Aranızda qışlamağa isti ölkələrə köçən quşların uçuşunu seyr etməyən çətin tapıla. Bəs, bu uzaqmənzilli quşların uçuş zamanı pazşəklində düzülmə səbəbi haqda da düşünmüsüzmü heç?
Britaniyalı zooloqlar bunu tədqiq edib qəribə bir nəticəyə gəliblər. Öyrəniblər ki, uçuş prosesi aerodinamika qanunları ilə idarə olunur. Öndə gedən quşun qanad çalmasından yaranan hava axını arxadan gələn quşun qalxmasına kömək edir, uçuşunu asanlaşdırır. Bir qədər yanakı uçan quş bu hava axınını daha rahat tuta bilir. Paz şəklində uçuşla hava asan yarılır. Beləliklə, dəstənin sinxron halda hərəkəti ümumi harmoniya yaradır və sanki qabaqda gedən arxadan gələni dartıb aparır.
Ard-arda düzülüş quşların enerji sərfini azaltmaqla yanaşı onların sürətini də artırır. Sən demə, birgə uçuş təklikdə uçuşla müqayisədə sürəti 71 faizədək yüksəldirmiş. Bu minvalla, yəni bir-birinə yardım edə-edə quşlar uzaq yerlərə (oxu: hədəflərə) daha tez çatırlar.
Son vaxtlaracan belə izah olunurdu ki, köçəri quşları böyük səfər zamanı başçı quş (quşbaşı) idarə edir. Elə deyilmiş. Quşların vahid lideri yoxdur. Sadəcə, yolun ağırlığı ona düşdüyündən ən başda gedən quş tez yorulur. Tamam əldən düşməmiş sürünün arxasına keçib yerini özündən sonra gələnə verir. Beləcə, liderlik vaxtaşırı dəyişir.
Dəstədə haray salan, qışqırışan arxadakı quşlardır. Onlar bununla öndəgedənləri irəliyə həvəsləndirir, ruhlandırırlar. Qabaqda gedən liderini alqışlayan kütlə kimi.
Bunları niyə yazıram?
Parlament seçkisi haqda son günlər sosial şəbəkələrdə açılan saysız müzakirələrə qoşulmağa bir iynəgözü belə həvəsin olmayanda ən canqurtaran iş elə balaca bir yazı yazmaqdır.
***
Başqaları ilə eyni istiqaməti hədəfləyib çiyin-çiyinə addımlayan adamları irəli aparan qüvvə bir-birinə bəslədikləri güvən hissidir. Məhz hərəkət anındakı birgəlik insanlarda belə bir duyğu yaradır. İlk dəfə bu cür xoş həyəcanı 1988-ci ilin mitinqlərində yaşamışam – eyni murada birgə can atan yüzminlərin insan selində kosmik fəza yüngüllüyü duymuşam.
Sonra bu “yüngüllük” “ağırlıq”la əvəzləndi, çünki səfimiz perik salındı, ümumi hədəfdən yayındıq, yarı yolda qaldıq.
Hazırlıqsız cəmiyyət lider bolluğunda pərən düşüb yolu azdığı kimi, taleyini bir nəfərin iradəsinə bağlayan toplumların da hədəfdən yayınmaq riski böyükdür. Əlbəttə, söhbət bəlli hədəfi olanlardan gedir, allahumuduna yaşayanlardan yox.
Demokratik ənənələrin oturuşduğu ölkələrdə özünüidarə üsulu üfiqlərin o üzünü qəsd etmiş quş qatarının hərəkət mexanizminə bənzəyir.
Belə cəmiyyətlərdə hər kəs uzaq uçan quşlar təki ümumdavranış qaydalarına tabedir. Hamının iştirakı və məsuliyyəti bərabərdir deyə, belə toplumlarda “ağ atlı oğlan”, “ümummilli lider” ağla gəlmir.
Yaşadığım İsveçdən deyim. Uzaq XVI əsrdə Stokholmu danimarkalılardan azad etməklə qəhrəmana çevrilmiş Qustav Vasadan sonra adamların kimisə “öndər” gördükləri haqda bir yazı rastlamamışam. Neçə əsrdir, krallarını belə sıravi vətəndaş kimi yaşamağa vadar ediblər.
Avtoritar rejimlərdə isə belə deyil!
Kəsəsi, sözümün canı odu ki, köçəri quşların bəlli hədəf yolunda sərgilədiyi birgə hərəkət mexanizmi təbiətin insanlara verdiyi yaşam örnəklərindən biridir. Bu təbiət qanununu öz həyatında tətbiq edib uğur qazanan xalqlara yox, özümüzə baxaq. Heç, 100 il əvvələ də getməyək, elə son 30 ilə nəzər salsaq, yetər.
Konkret məqsəd naminə hər yola çıxdığımızda öz halaypozanlarımız səfimizi dağıdıb! 1990, 1992, 1993, 1998, 2003, 2005 və sairə illərdə baş verənlərin hər biri haqda yekə-yekə yazılar yazmaq olar, amma tarixi qurdalamağa gərək yoxdu, onsuz da aydın olmayan daha heç nə qalmayıb.
Bəs 2020-ci ilə nəylə gedirik? Hədəfimiz haradır? Səfimiz düzülübmü? Bunu siz məndən yaxşı bilərsiniz.
Mənim bildiyimsə budur: hədəf vektorunu üzü Qarabağ və ədalətli cəmiyyətə doğru çevirib hərəkət mexanizmini işə salsaq, Azərbaycan tarixinə cümhuriyyətçi atalardan sonra ən uğurlu nəsil kimi düşərik. Yerdə qalan bütün işlər özünüaldatmadan başqa bir şey deyil.
Şükür yaradana, öyrənmək üçün canlı varlıqlarının simasında bizə gözəl örnək də verib. Uzaq hədəfləri birgə uçuşlarıyla yaxın edən durnaları, qazları, ördəkləri, leyləkləri, … deyirəm.
Vahid Qazi
Kultura.az