post-title

Vaginal təbəddülatlar və içimizdəki Tükəzban

Ümumən feministlərin etiraz motivlərini dəstəkləyirəm və əslində onların aktuallaşdırdığı məsələlər təkcə feminizmin yox, hamının problemidir: erkən nikahlar, qadın qətlləri, qadın azadlığının daim sorğulanaraq çərçivələrə salınması və s.

Hərçənd, bizim feminizm hərəkatında razılaşmadığım məqamlar var. Onların hamını öz doqmalarının, kriteriyalarının içinə salmaq cəhdini, alternativ fikrə psixoloji təzyiq səviyyəsində reaksiyalarını, müəyyən məqamlarda qabaran mizandriyanı (kişiyə nifrət) nəzərdə tuturam. Misalçün, “fahişə” sözünü hamı “seks işçisi” ilə əvəzləmək məcburiyyətində olmamalıdır. Xüsusən, kinoda, ədəbiyyatda “seks işçisi” dramaturji materialın tələblərinə semantik, kontekst baxımından uyğun deyil və yerinə oturmur. Üstəlik, mənə görə, fahişə poetik, gözəl sözdür və bir sıra hallarda konteksti dəqiq ifadə edir.

Qısası, bu və digər səbəblərdən özümü feminizm hərəkatında görmürəm.

Qərbdə də feminizmin absurda çatan tələbləri olur. Misalçün, aktivistlərin basqısı ilə ötən il Berlin və Kann kinofestivalları xüsusi memorandum imzaladılar ki, əsas müsabiqədə qadın və kişi rejissorlar bərabər sayda təmsil olunsun. Başqa sözlə, gender bərabərliyi prinsipi – müsabiqədə hər cür zibilin, kitçin nümayişini məqbul sayacaq. Kinematoqrafiyanın kimlərisə razı salmaq məqsədilə genderləşdirliməsi ideyası uğursuzdur, sənəti mahiyyətindən uzaqlaşdıraraq onu çərçivəyə salmaq və çox güman ki, hansısa istedadsız qadın kinematoqrafçıların öz ambisiyalarını feminizm adı altında reallaşdırmaq cəhdidir.

Və yaxud bu il Fransa Kinoakademiyası Roman Polanskinin “Zabit və casus” filmini Sezar mükafatına on iki nominasiyada irəli sürmüşdü. Qəzəbələnən feminist fəallar vaxtilə seksual zorakılıq etdiyinə görə rejissora qarşı etiraz kampaniyasına başladılar…

Sevdiyim 50 rejissor siyahısında Polanskinin adı yer almaz. Onun ayrı-ayrı vaxtlarda müxtəlif qadınlara seksual zorakılığını da dəstəkləmirəm, cinayət varsa cəza da olmalıdır. Bununla belə şəxsiyyət yaradıcılıqdan ayrı tutulmalıdır. Üstəlik, əgər bu, Polanski kimi öz üslubu, kinodili olan peşəkar, usta rejissordursa. Polanski zorakılıq göstərib deyə, elə təkcə onun dramaturgiyasına, rejissor işinə görə son illərin ən parlaq işərindən biri olan “Carnage” filmini görməzdən gələ bilmərəm. Polanskiyə qarşı kampaniya aparanlardan biri, onunla Sezar mükafatında rəqib olan, feminist fəal, rejissor Selin Syamma idi (“Alovdakı qız portrerti” filminə görə). Hərçənd, Syammanın səmimiyyəti də sorğulanmalıdır ki, kampaniyada əsas məqsədi nə idi: rəqibini sıradan çıxarmaq, qısqanclıq yoxsa onun davranışı gerçəkdən qadın haqlarının təəssübkeşliyindən doğurdu?

Elə səmimiyyətdən söz düşmüşkən… Bir neçə gün öncə feminsitlərin keçirdikəri aksiyada, qızlardan birinin əlində tutduğu “Qız mənimdir, nə istəsəm edərəm. Vagina mənimdir, kimə istəsəm verərəm” indiyədək mübahisə mövzusudur. Həmin şüarın stilistikasını qəbul etməsəm də, onun səslənməsini də faciə saymıram. Ondan “Müsibəti-Fəxrəddin” düzəldib, isterikaya düşənləri də anlamıram, onların bir qisminin səmimiyyəti isə şübhəlidir. Sadəcə, qadın (plakatı qaldıran xanımı nəzərdə tutmuram, ümumi deyirəm) istədiyi kimi yaşamaq haqqını əldə etmək istəyir və uğurlu ya uğursuz fikrini ifadə edib. Bundan başqa şüar mahiyyətcə erkən nikahlara, ağsaqqal-ağbirçək institutunun qadının qərar vermək azadlığına, həmçinin seksual həyatına müdaxiləsini və s. qadağalara protesti ifadə edir. Səhv – nəzərdə tutulan məqsədin intonasiyasının plakatda doğru vurğulanmamasıdır. Sözlərin dəqiq seçilməməsi üzündən birinci fikir-problem, ikinci fikrin kölgəsində itir-batır. Qısası, məqsəd aydın olsa da, stilistik yanaşma hədəfi qavramağı əngəlləyir. Vulqarlıq ideyanı əzməməlidir və ciddi hədəflər, problemlər daşıyan vulqarlığın özünün belə estetik olmaq zərurəti yaranır.

Səmimiyyət məsələsinə qayıdıram. Plakatı qaldıran Aysel Ələkbərzadə sosial şəbəkədə səbəbkarları açıqlayaraq, intihara cəhd göstərib. Bundan sonra sosial şəbəkədə onun ayrı-ayrı vaxtlarda yazdığı statuslar paylaşılıb. Anladığım qədərilə A.Ələkbərzadə yürüşdə bəyan etdiyi şüarın əksinə olaraq, digər statuslarında başqalarının özəl həyatına müdaxilələr edib. Yəni həyatının məqsədinə çevridiyi prinsiplərin, dəyərlərin müəyyən situasiyalarda əleyhinə gedib. Ayselin səmimiyyətini sorğulamıram və ona yüklənməyi, onu günahkar çıxarmağı doğru saymıram. Çünki problem Aysel deyil, ümumən səmimiyyət əksikliyindən əziyyət çəkən cəmiyyət, mühit, ailə institutudur. Və Aysel də bu cəmiyyətin məhsuludur.

Sadəcə, bu və digər oxşar situasiyalar sual yaradır: niyə proqressiv ideyaları bəyan edən, mübarizə aparan adamların içində həm də tükəzbanlar, xudayarlar mürgüləyir və zaman zaman üzə çıxır?! Nədən təhsilli, dünyanı gəzən, bir neçə dil bilən adamların təfəkkürü total dəyişə bilmir? Nədən sonadək prinsiplərimizdə səmimi ola bilmirik? Bizim marginallığımız hansı səbəblərdən qaynaqlanır? Bunlar mənim üçün yalnız sualdır.

Amma yəqin, problemlər həm də ondan qaynaqlanır ki, biz çox travmatik toplumuq: uduzulmuş müharibə, qeyri-sabit sosial-iqtisadi-psxioloji durum, realizəsinə imkan olmayan arzular, laxlayan ailə dəyərləri, küncə sıxılmış seksual enerji və s.

Sevda Sultanova
Azlogos.eu

Yuxarı