Seminarlarda, konfranslarda xarici məruzəçilər "sizin ən böyük problemlərinizdən biri cəmiyyətdə dialoq mədəniyyətinin olmamasıdır",- deyəndə, öz-özümə düşünürdüm ki, deyəsən, bunlar həqiqəti görməmək üçün özlərindən bəhanə uydururlar. Xalq dilində desəm, qaşınmayan yerdən qan çıxarırlar. Belə düşünməyə haqqım var idi.
Təəssüf ki, avropalılar və amerikalılar rejimlərlə dil taparaq pul qazanır, biznes qururlar. Əgər demokratiyadan uzaq, ifadə və sərbəst toplaşmaq azadlığının olmadığı rejimlərin hökm sürdüyü ölkələri yekə bir qaza bənzətsək, dünyanın bir çox yerlərində bu qazı yolmaq istəyən xeyli adam tapılar. Hətta onlar bunun üçün müxtəlif fəxri adlar da satırlar: "İlin adamı", "Əsrin adamı", "Planetin adamı" və s.
Belələri, həm də, ekzotika hesab etdikləri mədəniyyəti yalandan tərifləyirlər. Deyirlər ki, belə dadlı mətbəx heç yerdə yoxdur, belə musiqi eşitməmişik, dünyanın heç bir yerində belə gözəl təbiət görməmişik, sizin adət-ənənəniz məni valeh etdi, sizin qədim tarixiniz, zəngin folklorunuz var və s.
Bəzən öz ölkəsində heç bir ciddi reputasiyaya malik olmayan insanlar, bəzən də elə məşhurların özləri həqiqətə göz yumub böyük pullar qazanırlar. Rejimlər isə görüntüyə böyük önəm verir. Xariciləri göstərib adamlara demək istəyirlər ki, bizi hamı sevir, dəstəkləyir, biz pul xərcləyib sizin mədəniyyəti təbliğ edirik.
Adamlar hardan bilsin ki, bütün bunlar məzhəkədir? Bilənlərin də çoxu susur. Bəziləri isə "artistlik" edir. Bilə-bilə ki, bütün bunlar məzhəkədir, yalandır, yenə də bunları uğur kimi qələmə verirlər. Vəzifə borclarını elə minnətlə yerinə yetirirlər ki, guya böyük fədakarlıq ediblər. Yəni, istəsək eləmərik, sadəcə, minnətiniz olsun ki, edirik. Əslində isə bizə minnət qoymalı deyillər, bu işləri görmək onların borclarıdır.
Hər yerdə pulgir adamlar tapılır. Avropalılar hər bir işi səliqəli gördükləri kimi, əclaflığı və naqisliyi də "səliqəli" edirlər. Hər bir iş istedadla görülməlidir. Hətta əclaflıqlar da! Yaltaqlananda da, istedadla yaltaqlanmalısan.
Xeyli səbəblərdən dialoq mədəniyyətinin olmamasını ciddi problem kimi qəbul edə bilmirdim. Zaman keçdi, başa düşüm ki, dialoq mədəniyyətinin olmaması çox ciddi problemdir. Bu problem bizim yaşamağımıza ciddi mane olur.
Avropalılar çox vaxt ən ağrılı problemləri çox mədəni formada ifadə edirlər. Onların öz dili var. Bəlkə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər, sosioloqlar, politoloqlar, kulturoloqlar və digər OLOQLAR da belədirlər. Qalanlarından xəbərim yoxdur.
Avropalılar ən ağır sözləri çox sadə formada dilə gətirirlər. Əslində isə dedikləri ağır ittihamlardı.
Tutaq ki, küçədə iki uşaq dava edir. Bunu görürsən. Deyirsən, ay uşaq, dava etməyin, dava etmək olmaz. Bu, insan deyilən bir məxluqa yaraşmır. İnsan öz problemlərini danışaraq həll etməlidir. Dava etmək şüursuz canlılara məxsus xüsusiyyətdir. Allahmı deyək, təbiətmi deyək, nə istəyirsiniz adlandırın, insana dil, danışmaq qabiliyyəti verib.
Atam həmişə məndən söz soruşanda başımı tərpədirdim. Deyərdi ki, üç kiloluq başını tərpədincə, yüz qramlıq dilini tərpət.
Ta gedib bu dalaşan iki uşağı təpiyin altına salmalı deyilsən. Hərəsinə bir təpik vurub aralaşdırsan uşaqlardan biri gedib atasına, dayısına, əmisinə, qardaşına deyəcək. O da bekar adamdı, dava axtarır. Həyatı onsuz da heç bir məna kəsb eləmir. Mənasız həyatına bir az rəng qatmaq üçün mütləq söhbəti uzadacaq. Sonra başqa bir bekar adam da ona qoşulacaq və bələcə, tayfa davası düşəcək.
Başqa bir misal gətirək. Tutaq ki, məhəllədə bir nəfər hamını döyür. Həm də bir adamla dalaşanda istəyir ki, başqaları da həmin adamla dalaşsınlar. Belə adamlar hər yerdə var. İdarələrdə, məktəblərdə, hərbi hissələrdə... Belələri ilə həyatda çox rastlaşmışam. Onlar hamının yaddaşında çox pis adam kimi qalırlar. Çünki gec-tez hər kəs bu adamdan öz "payı"nı alır.
Dialoq mədəniyyətinin olmaması həyatın hər bir sahəsində bizə öz zərərini vurur. İki gənc ailə qurmaq istəyir. Hər iki nəsil bir-birinin maddi durumundan xəbərdar ola-ola şiddətlə, amansızcasına, vəhşicəsinə, qəddarcasına bir-birlərini talan edirlər. Elə bil bir-birlərindən daha çox qopartmağa çalışırlar. Müxtəlif üsullara əl atırlar. Gah da adət-ənənəni önə çəkib, təzyiq edir, yalan danışır, rola girirlər. Hamısı daha çox pay qopartmaq üçündür.
Hətta bir-birilərinə dəstə ilə qonaq da gedirlər. İki nəsildən iki ağıllı ağsaqqal çıxıb demir ki, biz bir-birimizi niyə istismar edirik? Kim qazanır bunun sayəsində? Başqaları! Niyə biz bu pulları yığıb bu iki bədbəxtə bir şərait düzəltməyək? Nədir bu yalançı parıltı, bu saxta təmtəraq?
Onsuz da sosial cəhətdən ağır bir ölkədə yaşayırıq. Həyat əjdaha kimi ağzını açıb öz qurbanlarını udur. Qarnı doymur. Udduqca, daha da acır. Onsuz da iki-üç ildən sonra onlar bədbəxt olacaqlar, qoy heç olmasa, bir-iki il adamfason yaşasınlar. Yaşamaq yox, daha doğrusu, dolansınlar. Bəzən ər-arvad bir-biri ilə danışmır.
Bizdə dialoq yoxdur, monoloq var. Bir nəfər danışır, başqaları qulaq asır və yaxud qulaq asmalıdır. Yasda molla danışır, bir nəfər də başqa biri ilə dərdləşmək istəyəndə yuxarıdan mikrafonla qışqırır ki, "Danışmayın! Mən danışıram, burda Allah kəlamı deyirəm".
Hətta bir dəfə molla belə bir bənzətmə aparmışdı: Rəisinizə qulaq asırsınızsa, mənim dediyimə də qulaq asmalısınız.
Qardaş, niyə sənə qulaq asmalıdırlar? Onsuz da adamların min problemi var. Yasda bir-birlərini görəndə dərdləşirlər, hal-əhval tuturlar. Uzaq qohumlar çox vaxt bir-birlərini yalnız yasda görürlər. Tale hərəsin bir dərəyə atıb. Niyə imkan vermirsən, adamlar danışsın, dərdləşsin, hal-əhval tutsun? Mədrəsəyə gəlmişik, yoxsa məscidə? Fatihə verdin, bəsdir də, imkan ver, adamlar danışsın!
Müdir danışır, işçilər qulaq asır. İmkan vermir adamlar fikrin bildirsin, təkliflər versin.
Mən də dinləyə bilməmək mədəniyyətsizliyindən uzun illər böyük əziyyət çəkmişəm. İndi-indi özümü birtəhər tərbiyələndirirəm. Adamlar var, özü ilə tribuna gəzdirir. Hara gedirsə, tribunanı özü ilə aparır. Restorana, evə, iş yerinə... Əgər insan insanı başa düşmək istəyirsə, başa düşəcək. İnsan deyilən bir məxluqla insan dilində danışırsansa, mütləq başa düşməlidir. Başa düşmürsə, deməli, o insan deyil, həşaratdır.
Tarixdə bir çox sevgililər hətta bir-birlərinin dilini bilməyiblər. Amma bu, onların sevgisinə mane olmayıb. Sevginin dili onlara bəs edib. İnsan digər insanı başa düşmək istəyirsə, hətta pis bildiyi dil də ona bəs edər. Başa düşmürsə, hətta mükəmməl bildiyi dil də bir işə yaramayacaq.
Bir dəfə bir ingilislə "Qulliverin səyahəti" əsəri haqqında xeyli söhbət etdik. Əl-qol ilə danışırdım. O filoloq idi. Düşünürəm ki, hər ikimiz söhbətdən ləzzət aldıq.
Bir dəfə isə uzun illər aramızda soyuq münasibət olan bir adama zəng vurub, çay iməyə dəvət etdim. Görüşdük. Xeyli söhbət etdik.
Dedim, heç bir ciddi səbəb yoxdur. Sadəcə, elə danışmaq istədim. Məlum oldu ki, əbəs yerə uzun illər bir-birimizə düşmənçilik etmişik. Əslində, aşağı-yuxarı eyni yolun yolçularıyıq. Hətta bir-birimizə arxa ola bilərik, fayda verərik.
Dialoq mədəniyyəti özündə bir çox nüansları ehtiva edir. Adamları dinləməyi bacarmaq lazımdı. Monoloq mütləq problemlərin yaranmasına səbəb olacaq. Cavab verərkən, ünsiyyətə girərkən, hansı dildə danışmaq da böyük önəm daşıyır. Bəzən siyasətçilər, yazıçılar adamlarla sadə dildə danışmağı bacarmırlar. Ona görə də fikir və istəklərini xalqa çatdıra bilmirlər. Nəticədə dialoq alınmır. Hərə öz dilində danışır.
Deyilənə görə, akademik Azad Mirzəcanzadə deməzmiş - BAŞA DÜŞDÜN? Deyərmiş - DEYƏ BİLDİM?
Adamlar bəzən sadə dildə danışmaqdan qorxurlar. Bunu özlərinə yaraşdırmırlar. Əslində isə dahilik sadəlikdədir. Biz öz fikirlərimizi ifadə etmək, nə demək istədiyimizi bildirmək istəyəndə, başqalarının sözlərini köməyə çağırırıq. Onlardan sitatlar gətiririk. Bununla, həm də demək istəyirik ki, tək mən yox, filankəs də belə düşünür. Məni qoy kənara, bəs filankəsə nə sözün var? Bu zaman köməyə çağırdığımız əsərlərin çoxu sadə dillə yazılmış əsərlər olur.
Bir dəfə Trotski gəlir Leninin qəbuluna. Xeyli gözləməli olur. Sonra görür ki, Leninin otağından ayağı patavalı mujiklər, yəni kəndlilər, matroslar və bu kimi adamlar çıxdı.
Bu, lətifə-filan deyil, olmuş əhvalatdı. İnsanları dinləmək və onlara öz dillərində cavab vermək hər bir siyasətçinin, idarə rəhbərinin və digər rəhbər adamların borcudur. Belə olarsa, problemlər həllini daha tez tapar.
Belinski deyirdi ki, ədəbiyyatın dili bir az xalqa, xalqın da dili bir az ədəbiyyata yaxınlaşmalıdır. Bu sözü tək ədəbiyyata yox, həyatın bir çox sahələrinə aid etmək olar.