Başlığa çıxardığım suala İsveç hüquq sistemini araşdıran İsvecgundemi.com saytının əməkdaşı Atila Altuntaş cavab tapmağa cəhd edib. Dünəndən küçəyə çıxmağa icazə almalı olan Azərbaycan oxucusu üçün də maraq kəsb edəcəyini düşünüb həm bu mövzuda, həm də İsveçin koronavirusla mübarizə strategiyası haqda qeydlərimi bölüşmək istədim.
Sərt karantin qaydaları Azərbaycanla yanaşı bir çox Avropa ölkəsində də tətbiq edilir. Bəzi yerlərdə küçəyə çıxanlar cərimələnir, bəzi hallarda tutulur da.
İsveçdən savayı!
Bir vaxtlar İsveç modeli deyə sosial rifah dövləti kimi dünyaya nümunə göstərilən ölkə indi də koronavirusla mübarizədə özünün İsveç strategiyasını sərgiləyir. Bu strategiyada ana xətt vətəndaşların hərəkət azadlığını məhdudlaşdıran sərt karantin rejiminin tətbiq olunmamasıdır.
Düzdür, İsveç İctimai Sağlamlıq Agentliyi riskli qruplara aid insanlara evdə qalmağı, hər kəsə səyahət və tətillərdən vaz keçməyi bərk-bərk tövsiyə edir, hökumət 50 nəfərdən çox adamın bir yerə toplanmasını yasaqlayır. Gimnaziya və universitetlər virtual təhsil sisteminə keçirilib. Və sair.
İsveçdə virusa yoluxanların və ölənlərin sayı qonşu ölkələrlə müqayisədə xeyli çoxdur. Rəsmi statistikaya görə, bu günədək virusa yoluxanların sayı 7 min nəfəri keçib, 500 nəfərədək adam ölüb.
Amma sərhədlər açıqdır, aeroportlar, restoran-barlar, orta məktəblər, uşaq bağçaları, kitabxanalar, idarə-müəssisələr əvvəlki rejimdə işləyir. İctimai nəqliyyatda dayanma qeydə alınmır. Əvvəlki qaynar həyat olmasa da, şəhərlər boş deyil.
İsveçlilərin çoxu ölkənin baş epidemioloqu Anders Teqnellin ”kollektiv immunitet yaranması üçün əhali koronavirusa yoluxmalıdır” fikrini dəstəkləməsə də, görünən odur ki, hökumətin virusla mübarizə strategiyası bu fikrə əsaslanır. Yerli mətbuatdakı müzakirələrdən belə anlaşılır ki, hökumət dövlətin iqtisadi, insanların psixoloji, cəmiyyətin sosial və s. durumunu nəzərə aldığından sərt rejimə keçməyə tələsmir. Epidemiyanın pik vaxtı aprelin sonu, mayın əvvəli proqnozlaşdırılır, bəlkə onda daha ciddi tədbirlər görülər, bilmirəm.
Bəs nəyə görə İsveçdə küçəyə çıxmaq qadağası tətbiq olunmur?
Sən demə, belə bir qadağanın tətbiqi önündə ən böyük əngəl vətəndaşların hərəkət azadlığına qarant olan İsveç Konstitusiyasıdır. Konstitusiyaya görə, hökumətin insanların hərəkət sərbəstliyini məhdudlaşdırmağa hüququ yoxdur.
İsveçdə konstitusiya dəyişikliyi demokratiyanın oturuşmadığı ölkələrdəki kimi su içmək qədər asan deyil, ağır, uzun prosesdir. Bunun üçün bir yox, iki parlamentin səsi lazımdır. Yəni bir parlamentdə konstitusiya dəyişikliyinin lehinə verilmiş qərar hələ yetərli deyil. Parlament konstitusiya dəyişikliyinə səs veribsə, həmin parlament buraxılmalı, yeni seçki keçirilməli və əgər yeni seçilmiş parlament də əvvəlkinin dəyişiklik qərarını təsdiqləyərsə, bundan sonra referenduma gedilə bilər. Ona görə də İsveçdə koronavirusa həsr olunan heç bir debatda bu məsələnin üstünə gəlinmir.
“İnfeksiyadan qorunma haqqında” qanuna görə, yoluxucu xəstəliyin yayılmasını önləmək üçün insanların hərəkət sərbəstliyi məhdudlaşdırıla bilər. İsveç İctimai Sağlamlıq Agentliyinin hüquqşünasları həmin qanunu şərh edərkən hərəkət azadlığının yalnız konkret ev, məktəb, yaxud buna bənzər kiçik obyektlərdə tətbiqinin mümkünlüyünü qeyd edirlər.
Stokholmdakı qocalar evində koronavirus aşkarlanandan sonra yaşlı adamların risk qrupuna aid olduğunu nəzərə alaraq ölkənin bütün qocalar evində bu qanunun tətbiqinə start verildi. Başqa heç yerdə.
Dövlətin gördüyü işlər öz yerində, cəmiyyət də özünütəcridə şüurlu yanaşır. Qəbul olunmuş ümumi qaydalara əməl etmək ənənəsi olan, özünüidarə vərdişlərini mənimsəyən cəmiyyətlərdə pandemiya təki ümummilli fəlakətlərdə dövlətin də yükü ağır olmur. Fəlakətin miqyas və fəsadını təhsilli adamlara izah etmək, cahil vətəndaşları maarifləndirməkdən qat-qat asandır. Ümumiyyətlə, isveçlilər ehtiyatı əldən verməyən insanlardır. Bu, qətiyyən qorxaqlıq anlamına gəlmir. Buna “ehtiyatlı qorxmazlıq” deyərdim.
Koronavirusla mübarizədə İsveçin tutduğu strategiyanın uğurlu olub-olmamasını yaxın aylarda biləcəyik. Məni başqa şey düşündürür. Pandemiya dövründə belə isveçlilərin azadlıq eşqinə heyran qalıram. Dünyanı bürümüş kabus qorxusu altında belə cəmiyyət öz hərəkət azadlığına müqəddəs toxunulmazlıq kimi baxır. Sanki İsveç dilində FRİHET kəlməsi başqa dillərdəki AZADLIQ sözündən daha böyük, ilahi anlam daşıyır.
Haradandır bu xalqda azadlığa sitayiş səviyyəsində sevgi?! Qədim babaları vikinqlərin ruhundanmı gəlir? Bəlkə ölkənin 200 ildən çoxdur müharibə görməməsi, əsarət zülmü dadmaması, ən yaşlı nəsildə belə kölə psixologiyasının olmamasıdır əsas şərt? Kölə təfəkkürünün heç yaddaşda da qalmamasıdır? Kralından tutmuş kəndlisinəcən, baş nazirindən səfilinəcən hər kəsin hər kəs qarşısında bərabərliyi ənənəsindən qaynaqlanır bəlkə?
Geniş təhqiqat mövzusudur!
***
Dünən gözəl hava vardı: isti və günəşli. Qızım Ayanla Olimpiya parkına düşdük, Fredriksdal botanika bağını dolandıq. Mövsüm açılışı edən kafenin açıq havada düzdüyü masaların birində oturub hərəyə bir alma şirəsi sifariş verdik. Və tamaşaya durduq: uşaq, böyük, qoca – hamı günəşin hər kəslə bərabər paylaşdığı şüalarına bürünüb, azadlığın şirin dadından alıb, xoşbəxt anlar yaşayırdı.
Pandemiya dövrünün xoşbəxt adamları… Qəribə səslənir, bilirəm.
Ayanın bir sözü bu yazını yazmağa mənə stimul verdi. Dedi ki, isveçlilərin qocaları AZADLIĞI öz uşaqlarına, nəvələrinə sözlə yox, öz əməlləri ilə əyani göstərirlər.
Biz necə? Övladlarımıza azadlığın anlamını əyani göstərə bilmişikmi?
O azadlıq xoşbəxtliyini gözəlim Azərbaycana arzulayaraq, karantin rejiminin tezliklə bitməsini diləyərək qaraladım bu sabah bu yazını.
Vahid Qazi
6 aprel 2020
Helsinqborq, İsveç
Kultura.az