Bir axşam Ellen Goodrich işdən Çelsidəki evinə yenicə qayıtmışdı ki, qapı yavaşca döyüldü. Onun şəhərdə yaxın adamı olmadığından, heç kəsi gözləmirdi. Qapını açanda dəhlizdə iki balaca oğlanın dayandığını gördü. Onun zənnincə, uşaqların 10 -11 yaşı olardı. Paltarları elə nazik idi ki, soyuqdan tir-tir əsirdilər.
-Florence Valle burada yaşayır?- deyə onlardan biri soruşdu. -Belə adam tanımıram, -Ellen dedi.- Əgər ev sahibəsini soruşursunuzsa o, birinci mərtəbədə yaşayır. -Biz yalnız Florenceni axtarırıq. O, bunun dayısı qızıdır, -oğlanlardan biri o birinə işarə edərək dedi. -Mən onu tanımıram. -Eybi yoxdur. Bəlkə o, buradan köçüb, -oğlan dilləndi. Təsadüfi hallarda Ellen başqasının halına acıyırdı. Ancaq indi uşaqlar elə yazıq görünürdülər ki, Ellenin onlara kömək etmək arzusu təmkininə üstün gəldi. O, hiss edirdi ki, uşaqlar gözlərini stolun üstünə qoyulmuş bir boşqab şirniyyata zilləyiblər. Ellen onlara şirniyyat götürməyi təklif etdi. Onlar bundan elə utancaqlıqla, elə nəzakətlə boyun qaçırdılar ki, Ellen az qaldı ki, onları qucaqlayıb bağrına bassın. Lakin Ellen onlardan otağa keçməyi xahiş edəndə oğlanlar onun sözündən çıxmadılar və hətta şirni də götürüb yedilər. -Mənziliniz əladır, xanım! -Sizin çox gözəl otağınız var, - o biri oğlan da dilləndi. Onların hər ikisi arıq idi, bətbənizləri saralmışdı, səsləri də xırıldayırdı, ancaq məğrur görkəmləri vardı. -Belə soyuqda üşümürsünüz? Məgər paltonuz yoxdur?- deyə Ellen soruşdu. -Paltomuz yoxdur, xanım! -Sizə soyuq dəyəcək, -deyə Ellen narazılıqla onları sorğu-suala tutdu. Oğlanlar yaşlarını, həmçinin East Side-da yaşadıqlarını Ellenə dedilər. Ellen özü də bu xarabalıqdan keçib gəldiyindən uşaqların necə baxımsızlıq şəraitində yaşadıqlarını təsəvvür edirdi. Ellen uşaqlarla danışarkən xatırladı ki, burada qaldığı müddət ərzində öz otağına (ev sahibəsindən savayı) girməyə ancaq bu uşaqlara icazə verib. Birdən Ellenin səsinin tonu dəyişdi. O, gözlənilmədən dedi: ―Yaxşı olar ki, çıxıb gedəsiniz. Görüləsi işim var.‖ Uşaqlar şirniyyat üçün təşəkkür etdilər və otaqdan çıxdılar. Gözlənilməz görüş Elleni mütəəssir etmişdi.
Ellen alicənab qadın deyildi. O, Çelsidə kirayədə yaşayırdı, həmişə də əmanət kassasında olan pulunun miqdarını artırmağa çalışırdı. Dost tapmaq onun üçün həmişə müşkül məsələ olmuşdu. Son on iki il ərzində Nyu-Yorkda tək yaşayırdı. Uzun müddət təklikdən əzab çəkirdi. İndi isə bu əzab unudulmuşdu. Bir dəfə anası ona məktub yazıb xahiş etmişdi ki, kiçik qardaşına borc pul versin. Ellen anasına belə cavab yazmışdı: ―Məncə Harold ehtiyacın nə olduğunu başa düşsəydi, həyatını da yaxşı qura bilərdi. Yoxsulluğun nə olduğunu biləndə pulun əsl qiymətini anlayacaq. Mənim əmanət kassasındakı cüzi pulum böyük məhrumiyyətlər hesabına başa gəlib. Onu Harolda göndərə bilmərəm. O, bu pulu istədiyi yerə xərcləyəcək. Bir də özün bilirsən ki, sən və atam mənə sərf etdiyinizdən daha çox Haroldun təhsili üçün sərf etmisiniz.‖ Həmin vaxt Ellenin 28 yaşı olardı. Uşaqlar gedəndən bir qədər sonra Ellen paltarını soyunub xalatını geyindi və şam yeməyi hazırladı. Bayırda hava soyuq idi, külək pəncərəni döyəcləyirdi. Belə vaxtda isti, işıqlı otağın qiyməti yox idi. O, boşqabları yudu və pullu kitabxanadan götürdüyü kitablardan birini oxumağa başladı. Hər axşamı o, beləcə keçirir və özünə təskinlik verirdi ki, vaxtını boş yerə keçirmir. Ancaq indi kitab oxusa da, fikri oğlanların yanında idi. Ellen onların məğrur görkəmlərini yadına saldı, belə soyuq havada yol getdiklərini düşünəndə isə onlara yazığı gəldi. Bir həftə sonra qapı yenidən döyüldü. Qapını açan Ellen uşaqların dəhlizdə dayandıqlarını gördü. -Elə yoldan keçirdik.... -Fikirləşdik ki, sizə baş çəksək, pis olmaz. - Yaxşı eləyib gəlmisiniz, - Ellen gülümsündü. Birdən ağlına gəldi ki, qapısı eyni dəhlizə açılan o biri kirayənişinlər səsini eşidə bilər. Ellenin hərəkətində qeyri-adi heç nə yox idi, ancaq o istəmirdi ki, qonşuları onun yad oğlanları evə dəvət etdiyini görsünlər. Buna görə də qapını içəridən örtənə qədər danışmadı. Ellen onlara oturmağı təklif etdi. Uşaqlar yerlərində rahatlandıqdan sonra italyan olduqlarını bildirdilər. Bunu eşidəndə Ellen onların parmigiana (makaronlıa yeyilən italyan pendiri) düzəldə bilib- bilmədiklərini soruşdu. Onlar parmigiana haqda heç nə bilmədilər, lakin başqa italyan xörəklərindən danışdılar. Oğlanlardan böyüyü Ellenin bəzək şeyləri ilə maraqlandığını bildirdi. Ellen bəzək şeylərini oğlanlara göstərdi. Birdən yaşca kiçik oğlan cibindən bir siqaret çıxarıb yandırdı. -Sənin nə yaşın var ki, siqaret çəkirsən?- Ellen soruşdu. Oğlan yoldaşına baxdı və bir-birlərinə göz vurub qımışdılar. Ellen pərt oldu. Onların bu hərəkəti onu qorxutdu. - Bunlar qurudulmuş balqabaqdır, - Ellen divardan asılmış iki balqabağı göstərdi. Mən onları 1933-cü ildə Karib ətrafına səyahət edəndə almışam. Orada bundan orkesrtdə istifadə edirlər.
Siqaret çəkəndən sonra oğlanlar özlərini daha sərbəst hiss edirdilər. Ellen onlardan çıxıb getməyi xahiş etmək istəyirdi, ancaq tərəddüd edirdi. Kiçik oğlan siqaretini söndürdü. Ellen bir söz demədən onu gözləyirdi. Qız, özü də başa düşmədiyi bir şeydən sanki həzz alırdı. Oğlanlar ona ailələrindən, ana və bacılarından söhbət açdılar. Sonra isə elə ədəbsiz, elə nalayıq hekayətlər danışdılar ki, Ellen onların söhbətini yarıda kəsməli oldu. Saat yarımdan sonra oğlanlardan çıxıb getməyi xahiş etdi. Onlar gedəndən bir az sonra Ellenə məlum oldu ki, pulqabı yoxa çıxıb. Əgər həmin dəqiqə oğlanlar əlinə düşsəydi, Ellen, şübhəsiz ki, onları öldürərdi. O, hirsindən stulu götürüb elə bərk sıxdı ki, axırda qolları sustalıb yanına düşdü. ―Gərək onlar oğurluq etməyəydilər.‖ Ellen özünü çarpayıya güclə yıxdı və hönkürməyə başladı. O, polis çağırmaq istədi, ancaq sonra başa düşdü ki, onun polislə danışmağı başqalarına şübhəli görünə bilər. Ellen vanna otağına keçdi, əl-üzünü yuyub məhrəba ilə sildi. ―Gərək onlar oğurluq etməyəydilər. Əgər istəsəydilər, özüm onlara pul verərdim - o, öz-özünə deyinə -deyinə otaqda var-gəl etməyə başladı. Səhər açılanda bu qərara gəldi ki, oğlanlar haqqında hər şeyi unutsun. Amma pul qabında olan 15-20 dolları unutmaq oğlanları unutmaqdan daha asan idi. Adətən Ellen ona əzab verən bir hadisəni tez unudardı. İndi isə bunu bacarmırdı.
Bir-iki gündən sonra, çərşənbə günü qapı yenə döyüldü. Ellen qapını açdı, oğlanlar dəhlizdə dayanmışdılar. Ellen oğlanlara deyəcəyi sözləri dönə-dönə öz-özünə təkrarlamışdı. İndi isə nə qədər çalışdısa, fikrini bir yerə cəmləşdirə bilmədi. ―Bura gəlin‖, - deyə nəhayət o, dilləndi. Oğlanlar onun ardınca otağa keçdilər. ―Gərək oğurluq etməyəydiniz. Bilməliydiniz ki, oğurluq şərəfsizlikdir.‖ Ellen səsini qaldırmışdı. Hirsindən elə əsirdi ki, axırda divara söykənməli oldu. ―Əgər pula ehtiyacınız varsa, siz onu vicdanla qazana bilərsiniz. Keçən dəfə burada olanda mənim pul kisəmi oğurlamısınız, ayıb deyilmi?‖ -Biz heç nə oğurlamamışıq, xanım! -Biz oğru deyilik. -Mübahisə edərək burada dayanmağınızın nə mənası var? Çıxın burdan!- Ellen qışqırdı. -Bizə 5 dollar verin, xanım! -Çıxın otaqdan!- Ellen təkrar etdi. - Nə qədər ki, polis çağırmamışam, çıxın burdan! Oğlanlar otaqdan çıxdılar. Ellen qapını bağladı, onların uzaqlaşan addım səslərini dinlədi. Gecə yuxuda onları gördü. Ellen ayılanda yuxusunu bütün təfərrüatı ilə xatırlamasa da, təsirlənmiş və qorxmuşdu. Həftənin sonunadək bu yuxu ona əzab verdi. Cümə günü soyuqladığını hiss etdi, günorta evə getməyə işdən icazə aldı. Yolüstü kitabxanadan kitab götürdü və nahar üçün göy-göyərti aldı. Həmin gün təklik onun daha çox xoşuna gəldi. Hava qaralana qədər mütaliə etdi. İşığı söndürməzdən qabaq pərdəni çəkmək üçün pəncərəyə yanaşdı. Bayırda möhkəm qar yağırdı. O, yuyundu və qızdırmalı halda yatağa uzandı. Qapının yüngülcə döyüldüyünü eşidəndə yarıyuxulu vəziyyətdə idi. Qapını döyən, güman ki, oğlanlar idi. Ellenin birdən yadına düşdü ki, qapının cəftəsini keçirməyi unudub. Oğlanlar dəhlizdə bir müddət nəsə danışdılar, qapını yenidən döydülər, sonra isə itələyib açdılar. Onlar Elleni yataqda görüb yaxına gəldilər, bir xeyli ona baxdılar. - Xanım, siz xəstəsiniz? - Məni yalqız buraxın. Çıxın burdan, - deyə Ellen narazılıqla pıçıldadı. -Biz pul istəyirik, xanım! -Görmürsünüz ki, xəstəyəm?- Ellen səsini qaldırdı. - Çıxın otaqdan...Mənim pulum yoxdur. Oğlanlardan biri stolun üstündəki pul kisəsini gördü. Stola sarı getdi, pul kisəsini götürüb içindəki pulları çıxarmağa başladı. Ellen yerindən qalxıb oğlanı itələdi, ancaq pul kisəsi artıq oğlanın əlində idi. Ellen pul kisəsini onun əlindən almağa cəhd göstərdisə də, məqsədinə nail olmadı; oğlan ondan güclü idi. Onlar Ellenin əlindən qurtulub qaçdılar. -Duval xanım! Duval xanım! - deyə Ellen var gücüylə çığırdı, lakin cavab gəlmədi. O, birtəhər özünü çarpayıya yıxdı və yorulanadək ağladı. Ev sahibəsi on dəqiqədən sonra otağa girib nə baş verdiyini soruşdu. Ellen ona dəhlizdə iki kişi səsinin eşitdiyini söylədi və xahiş etdi ki, qapının qıfıllarını dəyişsin. Həmin günün səhərisi Ellen köçmək qərarına gəldi. Bu, asan iş deyildi, ancaq onun başqa çarəsi qalmamışdı. İş yoldaşlarından biri ona East Thirty -seventh Street -də kirayəyə ev verildiyini bildirdi. Ellen gecə ora getdi, ev sahibi ilə sövdələşdi. O biri gecə isə şeylərini bir taksiyə yığıb köçdü. Yeni mənzil əvvəlki kimi rahat deyildi, ancaq Ellen ora uyğunlamağa çalışırdı. Sanki o, yeni bir həyata qədəm basırdı. O biri axşam işdən sonra Ellen təzə kirayə etdiyi evə tələsirdi. Möhkəm yağış yağırdı. Madison prospektinə dönəndə qəflətən oğlanları gördü: papaqsız və paltosuz oğlanları. Ellen Thirty -fourth Street-ə döndü və oradakı restorana girib şam etdi. O, restorandan çıxanda saat artıq səkkiz idi, oğlanlar çıxıb getmişdilər. Ellen otağına gəldi, çətirini yerinə qoydu, sonra yaş paltarını dəyişdi. Elə bu vaxt qapı döyüldü. Ellen qapını açanda oğlanları gördü. -Mənim burada yaşadığımı necə öyrəndiniz? -Əvvəlki ev sahibəsindən soruşduq.
-Allah xatirinə, çıxıb gedin. Məni tək buraxın. Eşidirsiniz? Ellen çətirini götürüb var gücü ilə kiçik oğlanın çiyinlərinə zərbə endirdi. Oğlan dizi üstə düşdü. Sonra döşəməyə yıxıldı. Lakin Ellen onu döyməkdən əl çəkmədi. Bu vaxt o biri oğlan ―Kömək edin! Polis! Polis!‖ - deyə elə çığırdı ki, səsi bütün küçə boyunca əks-səda verdi. Hekayə ilk dəfə 1942 ci ilin yanvar ayında “The New Yorker” jurnalında çap olunub.
İngiliscədən tərcümə edəni: Sevil Gültən
Edebiyyat.az