İnsanlar mif yaratmağı sevir. Bəşəri fəaliyyətin bütün sahələrinə dair miflər yaradılıb və onlar vasitəsilə bizə çatdırılan mətləblər daha asan yadda qalır, uzun müddətli bəşəri yaddaşa yerləşirlər. Məşhur miflərdən biri şahmat oyunu haqqındadır. Kral, oyunu çox bəyənir və onun ixtiraçısını mükafatlandırmaq istəyir. İxtiraçının istədiyi mükafat ilk başda təəccübləndirəcək dərəcədə banaldır, şahmat taxtasının birinci xanası üçün bir düyü dənəsi, ikinci xanası üçün bundan iki dəfə çox, üçüncü xana üçün ikincidən iki dəfə çox olmaqla, bu qaydada altmış dörd xanadakı düyü dənələrinin cəmini tələb edir. İstəyin yerinə yetirilməsini əmr edən kral tezliklə bu qədər düyünü tədarük edə bilməyəcəyini anlayır. Gücsüzlüyü onu qəzəbləndirir və ixtiraçını öldürməyi əmr edir. Bu dramatik mifi şahmat həvəskarlarının əksəriyyəti bilir.
Başqa, yaxın tarixli bir mif də Bethovenin məşhur əsəri “Ay işığı sonatası” haqqındadır. Əlbəttə, dünyanın ən məşhur piano əsəri haqqında mif uydurulmasa idi, bu təəccüblü olardı. Bethoven, pianoda onun əsərini ifa edən görmə əngəlli gənc xanımın yanına əyləşir və pəncərədən düşən ay işığına baxaraq ifaçının ay işığını təsəvvür edə bilməsi üçün o andaca bu əsəri bəstələyir. Əslində isə, musiqi tarixçilərinə görə Bethoven bu əsərini Motsartın Don Juan operasından təsirlənərək yazmış və onu Sonata quasi una fantasia adlandırmışdır, əsərə “Ay işığı sonatası” adının verilməsi isə Bethovenin ölümündən sonra baş vermişdir.
Şahmatın yaranması tarixi bu qədər bulanıqkən və bu oyun indiki halına çatana qədər uzun təkamül yolu keçmişkən, şahmat haqqındakı mifin doğru olduğunu iddia etmək çətindir. Doğru olsa belə, orijinal forması haqqında dəqiq məlumat yox ikən, onunla əlaqəli mifin sanki tarixi fakt imiş kimi bizə çatması, insanların tarixi faktlardan çox mifləri sevdiyinin daha bir təsdiqidir.
Əgər kral, “iqtidar olub müqtədir olamayan” kralların əksinə həm iqtidar olub həm də qadir olan krallardan olsaydı və ixtiraçının mükafatını verməyə gücü çatsaydı, bu qədər düyünün ədədlərlə ifadəsi necə olardı? Birinci xanada bir, ikincidə bundan iki dəfə, üçüncüdə ikincidən iki dəfə və ardıcıl olaraq hər xanada özündən əvvəlki xanadan iki dəfə çox düyü, ilk həddi bir, vuruğu iki və hədlərinin sayı altmış dörd olan həndəsi silsilənin həm sonuncu həddini, həm də bütün hədlərinin cəmini hesablamaq mümkündür. Cəmi, dəqiq ifadə etməyib sadəcə alınan ədədin mərtəbəsi haqqında təsəvvürə sahib olmaq üçün yuvarlaqlaşdırsaq düyünün miqdarı 18,000,000,000,000,000,000 ədəd ilə ifadə olunar. Tipik bir düyü dənəsinin kütləsinin 30 milliqram olduğunu qəbul etsək, bu qədər düyünün kütləsi 540 000 000 000 000 kg-a bərabərdir. Yəni, yekunda 540 milyard ton düyüdən söhbət gedir. Müasir dünyanın səkkiz milyarda yaxın əhalisinin illik düyü istehlakı isə 500 milyon tondur. Bu gün üçün çox böyük, dövrünə görə astronomik bir rəqəmdir. Xeyli təvazökar başlayan həndəsi silsilə, lazımınca vaxtdan (addımdan sonra) təsəvvürə gəlməyən böyüklüyə çatır.
Məşhur və oxşar misalın göstərdiyi kimi, əgər bir nilufər çiçəyi hər gün iki dəfə böyüyərək gölün səthinin yarısını 99 gündə örtürsə, gölü xilas etmək üçün sizin sadəcə bir gününüz qalır, çünkü gölün ikinci yarısını örtmək üçün ona sadəcə bir gün bəs edəcək. Diqqət çəkməyən kiçik artışlar, diqqət çəkmədikləri müddət ərzində olduqca böyük qiymətlərə çataraq həm ağlasığmaz ola, həm də nəzarətdən çıxa bilər. Şahmat taxtasının birinci yarısında (ilk 32 addımda) cəmlənən düyü miqdarı təqribən 140 tondur, bu isə təxminən 25 hektar ərazisi olan düyü tarlasının məhsuludur – təsəvvür və nəzarət daxilindəki miqdardır.
“Şahmat taxtasının ikinci hissəsi” anlayışı ixtiraçı və futurist Ray Kurzweil-in həndəsi silsilə ilə baş verən artışın müəyyən bir məqamda nəzarətdən çıxaraq özünün proseslər üzərində böyük təsirə malik olacağını göstərmək üçün istifadə etdiyi metafordur.
Ray Kurzweil
Həndəsi silsilə ilə artış, bir çox sahədə müşahidə olunur. Homo sapiens dünya səhnəsinə çıxdıqdan on minlərlə il sonra, 19-cu əsrin əvvəlində 1 milyarda çatdı. Bundan sonra isə 8 milyarda çatmaq üçün cəmi 2 əsr bəs etdi. Dünya əhalisinin artım qrafiki 1800-cü illərə qədər cüzi sürətlə artan, haradasa üfuqi oxa paralel olan düz xətdən, bu tarixdən sonra sürətli artımı təsvir edən, hardasa şaquli oxa paralel olaraq davam edən əyri kimi görünür.
Antropoloq Ian Morris “Niyə dünyaya (hələ ki) Qərb hökm edir?” adlı əsərində “sosial inkişaf” (müəyyən bir demoqrafik qrupun real nəticələr əldə etmək üçün fiziki və intellektual mühiti dəyişdirə bilmək bacarığı) adlandırdığı anlayışı təqdim edir və sosial qrupun enerji istifadəsi, təşkilatlanma bacarığı, müharibə aparma imkanları və sahib olduğu informasiya texnologiyaları kimi faktorlardan istifadə edərək bir indeks müəyyənləşdirir. Sosial inkişafın dəyişməsinin qrafik təsviri də, tarixin uzun müddət monoton rejimdə qaldığı, Sənaye İnqilabından sonra isə kəskin yüksəlişə keçdiyini göstərən qrafikdir. Kompüter mühəndislərinin yaxşı bildiyi Moor qanunu, tranzistorların kəşfiylə mümkün olan mikroçiplərin hesablama gücünün hər on səkkiz ayda iki dəfə artdığı müşahidəsinin ifadəsidir. Moor, bu artışın azı on il müddətində davam edəcəyini demişdi. Ancaq bu təxmin çox konservativ idi, çox kiçik addımlarla artmağa başlayan hesablama gücünün bu gün hələ də davam etdiyi, artıq hesablama gücündəki artışın böyük qiymətlərlə ifadə olunduğu bilinir. Mikroçiplərin hesablama gücünün bu sürətlə artması həm də onların sürətlə ucuzlaşması, zəruri tələbat məhsullarına çevrilməsi və bizə hiss etdirmədən həyat tərzimizi dəyişdirməsi mənasına gəlir. İlkin versiyaları astonomik qiymətə olan bu vasitələr əksəriyyətin ala biləcəyi qiymətə qədər ucuzlaşır. Elektronik cihazlarda bu ucuzlaşmanı və üstəlik, buna paralel olaraq cihazların texniki imkanlarının artmasını Moore qanununun həndəsi silsilə ilə artışı proqnozlaşdıran təbiəti mümkün edir.
Təəccüblü deyil ki, gigiyena, karantina və sosial məsafə qaydalarına əməl edilmədikdə, yəni insanlarla insanlar və viruslar arasındakı təmas məhdudlaşdırılmadıqda yoluxucu xəstəliklərə tutulan xəstələrin sayı da həndəsi silsilə ilə artır, artış qrafiki yuxarıdakı prosesləri təsvir edən əyrilərlə tam oxşarlıq göstərir. Başlanğıcda skeptik yanaşan, konspirativ fərziyyələr uyduran, “yoluxan birini şəxsən gördünüzmü?” ritorik sualları verən şəxslərin səsi qısılır, infeksiyanın gündəlik həyatın başlıca probleminə, gigiyena qaydalarının gündəlik vərdişə çevrildiyini müşahidə edirlər. Əlbətdə, konspirativ təfəkkür heç də təslim olmur, bir infeksiyanın mövcudluğunun inkarından əl çəkib onun kimlər tərəfindən hansı məqsədlərlə yayıldığı haqqında yeni fantaziyalar yaratmağa davam edir.
Zəngin yunan mifologiyasında Troya kralı Priamın qızı Kassandra doğru çıxan kəhanətlər bildirir, ancaq lənətləndiyi üçün onun kəhanətlərinə inanan olmur. Bildirdiyi kəhanətlər arasında Troya şəhərinin dağılacağı da var; xəbərdarlıq etsə də troyalıları Troya atının içində yunan əsgərlərinin gizləndiyinə inandıra bilmir. Bu gün, bütün güc sahiblərinin zərər görmələrinə, bütün güclü dövlətlərin az qala çarəsiz vəziyyətdə olmalarına və ağlı başında olan heç kimin nüvə silahları və viruslarla oynamayacağına baxmayaraq, dünyanın əsas problemi olan koronavirus pandemiyası mövzusunda müxtəlif konspirasiya nəzəriyyələri populyardır. Əgər virus insan icadı olsaydı vaksin yaratmağa çalışan müxtəlif laboratoriyalar virusun sintetik olduğunu asanlıqla müəyyən edə və bu virusu yaradan mərkəzdən dünya qarşısında məsuliyyətlərini gec də olsa qəbul edib, vaksini təqdim etmələrini tələb edə bilərlər. Bu pandemiyanın Sənaye İnqilabı, taun epidemiyası, “Dəmir pərdə”-nin qalxması, qlobal istiləşmə kimi böyük tarixi hadisələr miqyasında dəyişikliklər gətirəcəyi aydındır. Ancaq, potensial dəyişikliklərin sosioloji baxışla analiz olunması praktikasının olmadığı ölkəmizdə, daha çox türk və rus konspiroloji təfəkkürünün təsiri altında səbəblə nəticənin yeri səhv salınır və konspiroloji miflər təkrarlanır. Bu vəziyyət “Dərviş Parisi partladır” filmində Elm İnqilabının baş verdiyi Avropadan dünyanın dörd bir tərəfinə səyahət edib bioloji, geoloji, etnoloji tədqiqatlar aparan alimlərin obrazı olan Müsyö Jordanın əsas motivinin anlaşılmaması və yerli ziyalıların nəbatat aliminin Qarabağa at və ya xalça alveri üçün gəldiyinin sanılmasından təfəkkürcə o qədər də fərqli deyil.
Aydındır ki, tutaq ki, turizm və nəqliyyat şirkətləri ciddi dəyər itirəcək, dijital platformalar və biotexnologiya şirkətləri dəyər qazanacaq. Cəmi bir neçə il əvvəl ucuz qiymətə alınmaları mümkün olan dijital şirkətlər indi milyardlarla dollarla ölçülən dəyərə sahibdirlər. Hər dövrün özünəməxsus yüksələn əmtəəsi var. Koronavirus karantinası nəticəsində online kommunikasiyaya tələbin kəskin artması, bu xidməti təklif edən Zoom platformasının qiymətini 40 milyard dollar artırıb.
Gec-tez bu virusun da vaksini tapılacaq. Həmin vaksini ixtira edən biotexnologiya şirkətinin dəyəri olduqca yüksələcək. O şirkət hətta Honq-Konqun artıq çətin vəziyyətdə olan Qantas Havayolları şirkətini belə ala biləcək. Bu halda vaksini tapan laboratoriyanın yerləşdiyi ölkənin əslində virusu bilərək yaydığı, məqsədinin şirkətləri ucuza almaq olduğu iddia ediləcək. Çox maraqlıdır ki, bu konspiroloji fərziyyələri sosial şəbəkələr vasitəsiylə tirajlayırlar, ancaq nədənsə bu qədər riskli və qlobal miqyaslı plan quran mərkəzlərin sosial şəbəkələri kontrol etməyə gücləri çatmır, dişlərini sıxıb “araştırmacı gazeteci yazarların”, ya da “elmi ladun”(“dərin elm”) bilicilərinin onları ifşa etmələrinə dözməli olurlar.
Çinə aid qədim bir rəvayətdə iki həkim qardaşdan danışılır. Hansının daha yaxşı həkim olduğunu soruşanlara kiçik qardaş deyir, “Mən xəstəlik ortaya çıxanda müdaxilə edirəm, kəsirəm, bükürəm əziyyət verib sağaldıram, məni hamı tanıyır. Böyük qardaşım simptomları görüb əvvəlcədən müalicə edir, ona görə də məşhur olmasa da, əsl həkim odur” deyir.
Müxtəlif miflərə və konspirologiyalara inanılan dövrümüzdə elm, Kassandra kimidir. Gələcəyi proqnozlaşdırma gücünə sahib olan yeganə bəşəri institut olsa da, səsini eşidən, ona qulaq asan yoxdur.
2007-ci ilin oktyabr ayında “Klinik mikrobiologiya” adlı elmi jurnalda nəşr olunmuş, 434 qaynağa istinad edərək 2003-cü ildə Çinin cənubunda kiçik miqyasda reallaşmış SARS epidemiyasını analiz edən bir məqalənin nəticə qismində belə yazılıb:
“Koronavirusların genetik mutasiya keçirib yeni genotiplər yaratması və yoluxma hallarına səbəb olma potensialı yaxşı bilinir. SARS-CoV tipli virusların yarasalarda böyük “hovuzunun” olması və Çinin cənubunda mövcud olan ekzotik heyvanları yemə vərdişi saatlı bombadır. SARS və digər yeni virus növlərinin yenidən yayılma ehtimalı hazırlıqlı olmağın vacibliyini yaddan çıxarmamağı tələb edir”.
Məqalədə əslində, “Perşembenin gelişi çarşambadan bellidir” deyilir. Bu gün Kassandra münasibəti göstərilən elmin proqnozlarını ciddiyə almayan Çin, İtaliya və DST təşkilatı vaxtında qabaqlayıcı tədbirlər görməklə vəziyyətdən çıxa biləcəkkən, indi gecikmiş və radikal addımlar atmağa məcbur olurlar. Çin rəvayətindəki böyük qardaş kimi davranan Almaniya isə Koch İnstitunun illər əvvəl hazırladığı hesabatı ciddiyə alıb tədbir gördüyü üçün bu prosesi ən az panika ilə yaşayan ölkə olacaq. Müxtəlif institutlarla əməkdaşlıq nəticəsində hazırlanan hesabatda iqtisadi dəstək proqramları belə əvvəlcədən nəzərə alınır.
İncəsənətdə mif uydurmağın zərəri bəlkə də yoxdur. Hətta Qalileyin İnkvizisiya məhkəməsində üzr istədikdən sonra “Onsuz da fırlanır” dediyini iddia edən mifdəki kimi, elm tarixində də bəzi miflər uydurmaq onu maraqlı edə bilər. Problem mifləri ciddiyə aldıqda başlayır.
İan Morrisin “sosial inkişaf” anlayışına daxil etdiyi fəaliyyət sahələrində Karen Armstronqun “Mifin qısa tarixi” əsərində fərqləndirdiyi kimi, “logos” əvəzinə “mythos”-a sığınmaq, həndəsi silsilənin kiçik dəyişikliklərinin nəzarətdən çıxmış böyük fəlakətlər gətirəcəyi anlarda çarəsiz qalmaq mənasına gəlir.
Operativ müdaxilənin nəticəsi. Epidemiyaya qarşı “bu gün” (qırmızı) və bir həftə sonra (sarı) alınan tədbirlərin qarşısını alacağı yoluxma sayı. Mənbə: The New York Times qəzeti.
Azlogos.eu