Bizdə özünü haqlı sayan intellektualların, aktivistlərin, müxalif siyasilərin və digərlərinin onillərdir ki, öyrəşdiyi bir ritorika var: ittiham etmək və hökm çıxarmaq. İttiham edərkən və hökm çıxararkən, bir qayda olaraq, kobud ümumiləşdirmələr aparılır və küll halında ifşa etmək məqsədi güdülür.
Bu çılpaq ifşa dilini müəyyən mənada başa düşmək olar: haqq göz görə-görə oğurlanırsa, açıq-aşkar ədalətsizlik törədilirsə və əksəriyyət bunu görməmək, eşitməmək və danışmamaq üçün kənara çəkilirsə, axı sən insansan, emosiyaların coşur, iştirakçıların hamısını ağ yuyub qara sərmək, təhqir və ifşa etmək istəyirsən.
Başadüşüləndir. Lakin istənilən halda, bunu peşəkarlıq nöqteyi-nəzərindən yetkin münasibət və ritorika hesab etmək olmaz. Üstəlik çılpaq ifşa dili həm də ona görə dəyərsizdir ki, ondan naftalin qoxusu gəlir: yaradıcı qısırlığın, emosional reaksionerliyin və basmaqəlib müxalif (daha geniş mənada) dilin əlamətləri var onda. Bizdə onillərdir bu dildən istifadə edənlər sadə bir həqiqəti əxz etmək istəmirlər: haqlı olmaq, təhqir və alçaltma dilindən istifadəyə haqq qazandırmır.
Son seçkilərdə bu ritorikanın necə məhdud olduğuna bir daha şahid oldum. İş elə gətirdi ki, parlament seçkilərində seçkiləri müşahidə edən xarici bir qrupa tərcüməçilik edəsi oldum. Beləcə, öz ölkəmi və insanlarını ilk dəfə həm də xaricilərin gözüylə daha yaxından müşahidə etmək fürsəti qazandım.
Seçkilərdəki ən mühüm məqamlardan biri özlərini haqlı sayan, elə bir çox məqamlarda da haqlı olan kəslərin kobud və çılpaq ritorikalarına görə haqsız vəziyyətə düşməsi idi. Bu kəslər rəqiblərini və onların tərəfdarlarını (könüllü, ya qeyri-könüllü) müxtəlif epitet və metaforalarla təhqir etməkdən çəkinmir; öz mübarizələrini Xeyir və Şər mübarizəsi kimi görür və Şər sandıqlarını alçaldarkən, bunu normal və təbii bir şey hesab edirdilər.
Seçkilərdə ən çox eşitdiyim söz bu idi: Şərəfsiz…
Xeyir və Şər kimi mücərrəd anlayışları kənara qoysaq, konkret olan bir məsələ var: təhqir və alçaltma dilindən istifadə edən kəslərin də ən böyük istəyi seçkilərdə qalib olmaq və hakimiyyətə gəlmək idi. Əgər mahiyyət hakimiyyətə gəlmək kimi həssas bir məsələdən ibarətdirsə, daha səliqəli, daha demokratik və empatik bir dildən istifadə etmək məqbul sayılmazmı? Özünü demokrat hesab etməklə iş bitmir axı, tarix özünü dünyanın ən demokrat insanı kimi qələmə verib, hakimiyyətə gəldikdən sonra başkəsənə çevrilənlərin hekayətləriylə doludur. Demokrat insan danışığında, davranışında, evdə, çöldə, böhranlı və böhransız istənilən situasiyada demokrat olduğunu sübut etməyə çalışmalıdır.
Gediləsi uzun bir yol olan demokratiya yoluna çıxarkən, qurulan ritorika böyük əhəmiyyət kəsb edir. Bir siyasətçinin, ziyalının, intellektualın miqyası isə onun ritorikasının dərinliyi ilə, dəyər yaratma gücü ilə ölçülə bilər. Bizdə dəyişiklik iddiasında olan əksəriyyətin ən çatışmayan xüsusiyyətlərindən biri budur. Seçkilərin təbliğat-təşviqat mərhələsində əksər namizədlər kütləni dəyər daşıyıcısına çevirməli və sürüdən fərd əmələ gətirməli olduqlarını unudaraq, bəsitcə xal toplamaq üçün mütləq kütlənin səviyyəsinə enirdilər. Seçkilərdən sonrakı mərhələ isə kütləvi “şərəfsiz, şərəfsizsən, şərəfsizsiniz” şüarlarının səslənməsiylə yadda qaldı. Hələ bu seçkilərdə müxalifətin daha qatı hissəsi iştirak etmirdi, iştirak etsəydi, necə bir vakxanaliya baş verəcəkdi, təsəvvür etmək çətin deyil…
Halbuki yaxın dövr dünya demokratiya hərəkatlarından, insan haqları mübarizələrindən çox şey öyrənmək olardı. Elə ən tez yada düşənləri Mahatma Qandi, Nelson Mandela və Martin Lüter Kinq kimi dəyər yaradıcılarının yaratdıqları hərəkatlardır. Bəlkə heç uzağa getməyə də ehtiyac yoxdur, bizim yaxından bələd olduğumuz Türkiyə siyasətində Ekrem İmamoğlunun öz davranışları və ritorikası ilə son İstanbul bələdiyyə seçkilərində qazandığı parlaq qələbəni yada salmaq kifayət edər. Qandi, Mandela, Kinq və İmamoğlu ritorikasında bol-bol “şərəfsiz” epitetindən istifadə etsəydi, təhqir və alçaltma dilindən yararlansaydı, çətin ki, tarixə düşər və böyük dəyişiklikləri həyata keçirə bilərdilər.
Kəskin tənqid və ifşa dilinə, verilən çoxsaylı vədlərə baxmayaraq, Azərbaycanda xalqın küll halında parlament seçkilərinə gəlməməsi bəlkə də təsadüf sayılmamalıdır. Siyasi mübarizənin Xeyir və Şər mübarizəsi kimi təqdim olunduğu bu qədər illər ərzində məlum oldu ki, sadə insanların əksəriyyəti Xeyir və Şər mövzusuna yaxından bələd olsalar da, mübarizəni bu müstəvidə görmürlər. Onlar bunu görmür və hərəkətə keçmirlər deyə, nə qədər istəsən tənqid və ifşa edə bilərsən, amma nə mənası, axı əvvəl-axır sənin bu insanlara daha çox ehtiyacın var. Seçici kimi, sosial baza kimi sənin yeganə resursun bu insanlardır, onlarla ümumi dil tapmalı olan sənsən, təbii ki, bunu həqiqətən istəyir və dərk edirsənsə.
Böyük ehtimalla, Azərbaycanda həqiqi siyasi, sosial və mədəni dəyişikliklər yeni ifadə formalarının və yeni yaradıcı yanaşmaların yaradılmasının əhəmiyyətini başa düşdükdən və bunları yaratdıqdan sonra baş verəcək. Siyasilərin, aktivistlərin və intellektualların qəlibləşmiş çılpaq ifşa dili isə nəinki köhnəlib, hətta çürüyüb və artıq işə yaramır. Yeni ifadə formaları və yanaşma metodları tapılmasa, çətin ki, hansısa böyük dəyişikliklərdən söhbət gedə bilər.
Cavid Ramazanov
Azlogos.eu