post-title

Koronavirus və Marsel Prust

Əl boyda uşaq ikən Marsel Prusta nənəsi doğum gününə hədiyyə kimi Russonun, Stendalın kitablarını alarmış. Bir dəfə uşağın atası yaşına uyğun deyil deyə, nənənin kitablarına qarşı çıxır, nənə də eləmə tənbəllik, yenidən bir xeyli yol qət edərək (o dərəcədə ki, həkim sonra ailəyə nənənin belə uzun səyahətlərə çıxmasının onu öldürə biləcəyini deyir) şəhərə qayıdır, bu dəfə Jorj Sandın kitablarını alıb gəlir və belə deyir: “Uşağa pis kitab hədiyyə etməyə ürəyim gəlmədi”.

“İtirilmiş zamanın axtarışında” romanında Prust nənəsini leysan yağış altında ağ saçları alnına yapımış halda dayanıb “nəhayət, nəfəs ala bildik” deyən bir qadın kimi xatırlayır. Nənəsi həyatı bir sənət əsəri kimi yaşayarmış, əlinin dəydiyi hər şeydə sənət əlaməti axtararmış.

Marselin atası Adrien Prust isə tanınmış patoloq olub, vəbanı Fransada yox edən alim kimi şöhrət qazanıb. Bununla belə, onun böyük patoloq olması, Marselin doqquz yaşında xroniki astma xəstəliyinə tutulmasına mane olmayıb (koronavirus üçün asan yem!). Yazıçının atasına böyük rəğbəti varmış, həyatının son anlarında qulluqçusuna deyibmiş ki, kaş atasının tibb elmində elədiklərini o, ədəbiyyatda edə biləydi. Onun arzusuna çatdığını demək olar, çünki bu gün dünyada Prust soyadını Adrien Prusta görə deyil, Marsel Prusta görə tanıyırlar.

Dünya ədəbiyyatının ən irihəcmli romanı hesab edilən bir milyon iki yüz mindən çox sözdən ibarət, 7 cildlik “İtirilmiş zamanın axtarışında” əsərini təcrübəli oxucular xüsusi bir vaxtda, konsentrasiyanı itirməmək üçün bir kənara çəkilərək oxumağı məsləhət görürlər. Koronovirus təlaşının bizi evlərə qapanmağa məcbur etdiyi karantin dövrü bunun üçün ideal vaxt sayıla bilər.

Üstəlik karantin dövründə beynimizi ən çox məşğul edən məsələlərdən biri də keçmişdir. Gələcək qeyri-müəyyən görünəndə, indi zövq verməyəndə, yadımıza həmişə keçmiş düşür: ötən vaxtın xiffətini çəkməyə, keçmişi qurcalamağa başlayırıq, “kaş o cür yox, bu cür davranardım, – deyə təəssüflənirik ürəyimizdə: kaş elə yox, belə edərdim…”

Bununla belə, keçmiş çox vaxt təsəvvürümüzdə bulanıq şəkildə boy göstərir, keçmiş çox zaman bizim üçün qaranlıqda qalan, qeyri-müəyyən bir zaman dilimindən başqa bir şey deyil. Hədsiz qiymətli hesab etdiyimiz həyatımızın əksər hissəsi zindan kimi ağır örtüyün altında gizlənib, o dərəcədə ki, hansısa anı, hansısa məqamı aydın şəkildə xəyalımızda canlandıra bilmərik, xüsusilə də təxəyyülümüz zəifdirsə.

“Keçmişi xatırlamaq cəhdimiz bihudə, dərrakəmizin bütün çabaları hədərdir. Keçmiş dərrakəmizin hakimiyyət sahəsinin, təsəvvür gücünün xaricində bir yerdə, qətiyyən əhəmiyyət vermədiyimiz bir nəsnənin (bu nəsnənin bizə yaşadacağı hissin) içində gizlidir. Bu nəsnəyə ölməzdən əvvəl rastlayıb-rastlamayacağımız isə təsadüfə bağlıdır”, – Prust yazır.

Anasına baş çəkdiyi adi günlərdən birində Marsel çoxdan yemədiyi madlen şirniyyatını çaya batırıb ağzına qoyur və bununla da təsadüf ölməzdən əvvəl başına gəlir: çaya batırılmış madlenin dadı onu keçmişə aparır, beləliklə də ortaya “İtirilmiş zamanın axtarışında” adlı sehrli dünya çıxır.  

Romanı oxuyarkən düşünürsən ki, bu, qeyri-adi həssas və zərif dünya təkcə madlenin dadından yarana bilməzdi, yazıçı incini ortaya çıxarmaq üçün təsəvvürünə hədsiz dərəcədə güc gəlib, hafizəsini bacardıqca dərininə qazıb. Kitabda təkcə insanlar barədə deyil, təbiət barədə də ağlasığmaz dərəcədə gözəl müşahidələr və təsvirlər var. Yağışdan sonra yarpağın üzərindəki yağış damlasına fikir vermisinizmi? Prust uşaqlığında gəzintiyə çıxdıqları yağışlı günləri belə xatırlayır:

“Yağışdan qaçıb meşəyə sığınardıq. Damlaların səyahəti bitmiş kimi göründüyü halda, daha gücsüz, daha ağır damlalar yağmağa davam edərdi. Lakin damlalar yarpaqlardan xoşu gəldiyinə görə, biz sığınağımızdan çıxardıq, torpaq demək olar ki, qurumuş ikən, bəzi damlalar hələ yarpaqların damarları üzərində ləngiyər, yarpağın ucundan sallanar, sonra dincəlmiş halda, günəşdə parıldayaraq, qəfildən özlərini buraxıb budaqdan aşağı boydan boya sürüşər və burnumuza düşərdi”.

Prust yata bilmədiyinə görə, yatağındakı qurcuxma səhnəsini otuz səhifədə təsvir etməsinə və bir cümləyə 847 söz sığdırmasına görə də məşhurdur. Deyilənə görə, “İtirilmiş zamanın axtarışında” romanı mütaliəsi ən çox yarıda buraxılan romanların (“Svana doğru” cildindəcə) başında gəlir. Romanın ilk cildi yazıldıqdan sonra, Prust kitabını nəşr etmək üçün bir çox Paris nəşriyyatlarına müraciət edir, amma hamısından yox cavabı alır. Bütün cəhdləri boşa çıxdıqdan sonra, o, son pənah yeri kimi əlyazmasını “Nouvelle Revue Française” jurnalının redaktoru, gələcəyin ədəbiyyat üzrə Nobel mükafatçısı Andre Jidə göndərir, ancaq Jid də ona yox cavabı verir (sonradan Jid bunu karyerasının ən böyük səhvi adlandırır və Prustdan üzr istəyir). Axırda Prust kitabını öz hesabına çap etdirmək məcburiyyətində qalır və roman məhz bundan sonra müvəffəqiyyət qazanır.

Prust haqqında ən çox mif uydurulmuş yazıçılardan biridir, bir mifə görə, o, həssaslığını itirməmək üçün müalicə olunmaqdan imtina edib. Bəlkə də belə bir şey olub, çünki bioqrafların fikrincə, xəstəliyi yazıçıya yazmaq üçün əlavə stimul verib. Gənclik çağından etibarən səhhəti getdikcə pisləşən yazıçı xroniki taqətsizliyinə görə, gündüzlər bütün vaxtı yatar, gecələr durub yazarmış. Ömrünün son üç ilində isə o, ümumiyyətlə yatağa bağlı qalıb. Yatağına bağlı olması, otağından çıxmaması isə ona əşyaların və nəsnələrin dünyasını kəşf etməyə imkan verib

Biz indi baş qatmaq üçün kəşf edilən ən təkmil vasitələr – internet, smartfonlar, sosial şəbəkələr dünyasında yaşayırıq. Bu dünyanın bir sakini kimi Prustu oxuyarkən, xüsusilə dərk edirsən ki, bihudə vərdişlərə çox aludə olmağın, diqqət dağınıqlığın və huşsuzluğun səni həyatın iksirini dadmaq ləzzətindən məhrum edə, xatırlamaq, insanların, nəsnələrin və əşyaların içində gizlənən sirləri kəşf etmək bacarığını əlindən ala bilər

“İtirilmiş zamanın axtarışında” romanını oxumaq üçün qapandığın evindəki bir küncdə böyük yazıçı ilə çıxdığın çətin və mürəkkəb səyahət zamanı sən onun həyatın sirlərini açmasına heyranlıqla tamaşa edərsən. Onun həyatın detallarından sıxıb çıxardığı iksirdən bir damla da sənə qismət olması üçün ovuclarını birləşdirib havada tutarsan və bilərsən ki, ovuclarına nə qədər çox iksir damlası düşsə, qənimətin də bir o qədər böyük olacaq…

Cavid Ramazanov
Azlogos.eu
Yuxarı