Mənə nə olub? Uşaqlıqdan öyrədilən tərbiyə, özü kimilərə, insan adlandırılan gözəl məxluqa hörmət və inam hissi hara yox olub? Rumata dəhşətlə fikirləşdi ki, artıq ona heç nə kömək etməyəcək. Axı mən onlara həqiqətən nifrət edirəm…
Yox, mənim onlara yazığım gəlmir, mən onlara nifrət edirəm, onlardan zəhləm gedir. İndicə yanından keçdiyim gəncin kütlüyünə və vəhşiliyinə istənilən qədər haqq qazandıra bilərəm – ictimai şərait, pis tərbiyə, istənilən şeylər… Ancaq mən indi aydın görürəm ki, o mənim düşmənimdir, mənim sevdiyim hər şeyin düşmənidir, mənim dostlarımın düşmənidir, müqəddəs saydığım nə varsa, hamısının düşmənidir. Həm də mənim ondan nəzəri olaraq, “tipik nümayəndə” kimi zəhləm getmir, mən onun özünə, şəxsiyyətinə nifrət edirəm.
Arkadi və Boris Struqatski qardaşlarının “Allah olmaq çətindir” əsərindən
TEAS Press nəşiriyyat evində çap olunan “Allah olmaq çətindir” kitabının annotasiyasında oxuyuruq:
“Hələ orta əsr mədəniyyət dövrünü yaşamaqda olan bir planetə Yerdən kəşfiyyatçı-alimlər göndərilir. Onlar həmin planetdə yaşamalı, ordakı həyatı öyrənməli, kənardan müşahidələr aparmalı, lakin hadisələrə heç bir halda müdaxilə etməməlidirlər. İyirminci əsrin elmli, savadlı Yer adamları həmin planetin cahil insanlarının gözündə qüdrətli Allah kimi bir şeydir. Lakin elmin və mədəniyyətin məhvinə yönəlmiş dəhşətli hadisələrə Allah kimi kənardan baxaraq müşahidəçi qalmaq heç də asan deyil…
Arkadi və Boris Struqatski qardaşlarının 1963–ci ildə qələmə aldığı və ilk dəfə 1964–cü ildə nəşr olunan “Allah olmaq çətindir” elmi-fantastik povestində hadisələr başqa planetdə, Arkanar adlı dövlətin ərazisində cərəyan edir. Bu dövlətin nümayəndələri Yerdəki insanlardan fiziki baxımdan heç nə ilə fərqlənmir. Arkanar sivilizasiyasının inkişaf səviyyəsi Yerdəki son orta əsrlər dövrünə uyğundur. Yerdən xəlvətcə bu planetə gedən Eksperimental Tarix İnstitutunun əməkdaşları ordakı sivilizasiyanın inkişafı prosesini izləyirlər. Yerli agentlər Arkanar cəmiyyətinin və digər dövlətlərin ən müxtəlif sosial təbəqələrinə nüfuz ediblər. Yaxşı təlim görmüş bu adamların hər biri təkbaşına minlərlə aborigeni qiyama qaldıra, müharibələr törədə, hakim sülalələri devirə və özləri hakimi-mütləqə çevrilə bilərlər. Onların məqsədi Arkanar əhalisini bir vaxtlar Yerdə buraxılmış tarixi səhvlərdən qorumaq, cəmiyyəti düz yola istiqamətləndirməkdir. Amma Arkanar sakinləri də azadlığın nə demək olduğunu anlamır…“
Nədənsə lap əvvəldən elmi-fantastik ədəbiyyat nümunələrinə marağım olmayıb. İki-üç il əvvəl Aleksey Tolstoyun “Aelita” əsərini oxumuşdum və əsərin süjetindən, dialoqlardan, təsvir olunan hadisələrdən, mənzərələrdən həzz alaraq, xeyli kef eləmişdim. “Aelita” əsərinin hansı ağılla, hansı məqsədlə müxtəlif sovet xalqlarının dillərinə tərcümə edilərək, yüksək tirajlarla, müxtəlif dövrlərdə dəfələrlə və dəfələrlə çap olunmasını hələ də başa düşə bilmirəm. Əsərlərdən gizli, alt mənalar çıxarmağı, təsvir olunan mənzərələri, hadisələri ictimi-siyasi məzmunda min bir istiqamətə yozmağı sevmirəm. Ona qalsa ən sadə, yaxud sırf konyunkturaya hesablanmış bir mətndən də yüzlərlə dəxlisiz ictimai-siyasi məzmunlu mənalar çıxartmaq olar. Necə ki, Azərbaycanda xeyli adam sovetin az qala bütün mükafatlarını almış Bəxtiyar Vahabzadənin misralarından hələ də, elə hey, dayanmadan gizli, alt mənalar, dissident fikirlər dartıb çıxartmaqdadır.
Sovetin qüdrətli zamanında Azərbaycan şairləri Vetnam, Nikaraqua, Kuba xalqlarının azadlıq hərakatlarına alovlu poemalar, şeirlər həsr edirdilər, yaxşı qonorarlar alırdılar, sanatoriyalarda, kurortlarda, yaradıcılıq evlərində dincəlirdilər, ordendən, medaldan mənimsəyib sinələrinə taxırdılar. Sovet dağılanda Azərbaycan şairləri (məsələn, Fikrət Qoca) başladılar deməyə ki, bəs biz, o vaxt Vetnamdan, Nikaraquadan, Kubadan şeirlər, poemalar yazanda əslində sovet hökumətində baş verən hadisələri təsvir edirdik. Tərcübəli, ehtiyatlı, “çevik” adamlardır. Yəqin elə indi də, çox uzaqlarda yaşayan hansısa xalqların azadlıq hərakatına şeirlər həsr etməkdədirlər və çox güman hakimiyyət dəyişəndən sonra deyəcəklər ki, əslində biz o vaxt həmin şeirlərdə Azərbaycanda baş verən hadisələri təsvir etmişdik.
Ədəbi mühitdə dolaşan folklor tipli söz-söhbətlərdən, əhvalatlardan zəhləm gedir. Amma yeri gəlib, çoxdan eşitdiyim və ədəbi mühitdə kifayət qədər populyar olan bir söhbəti yazmaq istərdim. Bu söhbətin lap qısa məzmunu ondan ibarətdir ki, Mirzə İbrahimov İsmayıl Şıxlını sırf cırnatmaq, qorxutmaq üçün, deyirmiş ki, İsmayıl Şıxlı “Dəli Kür” əsərində müsbət bəy obrazı yaradıb. İsmayıl Şıxlı isə bunu eşidəndə qəti etiraz edərmiş, deyərmiş ki, əksinə, mən o əsərdə bəyi ifşa etmişəm, əsl bəy, bəylik kodeksinə əməl edən adam başqasının arvadını götürüb qaçmaz. Bu söhbətin həqiqətə nə qədər uyğun olduğunu bilmirəm, bu heç mənə maraqlı da deyil. Sadəcə onu demək istəyirəm ki, Sovet dağılmağa başlayanda İsmayıl Şıxlıdan dissident düzəltməyə başladılar və bu proses hələ də davam etməkdədir. Əcəb işdir, deməli Vladimir Bukovski, Varlam Şalamov da dissidentdir, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı da. Bu necə olur? Xahiş edirəm bir adam bunu mənə başa salsın. Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil üçayaqlı uşaq velosipedini qoyursan “Gelandewagen”in yanına və deyirsən ki, bunların ikisinin də texniki göstəriciləri eynidir. Çətin, mürəkkəb, çox “çevik” adamların arasında yaşayırıq. Sağ qalmağımızın özü möcüzədir.
İctimai-siyasi mesajların mümkün qədər aydın olduğu əsərlər hər şeydən əvvəl bir oxucu kimi daha çox ürəyimə yatır. Yuxarıda da qeyd etdiyim kimi əsərlərdən dəxlisiz, gizli, alt mənalar çıxartmağı, süjeti, təsvir olunan mənzərələri, hadisələri ictimai-siyasi məzmunda min bir istiqamətə yozmağı sevmirəm. Sovet tənqidşünaslığı Çexovu alovlu inqilabçı kimi təqdim edirdi. 1954-cü ildə, 26 kommissar adına mətbəədə on min tirajla nəşr olunan, Çexovun hekayələrindən ibarət kitaba yazılmış müqəddimədə bu cümlələri oxuyuruq:
“Çexovun ifşa etdiyi istismarçılar, ikiüzlü, yaltaq, xain və fitnəkar adamlar, Çexovun düşmənləri eyni zamanda sovet xalqının düşmənləridir. Sovet xalqı insan ləyaqətini alçaldan, təhqir edən hər şeyə nifrət edir. Çexov məhz ömrü boyu insan ləyaqətini yüksəldən, onun mənəvi saflığını qoruyan belə bir cəmiyyət arzusu ilə yaşamış, zorakılığa, hər növ istismara, çürük feodal adətlərinə, kapitalizmin törətdiyi murdar xasiyyətlərə, köhnəpərəstliyə dərin və barışmaz nifrət bəsləmişdir. Məhz buna görə dünyanın bütün namuslu, qabaqcıl adamları Anton Pavloviç Çexovu sevirlər. Çexovun əsərləri bu gün imperialist yırtıcılar, müharibə qızışdıranlar əleyhinə mübarizə aparan sadə adamları, qabaqcıl mədəniyyət xadimlərini sülh naminə yorulmaz fəaliyyətə, coşğun yaradıcılıq işinə ruhlandırır. Onlar Prişibev (Çexovun yaratdığı obrazlardan biri) kimi yekəbaşların beynalxalq siyasətdəki zorakılığına, fitnə-fəsadlarına qarşı getdikcə daha böyük qətiyyətlə çıxış edirlər. Çexovun əsərləri Sovet İttifaqında və xalq demokratiyası ölkələrində kapitalizm qalıqları əleyhinə barışmaz mübarizə aparmağa, zəhmetkeş xalqın açıq və gizli düşmənlərini tez tanımağa, vaxtında ifşa etməyə kömək edir.
Çexovun “6 nömrəli palata” əsəri xalqın ictimai şüurunu oyatmaq, onun mütləqqiyətə qarşı qəzəb və nifrətini artırmaq işində böyük rol oynadı. Bütün qabaqcıl oxucular bu hekayədəki Nikita surətində çar mütləqqiyyətinin kobud zorakılığının təcəssümünü görürdülər…“
Göründüyü kimi sovet tənqidşünaslığı Çexovun hekayələrindən xalis döyüş vərəqələri düzəldib. Halbuki, Çexovun ümumiyyətlə heç nə vecinə deyildi, onun öz FM-i vardı və ölməyib inqilaba kimi sağ qalsaydı, kommissarlar onu çox güman güllələyəcəkdilər, ən yaxşı halda ya sürgünə, ya da mühacirətə göndərəcəkdilər.
Xülaseyi-kəlam, deməyim odur ki, bir az fantaziyana güc versən istənilən mətni istənilən yerə yoza bilərsən. Bununla belə Aleksey Tolstoyun “Aelita” əsərini oxuyunda mənə elə gəldi ki, bu adam inqilabı necə lazımdırsa barmağına dolayıb. Müəllifin bunu qəsdən, yoxsa bilməyərəkdən etdiyini müəyyən etmək çətindir. Məncə, Aleksey Tolstoy hakimiyyətə ifrat dərəcədə yaltaqlanmaq məqsədi ilə tam konyunkturaya, dövrün ictimai-siyasi şərtlərinə hesablanmış əsər yazmaq istəyib və nəticədə ortaya karikatura çıxıb. Belə hallar olur. Hansısa adam hakimiyyətə yaltaqlanmaq istəyir, amma yaltaqlığın barıtını çox edir və beləliklə özü də bilmədən əslində yaşadığı zamanı, siyasi sistemi ifşa edən əsər ərsəyə gətirir. Məsələn, ötən əsrdə, sovetlərdə otuzuncu, qırxıncı illərdə baş vermiş hadisələrin həqiqi mahiyyətini, həmin dövrün ab-havasını tutmaq istəyən adamlara “Partiya bileti”, “Berlinin çöküşü” filmlərinə baxmağı tövsiyə edərdim. Həmin filmlərin müəllifləri də hakimiyyətə babat yaltaqlanmaq istəyiblər, yaltaqlıq barıtını çox ediblər və nəticədə özləri də bilmədən, özləri də istəmədən əslində quruluşu ifşa edən filmlər çəkiblər. Stalini “Berlinin çoküşü” filmində olduğu qədər heç kim biabir etməyib. Adam hətta qarşısına məqsəd qoysa belə Stalini o dərəcədə biabir edə bilməzdi. Hərçənd Stalin özü filmə baxanda xoşhal olub və filmin müəllifi Mixail Çiaurelini tərifləyib. Totalitar, avtoritar rejimlərdə belə gülməli hadisələrin baş verməsi çox olub. İspaniyada Franko hakimiyyəti zamanında “Qırmızı papaq” nağılı “Çəhrayı papaq” adı ilə nəşr olunurdu. Güya “Qırmızı papaq” nağılı adamlara kommunist hərakatını xatırlada bilərdi. Yeri gəlmişkən, “Berlinin çöküşü” filminin rejissoru Mixail Çiaureli, məşhur gürcü rəssamı Lado Qudiaşvili və Bəhruz Kəngərli Tiflis rəssamlıq və heykəltaraşlıq məktəbində eyni vaxtda, hətta səhv eləmirəmsə bir qrupda oxuyublar.
2000-ci illərin ortalarında gündəlik nəşr olunan bir qəzetdə işləyirdim. Qəzet mənə o vaxtın meyarlarına görə yaxşı qonorar verirdi. Həftədə qəzetə azı üç yazı yazmalı idim. Şərti belə kəsmişdik. Bu gündəlik qəzetdən əlavə iki həftəlik qəzetə də yazı yazırdım. Demək olar hər gün yazı yazmağa məcbur idim. Hətta bir gündə iki yazı yazdığım vaxtlar da olurdu. Bəzən yazı yazmağa həvəsim, mövzum, gücüm olmurdu və belə vaxtlarda dövlət qəzetlərindən birini götürüb, hansısa reportajın, məqalənin üzün köçürüb müəllif yazısı kimi redaksiyaya aparırdım. Dövlət qəzetlərindən üzünü köçürdüyüm reportaj, məqalə mənim təqdimatımda mənasını tamam dəyişirdi. Plagiatlıq etmirdim. Əməlimdən reaktorun da, redaksiya əməkdaşlarının da xəbəri vardı və bunu bir üslub kimi qəbul edirdilər. İnsafən bəzən dövlət qəzetlərindən üzünü köçürdüyüm yazı öz yazılarımdan daha çox maraq yaradırdı.
Dediyim kimi həmin yazılar mənim təqdimatımda mənasını tamam dəyişərək ağır sarkazma çevrilirdi. Növbəti dəfə bu varianta əl atdıqda redaktor məqaləni qəzetdə verə bilməyəcəyini dedi. İlk dəqiqədə normal adamın ağlına hansı fikir gəlməli idisə, mənim də ağlıma o fikir gəldi. Düşündüm ki, daha ağını çıxarmışam, redaktor üslubumdan bezib, artıq üslübumu üslub kimi yox, xaltura kimi qəbul edir. Demə səbəb başqa imiş. Redaktor dedi ki, bunu qəzetdə versəm bizi məhkəməyə verib qəzeti bağlayacaqlar. Belə olduğu halda dövlət qəzetini çıxartdım, qoydum redaktorun masasının üstünə, üzünü köçürdüyüm məqaləni göstərdim və dedim ki, bax, olduğu kimi köçürmüşəm, heç nə əlavə etməmişəm, heç nöqtə-vergülünə də dəyməmişəm. Redaktor qəzetdəki yazı ilə mənim yazımı tutuşdurdu. Gördü ki, doğrudan da yazıya heç nə əlavə etməmişəm. Necə var üzünü köçürmüşəm. Fikirləşdim yazının qəzetdə getməməsi üçün daha heç bir səbəb qalmayıb. Bu zaman çox müdrik, buddavari bir cavab eşitdim. Bu elə bir cavab idi ki, bu cavabın qarşısında ancaq oturub saatlarla, günlərlə düşünmək olardı. Redaktor belə dedi: “Onlara olar, bizə olmaz”.
Həqiqətən belədir. Axşamlar oturub dövlət televiziyasına baxıram. Ölkə haqqında ən doğru, ən real mənzərəni dövlət televiziyası yaradır. Ölkədə baş verən hadisələr haqqında ən doğru informasiyanı dövlət televiziyası verir. Dövlət televiziyası reallığın hiper ifadəsidir. Daha adamlara ondan artıq nə göstərsinlər, nə desinlər. Bəzən orda elə reportajlara rast gəlirəm ki, həmin reportajın eynisini, eynisi nədi həmin reportajın yarısını hansısa bir aktivist hazırlasa ən azı onu tutub qoduxluğa basarlar.
Mənə həmişə elə gəlib ki, elmi-fantastik ədəbiyyat nümunələri bəddi cəhətdən axsayır. Bəlkə də buna görə elmi-fantastik ədəbiyyatı oxumağa marağım olmayıb. Bu mənada “Allah olmaq çətindir” əsərindəki təsvirlər təəccübümə səbəb oldu. Gəlin həmin təsvirlərdən bəziləri ilə tanış olaq və əgər bədii təfəkkürümüz, bədii hissiyatımız varsa, təsvirlərdən həzz almağa çalışaq:
Onlar yarğanla yuxarı dırmaşdılar. Yarğanın kənarına çatanda Paşka dönüb baxdı. Aşağıda dayaz yerləri sarımtıl ləkələrə bənzəyən göl, qumsaldakı qayıq və sahilin sakit, yağlı səthinə yayılan iri halqalar göründü – yəqin ki, bayaqkı durnabalığı suyu tərpətmişdi…
Günəşin çəpəki şüaları ağacların dümdüz gövdələri arasından süzülür, torpağın üstünü qızılı xallarla örtürdü. Havadan qatran, göl və çiyələk iyi gəlir, səmada gözə görünməyən quşcuğazlar civildəşirdi…
Rumata dizləri ilə atın böyürlərini dəhmərləyir, əlcəklə qulaqlarının arasını döyəcləyirdi, o isə sürətini artırmaqdansa, fağır-fağır başını yırğalayırdı. Yol boyunca qaranlıqda donub qalmış tüstü burumlarına oxşayan kollar bitmişdi. Ağcaqanadların zəhlətökən vızıltısı eşidilirdi. Tutqun səmada tək-tük solğun olduz titrəşir, arabir zəif, həm isti, həm də soyuq külək əsirdi. Boğanaq, tozlu gündüzləri və sərin axşamları olan bu dənizkənarı ölkədə payız vaxtı həmişə belə küləklər əsir…
Rumata plaşına bərk-bərk büründü və cilovu buraxdı. Tələsmək mənasız idi. Gecəyarısına cəmi bir saat qalırdı, üfüqdə isə artıq Hıçqıran meşənin qara, diş-diş təpəsi görünürdü. Yolun hər iki tərəfində şumlanmış tarlalar uzanır, pas iyi verən bataqlıqlar ulduzların işığında parıldayır, işğal zamanından qalma kurqanların və çürümüş hasarların qaraltısı görünürdü…
Boz gözətçilərin meyxananın qarşısındakı xüsusi yerdə bağlanmış yəhərli atları ayaqlarını yerə döyürdü. Açıq pəncərədən qızğın qumar oyununun getdiyi görünür, boğuq söyüşlər və zərlərin tıqqıltısı eşidilirdi. Əynində qolları qatlanmış köhnə dəri gödəkcə olan Sklet Bako qapının ağzında dayanmış və öz yekə qarnı ilə yolu tutmuşdu. Tüklü əlində dəhrə vardı – görünür, şorba üçün it əti doğrayırdı. Tərləmiş və hava almaq üçün qapıya çıxmışdı…
Yoldan bir mil aralıda, meşənin ən sıx yerində, qocalıqdan qurumuş nəhəng ağacın altında, qaralmış hasarla əhatələnən, böyük şalbanlardan tikilmiş və bir tərəfi əyilərək torpağın içinə girmiş daxma vardı.
Daxmanın içində işıq yanırdı, qapı aşıq idi və tək rəzədən sallanırdı…
Onlar cilovları qaçıb gələn nökərə tərəf tulladılar, qızların yanından saymazyana keçdilər və meyxanaya girdilər. İşəridə nəfəs almaq mümkün deyildi. Çıraqların işıqları, böyük və çox çirkli hamamlarda olduğu kimi, buxar dumanının içindən güclə süzülürdü. Uzun masaların arxasındakı skamyalarda oturmuş yaxası açıq, tərli əsgərlər, çılpaq bədənlərinə rəngarəng kaftan geyinmiş dəniz avaraları, sinəsi açıq qadınlar, baltalarını dizlərinin arasına qoymuş boz hücumçular, ora-burası yanmış sənətkarlar yeyir, Allaha and içir, gülür, ağlayır, öpüşür, qışqıra-qışqıra ədəbsiz mahnılar oxuyurdular. Dumanın içindən sol tərəfdəki piştaxtanı seçmək olurdu, böyük çəlləklərin arasındakı hündür yerdə oturmuş meyxana sahibi zirək və kələkbaz xidmətçi sürüsünü oradan idarə edirdi…
“Allah olmaq çətindir” əsərində xoşuma gələn cəhətlərdən biri də məkan adları oldu. Struqatski qardaşları məkanlara maraqlı, qəribə adlar qoymaqla bərabər, həm də bu adların necə yaranmasının tarixçəsini də yazırlar. Məsələn;
Hıçqıran meşə
Belə bir rəvayət var ki, üç yüz il bundan əvvəl, sonralar Arkanarın birinci kralı olmuş imperiya marşalı Totsun dəmir rotaları qaradərili vəhşilərin geri çəkilən ordularını təqib edərkən sayvanın içindən özlərinə yol açırmışlar. Burada düşərgə salan zaman ağ ağacların qabıqlarından braqa bişiriblər. Həmin içki döyüşçülərdə güclü hıçqırıq yaradıb. Rəvayətə görə, bir səhər düşərgəni gəzən marşal Tots öz əsilzadə burnunu qırışdıraraq deyibmiş: “Həqiqətən dözülməzdir! Bütün meşə hıçqırır və braqa iyi verir!” Guya meşənin qəribə adı da elə buradan yaranıb.
Şən Qala
Qala təxminən iki yüz əvvəl mərhum kralın əcdadları tərəfindən, sırf hərbi ehtiyaclar üçün tikilmişdi. O, möhkəm, üçmərtəbəli özül üzərində dayanırdı, orda vaxtilə muhasirə zamanı istifadə etmək üçün qida ehtiyatı saxlanılırdı. Sonra qalanı zindana çevirdilər. Ancaq zəlzələ vaxtı içəridəki bütün dayaqlar və dam örtüyü uçduğundan, həbsxananı zirzəmilərə köçürməyə məcbur oldular. Nə vaxtsa Arkanar kraliçalarından biri öz hökmdarına şikayət etmişdi ki, işgəncə verilənlərin hər tərəfə yayılan fəryadları ona şənlənməyə mane olur. Onun əlahəzrət əri isə göstəriş vermişdi ki, səhərdən ta gecə keçənədək qalada hərbi orkestr çalsın. Qala indiki adını o vaxt almışdı.
İndi isə “Allah olmaq çətindir” əsərindəki ictimai-siyasi məzmunlu mesajlar haqqında bir qədər danışmağın vaxtı çatmışdır. Struqatski qardaşları “Allah olmaq çətindir” əsərində demək istəyirlər ki, zövq, fikir rəngarəngliyi hər bir cəmiyyətin sərvətidir. Bozluq hökm sürən yerdə mütləq qara qüvvələr hakimiyyətə gəlir. Qara qüvvələrin hakimiyyət başında olduğu yerlərdə isə hər bir əmrin, göstərişin qüsursuzluğuna kor-koranə inanmaq, hər bir əmrin, göstərişin qüsursuzluğuna kor-koranə inanmaqla bərabər, bu əmrlərə, göstərişlərə qeyd-şərtsiz tabe olmaq, qeyd-şərtsiz itaət etmək, eləcə də adamların bir-birinə total nəzarəti, donosbazlıq, total qorxu, total acizlik, total gücsüzlük, inamsızlıq, yaltaqlıq, yalan, cahillik, savadsızlıq, fəaliyyətsizlik, vecsizlik, laqeydlik, lağlağı hakimiyyətin sarsılmaz dayaqları sayılır.
Savadlı, təftiş edən, sual verən, özünə inanan, qorxmayan, yaltaqlanmayan, yalan danışmayan, hər hansı sahədə azacıq sərbəst fəaliyyət və təşəbbüs göstərən adamlar qara qüvvələrin hakimiyyəti tərəfindən təhlükə mənbəyi kimi qiymətləndirilir. Bozluğun hökm sürdüyü yerdə hakimiyyətə gələn qara qüvvələrə ağıllı, savadlı, peşəkar, işə can yandıran adamlar qətiyyən lazım deyil, onlara yalnız “sadiq adamlar” lazımdır. Nəticədə qara qüvvələr sağlam rəqabət mühitini yerli-dibli məhv edir, ağıllı, savadlı, peşəkar, təşəbbüskar və ən əsası hakimiyyətə “sadiq olmayan” adamlar hər cür terrora məruz qalır, yaltaq, fürsətcil, savadsız, tamahkar, qeyri-peşəkar, yalançı, hər bir göstərişin qüsursuzluğuna inanan, hər bir əmri tərəddüd etmədən, sözsüz yerinə yetirən, hər bir əmrə qeyd-şərtsiz tabe olan, zorakılıqlara bu və ya digər formada zərurət donu geyindirən adamlar “irəli çəkilir”, şou-biznes dünyası çiçəkləndirilir, başıboş, ömründə üç kitabı oxumayan müğənnilər, aparıcılar, idmançılar daha da məşhurlaşdırılır, maddi cəhətdən hər cür təmin olunur, onların təmtaraqlı evi, gen-bol yaşayışı daima müxtəlif vasitələrlə tirajlanır və cəmiyyətə uğur nümunələri, xoşbəxtliyin, rifahın təcəssümü kimi təqdim edilir.
Bunun fonunda ağıllı, sərbəst, peşəkar, savadlı, prinsipial, idealist adamlar əzilir, terrora, repressiyalara məruz qalır, maddi cəhətdən sınağa çəkilir, onların yazıq, avam, axmaq, bədbəxt, fərasətsiz, yaşamağı bacarmayan, yaşamağın yolunu tapmayan obrazı yaradılır. Bütün bu proseslərlə, əməllərlə bozluğun hökm sürdüyü yerdə hakimiyyətə gələn qara qüvvələr cəmiyyətə açıq mesaj verirlər ki, bizə sizin savadınız, peşəkarlığınız, işə can yandırmağınız, təmizliyiniz, əxlaqınız gərək deyil. Bizə ancaq sizin sadiqliyiniz lazımdır. Baxın və özünüz nəticə çıxarın, savadsız, yaltaq, yalançı, qeyri-peşəkar, amma bizə sadiq olan adamlar necə rahat, necə xoşbəxt yaşayırlar. Amma peşəkar, savadlı, ağıllı, ən əsası sərbəst, bizə sadiq olmayan adamlar isə maddi çətinliklərin məngənəsində inləyirlər. Tələsən yerimiz yoxdur, baxın və necə yaşamaq istəyirsinizsə bunu özünüz seçin.
Struqatski qardaşları “Allah olmaq çətindir” əsərində deyirlər ki, sərbəst, azad, peşəkar, ağıllı, savadlı insanlar, fikir, zövq müxtəlifliyi, ifadə azadlığı cəmiyyətin vitaminləridir. Bu vitaminlər məhv olsa, cəmiyyət çürüyər, sosial sinqa başlayar, əzələlər zəifləyər, gözlər işığını itirər, dişlər tökülər. Elmsiz heç bir dövlət inkişaf edə bilməz. Qonşu dövlətlər onu məhv edər. Azad incəsənəti, mədəniyyəti, müxtəlif formalarda tənqidi-təftişi olmayan dövlət özünüqoruma qabiliyyətini itirir, zərərli, qorxulu cərəyanların, hərakatların inkişafına, riyakar adamların artıb-törəməsinə münbit şərait yaradır və nəticədə daha ağıllı qonşuların qurbanına çevrilir.
Struqatski qardaşları qorxunun, acizliyin, laqeydliyin necə yoluxucu, sirayətedici olduğunu, qorxunun, acizliyin, laqeydliyin necə dəhşətli mənzərələr yaratdığını “Allah olmaq çətindir” əsərində çox gözəl təsvir ediblər. Gəlin həmin təsvirlərdən biri ilə yaxından tanış olaq:
“Şəhər dözülməz qorxuya təslim olmuşdu. Qırmızıtıl səhər günəşi boş küçələri, tüstülənən xarabalıqları, qoparılmış pəncərə taxtalarını, sındırılmış qapıları tutqun-tutqun işıqlandırırdı. Toz–torpağın içindəki şüşə qırıntıları al-qırmızı rəng alaraq parıldayırdı. Saysız-hesabsız qarğa dəstələri, boş tarlaya qonduqları kimi, şəhərin üstünə enmişdi. Meydanlarda və küçələrin kəsişdiyi yerlərdə qara paltarlı atlılar iki-iki, üç-üç gəzir, gözlərinin üstünədək çəkdikləri qalpaqların yarıqlarından baxır, yəhərin üstündə bütün bədənləri ilə yavaş-yavaş ora-bura çevrilirdilər. Yanıb kömürə dönmüş zəncirli insan bədənləri tələm-tələsik basdırılmış dirəklərdən sönmüş tonqalların üstünə sallanırdı. Adama elə gəlirdi ki, çığıran qarğalardan və qara paltarlı işgüzar qatillərdən başqa şəhərdə heç bir canlı qalmayıb.
Rumata yolun yarısını gözüyumulu getdi. Nəfəs ala bilmir, döyülmüş bədəni bərk ağrıyırdı. Bunlar insan idi, yoxsa insan deyildi? Bunlarda insana xas nə var? Bir qismini düz küçənin ortasında doğrayırlar, o biri qismi evlərində oturub itaətlə öz növbəsini gözləyir. Hər biri də fikirləşir ki, kimi doğrayırlar doğrasınlar, təki mənə dəyməsinlər. Doğrayanların soyuqqanlı vəhşiliyi və doğrananların soyuqqanlı itaətkarlığı. Soyuqqanlılıq – ən dəhşətlisi budur. On adam qorxudan donub qalıb və itaətlə gözləyir, bir nəfər yaxınlaşır, qurbanı seçir və soyuqqanlılıqla onu doğrayır. Bu adamların ürəkləri çirkabla doludur və itaətkarlığın hər saatı onları daha da çirkləndirir. Bax indi bu gizli evlərdə gözəgörünməz halda alçaqlar, çuğullar, qatillər doğulur. Ömürlük qorxuya təslim olmuş minlərlə insan öz uşaqlarına və uşaqlarının uşaqlarına rəhmsizcəsinə qorxmağı öyrədəcək. Daha dözə bilmirəm. Rumata öz-özünə təkrarlayırdı. Bir az da belə davam etsə, mən ağlımı itirəcəm, bunlar kimi olacağam…“
Struqatski qardaşları köləliyin niyə yoluxucu olduğuna da əsərdə bacardıqları qədər cavab verməyə çalışıblar: “…Kölə öz ağasını, hətta ən qəddar olanını da, öz xilaskarından daha yaxşı anlayır, çünki hər kölə özünü ağasının yerində çox yaxşı təsəvvür edir, amma özünü təmannasız xilaskarın yerində təsəvvür edən adam çox az tapılar“.
“Allah olmaq çətindir” əsəri adama hardasa Corc Oruellin “1984” əsərin xatırladır. Amma sırf bədii cəhətdən məncə “Allah olmaq çətindir” əsəri “1984”-dən üstündür.
Avtoritar, totalitar və bu kimi, bu qəbildən olan quruluşlarda insanlar bütün fərdi xüsusiyyətlərini itirib tam eyniləşməlidirlər. Söhbət təkcə hakimiyyətə qeyd-şərtsiz itaət etməkdən getmir. Hakimiyyətə qeyd-şərtsiz itaət öz yerində. Söhbət ondan gedir ki, insanların ümümiyyətlə heç bir fərdi fikri, düşüncəsi, baxışı olmamalıdır. Bu gün onlara deyəndə ki, iki vuraq iki beş eləyir, hami bir nəfər kimi xorla deməlidir ki, bəli, iki vuraq iki beş eləyir. Sabah onlara deyəndə ki, iki vuraq iki yeddi eləyir, onlar xorla deməlidir ki, əlbəttə, tamamilə düz buyurursunuz, iki vuraq iki yeddi eləyir. Sabah yox birisigün onlara deyəndə ki, iki vuraq iki doqquz eləyir, onlar xorla deməlidir ki, başqa cür necə ola bilər, iki vuraq iki doqquz eləyir. Ona görə Corc Oruell deyirdi ki, azadlıq iki vuraq ikinin dörd olduğunu deyə bilməkdir. Müxtəlif dövrlərdə müxtəlif adamlar azadlığın hər cürə tərifini veriblər. Məncə Oruellin tərifi azadlığın ən konkret və dəqiq, sadə təriflərindən biridir. İki vuraq ikinin dörd olduğunu deyə bilməmək o deməkdir ki, sənin ictimai-siyasi mənada artıq heç bir fərdi fikrin, düşüncən, baxışın yoxdur. Sən hətta ən adi həqiqəti belə dilə gətirə bilmirsən. Qərəz, xalis köləsən.
Çox maraqlıdır ki, YAP hakimiyyəti dəftəri, kitabı, ideologiyası, təriqəti, həqiqəti olmadan adamları çox asanlıqla eyniləşdirməyə müəssər oldu. Bəs bunu necə bacardılar? Heç nə, beş-üç manat pul payladılar adamlar könüllü surətdə eyniləşdi.
Şair demişkən, bəlkə də onlar elə əvvəldən eyni idilər.
Azlogos.eu