post-title

Koronavirusun faydaları

Suriyada vətəndaş müharibəsi dərinləşəndə, bərk sarsıntı içində idim. Dünya müharibəsinə ev sahibliyi edən ölkədə böhranın dərinləşməsi əsəblərimə sarsıdıcı təsir göstərirdi. Fikirləşirdim ki, “lokal dünya müharibəsi” tədricən digər ölkələrə də sıçrayacaq və biz qlobal fəlakətlə üzləşməli olacağıq.

Əlbəttə, Suriya müharibəsinə dair təşvişim sadəcə fərdi ağrılarımın miqyasının inikası idi. Həmin vaxt (təqribən beş-altı il əvvəl) emosional stabilliyim qaydasında deyildi, özüməinamsız və dəymədüşər olmuşdum: gecələr stresdən gözümə yuxu getmir, hər gün işə gecikir, münasibətlərim alınmır, mənəvi əzab-əziyyət girdabında çabalayırdım. Heç kimə dözümüm yox idi, hətta dostlarımın qarşısında edəcəyimiz söhbətlərdə məhdudiyyət qoymağa çalışırdım, bəlli mövzulardan kənara çıxılanda, bərk cırnayır, qan-qaraçılıq salırdım. Qısacası, depressiyada idim. Depressiyadan qaynaqlanan dramatikləşdirmək mərəzi də özünü ən çox qlobal fəlakət gözləntisində göstərirdi, Suriyada baş verənləri buna görə yaxından izləyirdim.

Bir gün yenə gecə yata bilmədim. Səhər yuxudan vaxtında dura bilmədiyimə görə də, yenə işə gecikdim. Yolu tələsə-tələsə keçəndə, polis məni saxladı. Bakı yollarında müəyyən olunmamış yerlərdən keçməyə görə, cərimələrin yazılmasına yenicə başlanılmışdı. Tərslikdən həmin vaxt bəzən cəriməni yerindəcə yazmırdılar, polis maşınına minib şöbəyə gedir, orada cərimələnməyinlə bağlı protokol tərtib olunurdu.

Polis maşınının içində polis nəfəri məndən nə işlə məşğul olduğumu soruşdu. Jurnalist olduğumu dedim. Polis nəfəri təəccübləndi, dedi ki, bəs bunu əvvəlcədən deyərdin də, sənə hörmət edərdik, cərimələməzdik. Mən də özümü sındırmamağa çalışdım, guya nümunəvi vətəndaşam, etdiyim səhvə görə cərimələnməyə hazır idim! Amma əlbəttə ki, boş söhbət idi, o qədər mənəvi təbəddülat içindəydim, jurnalist vəsiqəmdən sui-istifadə etməyi unutmuşdum (narahatlığa əsas yoxdur, indi nümunəvi vətəndaş olmağa çalışıram).

Bundan bir müddət keçəndən sonra başıma daha bir gülünc hadisə gəldi. Türkiyə Suriyada Rusiyanın hərbi döyüş təyyarəsini vurmuşdu. Bu dəfə fikirləşdim ki, vəssalam, daha hər şey bitdi, ilk dəfə bir NATO ölkəsi Rusiyanın təyyarəsini vurub salmışdı, dünya müharibəsi qapıdaydı!

Səhəri gün yenə işə gecikirdim. Huşum yerində deyildi, səhv marşrut avtobusuna mindim. Avtobusda məni yuxu tutdu, başımı pəncərəyə qoyub mürgülədim. Bir də gözlərimi açanda hiss etdim ki, xeyli vaxtdır yol gedirik. Ətrafdakı mənzərələr qətiyyən tanış gəlmirdi, avtobus başqa bir yolda hərəkət edirdi, aydın məsələydi ki, ya səhv nömrəyə minmişdim, ya da əks istiqamətə gedən avtobusa. Çölün, biyabanın ortasında irəliləyirdik, avtobusda məndən savayı da bir allah bəndəsi yox idi. Dişimi dişimə sıxıb gözlədim, acığımdan ağlamağım gəlirdi. Birazdan şəhərkənarına məxsus ürəksıxan mənzərələr gözə dəyməyə başladı: həyət evləri, tozlu küçələr, neft çıxardan mancanaq dəzgahları… İlahi, görən, mən hara gəlib çıxmışdım?

Avtobus sonuncu dayanacaqda saxladı, sürücü başını mənə tərəf çevirib “Qardaş, düşmürsən?” deyə soruşdu

Bu, son damla oldu. Bu əhvalatdan sonra, qəti qərara gəldim ki, daha belə davam edə bilməz, mütləq nəsə etməli, emosional stabilliyimi qaydasına qoymalıyam. Beləcə özümü müalicə etməyə başladım və zəhmətli bir dövrdən sonra ağır depressiyadan canımı qurtardım.

Bu fərdi nümunənin hansısa qəhrəmanlıq hekayəsi olduğunu iddia etməkdən uzağam, çox adamın həyatında ağır dövr olur və bu ağır dövrü geridə qoymaq üçün hərə bir cür xilas yolu axtarır. Lakin bir şey həqiqətdir ki, ağır dövrlər, böhranlar, kataklizmlər bizə mərhələ adlamaq, dərs çıxarmaq, təcrübə qazanmaq, daha da funksional insana çevrilmək üçün bir fürsət də bəxş edirlər. Bu, fərdi miqyasda da ola bilər, kollektiv miqyasda da.

İndi biz kollektiv böhranla üz-üzəyik.

Koronavirus nümunəsində ciddi kollektiv krizislə mübarizə aparırıq. Böhranı artıq hər kəs dərindən hiss etməkdədir. Əgər adicə hava almağa, parkda gəzməyə, insan arasına çıxmağa həsrət qalmışıqsa, daha bundan o tərəfi nə ola bilər?

Bütün dünya İkinci Dünya Müharibəsindən sonrakı ən çətin imtahandan keçir. Yoluxucu epidemiya hər yana hakim kəsilib, iqtisadiyyat dayanıb, insanlar evlərinə qapanıb, səhiyyə çökmək üzrədir. Hələ deyilənə görə, bunun sonrası da var. Qlobal iqtisadiyyat kataklizmlər dövrünə qədəm qoya, bəzi zəif ölkələr ümumiyyətlə çökə bilərlər. Gələcək qeyri-müəyyəndir.

Amma həm də bir çoxları əmindir ki, koronovirusdan sonrakı dünyanın mənzərəsi tamam fərqli olacaq, müsbətə doğru böyük dəyişikliklər baş verəcək. İndiyə qədərki təcrübələr göstərir ki, bunun reallaşması ehtimalı böyükdür, çünki insanlıq hər kollektiv böhrandan ciddi dərslər öyrənərək, müsbət təcrübələrlə çıxıb.

Koronovirusun aktual olduğu bugünlərdə indiyədək mövcud olmuş epidemiyalardan bəhs etmək yayğındır. Bu minvalla orta əsrlərdə Avropada əhalinin təqribən yarısını məhv edən vəba epidemiyasından da çox danışılır. Hərçənd vəba epidemiyasından danışılarkən, mütləq qeyd edilməli bir məqam çox vaxt unudulur: bu da hər nə qədər qeyri-təbii səslənsə də, vəba epidemiyasının gətirdiyi faydalardır.

Qara Ölüm dəhşətli fəlakət olub olmağına, lakin indi elm adamları Qərb sivilizasiyasının təşəkkül tapmasında onun həlledici rol oynaması faktını irəli sürürlər. Belə ki, vəba epidemiyası nəticəsində yaranan işçi qıtlığı əvvəlki qeyri-funksional münasibətlərin aradan qalxması zəruriyyətini yaratmış, ilk dəfə yuxarı zümrə əməkçi təbəqəyə güzəştlər tətbiq etməyə məcbur olmuşdu. Əvvəllər təhkimçi olan, yaşayış yerini tərk etməyə icazə verilməyən, iyerarxiyanın ən dibindəki kəndlilər vəba epidemiyasından sonra, daha çox hüquqlar əldə etməyə başlamışdılar.

Sözgəlişi, mən məktəbdə oxuyanda, bizə tarixdən 1381-ci ildə İngiltərədə baş tutan Uot Tayler üsyanı ilə bağlı dərs keçilərdi. Sən demə, İngiltərədə böyük kəndli hərəkatına başçılıq etmiş həmin bu Uot Taylerin üsyanı vəba epidemiyasından sonra baş tutubmuş, üsyan o qədər güclü imiş ki, üsyançılar Londonun bir qismini də tutmağa müvəffəq olublarmış. Qara Ölümün ardınca gələn bu üsyandan sonra İngiltərədə təhkimçiliyin aradan qalxması güclənmiş və demokratik təsisatların yaranması prosesi vüsət almışdı. Maraqlısı odur ki, bu cür müsbət dəyişikliklər Avropada əsasən vəbanın geniş yayıldığı coğrafiyada baş tutmuşdu. Digər bölgələrdə oxşar presedentlər baş verməmişdi. Vəba epidemiyasının daha az vurduğu Şərqi Avropada kəndlilərin təhkimçilikdən qurtulması çox daha sonrakı dövrə təsadüf edir, məsələn, məlum olduğu kimi, Rusiyada təhkimçilik 19-cu əsrin axırlarına qədər davam edib, bu da cəmiyyətin geri düşməsində həlledici rol oyanayan amil idi.

Elə buna görə də, vəba epidemiyasının böyük faydalarının olması fikri çox yayğındır. Böyük böhranlar xüsusilə fərdi miqyasda – sağlamlığın itirilməsi, fərdi ölüm qorxusu və ya ailə üzvünün itkisi – böyük əzab-əziyyətlərə səbəb olurlar, amma insanlığın kollektiv inkişafı baxımından müsbət təsir göstərirlər.

Bu nöqteyi-nəzərdən çıxış etsək, koronavirusun da müəyyən faydalarının olacağı gözləniləndir. Virusdan sonrakı dünya mütləq şəkildə fərqli olacaq: böyük ehtimalla, səhiyyə, ictimai və fərdi gigiyena daha da yaxşılaşacaq, iqtisadi riskləri aradan qaldırmaq üçün ciddi tədbirlər görüləcək, uzunmüddətli durğunluqdan sonra sənət sahəsində də böyük sıçrayış yaşanacaq, yeni və maraqlı sənət nümunələri ortaya çıxacaq.

Əlqərəz, bizi qarşıda fərqli və maraqlı dünya gözləyir, ona qədər hər kəs özünü maksimum qorumağa və başını saxlamağa çalışmalıdır.

Cavid Ramazanov
Azlogos.eu
Yuxarı