Əsrlər boyu dünya üzərində hakimiyyəti əlində saxlamış İslam sivilizasiyasının “birdən-birə” öz hegemonluğunu itirməsi bu gün məntiq sahibi hər kəsdə sual yaratmalıdır – “Müsəlmanlar nədə səhvə yol verdilər?” Necə oldu ki, Qərb dünyası Şərqi əvvəlcə hərbdə, sonra iqtisadiyyatda, daha sonra sosial-ictimai həyatın bir çox sahələrində məğlub edə bildi?
Bugünkü yazımda sizi Bernard Lyuisin “Müsəlmanlar nədə səhvə yol verdilər” kitabında yazılanlarla tanış etmək istəyirəm. Yazıya qısaca kitabın resenziyası da demək olar. Fürsətdən istifadə edib kitabı və onun haqqında yazı yazmağı tövsiyə edən məşhur ədibimiz, dostum Seymur Baycana təşəkkür edirəm. Böyük həvəslə və iki günə oxuduğum bu kitab indiyə qədər məndə yaranmış bir çox suallara da nöqtə qoydu.
Kitab İslamın yaranmasından başlayıb orta əsrlərə qədərki tarixi hadisələri, eyni zamanda Avropada intibah dövründən sonrakı hadisələri qarşılaşdıraraq təhlil edir. Əlqərəz, müəllifin, maraqlı hesab etdiyim fikirləri ilə tanış olaq.
İslamdan sonra Avropanın üç istiqamətdə fəthi
XV əsrə qədər Qərb dünyası üç istiqamətdə müsəlmanların hücumuna məruz qalır. Bir tərəfdən ərəblər İspaniya, Portuqaliya, İtaliya və Fransanı işğal edir, səkkiz əsr əsarətində saxlayır, digər tərəfdən Qızıl Orda Dövləti Rusiyanı tamamilə ələ keçirir. Üçüncü tərəfdən isə Osmanlılar İstanbulu fəth etməklə böyük bir imperiyanın – Bizans İmperiyasının hökmranlığına son qoyur. Osmanlılar Avropanı tam istila etmək üçün iki dəfə Vyana qalasına qədər irəliləsələr də, şəhəri ala bilmirlər. O zamanlar Roma İmperiyasının İstanbuldakı səfiri Busbek yazırdı ki, “Səfəvilər (müəllif “İran” adlandırır) təhlükəsi olmasaydı, Osmanlı Avropanı tamamilə fəth edəcəkdi. Bu gün Avropa fəth edilməyibsə, bunu Səfəvilərə borcludur”.
XV əsrə qədər dünyada iki hegemon sivilizasiyanın olduğunu deyə bilərik. Bunların biri İslam idisə, digəri Çin idi. Çin sadəcə Şərqi Asiyada məhdud əraziləri əhatə etdiyindən, o qədər də önəmli sayılmırdı.
İslam sivilizasiyasının səkkiz əsr boyu qüdrətini qorumasında həm də islama qədərki sivilizasiyaların elmi-texniki nailiyyətlərini mənimsəməsi, onu daha da təkmilləşdirməsi vacib rol oynamışdı. Məsələn, Çindən kağız istehsalını, Hindistandan riyazi rəqəmləri öyrənən müsəlmanların, bu inqilabi kəşflərin bütün dünyada yayılmasında əvəzsiz xidməti olub.
Üç əsr ciddiyə alınmayan Avropa
Müəllif özü də qəbul edir ki, həmin dövrlərdə Avropa müsəlmanların şagirdi olmaqdan o tərəfə keçə bilməzdi. Çünki müsəlmanlar həm hərb, həm də elm sahəsində vacib irəliləyişlər əldə etmiş, ən əsası isə, özündən əvvəlki heç nəyi dağıtmamışdılar, əksinə, onları öyrənməyə çalışmışdılar. Və bu müddət ərzində Avropaya heç vaxt ciddi yanaşmamışdılar. Sonralar Avropa kilsəni dövlətdən ayıraraq elm, sənaye, intibah yolunu tutur və bu prosesin getdiyi üç əsr boyunca önəmli nailiyyətlər əldə edir. Ancaq iş ondadır ki, məhz, bu üç əsr boyunca Avropa yenə də ciddiyə alınmamışdı.
Qutenberqin 1440-cı ildə kitab çapı dəzgahını icad etməsinə baxmayaraq, uzun müddət Osmanlıda onun istifadəsinə icazə verilməmişdi. Daha doğrusu, dəzgah ölkəyə gətirilsə də, ondan yalnız qeyri-müsəlmanlar istifadə edə bilərdilər. Onlar öz dillərində özlərinə aid kitablar çap edirdilər. Kitab çapı dəzgahının müsəlmanlar üçün yasaqlanmasının səbəb də o idi ki, Quran əlifbası müqəddəsdir, müqəddəs əlifba isə kafirlərin icad etdiyi alətlə yazıla bilməz. Hiss olunurdu ki, dindar mühafizəkarlar, xəttatlar bu qərarın alınmasında müstəsna rol oynayıblar. Müsəlmanlar islamın inkişaf etdiyi dönəmlərdə başlatdıqları tərcümə hərəkatını XV əsrdən sonra, demək olar ki, dayandırırlar. Belə ki, XVIII əsrə qədər müsəlman şərqində tibbə aid cəmi bir kitab tərcümə olunmuşdu. Ki, o da Avropada çap edilmiş sifilisdən (firəng xəstəliyi) bəhs edən kitab idi.
1925-ci il noyabrın 5-də Ankarada yeni ali hüquq məktəbinin açılışında çıxış edən Mustafa Kamal Atatürk kitab çapı məsələsinə toxunaraq deyirdi: “1453-cü il zəfərini xatırlayın. O il şanlı ordularımız İstanbulu fəth etməklə dünya tarixinin axarını dəyişdirdilər. Lakin İstanbulu əbədi türk şəhərinə çevirən o boyda qüdrətli dövlət irticaçı qüvvələrin üzündən həmin illərdə icad edilən çap alətini qəbul etmədi. Düz 300 il belə davam etdi. Bu müddət ərzində çap dəzgahının tərəfdarları ilə əleyhdarları arasında qızğın mübahisələr, müzakirələr davam etdi. Nəhayət, uzun sürən cəhdlərdən və buna qarşılıq tərəddüd və qərarsızlıqdan sonra ölkəmizdə çap dəzgahının istifadəsinə icazə verildi”.
Avropalılara, eləcə də onların əldə etikləri elmi nailiyyətlərə ciddi yanaşılmamasının ən bariz sübutü kimi, Osmanlının Vyanadakı diplomatı Mustafa Xətti Əfəndinin 1748-ci ildə Avropa rəsədxanasına dair qeydlərinə nəzər salaq: “Digər bir məzəli cihaz… barmaq nazikliyində olan kiçik şüşə butulka idi, var-güclə daşa və ya taxtaya çırpanda sınmırdı. Bu şüşə butulkanın içinə çaxmaqdaşı qırıntısı tökəndən sonra, daşa və taxtaya çırpılanda sınmayan butulka un kimi ovxalandı. Biz bunun mənasını soruşanda cavab belə oldu ki, oddan çıxarılan şüşə dərhal soyuq suya salınanda bu cür sərt və möhkəm olur. Onların bu dolaşıq cavabı bizə inandırıcı gəlməsə də, çox üstünü vurmadıq və bunu hiyləgər firənglərin növbəti yalanı kimi qiymətləndirdik”. Məncə, burada əlavə şərhə ehtiyac yoxdur.
Başqa bir mənbə. Roma imperiyasının İstanbuldakı səfiri Ojye de Busbek Qislen 1554-cü ildə vətəninə göndərdiyi məktubunda Osmanlı paytaxtında üzləşdiyi problemlər haqqında yazırdı: “Biz burada şəraba həsrət qalmışıq. Lakin bundan daha betəri doğru-düzgün yata bilməməyimiz idi. Bir də görürdün, gecənin bir vaxtı, şirin yuxuda olduğumuz zaman bizi tələm-tələsik oyadırlar. Çox vaxt hava hələ işıqlanmamış yuxudan oyadılırıq. Səbəb isə bu idi ki, bizim türk bələdçilər saatdan istifadə etmirlər. Onlarda ancaq məscidlərdə su və günəş saatları var ki, o da insanları ibadətə səsləmək üçün istifadə olunur. Mən bu qarma-qarışıqlığa son vermək istədim. Türklərə dedim ki, bizi əbəs yerə narahat etməsinlər və əvvəlcədən nə vaxt hara gedəcəyimizi, nə vaxt oyanacağımızı mənə desinlər. Onlara izah etdim ki, məndə saat var və bu saat həmişə düz işləyir. Onlar bir-iki dəfə yoxladıqdan sonra saatlarımızın necə dəqiq işlədiyinə heyranlıqlarını gizlətmirdilər. Biz isə doyunca yatmaq fürsəti əldə etmişdik”. Busbek hətta bu hadisədən altı il sonra da növbəti məktubunda yazırdı ki, “türklər qədər, digər millətlərin icad etdiyi şeylərdən qaçan ikinci xalq yoxdur. Onlar hələ də çap dəzgahını inadla rədd edir, ictimai yerlərdə saat quraşdırılmasını məqbul saymırlar. Qorxurlar ki, meydanlarda, şəhər və qəsəbə mərkəzlərində saatlar quraşdırılandan sonra müəzzinlərin və məscidlərin nüfuzu aşağı düşər”.
Saat Şərqə 200 il sonra gəlib çatmışdı.
Müsəlman cəmiyyəti orta əsrlər Avropa alim və yazıçılarının əsərləri ilə çox gec tanış olmağa başlamışdı. 1527-ci ildə vəfat edən Makiavellinin “Hökmdar” əsəri ərəb dilinə 1825-ci ildə tərcümə olunmuşdu. Yuxarıda da qeyd etdiyimiz kimi, müsəlmanlar avropa ədəbiyyatından öyərənəcək bir şey olmadığını zənn edirdilər.
Təxminən, üç yüz illik tarix ərzində Avropaya ilk olaraq, döyüş meydanlarındakı məğlubiyyətlər seriyasından sonra ciddi yanaşmağa başlayırlar. İlk zərbə səkkiz əsr sonra – 1492-ci ildə İspaniyanın tam azad olunması ilə vurulur. 1554-cü ildə ruslar da Həştərxanı fəth etməklə böyük üstünlük qazanırlar. 1606 və 1682-ci illərdə Osmanlı iki dəfə Vyananı mühasirəyə alır, amma fəth edə bilmir. 1682-ci il Vyana məğlubiyyəti Osmanlı üçün, eləcə də hərbi cəhətdən müsəlman dünyası üçün sonun başlanğıcı olur.
Avropalı mütəxəssislərin dəvət olunması
Burada qısa haşiyə çıxıb bildirim ki, müəllif bu dövrdəki islam aləmindən danışarkən haqlı olaraq Osmanlıları nəzərdə tutur, çünki həmin vaxt, demək olar ki, bütün islam ölkələri Osmanlının nəzarəti altında idi. Yuxarıda bəhs edilən məğlubiyyətlərdən sonra İslam aləmində həqiqət axtarışı – “Biz nədə səhv etdik?”, “Onlar nəyi doğru edir?”, “Nə etməliyik ki, onlara çataq?” kimi suallara cavab axtarılmağa başlanılır. Müsəlmanlar, məhz, hərbi uğursuzluqlardan sonra avropalı mütəxəssisləri dəvət edib onlardan nə isə öyrənməyə çalışırdılar. Məsələn, milliyyətcə macar olan İbrahim Mütəffəriqqanın rəhbərliyi ilə 1729-cu ildə Osmanlıda ilk dəfə yeni üsulla kitab çap edilir. 1729-1742-ci illərdə fəaliyyət göstərən ilk Osmanlı mətbəəsində 17 kitab nəşr olunur. İranda isə fars dilində ilk kitabın çapı 1817-ci ilə təsadüf edir. Yaxın Şərqdə qəzeti də ilk dəfə buradakı avropalılar çap etmişdilər. Fransanın Osmanlı imperiyasındakı səfirliyinin 1795-ci ildə buraxdığı “Gazette Française de Constantinople” nəinki Türkiyədə, eləcə də bütün yaxın şərqdə çıxan ilk qəzet idi.
Tərcüməçilik sahəsi bütünlüklə yunanların ixtiyarına keçir. Hərbi sahədə də macar Baron de Tott və britaniyalı zabit “İngilis Mustafa”, Osmanlı ordusunun inkişafında vacib rol oynayır. 1830-cu illərdə sultan, Sardiniya səfirindən xahiş edir ki, yeni yaradılmış simli alətlər orkestrinə dərs keçmək və dirijorluq etmək üçün ölkəsindən kapelmeyster gətirsin. Xahiş yerinə yetirilir: İstanbula göndərilən dirijor məşhur bəstəkar Qaetano Donçettinin qardaşı Cüzeppe Doniçetti idi. Rəsm çəkmək uzun müddət qadağan olunduğuna görə, islam aləmində ancaq miniatürlər çəkilirdi. Lakin sonralar qərbsayağı rəsmlər, portretlər dəbə mindi. Müsəlman hökmdarların bir çoxu saraylarında Avropadan gələn rəssam, heykəltaraş və musiqiçilər saxlayırdılar. Öz növbəsində bu da zamanla yerli incəsənətə təsir etməyə başlamışdı. Məsələn, XV-XVI əsrlərdə İspaniyadan qovulub Osmanlıya sığınan yəhudilər burada teatrın əsasını qoymuşdular.
Fransız mütəxəssislərin dəvət olunması nəticəsində fransız dili geniş tədris olunmağa başlanır. Amma faktiki olaraq görünürdü ki, təkcə hərb sahəsində islahatlar aparmaqla müsəlman dünyasının əvvəlki qüdrətini bərpa etmək mümkün olmayacaq. Beləliklə, iqtisadiyyat və mədəniyyət sahələrində islahatlar labüdləşir. İlk olaraq, Misir paşası, sonra Osmanlı sultanı və İran şahı Londona, Parisə və digər Avropa şəhərlərinə tələbələr göndərməyə başlayırlar. Yunan əsilli yəhudi Hoca İshaq Əfəndi qərbin elmi-kütləvi ədəbiyyat nümunələrini türk dilinə çevirməklə Osmanlı tarixində böyük iz buraxır. Çünki o dövrdə, adətən, hərb sənətinə dair ədəbiyyatlar daha çox idi, digər elmlərə o qədər də maraq doğurmurdu. Xüsusilə, Avropa ədəbiyyatı şərqliləri nəinki cəlb etmirdi, onlar bu ədəbiyyatla tanış olmağa meylli də deyildilər.
Avropadakı tərəqqinin başlıca səbəbinin dünyəvi elmlər və qeyri-dini fəlsəfi cərəyanlar olduğu o dövrdə yaşayan hər bir qərbliyə məlum idi. Zaman-zaman Şərqdə də Avropadakı kimi sənayə obyektləri inşa edilsə də, onlar bir müddət sonra bağlanırdı, çünki çoxu kor-koranə tikilir və elmə, bazar tələbatına cavab vermirdi. İndi dönüb-baxanda, XXI əsrdə də Şərq aləmində eyni halın təkrarlandığını görə bilərik. Hələ də elm və texnologiyanı Qərb ixrac edir, biz isə “ən böyük” zavodlar, müəssisələr tikməklə öyünürük.
İslam sivilizasiyasına Avropanın töhfələri
Milli və dini kimlik anlayışı Şərqə Qərbdən gəlmişdi. Çünki o dövrə qədər müsəlman aləmində yalnız bir kimlik var idi: dini kimlik. Yaxın Şərqə millətçilik toxumlarını ilk dəfə macarlar və polyaklar gətirmişdilər. Onlar Osmanlı dövlətinin tərkibində öz milli kimliklərini qoruyub saxlamağa çalışdıqca, bunun uğrunda mübarizə apardıqca bu hərəkat digər xalqlara da sirayət edirdi.
Bundan başqa idarəetmə forması, siyasi idarəetmədə yeniliklər də Avropadan idxal olunmuş formada öz əksini göstərirdi. Artıq bir çox şərq ölkələrində tez-tez parlament, konstitusiya, azadlıq, müstəqillik kimi məfhumlar səslənməyə başlayırdı. Xüsusilə, 1905-ci il rus-yapon müharibəsində Yaponiyanın qələbəsi göstərmişdi ki, işlək konstitusiyanın, demokratik dəyərlərin təmin edildiyi ölkələr daha sağlam, daha zəngin və daha güclü olur. Rus-yapon müharibəsindən sonra İranda və Osmanlıda da bu yöndə tələblər irəli sürülsə də, tezliklə boğulmuşdu.
Şərqdə köləlik tam olaraq, XX əsrin ikinci yarısından sonra ləğv edilir. Qərb, müstəmləkələrində öz dilini və dəyərlərini də güclü təbliğ etmişdi. Ki, bu da bir müddətdən sonra Qərbin öz əleyhinə işləməyə başlayır. Belə ki, qərb dillərini yaxşı bilən müstəmləkə dövlətləri və onların sakinləri, işğalçıların ədəbiyyatı, iqtisadiyyatı və siyasəti ilə yaxından tanış olmaq imkanı qazanır və anlayırdılar ki, demokratiya ilə imperializm uyğun gəlmir.
Qadınlar hətta iqtisadi potensial kimi də istifadə edilmirdi
Müsəlman sivilizasiyası qadınlara münasibətdə də neçə yüz il geridə qalmışdı. Müsəlman əhalinin tən yarısını təşkil edən qadınlar yüzilliklər boyu cəmiyyətin iqtisadi, mədəni həyatında, demək olar ki, iştirak etməmişdilər. Bu, həm bütün yükün kişilərin üzərinə düşməsinə səbəb olmuşdu, həm də savadsız, dünyagörüşü zəif olan qadınların tərbiyə etdiyi uşaqların gələcəyinə təsir etmişdi. Bunun təsdiqi kimi, müəllif 1665-ci ildə Osmanlı diplomatik missiyasının tərkibində yer alan Övliya Çələbinin Vyanada şahid olduğu “qeyri-adi hadisə” haqqında yazısını təqdim edir. Övliya Çələbi həmin hadisəni belə təsvir edir: “Bu ölkədə mən çox qəribə hadisənin şahidi oldum. Burada hamı, o cümlədən imperator da qadınlara ifrat dərəcədə hörmət-izzət göstərir. Məsələn, əgər imperator at sürürsə və bu zaman yoldan qadın keçirsə, o, dərhal atın yüyənini çəkib atı saxlayır və qadın keçəndən sonra yoluna davam edir. Əgər imperator piyada hərəkət edir və qarşısına qadın çıxırsa, o, dərhal ayaq saxlayır, hörmət əlaməti olaraq şlyapasını çıxarıb qadını salamlayır. Bu, həqiqətən də, heyrətamiz mənzərədir. Bu ölkədə və ümumiyyətlə, bütün kafir məmləkətlərində qadınlar əsas söz sahibləridir. Qadınlar Müqəddəs Məryəm eşqinə sevilir və sayılırlar”.
Müəllif bir maraqlı məqamı da qeyd edərək yazır ki, avropalılar Şərqdə qadınların vəziyyətinin yaxşılaşdırılması yönündə bilərək, ya da bilməyərək elə bir ciddi iş görməyiblər, Həmçinin buna maraqlı olduqlarını sübut edən dəlillər də yoxdur.
Əslində, bunun özü də başqa bir mövzudur.
Həqiqət axtarışında və ya “Niyə?” sualının cavabları
Müsəlman dünyası hərbi sahədə olduğu kimi, iqtisadi, sosial-mədəni sahədə də Qərbə çatmağın yollarını axtarırdı. 1945-ci ildə SSRİ-nin II Dünya Müharibəsindəki qələbəsindən sonra bir çox şərq dövlətləri iqtisadi çıxış yolu kimi sosializmi seçdi. Lakin bu yol da özünü doğrultmayıb fiaskoya uğradı.
Bir çox müsəlman ölkələrində əhalinin əksəriyyətinin dolanışığı birbaşa və ya dolayı yolla dövlətdən asılıdır. Bu asılılıq davam etdiyi müddətdə inkişafdan danışmaq çətin görünür. Sözügedən ölkələrdə iqtisadiyyatın qarşısında dayanan ən böyük əngəl korrupsiyadır. Korrupsiya halları Qərbdə də var, amma o, Şərqdəkindən fərqlənir. Məsələn, Qərb ölkələrində bir nəfər ticarətlə məşğul olur və çoxlu pul qazanır. Zəngin olan bu şəxs sonra siyasətə atılır və malik olduğu kapitalın köməyilə öz mövqeyini gücləndirir, hakimiyyət pillələrində irəliləyir. Şərqdə isə tam tərsinədir. Pul qazanmaq üçün birinci siyasətə atılırlar, hakimiyyətə gəlirlər və bundan sonra varlanırlar. Doğrudur, əxlaq baxımından bu iki korrupsiya arasında heç bir fərq yoxdur, amma iqtisadiyyata və siyasətə təsir baxımından onlar bir-birindən kəskin şəkildə fərqlənir.
XIX əsrin ikinci yarısından başlayaraq, müsəlman gənclər Avropanın inkişafının elm sayəsində mümkün olduğunu dərk edirlər. Məsələn, 1840-cı ildə Osmanlının Fransadakı səfirliyinin katibi olmuş Mustafa Sami Əfəndi elə həmin vaxt qələmə aldığı qeydlərində yazırdı: “İstər kişi, istərsə də qadın olsun, hər bir avropalı yazıb-oxuya bilir. Onların hər biri 10 il məktəbə gedirlər. Hətta lal-karlar üçün də xüsusi məktəblər var ki, onlar burada yazıb oxumağı öyrənirlər. Avropalılar elmə böyük qiymət verirlər”.
Bundan başqa, xristianlar yüzillər boyu gedən qızğın mübarizədən sonra anlamışdılar ki, kilsəni dövlətdən ayırmaq, kilsənin hüquqlarını məhdudlaşdırmaq lazımdır. İslam ölkələri buna heç cəhd də eləmədilər. Getdikcə artan dini fanatizm, dinin siyasətə alət olması nəticəsində ard-arda müxtəlif sahələrdə məğlubiyyətlərə düçar oldular. Bəzi İslam ölkələrində bu gün də dini fanatizm qalmaqdadır. Ancaq bunu dərk etmək üçün müsəlmanlara, təxminən, üç yüz il lazım oldu.
O dövrdə Avropada baş verən Böyük Fransa İnqilabı kimi hadisələr müsəlman aləminə də ciddi təsir etmişdi. Müsəlman ölkələri arasında gec də olsa, həqiqəti anlayıb hərəkətə keçən ilk ölkə Osmanlı Türkiyəsi oldu. Artıq onların lüğətinə “fransız dilindən alınma ”laik” kəliməsi düşmüşdü.
Avropalılar ədəbi-fəlsəfəsi əsərlərlə ilk fürsətdə tanış olub hamısını öz dillərinə tərcümə etmiş və onlardan bəhrələnmişdilər. Öz zamanlarında Şekspiri, Danteni, Qərbin yetişdirdiyi digər dühaları Şərqdə heç kim tanımırdı. Şərq Avropa ədəbiyyatı, elmi ilə çox gec tanış olmağa başlamışdı deyə, “ipin ucunu qaçırmışdı” da deyə bilərik.
Qərb ədəbiyyatında tərcümə edilmiş ilk əsər fransız şərqşünası Peti De Kruanın Les mille et un jours“ (“Min bir gecə”) adlı kitabı olmuşdu. İlk dəfə 1812-ci ildə ərəb dilinə tərcümə edilmiş “Robinzon Kruzo” əsəri isə 1864-cü ildə ərəbcədən osmanlı türkcəsinə tərcümə edilmişdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, “Robinzon Kruzo”da XII əsrdə yaşayıb-yaratmış ərəb filosofu İbn Tufaylın “Hayy ibn Yazqan” (“Gözüaçıq, bacarıqlı Yazqan oğlu”) əsərinin təsiri açıq-aşkar hiss olunur. Belə ki, “Hayy İbn Yazqan” 1708-ci ildə Londonda Saymon Okli tərəfindən tərcümə edilərək çap olunub. Bu da bir daha sübut edir ki, müsəlmanlar avropa ədəbiyyatını, fəlsəfəsini uzun müddət, yumşaq desək, diqqətdən kənarda saxlayıblar. Əksinə, avropalılar isə islamı, şərq ədəbiyyatı və elmini çox diqqətlə incələyib, öyrənib, ondan bəhrələnib və inkişaf etdiriblər. Bu gün mövcud olan ədəbi janrların bir çoxu Avropada yaranıb.
Qərb mədəniyyəti əvvəlki sivilizasiyaların nailiyyətlərini özündə ehtiva edir. Müəllif onu da qeyd edir ki, qərb mədəniyyəti də əbədi deyil və bir gün mütləq digər mədəniyyətlərin formalaşmasına öz töhfəsini verəcək.
Yazılanlara xülasə əvəzi
XX əsrdə məlum oldu ki, son bir-neçə yüz il ərzində Şərqdə işlər düz getməyib. Son bir-neçə yüz il, təxminən, üç yüz ilə bərabərdir. Bunu başa düşəndən sonra üç sahədə – hərb, iqtisadiyyat və siyasətdə islahatların zəruriliyi aydın olur. Amma tələsik atılan addımların bir çoxu nəticə vermir. Çünki elmdə kəsə yol yoxdur.
XX əsrdə müsəlmanlar onu da anladılar ki, nəinki Qərbdən, hətta vaxtilə o qədər da əhəmiyyət vermədikləri Uzaq Şərqdən – Yaponiyadan, Koreyadan, Sinqapurdan, Çindən də geri qalıblar.
Tərəqqidən geri qalan cəmiyyət bir müddət səbəbi xarici qüvvələrdə axtarmaqla, xarici düşmən obrazı yaratmaqla özünü rahatlatmaq istəyir. Məsələn, bir qisim, İslamın zəifləməsini monqol işğallarından sonrakı dövrə bağlayır. Onlar iddia edirlər ki, Bağdadın işğalı zamanı bütün elmi-mədəni kitablar, sənət əsərləri yandırılıb, məhv edilib deyə bugündəyik. Ərəblər öz uğursuzluqlarını onları uzun müddət idarə edən türklərin fərsizliyində görürlər. Farslar isə geriliyin səbəbini türklərdə, ərəblərdə, monqollarda axtarırlar. Daha sonra müstəmləkəçilər, bir qədər sonra isə Amerika imperializmi Şərqin “günah keçisi” rolunu oynayır. Son olaraq isə “təqsirkarlar” sırasına daha biri əlavə olunur – bu da yəhudilərdir. Baxmayaraq ki, tarixdə yəhudi dövlətinin varlığına romalılar son qoyublar, bu gün düşmən rolları fərqlidir.
İstər həyatda, istər tarixdə günahı daim başqasında axtarmaq inkişafa aparmaz, apara da bilməz. Səbəb nə olursa-olsun, insan günahı özündə görsə, deyinmək əvəzinə bir işin qulpundan yapışsa, o zaman inkişaf edər. Bütün dəlillər ona işarət edir ki, bu durğunluğun səbəbini xaricdə yox, daxildə axtarmaq lazımdır.
Müəllif maraqlı bir məqama da toxunaraq qeyd edir ki, “İslam müsəlmanlara nə verdi” sualı ətrafında deyil, “Müsəlmanlar İslamı necə yaşadılar” sualı ətrafında düşünmək lazımdır.
Digər maraqlı məqam isə azadlıq və müstəqillik anlayışları ilə bağlıdır. Müəllif iddia edir ki, müsəlmanlar azadlıq ilə müstəqilliyi eyniləşdirib müstəqil oldular, amma bəsit azadlıqları təmin etmədilər. Ona görə də, indi müstəqil olmalarına baxmayaraq, eyni problemlər qalmaqdadır.
İslam aləminə qərblilərin bucağından baxan müəllif, Şərqin hazırkı vəziyyətdə olmasının səbəbini fikir-söz azadlığının məhdudluğu, iqtisadi azadlıq və qadın azadlığının zəifliyi, siyasi azadlığın olmaması ilə bağlayır. Yəni, fikir azadlığının olmadığı yerdə açıq cəmiyyət olmaz; korrupsiyaya yoluxmuş cəmiyyət iqtisadi cəhətdən güclü ola bilməz; qadınların kişilərin əsarətində olduğu cəmiyyətlərdə mədəni inkişafdan söhbət gedə bilməz; despotik rejimlərin zülmü altında inləyən cəmiyyətlər güclü ola bilməz.
Müəllif son olaraq əlavə edir ki, “əgər müsəlmanlar ənənəvi şikayətlərdən və özlərini qurban hesab etməkdən əl çəksələr, aralarındakı mübahisələri nizama salsalar, əllərində olan imkanları və potensialı vahid amal uğrunda birləşdirsələr, Yaxın Şərqi yenidən antik çağda və orta əsrlərdə olduğu kimi, bəşəriyyətin ən güclü mədəniyyət mərkəzinə çevirə bilərlər. Seçim onlarındır”.