Bakıda Nobel mükafatçısının əsəri nəşr olunub
"Teas Press" nəşriyyatında Haynrix Böllün kitabı nəşr olunub. Kultura.az x…
Albert Kamyu ən çox tanınan romanı «Yad»a nöqtə
qoyduqdan sonra gələcək həyat yoldaşı Frensin Fora (Francine Faure) məktub
yazır.
Məktub vasitəsilə təkcə romanın qələmə alınma prosesindən
deyil, öncəsindən, sonrasından və Kamyunun ruhi vəziyyətiilə də tanış oluruq.
«30 aprel, 1940-ci il
Gecə vaxtı yazıram sənə. Romanımı bir az əvvəl bitirdim və
yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz, işim hələ natamamdı. Yenidən
gözdən keçirəcəyim, əlavə edəcəyim, təkrar yazacağım şeylər var. Amma ümumi
olaraq bitirdim və son cümləni yazdım. Əlyazmalarım qarşımda durur, olduqca çox
əziyyət və iradəyə başa gəldiyini düşünürəm. Romanı var edə bilmək, əsl məğzindən
uzaqlaşmamaq üçün fərqli düşüncə, fərqli arzuları qurban verməyə məcbur oldum.
Vaxtaşırı bəzi cümlələr, duyğular, hadisələr ağlımdan şimşək kimi keçirdi.
Yaratdığım işə görə səksəkəli qürur içindəyəm. Bəzənsə içində tör-töküntü və
bacarıqsızlıqdan başqa şey görmürəm. Bu hekayətin içinə həddən artıq çox
girdim. İndi bu kağızları siyirməyə qoyacam və yeni məqaləmin üzərində işləməyə
başlayacam.
On beş gün içində bütün bu duyğulardan siyrilib roman üzərinə
təkrar qayıdacam. Daha sonra oxudacam. Gecikdirmək istəmirəm, çünki romanı əslində
iki ildir içimdə gəzdirirəm. Yazarkən də gördüm ki, içimdə yazılıb bitmiş halda
dururmuş. İki aydan bəri gündüzlərimi, gecələrimin bir hissəsini üstündə işləyərək
keçirmişəm. Qəribədir, bir cümləni yarımçıq qoyub, qəzet almaq üçün küçəyə
çıxırdım. Qayıtdıqüdan sonrasa əziyyətsiz, mükəmməl axıcılıqla qaldığım yerdən
davam edir, cümləni bitirirdim. Daha əvvəl heç nəyi belə fasiləsiz, asanlıqla
yazmamışdım. Bu aralar yaxşı yatmıram, hətta yuxusuzluq çəkirəm. Oyananda bunun
kimi yazacağım əsərlər sanki mənə diqtə edilir. Artıq layihələrim və kainatla əlaqəli
hər şeyi daha açıq idrak etdiyimdən bunları yazmaq istəyirəm.
Bu axşam tükənmiş haldayam. Son günlər özümdən Parisdə işləməyin
məni çox yorub-yormadığını soruşuram. Əslində hazırkı vəziyyətimin səbəblərindən
biri də bu romandır. Asan görünsə də məni tükəndirən fasiləsiz iş tələb etdi.
Gülməlisi budur ki, məmnun olub-olmadığımı da bilmirəm. Yenə
də məni məndən qopara biləcək tək şey bu idi. İşimə büsbütün qapılaraq
yaşamağıma şərait yaratdığı üçün Parisin digər hər şeyini bağışlaya bilərəm. Bu
bir yana, işləməyin həzzi heç kimin yox edə bilməyəcəyi məna daşıyırdı və məni
yoran bu idi. Oxucusunun da ən az mənim qədər yorulacağını düşünəndə içindəki
daimi gərginliyin bir çox ruhun cəsarətini qırıb-qırmayacağını bilmirəm. Fəqət
bu problem deyil. Bu gərginliyi mən istədim və yaratmaq üçün özümü ortaya
qoydum. Gərginliyin varlığından xəbərdaram. Sənin xoşuna gələcəkmi bilmirəm...
Bunlardan başqa dəyişən şey yoxdur. Bahar axşamları bura
yapışqan (rütubətli) və yağışlı olur. Romanımdan bir cümlə düşür yadıma:
„Orada, orada da axşam melanxolik bir fasilə idi“. Kaş, Əcəzair, ya da Orandakı
axşamlar üçün necə darıxdığımı, dəniz sahilində olmağı necə axtardığımı biləsən.
Bir neçə həftəlik getmək və göy üzünə qovuşa bilmək üçün qarşıda hələ bir yay və
bir qış var. Bütün bunlar çox uzaqdadır. Oraya çatacağıma inana bilmirəm. Elə
bunlara görə də bitən romanımdan sonra sevinclə yerimdən sıçramadım...»
Çərşənbə.
Bu məktub iyrənc və oxunmaz haldadır. Yenə də sənə göndərirəm.
Dünən düz-əməlli yaza bilməyəcək qədər gərgin idim".
Tərcümə: Arzu MƏMMƏDOVA
Edebiyyat.az