post-title

Kiçik ölkənin böyük dərdləri

Kiçik ölkə insanının böyük dərdləri olur. Kiçik ölkə olmaq, kiçik məsələ deyil. Əgər kiçik ölkəyə dair böyük ümidlərin varsa, bir gün yaşayacağın ümidsizliyin miqyası da o dərəcədə böyük ola bilər. Müasir gürcü yazıçısı Laşa Buğadzenin böyükhəcmli “Kiçik ölkə” romanı elə bu təzadın hekayətidir. Roman keçən il Gürcüstan Milli Kitab Mərkəzinin dəstəyilə “Qanun” nəşriyyatında oxucunu əsəbləşdirəcək qədər korrektə və tərcümə xətalarıyla Azərbaycan dilində nəşr olunub.   

 Gürcüstanla Azərbaycanın müqayisəsinə cəhd edəndə, “vaxsey” deyib başlarını tutanları təsəvvürə gətirmək çətin olmasa da, neyləmək olar, bəzi mövzular əbədidir, üstəlik öyrənməyin təməlində təkrarçılığın dayandığı da faktdır. Bu mənada “Kiçik ölkə” romanını burnumuzun dibindəki fəal, təlatümlü və dirəşkən cəmiyyətin bizdən sapıb ayrıca çıxdığı təhlükəli yolda başına nələrin gəldiyini görmək, öyrənmək üçün qiymətli mənbə hesab etmək olar.

 Romanda bəhs edilən Sovet keçmişindən asılılıq, kiçik ölkəyə xas komplekslərdən və qeyri-ciddilikdən qurtula bilməmək, odioz siyasət, köhnəpərəstlik, banallıq, dinin dominantlığının güclənməsi, inqilabi mübarizə, modernləşmə çabalarına mühafizəkarların müqaviməti kimi mövzulara əvvəldə qeyd edildiyi kimi, biz artıq müəyyən qədər bələdik. Yetərincə məlumatlı olmadığımız məsələ isə, elə məhz “Kiçik ölkə” romanının əsas sujet xəttini təşkil edən mövzudur, ki bu mövzu Azərbaycan və Gürcü intellektualının köhnəpərəstliklə, doqmatizmlə, daha konkret desək, dinlə mübarizədə necə bir yol keçdiyini gözlər önünə sərir. Sən demə, bizdə Rafiq Tağının başına gələn hadisələr Gürcüstanda Laşa Buğadzenin də başına gəlibmiş.  

 2002-ci ildə Laşa Buğadze 23 yaşında olarkən Gürcü kilsəsinin və gürcülərin müqəddəs saydığı gürcü kraliçası Böyük Tamara haqqında açıq-saçıq, satirik bir hekayə yazır. Hekayədə bir neçə məqam ciddi narazılığa səbəb olur: gənc müəllif bir yerdə 12-13-cü əsrlərdə yaşamış Böyük Tamaranın dalının “bütün gürcülərinki kimi yastı olduğunu” yazır, digər yerdə isə Böyük Tamaranın yenicə evləndiyi rus əri Yuri Boqolyubskinin onunla yatağa girməkdən imtina edərək, gözləri önündə kürt toyuğa təcavüz etməsi səhnəsini təsvir edir:

 Yuri çuxasını taxtın üstünə atdı, mütəkkəni yerinə qoydu və diz üstdə durdu, qanadlarını çırpan kürt toyuq isə... Və bütün bunlar şahlar-şahı Tamaranın gözü önündə baş verirdi...

 Tamara gözlərini əlləri ilə örtdü və sonra baş verənləri görmədi, sadəcə hiss etdi.

Onun yaxınlığında isti nəfəs, sonra isə bədənində soyumuş, titrəyən barmaqlar gəzdi...

Və ölümlə onun arasında bircə an qaldığını düşündüyü anda rus taxtın üstünə səvərdi, ayıb yerini çuxanın ətəyi ilə örtdü və elə yaş axıtdı, görən elə bilərdi, kiminsə yasını tuturdu...

Tamaranın çatılmış qaşlarının arasında qəzəbdən yaranan ilk qırış zərif iz salmışdı.

Gənc yazıçının hekayəsi böyük mərəkəyə səbəb olur, parlamentdə məsələ qaldırılır, kilsə işə qarışır, televiziya kanalları bütün ölkəyə car çəkir. Beləcə, Buğadze Gürcüstanda haqqında ən çox danışılan və nifrət bəslənilən şəxsə çevrilir. Mühafizəkarlar, dindarlar onu qisasla təhdid edirlər, kilsə nümayişkəranə şəkildə üzr istəməsini tələb edir, siyasətçilər, jurnalistlər onu söyüb təhqir edirlər. Amma bizdə Rafiq Tağıdan fərqli olaraq, Laşa Buğadze tamamilə tək buraxılmır, onu xeyli adam müdafiə edir. Sonda Buğadze tragikomedik şəkildə olsa da, hədəfdən yayınır, hücumlar səngiyir və çox keçməmiş Qızılgül İnqilabı baş verir.

 Hazırda Laşa Buğadze Gürcüstanda ən çox oxunan müəlliflərdəndir, dövlətin dəstəyilə əsərləri ingilis və fransızca daxil olmaqla, bir çox dillərə tərcümə olunub. 2007-ci ildə “BBC”-nin beynəlxalq ədəbiyyat mükafatına da layiq görülən müəllif hazırda ölkəsinin nüfuzlu telekanallarından birində ədəbiyyat verilişinin aparıcısıdır.  

 Bizdə isə, məlumunuz, oxşar presedent tragediya ilə nəticələndi. Rafiq Tağı 2006-cı ildə “Sənət Qəzeti”ndə yazdığı “Avropa və biz” məqaləsinə görə, əvvəlcə həbs olundu (onunla birgə qəzetin baş redaktoru Samir Sədaqətoğlu da həbs olunmuşdu), sonradan isə qətlə yetirildi. Samir Sədaqətoğlu isə ölkədən mühacirət etməyə məcbur oldu.

 Laşa Buğadzenin romanını oxuduğum günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin Rafiq Tağı və Samir Sədaqətoğlunun şikayəti əsasında Azərbaycan hökumətinə qarşı çıxardığı qərar əlimə keçdi.

 Avropa Məhkəməsi hakimlərinin rəyinə görə, Rafiq Tağının yazdığı "Avropa və biz" məqaləsi məhdud şəkildə dərk olunmamalıdır: “”Avropa və biz" məqaləsində İslam və onun sosial, fəlsəfi məqsədləri ilə bağlı bir neçə irad olsa da, mətni bütövlükdə oxuyanda aydın olur ki, məqalə əsasən Qərb və Şərq dəyərlərinin müqayisəsi ilə əlaqədardır, müəllifin bu dəyərlərin formalaşmasında dinin rolu, habelə həmin dəyərlərin dünyada və Azərbaycanda insan hüquqları və inkişafı kontekstində təsiri barədəki fikirlərini ifadə edir. Buna görə məqalə yalnız dini etiqadla əlaqəli bir məsələ kontekstində deyil, eyni zamanda ictimai maraq kəsb edən bir məsələ, yəni bir dinin cəmiyyətdəki və onun inkişafındakı rolunda mübahisə doğuran məsələ konstekstində analiz edilməlidir."

Avropa Məhkəməsinin qərarına görə, Azərbaycanda daxili məhkəmələr adıçəkilən məqalədəki konteksti düzgün tuta bilməyiblər və məsələni müfəssəl araşdırmaqda  müvəffəqiyyətsizliyə uğrayıblar. Avropalı hakimlər Rafiq Tağıya və Samir Sədaqətoğluna bir neçə illik həbs cəzasının verilməsini həm ölkədəki demokratik, intellektual dəyərlərə, həm də dini tolerantlığa kəskin zərbə vurduğu və özündən sonra pis presedentlərə gətirib çıxarmaq üçün münbit şərait yaratdığı qənaətinə gəliblər:  "məhkəmə təkrar edir ki, digər müdaxilə və təkzib vasitələri olduğu təqdirdə, cinayət məhkumiyyəti çox ağır sanksiyadır... Məhkəmə cari məsələdəki şərtlərin bu cür sərt cəzalar verilməsinə haqq qazandıra biləcəyini hesab etmir, ki bunlar həmçinin Azərbaycandakı ifadə azadlıqları təcrübəsinə xələlgətirici təsir göstərə və mətbuatın dinlə əlaqədar mövzulardan və dinin cəmiyyətdəki və ictimai maraq kəsb edən digər məsələlərdəki roluna dair mövzulardan yayınmasına gətirib çıxara bilər".

Biz artıq bilirik ki, Avropa Məhkəməsinin qərarında toxunulan və ehtiyat edilən məsələlər artıq reallaşıb. Rafiq Tağının "Avropa və Biz" presedentindən sonra Azərbaycanda onsuz da tənəzzüldə olan fikir və ifadə azadlığı biraz da tənəzzülə uğradı, intellektual mühitə isə ölümcül zərbə dəydi.

Halbuki bu cür çıxışları kəskin cəzalandırmamaqla, din daxil olmaqla, ictimai-siyasi əhəmiyyətli mövzuların müzakirəyə çıxarılması və mübahisələndirilməsiylə Azərbaycan bir müsəlman ölkəsi kimi fərqli bir yol tuta, fərqli bir imicə sahib ola bilərdi. Ən azından İran qaragüruhçuluğuna qarşı tutarlı bir cavab verilə bilərdi. Bu baş vermədi. Rafiq Tağı tək buraxıldı, sonda qətlə yetirildi və indiyəcən də qatilləri azadlıqda gəzir.

Gürcüstanda isə Laşa Buğadzenin timsalında əvvəldə tragikomedik gərginlik olsa da, sonda hadisələr faciəvi miqyas almadı. Ən əsası və əhəmiyyətlisi, Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadze söz və ifadə azadlığını əsas göstərməklə, müəllifi dəstəkləyibmiş:

 “İndi atam iştirak etdiyi görüşdə Şevardnadze söz azadlığını müdafiə edib, deyib ki, söz azadlığı insan hüquqlarının ən ümdə tərəflərindəndir. Həm də əlavə edib ki, bundan belə hamının borcudur ki, patriarxa hörmətlə yanaşsın. Tədbirdəki ziyalılardan biri, bir növ onunla razılaşmayaraq deyib ki, hər halda nəzərə almalıyıq ki, hər şeyi yazmaq olmaz. Onun cavabında, həmişə hazırcavablığı ilə seçilən prezident deyib: necə olmaz?! Yazana qadağa qoya bilməzsən, olar, hər şeyi yazmaq olar, amma sənə hər şeyi oxumaq olmaz...”

“Kiçik ölkə”ni oxuyarkən, əsasən bir şeyi başa düşürsən: bəzi kiçik ölkələrin dərdləri böyükdürsə, bəzilərininki lap böyükdür. Əgər Gürcüstan tragikomediyadırsa, onda Azərbaycan tragediyadır, absurd tragediya...

 Cavid Ramazanov

Azlogos.eu

Yuxarı