post-title

Həqiqəti görmək niyə çətindir?

60 yaşlarında müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qadın. Adı Janina-dır, amma öz adına nifrət edir. Tənha yaşayır. Gecələr ayaqlarını yuyub yatır ki, işdir birdən nəsə qanqaraçılıq olsa, təcili yardım maşınına qoyularkən, təmiz olsun. Yuxu problemi var, yatmazdan əvvəl bir neçə həb atır. Günlərin bir günü gecənin yarısında isə o, yuxudan qapısının var güclə döyülməsinə ayılır. Qadın dərhal əl altında saxladığı bibər spreyi ilə silahlanır, amma qorxmağa gərək yoxdur, qapını döyən onun qonşusu, özü kimi tənha yaşayan kişidir. Qadın qapını açanda kişi xəbər verir ki, digər qonşuları, özləri kimi tənha yaşayan adam ölüb. İkisi bıçaq kimi kəsən şaxtalı, qarlı havada bir-birlərinə qoşulub qəfil ölən qonşu, YekəAyağın evinə yollanırlar.  

 “Evdən çıxar-çıxmaz, tanıdığımız soyuq, nəmli hava dərhal canımıza hopdu, hər qış bu hava bizə dünyanın insan üçün yaradılmadığını xatırladır, ilin ən azından yarısında o, bizə necə qənim kəsildiyini göstərir”.

 2018-ci il Nobel Mükafatına layiq görülən polşalı qadın yazıçı Olqa Tokarçukun “Xışını ölülərin sümükləri üzərindən sür” romanı belə başlayır.  

Polşa sənətkarlığı ilə elə də yaxından tanış deyiləm, xatırlamağa çalışıram: Boleslav Prusun “Firon”, Çeslav Miloşun “Kölə edilmiş ağıl” əsərlərini oxumuşam, səhv etmirəmsə, Polşa kinematoqrafiyasından da cəmi iki filmə -  “Znaxor” və “İda”ya baxmışam. Oxuduqlarımdan, baxdıqlarımdan zövq alsam da, bir şeyi etiraf etməliyəm ki, Polşa istehsalı olan daha nəyəsə baxmaq, nəyisə oxumaq kimi bir həvəsim olmayıb, bu ölkə mənə həmişə qaranlıq və qaramat görünüb, ona görə. Son illərdə Polşaya tələbə və işçi qüvvəsi kimi axışan azərbaycanlılardan eşitdiklərim də gümanlarımı təsdiqləyib. Deyilənə görə, avtoritar meyilli hökumətləri var, cəmiyyət daxilində güclü ksenofobiya, patriarxallıq, irqçlik, hətta anti-semitizm meyilləri mövcuddur.

 Beləcə, oxuduqlarım və eşitdiklərim əsasında yaranan və özümdən asılı olmayan stereotipik meyillərə görə, Olqa Tokarçuku oxumağı xeyli vaxt idi təxirə salırdım. “Xışını ölülərin sümükləri üzərindən sür” romanını əlimə götürüb vərəqləmişdim ki, təsəvvür etdiyim səhnələrlə qarşı-qarşıya qaldım: kitab qarlı və qaranlıq bir gündə, xəstə bir qadınının gecəyarısı yatağından qaldırılması və qaxaca dönmüş meyiti geyindirməsi səhnəsiylə başlayırdı. Kitabı əlimdən yerə qoymadım, bu qaramatın içində parlayan incə və qəribə yumor mənə maraqlı gəlmişdi, oxumağa davam etdim.  

Romanın baş qəhrəmanı Janina Duszejko Polşanın Çexiya ilə sərhədindəki ucqar bir kəndində tənha yaşayır. Qadın astrologiya azarına tutulub, ulduzların hərəkətiylə insanların talelərini müəyyənləşdirməyə çalışır, qışda kənddə boş qalan varlıların evlərinə göz-qulaq olur, vaxtının bir qismini məktəbdə uşaqlara ingilis dili dərsi verməklə, qalan qismini də keçmiş şagirdi Dizzi ilə birlikdə ingilis şairi Bleykdən tərcümələr etməklə keçirir. Yeri gəlmişkən romanın adı da Bleykin cəhənnəmi təsvir edən bir misrasından götürülüb.

İlk baxışda Janina kimi qadınlara qətiyyən əhəmiyyət verməzsən, yaşı ötmüş, zəhlətökən bir qadındır o. Bununla belə, Janinanın da öz mürəkkəb dünyası var: münəccimliyi, qəribə nəzəriyyələri, insanları özünün qoyduğu adlarla (YekəAyaq, ƏcaibTop, XoşXəbər) çağırması, heyvanları insanlardan üstün tutmasıyla o, “başı qaçmış” yaşlı qadın; mühədis keçmişiylə, Bleyki oxumasıyla, sağlam mühakimələriylə və mərhəmətiylə isə ağıllı qadın təəssüratı doğurur. İnsanların bir qismi onu dəyərli hesab edir və qayğısına qalır, digərləri isə başdanxarab hesab edir və ondan yaxalarını qurtarmağa çalışırlar.

“Müəyyən yaşa çatanda, insanların bizə getdikcə daha az səbrsiz olması faktı ilə barışmaq çətindir. Əvvəllər mən tələsik razılıq vermək, göz kontaktından yayınmaq, başdan eləmək, saata baxmaq və tutuquşu kimi “hə, hə, hə” sözlərini təkrarlamaq kimi hərəkətlərin mövcudluğundan və mənasından tamamilə xəbərsiz idim. İndi isə mən cəmi bircə ifadəni nəzərdə tutan bütün bu performansı başa düşə bilirəm: “Qoca qaltaq, imkan ver, yaşayaq”. Mənə həmişə maraqlı olub, görən bir boynu-buxunlu, yaraşıqlı kişi eynən mənim dediklərimi desəydi, eyni rəftarı görərdimi? Yaxud da mamlı-matan bir brünet?”

Janinanın yaşadığı yer ənənədən irəli gələn ovçuluğun geniş yayıldığı bölgədir. Janinanın isə heyvanlara qarşı hüdudsuz sevgisi var.

“Kədər, mən hər bir ölən heyvan üçün böyük kədər və hüdudsuz matəm hissləri yaşayıram. Bir dərd qurtaranda, digəri başlayır, onda görə də mən daim matəm içindəyəm. Bu, mənim təbii halımdır.”

Janina heyvanların ovlanması və öldürülməsi faktı ilə heç cür barışa bilmir, bu işi görən adamlarla dava edir, əksəriyyət qadını “başı qaçmış” hesab etdiyindən, ona məhəl qoyulmur. Lakin birdən kənddə mistik hadisələr baş verməyə başlayır: əvvəlcə qeyri-leqal ovçuluqla məşğul olan, heyvanları xüsusi qəddarlıqla öldürən YekəAyaq ölür, ondan sonra heyvan qaçaqmalçılığı ilə məşğul olanlarla əməkdaşlıq edən polis rəisi ölür, ondan sonra heyvan ticarətçisi, ondan sonra ovçular dərnəyinin sədri ölür. Bu müddət ərzində isə Janina polisə və ətrafdakı insanlara ölümlərin arxasında heyvanların dayandığını və onların cinayətkarlardan qisas aldığını deyir. Buna sübut kimi o, ölüm hadisələrinin hamısının heyvanlarla əlaqəli olmasını, meyitlərin yanında heyvan izlərinin aşkarlanmasını  göstərir.

“- Sizin insanlardan daha çox heyvanlara yazığınız gəlir.

-     Bu doğru deyil. Mən hər ikisinə görə kədərlənirəm. Amma heç kim müdafiəsiz insanlara atəş açmır, - deyə, həmin axşam mən Şəhər Mühafizəsinə dedim və əlavə etdim: ən azından indiki dövrdə.

-    Düzdür. Biz qanunlara riayət edən ölkəyik, - mühafizəçi təsdiq etdi. O, yaxşı təbiətli və cazibəsiz birinə bənzəyirdi.

-    Ölkə haqqındakı ən böyük həqiqəti onun heyvanları göstərir, - dedim: Ölkənin heyvanlara olan münasibəti. Əgər insanlar heyvanlara qəddar davranırlarsa, heç bir demokratiya onlara kömək edə bilməz, faktiki olaraq, heç nə kömək edə bilməz”.

 “Başı qaçmış qadın”ın iddialarına yenə də məhəl qoyan tapılmır, polisə yazdığı silsilə məktublar cavabsız qalır. Günlərin bir günü kilsədə iştirak etdiyi ayin zamanı keşişin ovçuluq peşəsinə bəraət qazandırması və heyvanların insanlar üçün yaradıldığını iddia etməsi Janinanı özündən çıxarır, kilsədə camaatın gözü qarşısında “qalmaqal” yaradır, yerindən qalxıb keşişə ağzına gələni deyir, onu “qatil” adlandırır, yerlərində dinməzcə  oturub qulaq asan və qətliama susan insanları isə “ruhunu satmışlar” adlandırır. Növbəti gün kilsə yandırılır, keşiş də içində yanaraq ölür. Beləcə, hamının nəzərləri birdən birə “başı qaçmış qadın”a dikilir, yoxsa bütün bu qətllərin arxasında omu dayanır?

 Ölkəsində “qeyri-vətənpərvər”, “kafir” kimi ittihamlara məruz qalan Olqa Tokarçuk həm də qadın haqları müdafiəçisi və vegeteriandır. Bioqrafiyası ilə azca tanışlıqdan sonra bu romanında onun heyvansevər və feminist damarını görmək mümkündür. Onu bu mövzularda yazan digər meynstrim romançılardan fərqləndirən cəhətsə, intellektual keyfiyyətləri, güclü romançılıq bacarıqları və səmimiyyətidir. Tənqidçilərin rəylərinə görə, Olqa Tokarçukun əsərlərində güclü təxəyyüllə incəliklə hörülmüş mistik abu-hava hökm sürür, trillervari təhkiyə tərzi isə oxucuya kitablarını əldən yerə qoymağa imkan vermir. Qeyri-adi və eksentrik qəhrəmanların yaradılmasındakı ekstra bacarıqlarına, qəhrəmanların iç dünyasını ustalıqla açmasına görə Tokarçuk psixologiya təhsilinə borcludur. İşin içinə duz və istiot qismində yumor və sarkazm da qatılanda, mütaliə ləzzəti qaçılmaz olur.

Yaşadığımız dünya, ətrafımızdakılar və özümüz mürəkkəb, dolaşıq və qeyri-müəyyənik. Nəyin yaxşı, nəyin düzgün olduğuna dair hərənin bir inancı var və hər kəs də öz inancını həqiqət bilir. Tokarçuk “Xışını ölülərin sümükləri üzərindən sür” romanının "başı qaçmış qadın" qəhrəmanı ilə oxucuya inanclarını sorğulayacaq provokativ suallar verir, ağıl ilə dəliliyin, ədalət ilə ədalətsizliyin, inanc ilə həqiqətin sərhədlərinin necə şəffaf olduğunu göstərir. (Yeri gəlmişkən, Tokarçuka Nobel mükafatı "sərhədləri aşmağı həyat forması kimi ifadə edən və ensiklopedik ehtirasla nəql edən təxəyyülünə görə" verilib.) Sənin üçün adi, hətta əhəmiyyətsiz görünəcək şeylər bir başqası üçün hüdudsuz kədər mənbəyi, bağışlanılmaz cinayətdir və onun da özünə görə haqlı tərəfləri var.

Bir romanın yaxşı və pisliyini ölçmək üçün də hərənin bir meyarı var, mənim üçünsə əsas meyarlardan biri bizi gecəli-gündüzlü yuxumuzdan ayıldıb həqiqəti bir anlıq da olsun göstərmək, ən azından buna cəhd etmək cəhdidir. “Xışını ölülərin sümükləri üzərindən sür” romanını təkcə ləzzətli oxunuşuna görə deyil, ilk baxışda bizə yad və əhəmiyyətsiz görünəcək nəsnələrin, anlayışların və insanların içində bizim görə bilmədiyimiz həqiqətlərin gizləndiyini göstərmək cəhdinə görə bəyəndim. Biz bu həqiqətləri niyə görə bilmirik? Janinanın nəzəriyyələrindən biri belədir:

 “...mən inanıram ki, insanın psixikası bizi həqiqətdən qorumaq üçün təkamül edib. Bizi mexanizmin məğzini tutmaqdan yayındırmaq üçün. Psixika bizim müdafiə sistemimizdir – o, bizim ətrafda baş verənləri heç vaxt dərk edə bilməməyimizin qayğısına qalır. Beynimizin qabiliyyətləri limitsiz olsa da, onun əsas amalı informasiyanı filterdən keçirməkdən ibarətdir. Onun üçün bu biliyin yükünü daşımaq mümkünsüz olardı. Çünki dünyadakı hər bir kiçik zərrəcik iztirabdan yoğrulub...”

 

Cavid Ramazanov

 Azlogos.eu

Yuxarı