Bu günlərdə politoloq dostumuz Rəşad Şirin sosial şəbəkədə yazdığı qeyddə cəmiyyətin həssaslığının artdığından bəhs etdi. Onun fikrincə son zamanlar populyar şəxslərin, o cümlədən sənət və siyasət adamlarının fikirləri əvvəlki dövrlərə nisbətən daha artıq rezonans doğurmağa başlayıb. Müəllif bunun baş verməsində müasir media, sosial şəbəkələrin gördüyü işi “vacib” kimi qeyd edir və başa düşdüyüm qədəri ilə bunu səbəblərdən biri olaraq göstərir.
Rəşadın əsas mövzusu əslində başqa – elə başlıqda yazıldığı kimi – “quşlamaq”, yəni siyasətçilərin və artistlərin danışıqlarında diqqətsizliyi olsa da, mövzunun bura qədərki hissəsi mənim bir daha yaşadığımız dünyanın artıq nə qədər fərqli olduğu barədə fikirlərə qərq olmağıma bəs etdi və nəhayət onları sizinlə bölüşməyimə səbəb oldu ki, indi xidmətinizə ərz etməyə çalışacam.
Fikrimcə, sosial şəbəkələrin ictimai katalizatorluğu, əlbəttə, danılmaz fakt olsa da, bu, onların həmin situasiyanın monitoru rolunun yanında daha az əhəmiyyət daşıyır. Çünki, əslində insanlar həmişə danışıblar: evdə, işdə, küçədə, çayxana və digər ictimai iaşə məkanlarında, ən uzaq halda, qorxulu vəziyyətlərdə özləri özləri ilə – sadəcə heç vaxt səsləri indiki kimi eşidilməyib. İndi isə onlar danışarkən üzlərini bütün dünyaya tuta bilir və biz də əvvəlki vaxtlara nisbətən daha çox adamın fikri ilə tanış ola bilirik. İnsanlar internetdə elə real həyatda danışdıqlarından bəhs edir. Bir az da irəli getsək hətta güman edə bilərik ki, sosial şəbəkədə insanlar özlərini daha dəqiq, bəlkə də daha səmimi ifadə edirlər.
Politoloq dostumuzun yazının sonunda haqlı olaraq qeyd etdiyi kimi, dövran dəyişib, amma bu dəyişiklik yalnız bizdə deyil, dünyanın hər tərəfində baş verib və verməkdədir. Ən inkişaf etmiş ölkələrdə belə, cəmiyyət məsələn iyirmi il əvvəlki kimi görünmür. Bunun əsas səbəbi də əlbəttə ki, yenə də internet və sosial şəbəkələr: yəni hər kəsin öz sözünü bütün dünyaya çatdıra bilməyinin mümkün olduğu platformaların mövcudluğudur. Artıq elə bir dünya yaranıb ki, nəinki populyar şəxslərin, hətta ən sıravi adamlardan birinin belə düşüncəsi cəmiyyətdə gözlənilməz reaksiya doğura bilir. Cəmi bir neçə onillik bundan əvvəl isə onun səsini ən yaxşı halda müəyyən bir zaldakı auditoriya, bəlkə də çox dar bir çevrə eşidəcəkdi.
Əvvəllər sıravı şəxsin öz fikrini cəmiyyətə çatdırması demək olar ki, mümkünsüz, yaxşı halda uzun bürokratik prosedurlardan və redaktələrdən sonra baş tuta biləcək bir iş idi. O da, əgər cəmiyyəti idarə edənlərin siyasətinə sərf edərdisə.
Əvəzində cəmiyyət yalnız həmin idarəçilərin, yəni faktiki bir neçə insanın – onlar da dövrə görə ya təsadüfən, ya səhvən, bəzən isə layiqincə o məqamlarda olurdular – fikirlərinin təsirində olurdu. Cəmi bir neçə onillik bundan əvvəl dünyanın əksər ölkələrində demək olar yalnız bir əsas TV kanalı fəaliyyət göstərirdi – o da təbii ki, dövlətə aid idi. Milyonlarla insan dünyada baş verənlərdən xəbər tutmaq üçün müəyyən olunmuş saatda kütləvi surətdə televizor qarşısına keçirdi – SSRİ, Çin kimi ölkələrdə onların sayı yüz milyonlarlaydı. Həmin yüz milyonlar eyni qaydada, kütləvi şəkildə müəyyən saatda veriləcək filmin yolunu gözləyir, səhər isə işdə, ya dərsdə eyni kütləviliklə bunu müzakirə edirdi. İndi biz o, daha totalitar dünyanı zorla xatırlayırıq. İndi insanların mövzuları da, maraq dairələri də və ən mühümü informasiya mənbələri də müxtəlifləşib. Çox şişirtmə kimi çıxmasın, bir müddət sonra hətta insanların bir-birlərini anlaması da çətinləşə bilər.
“Bir TV-li dövrdən” daha pisi var idisə, o da yəqin ki ondan əvvəlki, şərti olaraq “bir kitablı” adlandıracağımız dövr idi. Bu o dövr idi ki, “kitab” kəlməsi indi biz öyrəşdiyimiz kimi ümumi deyil, xüsusi isim idi. Sadələşdirərək ifadə etsək, ondan hər cəmiyyətdə bir dənə olurdu. Bizim, müasir insanların o dövrü təsəvvür etməyimiz bir qədər çətindir, amma cəhd edə bilərik. Təsəvvür edin ki, radio, televiziya, internet – bunlar heç biri mövcud deyil, bunların hamısının əvəzində isə Kitab adlanan bir nəsnə mövcuddur və cəmiyyətə lazım olan bütün informasiya onda toplanmış hesab olunur. Məsələn, xristianlığın müqəddəs kitablar toplusu sayılan “Biblia” sözünün kökündə yunan sözü biblos durur. Razılaşaq ki, o zaman cəmiyyətdə kitab müxtəlifliyi olsaydı, onların sadəcə birinə Kitab adı verməzdilər.
O kitablarda əl-üz yumaq qaydasından tutmuş vərəsəliyin detallarına qədər – bütün vacib hesab olunan məsələlər göstərilirdi. Əsrlərlə dəyişikliyə uğramayan bu kitab həm də dünyanın yaranması və gözlənilən sonluğu, o cümlədən ölümdən sonrakı həyat barədə bəhs etdiyinə görə müqəddəs hesab olunurdu. Kitab özü bir tərəfə, yazının özü sadə insanlar tərəfindən müqəddəs sayılırdı: zarafat deyil, qəribə şəkildə çəkilmiş cizgilər müəyyən bir məna verir və azsaylı bilicilərın hamısı onu eyni cür oxuyur. Şübhəsiz ki, o yazı da, o yazı yazılan Kitab adı verilən nəsnə də, o nəsnədə yazılanlardan baş çıxara bilən adam da – hamısı adi (və təbii ki,) savadsız insanlar tərəfindən müqəddəs sayılır, Tanrı adlandırılan sonuna qədər anlamadıqları, bəlkə də həm də buna görə qorxduqları, əbədi idarəsi altında olduqlarını təsəvvür etdikləri varlıqla assosiasiya olunurdu. Beləliklə də gələcək nəsillər, o cümlədən o Kitabı sonradan qəbul edən başqa cəmiyyətlər tərəfindən adi əl-üz yuma qaydası artıq xüsusi bir rituala çevrilir, ona xüsusi bir məna verilirdi.
Amma, hətta o uzaq dövrlərdə belə insanlar danışır, ətrafda baş verənlərə bəzən qorxaraq, bəzən cəsarətlə, bəzən sadəlövhlüklə – hamısı elə indiki kimi – reaksiya verirdi. Sadəcə onları çox böyük auditoriya eşitmir, bu deyilənlər qeyd olunmur və buna görə də yadda qalmırdı.
Amma yavaş-yavaş yaza bilənlərin sayı artır, bir müddət sonra ortalığa başqa kitablar da çıxırdı. Diqqət etsək görərik ki, tarix boyu “kitablar”ın sayı artdıqca həmin o müqəddəs hesab olunan Kitabların təsiri azala-azala gedib. Beləliklə, bu özü əslində qədimlərdən gələn bir tendensiyadır və günümüzdə də davam etməkdədir.
İnsanların özünü ifadəsi üçün şəraitin genişlənməsi təkcə bu danışdığımız formada – sosial müstəvidə baş verməyib, digər sahələrdə, məsələn incəsənətdə də özünü göstərib. Elə internet və sosial şəbəkələrin yaranma səbəbi kimi, burada da mühüm rolu şərti olaraq elektrotexnika adlandıracağımız vasitələr oynayıb.
Götürək musiqi sahəsini. Yüzilliklər idi ki, müğənni üçün boğaz tellərinin, ifaçı üçünsə alətinin səs gücü onun karyerasını müəyyən edəcək başlıca amillərindən sayılırdı. Müğənnilərin və musiqi alətlərinin səsi şəhərlərdə opera teatrlarını, kəndlərdə böyük açıq sahələri doldurmaq gücündə olmalıydı. Sözsüz ki, bu rəqabətə çox az adam girişir və girişəndən sonra da davamlı olaraq formada qalmaq məcburiyyətində olurdu.
Mikrofon, həmçinin səsgücləndirici texnikanın yaranması isə “səs gücü” kimi əslində fiziki göstəricisi aşağı olanlar, amma musiqi duyumları yüksək olanların qarşısında mühüm bir baryeri dağıtdı. Artıq səsi güclü olmayan, amma gözəl və mənalı hesab edilə bilənlər də öz sənətlərini ictimaiyyətə təqdim edə bilərdilər. Lap istəyirsən pıçıltı ilə oxu – sən də özünə nəhəng auditoriya toplaya bilərsən.
Elə burada da növbəti səhifəni internet və sosial şəbəkələr açdı: onilliklərlə artistlər öz məhsullarını daha geniş auditoriyaya çatdırmaq üçün yekun olaraq hər hansı bir şirkət trəfindən də bəyənilməli idi. Hal-hazırda yaşadığımız dövrdə isə bu maneə də aradan qalxıb – sən öz musiqi məhsulunu fərdi qaydada internetə yerləşdirib dünyanın dörd tərəfində yaşayanlara təqdim edə bilirsən.
Yeri gəlmişkən, informasiyanın yayılmasında coğrafiyanın əhəmiyyətinin həddən aşağı düşməsi bir müsbət tendensiyaya da şərait yaradır: müxtəlif cəmiyyətlərin inkişaf etməsi üçün onların dünyanın hansı səmtində məskunlaşmasının mühüm önəmi qalmır. Yaxşı mütəxəssis yetişdirmək və ya işi effektiv idarə etmək üçün vasitələr yalnız dünyanın müəyyən hissəsində toplanmayıb. Elmi-texniki tərəqqinin gətirdiyi imkanlarla istənilən coğrafiyada məskunlaşmış cəmiyyəti inkişaf etdirmək mümkün ola bilir. Yəni, çərxi-fələyin gərdişindən narahat olmağına dəyməz; təzəcə qədəm basdığımız yeni dövran əvvəllər səsləri eşidilməyən fərdlərin və yalnız coğrafi vəziyyətlərinə görə geridə qalmış cəmiyyətlərin tərəfindədir.
Firudin Allahverdi
Azlogos.eu