaycan
şairi kimi “transferi” çox yaxşı düşünülmüş şəkildə, sürətli, israrlı, lazımi
qaydada və hər şeydən öncə zərif bir tərzdə həyata keçirildi. Lakin hər şey
skandalla başladı.
1938-ci ildə
Moskvada Azərbaycan İncəsənəti Ongünlüyünün keçirilməsi planlaşdırılırdı.
Respublika qərar vermişdi ki, bu məqsədlə rus dilində “Azərbaycan poeziyasının
antologiyası” hazırlansın. “Ən böyük sənətkarlar –Azərbaycan poeziyasının
yaradıcıları”nı təqdim etməyi nəzərdə tutan antologiyanın ilk versiyasına
Nizami poeziyasının daxil edilməsi nəzərdə tutulmamışdı. Söhbət 1937-ci ilin
may ayından gedir.
Lakin 1
avqust tarixində mətbuat xəbər verdi ki, Antologiya üçün şeirlərin tərcüməsi
üzrə iki illik iş başa çatıb və rus oxucusu Nizaminin monumental poeziyası ilə
tanış ola bilər. “Müəyyən məqamda xalq düşmənlərinin çirkli əlləri Antologiyaya
müdaxilə etdi ... Onlar daha cılız və qüsurlu Antologiya üçün əllərindən gələn
hər şeyi etdilər” – “Bakı fəhləsi” qəzeti bildirirdi.
Bununla belə,
Nizami poeziyasının Antologiyaya daxil edilməsi qərarının tamamilə siyasi məzmunda
olduğunu iddia etmək üçün əldə kifayət qədər əsas yoxdur. Bu qərarın arqumenti
Sovet Şərqşünası Yu.N.Marrın Nizami haqqında mülahizəsi ola bilərdi. Marr əsərlərinin
birində qeyd edir ki, elə ki Rustaveli, Xəqani və Nizamini və onların dövrlərini
tədqiq etməyə başladı, “dövr və müəlliflərin rüsvayçı şəkildə gözardı edilmiş vəziyyətdə”
olduğuna dərhal əmin oldu. 1929-cu ildə Marr iddia edirdi ki, Nizami Qafqaz
üçün, xüsusən də ədəbiyyatında fars ənənəsini son vaxtlara qədər saxlayan etnik
qrup, gəncəli şairin İrandan daha çox hörmət edildiyi Azərbaycan üçün özünəməxsusdur.
Əlbəttə,
Marrın “Azərbaycan üçün özünəməxsusluq” qeydini “azərbaycanlı” ilə eyniləşdirmək
olmaz, lakin 1937-ci ilin ortalarında iki il əvvəl ölmüş Maar öz tədqiqatı ilə
Nizaminin Azərbaycan şairi olduğu mülahizəsini dəstəkləyən yeganə sovet
orientalisti idi. Uğurun bütövlükdə onların leyhinə olduğu qeyd edilməlidir,
xüsusilə ona görə ki, Nizamidən danışan Yuriy Marr idi. Ölkənin siyasi rəhbərliyinin
gözündə onun akademik etibarı müəyyən şəkildə atasının, N.Ya. Marrın reputasiyası ilə əlaqəli olmalı
idi. Həmin illərdə N.Ya. Marrın adı həm Sovet akademik tədqiqatında, həm də
Partiya dairələrində çox möhtəbər idi. Atanın məşhurluğunun ziyası oğulun da üstünə
düşmüşdü.
N.Ya.Marrın
adını Azərbaycanda Nizami tədqiqatlarına bağlamaq üçün çətinlik çəkilmədi; “Nizaminin
elmi anlayışının təftişində xüsusi haqq Azərbaycan alimlərinə, akademik N.Ya.
Marr, professor Yu.N. Marr və başqalarına məxsusdur. Onlar azərbaycanlı şairin obrazını
təhrif edən Burjuaziya Oriental Tədqiqatın nəzərdən keçirilmə haqqını öz əllərində
saxlayırdılar...” (M.Rəfili, “Nizami Gəncəvi və onun yaradıcılığı”, Bakı, 1947).
Marra bu
istinad daha çox siyasi səbəblərdən ortaya çıxdı, çünki o, Nizaminin Azərbaycan
şairi olduğunu birbaşa bəyan etməmişdi.
SSRİ Elmlər
Akademiyasının Azərbaycan şöbəsinin Tarix, Dil və Ədəbiyyat İnstitutu 1937-ci
ildən etibarən arxayınlıqla Azərbaycan ədəbiyyatının böyük klassiki kimi anılan
Nizami Gəncəvinin əsərlərinin tədqiqi və hazırlanmasına dair işlərə başladı.
1937-ci ilin
ikinci yarısında Azərbaycanda nəşr olunan materiallarda Nizami xatırlanakən,
onun adı və əsərləri adətən Şota Rustavelinin adı və əsərlərinə sıx şəkildə bağlanırdı.
Azərbaycanlı ədəbiyyatçının “Pələng dərisi geymiş pəhləvan” poemasının 750
illik yubileyi münasibətiylə Bakı Bələdiyyə Sovetinin İşçi Deputatlarının təntənəli
plenumunda etdiyi çıxış buna yaxşı nümunədir; “Yoldaş Mirzə İbrahimov Rustaveli
dövründə yaşayıb-yaratmış, Şota tərəfindən
dahiliklə tərənnüm edilmiş eyni yüksək ideal və istəklər uğrunda mübarizə
aparmış və yalnız Stalin dövründə başa düşülmüş Azərbaycan ədəbiyyatı klassiklərini
– Nizami və Xaqani – xatırlamışdır”. (“Bakı
fəhləsi”, 31.12.1937, №304).
Burada
Rustaveli adı Nizaminin əsərləri və ideyalarının Stalin dövrünün ideyaları ilə
daha eyhamlı formada ahənginə və dolayısı ilə Stalinin bəzi şəxsi fikirləriylə
ahənginə dair fundamental fikir verməyə yardım edirdi. Nizami məsələsinə dair
Azərbaycanın qərarı üçün Moskvanın dəstəyi son dərəcə vacib idi.
1938-ci ildən
sonrakı il SSRİ-də Nizami “laqeydliyi”nə birdəfəlik son qoyulduğu ildir. Azərbaycan
İncəsənəti Ongünlüyü 1938-ci ilin 5-15 aprel tarixlərində Moskvada müvəffəqiyyətlə
baş tutdu. Bakıda “Azərnəşr” Nizami Gəncəvinin Konstantin Simonov tərəfindən tərcümə
edilmiş şeirləri olan “Azərbaycan poeziya antologiyası”nın 700 xatirə nüsxəsini
çap etdi. Antologiyanın redaktoru yalnız bir nəfər – V. Luqovskiy idi. Digər iki nəfərin – Səməd
Vurğun və Ş.Şamilov – 1937-ci ildə işə yaramadıqları üçün çıxarıldığı nəticəsinə
gəlmək məntiqlidir, lakin fərz edilir ki, səbəb yalnız bu deyildi. Bəzi mənbələrə
görə Antologiyanın ikinci redaktoru da var idi; artıq Azərbaycan SSR Xalq Komitəsi
(Nazirliyi) yanında İncəsənət Məsələləri Şöbəsinin rəhbəri olan Mirzə
İbrahimov. Lakin onun adı da kitaba daxil edilməmişdi. Yüksək rütbəli rəsmilərin
adının Antologiya redaktorları siyahısında olmamasının səbəbi, ehtimal ki, işin
sadəcə Azərbaycan və Rusiyanın yaradıcı intelligensiyasının təşəbbüs və əməyinin
nəticəsi hesab edilməsi idi. Bundan əlavə, yalnız qeyri-azərbaycanlı şairlər tərəfindən
(yalnız səthi) görülən işləri Nizamiyə millətçi yanaşma hesab etmək daha çətin
idi. Antologiyanın anonim önsözündə deyilirdi ki, “12-ci əsrin azərbaycanlı
şairləri arasında Nizami çox yüksək qiymətləndirilir” , lakin bu iddia nəyləsə
dəstəklənmirdi.
Bu Antologiyanın
nəşri Nizaminin vəziyyətinə dair qərar vermək üçün məkrli taktiki hərəkət idi.
Şübhəsiz ki, bu kitab SSRİ hökumət üzvlərinə və Azərbaycan İncəsənəti
Ongünlüyünə canlı maraq göstərən AK(b)P rəhbərliyinə təqdim edilmişdi. Onların
arasında Stalin də vardı.
Əgər “Azərbaycan
şeir antologiyası”nın məzmununda hansısa bir məqam (məsələn, Nizaminin milli mənsubiyyətinə
dair iddia) etiraz və siyasiləşdirilmiş tənqidə səbəb olardısa, xətalı kitabın
nəşrinin günahı Azərbaycan SSRİ rəhbərliyində qalacaqdı; ancaq onların Nizami
haqqında fikirlərinin kitabda əks olunduğuna dair hansısa sübut yox idi... Bununla
belə, bəlli oldu ki, Antologiyanın məzmununa dair hansısa sual və ya etiraz yoxdur.
İstənilən
halda “Azərbaycan şeir antologiyası”nın ilk nəşri qəribə tale yaşadı. Ədəbiyyat
adamları və alimlərin Antologiyadan praktik olaraq xəbərdar olmaması mümkün
deyildi; lakin bəzi səbəblərdən dolayı insanlar bu barədə çox danışmadılar.
Kitabda önsözün bir hissəsi olan “Nizami Gəncəvi” adlı qısa esse Rüstəm
Əliyevin “Nizami: Qısa Biblioqrafik Arayış” (Bakı, 1982) adlı əsərində də qeyd
edilmir.
Ongünlüyün ilk
günü Pravda qəzetində “Azərbaycan xalqının incəsənəti” adlı baş məqalə dərc
olundu. Məqalədə yazılırdı: “Hələ feodal qanunsuzluğu dövründə Azərbaycan xalqı
ən böyük sənətkarlara həyat verdi. Nizami, Xəqani, bağdadlı Füzulinin adları
fars şairləri Sədi və Hafiz ilə eyni səviyyədə dayanır. Nizami, Xaqani və Füzuli
öz xalqının alovlu vətənpərvərləri idilər və yalnız təzyiq altında yadellilərə
xidmət göstəriblər”.
Məqalənin mənasının
Nizaminin Azərbaycana “geri qaytarılması” üçün şişirdilməsi çox çətindir. Bu, Azərbaycan
SSR-in Nizami barədə verdiyi qərarla rəsmi Moskvanın razılaşdığını sübut edirdi.
Ertəsi gün, 6
aprel 1938-ci ildə “Bakı Fəhləsi” Pravdanın məqaləsini təkrarən dərc etdi (bununla
onun mənasını respublika üçün gücləndirirdi). Bu andan etibarən rəsmi Bakı hər
dəfə təşəbbüsü Moskvaya ötürdüyünü nümayiş etdirəcək və Nizaminin 800 illik
yubileyi Moskvadan başlayacaqdı.
18 aprel
1938-ci ildə Pravda “Azərbaycan incəsənətinin triumfu” ilə yola çıxdı. “Lakin
bütün qadağalara və təqiblərə baxmayaraq, ədalətsizliklərə qarşı qəhrəman Azərbaycan
xalqı öz üsyançı, cəsarətli və qəzəbli ruhunu ifadə edənləri ərsəyə gətirdi.
Feodal qanunsuzluğu dövründə Azərbaycan xalqı Nizami, Xaqani, Füzuli kimi böyük
sənətkarlara həyat verdi. Onlar öz xalqının alovlu vətənpərvərləri, ölkələrinin
azadlıq və müstəqilliyinin mübarizləri idilər”. “Pravda” burada Nizamini daha
yaxşı xarakteristika edirdi. Göründüyü kimi, şair artıq yadellilərə xidmət
etmirdi.
Güman ki, Azərbaycan
tərəfi bu materialın hazırlanması işində Moskvadakı İncəsənət Ongünlüyünə
qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində olan Bağırov və İbrahimovun rəhbərliyi
ilə iştirak etmişdi. Yalnız Bağırov bu məqalələrin nəşrini müxtəlif hallarda
koordinasiya edə bilərdi.
Lakin kim tərəfindən
yazılmasından asılı olmayaraq, bu, AK(b)P Mərkəzi Komitəsinin rəsmi mövqeyini əks
etdirirdi; “Pravda”nın yazılarının mənası bu idi. Yalnız seçilmiş bir neçə Orientalist
həmin fikirləri poza bilərdi, lakin onlar bunu etmədilər, bəlkə ona görə ki, Nizami
məsələsi “Pravda”nın nəşrindən əvvəl də olduqca mübahisə doğururdu. Burada biz
Yu.N.Marr və A.N. Boldyrevin şərhlərinə istinad edə bilərik.
1940-cı illərin
sonunda Bertels irəli sürürdü ki, “1938-ci ildə mənə aydın oldu ki, bütün
böyük, nəhəng fars ədəbiyyatını dəlilsiz-sübutsuz İrana aid etmək sadəcə yanlış
deyil, ən böyük səhvdir. Fars dili bir çox xalq tərəfindən istifadə edilirdi,
hansı ki tamamilə fərqli bir sistemin ana dili idi”. Tamamilə mümkündür ki, Bertelsin
1935-1936-cı illərdə fars şairi hesab etdiyi Nizami ilə bağlı keçmiş fikirlərini
nəzərdən keçirməsinin səbəbi “Pravda”nın dərci olub.
Elmi ədəbiyyatda
belə bir fikir var: “E.E. Bertels Nizaminin Azərbaycan şairi olduğunu hər kəsdən
əvvəl açıqlayıb”. Lakin məsələnin daha dərin tədqiqatı göstərir ki, Nizaminin
Azərbaycan şairi olduğu qənaətinə Azərbaycan alimləri, ədəbiyyatçıları və siyasətçiləri
(rusiyalı həmkarlarının fikirlərindən çox da narahat olmadan) E.E. Bertelsdən əvvəl
gəlmişdilər.
9 may 1938-ci
ildə – yenə də V. Luqovskiy və Səməd Vurğunun redaktorluğu ilə –Moskva Dövlət Bədii
Ədəbiyyat Nəşriyyat Evinə yeni “Azərbaycan şeir antologiyası” təqdim edildi.
Antologiyada müəllifləri azərbaycanlı ədəbiyyatşünas və alimlər – H.Araslı, M.
Arif və M.Rəfili – göstərilən “Azərbaycan xalqının poeziyası” adlı önsöz vardı.
Göründüyü kimi, Moskvadakı Azərbaycan İncəsənəti Ongünlüyündən əvvəl bundan bəhs
edilirdi – “Antologiyanın kütləvi nəşri Moskvada həyata keçirilir” (“Bakı fəhləsi”,
23.03.1938, №67). (Maraqlı bir fakt — 1937-ci ildə Mikayıl Rəfili Azərbaycan Yazıçılar Birliyindən çıxarılıb. Çıxarılma səbəblərindən biri də onun krımlı (karaim) yazıçını azərbaycanlı kimi göstərməsi olub).
Nizaminin
milli mənsubiyyətinin nəzərdən keçirilməsinin təşəbbüskarı yaxşı və pis şansın
hər ikisinə hazır idi.
Biri Bakıda,
digəri isə Moskvada çap olunan iki “Azərbaycan şeir antologiyası”nın tekstual
yaxınlığı göstərir ki, yazıçılar qrupu eyni və ya demək olar ki, eyni idi. Lakin
Antologiyanın Moskva versiyası bir il iki gün geri – 7 may 1937-ci il – tarixə
imzalanıb və bunun səbəbi bilinmir.
Nizaminin 800
illik yubileyi kampaniyasının təşəbbüskarı uzun müddət gözlədi ki, Leninqrad və
Moskva elmi dairələri şairə dair dəqiq bir şərhin versinlər.
Tərcümə:
Misir Məmmədli
Kultura.az