post-title

Seymur Baycan: Sovet dövründə yazılmışlar

Bu gün ölkəmizdə hökm sürən total zövqsüzlüyün və bayağılığın ən başlıca səbəblərindən birini sovet dövründə şair, yazıçı, ictimai xadim adıyla millətə soxuşdurulmuş adamlarda, onların yüksək tirajlarla dərc olunmuş əsərlərində axtarmaq lazımdı.
Düzdür, sovet höküməti savadsızlıqa qarşı kəskin mübarizə apardı, insanlara kütləvi sürətdə yazıb oxumaq öyrətdi, dünya ədəbiyyatının bir çox klassik nömunələri dilimizə çevrildi. Bunu inkar etmək olmaz, bunu inkar etmək ədalətsizlik olardı, amma bununla bərabər sovet höküməti savad verdiyi adamlara müxtəlif vasitələrlə yalan-palanlarla dolu saysız-hesabsız əsərlər də oxutdurdu.
Qapalı ölkə olduğuna görə, sovet yazıçıları dünyada gedən ədəbi proseslərdən, yeniliklərdən, təmayüllərdən, cərəyanlardan kənarda qaldılar. Bu da şəksiz, ədəbiyyatın bayağılaşmasına, bozlaşmasına gətirib çıxartdı.
Ümumiyyətlə, o yerdə ki, ifadə azadlığı yoxdu, orda fürsətcil adamlar, konyukturşiklər üçün geniş meydan açılır.
Abırlı adamlar təqibə məruz qalır, yalan danışmaq istəməyənlər öz hücrələrinə çəkilir, mənəviyyatı heç bir sərhəd tanımayanlar isə ifadə azadlığının olmamasını karyera qazanmaq, tanınmaq, məşhurlaşmaq yolunda bir fürsət kimi dəyərləndirirlər.
Bizi hələlik qoyaq kənara. Biz hətta haradasa təsəlli ala bilərik ki, sovet hökuməti yarananda ədəbiyyatımız təzə-təzə iməkləməyə başlamışdı. Sovet hökuməti ədəbiyyat mənasında ən böyük zərbəni ruslara vurdu.
Qətiyyətlə demək olar ki, sovet hökuməti nəhəng rus ədəbiyyatını məhv etdi. Rus ədəbiyyatı bayağılaşdı, bozlaşdı, öz həqiqi mənasını, nəhəngliyini itirdi. Bir neçə adam bu bozluqdan qurtula bildi ki, (Platonov, Bulqakov, Brodski, Pasternak...) onlar da sovetlə düz gəlməyən adamlar idi.
Nobel mükafatı almış ilk rus yazıçısı Bunin isə, ümumiyyətlə, mühacirətdə yaşayırdı. Düzdü, mübahisə etməyə öyrəşmiş adamlar iyirminci əsrdə şöhrət qazanmış iki-üç sovet-rus yazıçılarının adın çəkib söhbətlə razlaşmaya bilərlər, amma nahaq yerə. Söhbət ümumilikdə nəhəng rus ədəbiyyatının məhv olmasından gedir.
Özümüzə qayıdaq. Yuxarıda qeyd etdik ki, ifadə azadlığının, rəqabətin olmadığı yerdə fürsətcillər, konyukturşiklər üçün geniş imkanlar yaranır.
Əcəb işdi, Hüseyn Cavid kimi bir dühanı sürgünə göndər, təpədən-dırnağa şair olan Mikayıl Müşviqi güllələ, Ömər Faiq Nemanzadə kimi canlı tarixi məhv et, əvəzində Rəsul Rza kimi boz bir adamdan zorla şair, ictimai xadim düzəlt. O da öz növbəsində özündən də boz, məzmunsuz oğlunu millətə yazıçı, ictimai xadim kimi soxuşdursun. Oğul da öz növbəsində öz oğlunu və qızını yazıçı kimi millətə soxuşdurmaqda davam etsin.
Faciənin miqyasını başa düşürsünüzmü? Amma baş verən hadisələrdən, yazılan yazılardan, münasibətlərdən, verilən müsahibələrdən belə bəlli olur ki, çox adam bu faciənin miqyasını başa düşmür. Nəinki başa düşmürlər, hətta hər bir adamın başa düşməli olduğu ən adi həqiqətləri qəbul etmək istəmirlər. Əksinə, bu faciəyə hətta millətin əldə etdiyi naliyyət donu geyindirmək istəyirlər.
Sovet dövründə yetişdirilmiş yazıçıların, şairlərin yüksək tiraji hələ də adamları qorxudur.
Halbuki, bir balaca ağlı, düşünmək qabiliyyəti olan kəs sovet zamanı müxtəlif mükafatlar almış, sanatoriyalar, kurortlar gəzmiş, yaradıcılıq evlərində kef çəkmiş cızmaqaracının sovet dağılandan sonra özünü dissident, əzabkeş olaraq qələmə verməsini ən azı tərbiyəsizlik, əxlaqsızlıq kimi qiymətləndirməlidir. Burda isə yekə-yekə kişilərə, adını tarixçi-professor qoymuşlara bu adi həqiqəti başa salmaq olmur.
Bəli, necə ki, sovet zamanında adını güclə yazan sağıcıdan, çobandan deputat, ictimai xadim düzəldirdilər, eləcə də ən uzağı tamada olmalı adamlardan fəlsəfi şair, ictimai xadim düzəldirdilər.
Qapalı, ideoloji ölkədə nəhəng inzibati resurslarla siyasiləşməmiş, zövqü formalaşmamış adamlar üçün tamada olmalı adamdan fəlsəfi şair, ictimai xadim düzəltmək olduqca asandır. Bəli, Bəxtiyar Vahabzadə azad rəqabət mühitində öz göstəricilərinə görə ən uzağı hansısa şadlıq evində tamada ola bilərdi, amma sovet höküməti Bəxtiyar Vahabzadədən filosof şair düzəldib millətə soxuşdurdu.
Bu gün də heç kimə heç nə başa salmaq olmur. Bəxtiyar Vahabzadə mənim üçün zövqsüzlüyün və bayağılığın, savadsızlığın göstəricisidi. Bu mənada o çox dəqiq barometrdi.
Onun poyeziyaya dəxli yoxdu. Bəxtiyar Vahabzadənin tirajı, aldığı mükafatlar bu sözləri yazmağıma heç bir halda mane ola bilməz.
O tiraj, o mükafatlar ədəbiyyatdan xəbəri olmayan adamların gözünü qorxuda bilər. Lap Şekspirin özü də dirilib, gəlib desə ki, Bəxtiyar Vahabzadə şairdi, deyəcəm ki, Şekspir, yazdığın əsərləri vur qoltuğuna, dur, burdan get.
Son vaxtlar sovet dövründə yetişdirilmiş yerli yazıçıların xeyli əsərlərini oxudum. Oxuduqlarıma ad qoya bilmirəm. Nə ad qoyasan? Boşluq? Mənasızlıq? Boşboğazlıq? Yox, boşboğazlığın, mənasızlığın, boşluğun da bir sərhədi olmalıdı.
Özünə yazıçı deyən kəs masa arxasına keçəndə, nəsə yazanda bir məsuliyyət hiss etməlidi. Amma oxuduqlarımdan belə nəticə çıxartdım ki, bu adamlarda heç bir yazıçı məsuliyyəti olmayıb. İnsan necə bu qədər yalan yaza bilər? İnsan necə bu qədər düşüklük edə bilər? İnsan necə bu qədər səviyyəsiz ola bilər?
Vallah, bu qədər yalan yazmağın özü də bir istedaddır. Ele yalanlar ki, adam barmağını kitabın arasına qoyub öz-özüylə danışmağa məcbur olur. Özün özünə deyirsən ki, bu yazılan həyat harda olub, bu təsvir olunan adamlar harda yaşayıblar? Niyə mən bu yazılan həyatı, bu adamları görməmişəm?
Elə bil nəsə tamam başqa planetdə baş verən hadisələrdən yazıblar. Reallıdan bu qədər də uzaq olmaq, bu qədər saxtakarlıq, bu qədər sünilik olarmı? Dəhşət. Sadəcə dəhşət.
Lap yaxınlarda ədəbiyyat saytlarından birində atasının qucağında ədəbiyyata gəlmiş, parnikdə yetişdirilmiş, əldəqayırma yazıçılardan birinin yekə müsahibəsin oxudum. Həyasızlığın da bir sərhədi olmalıdı, amma bu müsahibəni oxuyanda başa düşdüm ki, bir çox adamların timsalında həyasızlığın heç bir sərhədi yoxdu.
Adam müsahibəsində sovetin müxtəlif mükafatlarını almış, sanatoriyalar, kurortlar gəzmiş, yaradıcılıq evlərində kef çəkmiş, yalan-palanla, saxtakarlıqla dolu əsərlərində sovet hökümətini hər cürə tərənnüm etmiş atasını dissident kimi qələmə vermişdi.
O atanı ki, əsərində pambıq tarlasında işləməkdən beli bükülmüş, adamlıqdan çıxmış, başlarına zəhər tökülən kolxozçu qız-gəlinləri çəmənlikdə açılan lalələrə bənzədib. Düzdü, oğul ataya cavabdeh deyil, ancaq oğul sovet hökümətin əsərlərində bol-bol tərənnüm etmiş atasından dissident yaratmaq istəyirsə, yaratmaq istədiyi bu bütü qaldırıb, onun təpəsinə çırpmaq lazımdı.
Bizim ölkədə isə xeyli adamlar bu yalançı bütləri sındırmaq əvəzinə bu yalançı bütlərə sitayiş etməkdədirlər. Üstəlik, bu bütlərə inanmayanları, bu bütlərin yalançı olduqlarını deyənləri də düşmən adlandırırlar.
Ən ciddi problem budur ki, sovet dövründə yetişdirilmiş boz, məzmunsuz yazıçı və şairlərin övladları, yaxınları hələ də müxtəlif vəzifələrdə oturublar. Və onlar öz əllərindəki imkanlardan, resurslardan istifadə edib bu məzmunsuz, boz yazıçıların cızma-qaraların müxtəlif vasitələrlə tirajlayıb millətin zövqünü korlamaqda davam edirlər.
Bu mənada bizim ölkədə sovet hakimiyyəti, sovet hökümətinin ədəbiyyata münasibəti hələ də davam etməkdədi. Yazıçılar Birliyi ədəbiyyat nazirliyi funksiyasını yerinə yetirməkdədi.
İnsanlarımızın ədəbiyyat zövqü orta məktəbdəcə elə pis pozulur ki, sonradan onların zövqünün təzədən formalşması böyük bir əngələ çevrilir.
Yuxarı