post-title

Xoşbəxt istisna

20-ci əsrin son rübündə Milan Kunderanın qələmindən çıxan dahiyanə romanlardan sonra mühacirətlə bağlı axı yeni nə yazıla bilər, deyə hərdən sadəlövhcəsinə düşünür insan. Amma fakt budur ki, hazırda mühacirət ədəbiyyatı ən populyar dövrünü yaşayır. Yazılan saysız-hesabsız romanlar, memuarlar, hekayələr, ssenarilər bizə mühacirətin nə qədər ağrılı olduğunu təlqin etməyə çalışır. Bəzən əslində, heç bunlara da ehtiyac qalmır, qarşına elə bir xəbər çıxır ki, səni bir romandan da çox mütəəssir edə bilir.

Belə xəbərlərdən birini bugünlərdə “BBC”də oxudum.

Bir insan qaçaqmalçısı Rusiyanın şimalında saxta Finlandiya-Rusiya sərhəd qapısı qurub və sərhədi keçmək vədi ilə bölgəyə gətirdiyi mühacirləri buradan “Finlandiyaya yola salıb”.

Mühacirlər Avropaya keçdiklərini zənn edərək, meşədə xeyli gəzib dolaşıblar. Qəfildən sərhəd keşikçiləri qarşılarını kəsəndə isə, hələ də Rusiya torpaqlarında, Viborqun bataqlıq meşələrində var-gəl etdiklərini başa düşüblər.

Sosial şəbəkələrdə yayılan video kadrlarda qalın paltarlar geyinmiş dörd nəfər mühacirin qaranlıq və soyuq meşədə əllərini çarəsizcə yuxarı qaldıraraq, sərhəd keşikçilərinə təslim olduqları görünür, sifətlərində də dünyanın kədəri.

Cənubi Asiyadan olan bu mühacirlər qaçaqmalçıya onları Finlandiyaya keçirsin deyə, adambaşına 10 min avro pul veriblərmiş. Faktla bağlı artıq məhkəmə qərarını verib: mühacirlər öz ölkələrinə deportasiya olunacaqlar, qaçaqmalçının məhkəməsi isə davam edəcək, ona daha ağır cəzanın verilməsi gözlənilir…

Bəlkə də bu xəbərdən çıxaracağımız qənaət səfalətdən qurtulmaq istəyərkən, mühacirət yoluna düşən insanın necə bir absurd qəhrəmana çevrilməsidir. Elə bir absurd qəhrəman ki, onu yaratmağa ancaq ən ürəksiz dələduzlar və ən qəddar yazıçılar cəsarət edə bilərlər.  

***

Amma insanın mühacirət yoluna düşməsində və absurd qəhrəmana çevrilməsində heç də həmişə səfalət faktı rol oynamır.

Məhz özündən bezdiyin üçün də yollara düşə bilirsən. Anadangəlmə narahat, tənha, nə başqalarıyla, nə də özləriylə dil tapa bilən adamlar var və belələri çoxdur, bütün kartları oynayıb qurtarandan sonra, bir gün başqa yerlərə çıxıb getməyin içlərini yeyən qurdu sakitləşdirəcək yeganə seçim olması xəyalına qapılarlar və günlərin bir günü nəhayət, ölkələri ilə aralarındakı göbək bağını kəsərək, doğurdan da birdəfəlik çıxıb gedərlər. Lakin belə insanları bir-birlərinə birləşdirən bir digər bağ da getdikləri yerlərdə arzuladıqları xoşbəxtliyi və doyumu heç vaxt tapa bilməmələridir.

Dünyanın o biri ucunda bir dəfə belə bir adama rast gəlmişdim. Neçə il idi, planetin ən zəngin şəhərlərindən birində yaşayırdı. Azərbaycanda çoxlarının arzuladığı hər şeyi var idi – işi, avtomobili, maddi təminatı, əyləncəsi. Amma mənə dedi ki, burada xoşbəxt deyil, darıxır, Bakıya qayıtmaq istəyir. Ölkəsinə qayıtmasının qarşısını alan yeganə səbəb isə dostları idi, sırf darıxır deyə, hər şeyi atıb getməsini qəbullana bilmirdilər, çıxıb getmək onlara təslimiyyət kimi görünürdü.  Elə buna görə də, adam orada da, burada da “uğursuz” damğası yeyəcəyindən qorxduğu üçün ortalıqda qalmış və sifətindən də aşkarca sezilən dərin bir kədər hissinə təslim olmuşdu.

Absurd vəziyyətə düşmüş bu adama özümdən gizlədə bilmədiyim sadistcə bir duyğuyla bir pritça danışdım.

Bir gün qonşusu Sokratın yanına gəlir və deyir ki, yadındadırmı, filankəs var idi, şəhərimizə nifrət edirdi, buranın bərbad yer, sakinlərinin bərbad insanlar olduğunu deyirdi, ən böyük arzusu buradan çıxıb getmək, gözəl insanların yaşadığı başqa gözəl yerlərə köç etmək idi.
Sokrat cavab verir: yadımdadır.
Qonşusu deyir ki, bəs həmin adam arzusuna çatdı, başqa insanların yaşadığı başqa yerlərə çıxıb getdi, amma indi qayıdıb gəlib və deyir: oralar da buralar kimi bərbaddır, oranın insanları da buranın insanları kimi iyrəncdir.
Sokratın izahı qısa olur: yəqin, gedəndə, özünü də özüylə aparıb.

Yəni, insan yaşadığı yerdə xoşbəxt deyilsə, əksər vaxt başqa yerlərdə də xoşbəxtliyi tapa bilmir, insan daxilən narazı və narahatdırsa, dünyanın o biri ucuna da getsə, yenə də narazılığını və narahatlığını özüylə aparır, dəyişən sadəcə maddiyat, ətrafdakı insanlar və mənzərələr olur.

Təxminən yadımda qalan pritçanı çox-çox illər əvvəl, nostalgiya qoxusu verən sarı vərəqli bir kitabdan oxumuşdum. Üzərinə İvan Krılovun hansısa əsərinin cildi vurulmuş, içi isə məşhur şəxslərin pritça və aforizmlərindən ibarət bu kitabı sonralar haradasa it-bat etdim, amma Sokratla bağlı pritça artıq həmişəlik hafizəmə qazılmışdı. Hər dəfə bu pritçanı həvəslə və biraz da sadistcə duyğuyla danışanda, məqsədim insanları mühacirət yolundan çəkindirmək, mühacirətin heç də arzulanan xoşbəxtliyi  gətirməməsi ilə bağlı olur.

Lakin mənim bu cılız təşəbbüsümə, mühacirətlə bağlı bütün digər xəbərlərə, romanlara, memuarlara, filmlərə baxmayaraq, mühacirlərin ardı arası kəsilmir. Hətta mühacirət edənlər də arxalarınca gəlmək istəyənlərə sidq ürəklə deyirlər ki, gəlməyin, xəyallarınız, arzularınız, gözləntiləriniz puça çıxacaq, bura sizin fikiləşdiyiniz kimi deyil!

Amma nə fayda? Şaxtalı və qaranlıq meşədə azdırılan, köçdükləri yerlərdə aiddiyatsızlıq duyğusundan  əziyyət çəkən, daimi deportasiya qorxusu ilə yaşayan insanların bütün müsibətli hekayətlərinə baxmayaraq, yenə də mühacirət eşqi nəinki sönmək bilmir, əksinə, daha da alovlanır.

***

Mühacirət edən kəslər aldadılmaq ehtimalından, qəribçilik, ayrı-seçkilik, deportasiya qorxusundan xəbərdar deyillər deyilsə, yalan olar. Əksəriyyət bal kimi də xəbərdardır, amma bunu bilə-bilə yenə də yollara düzülürlər.

Niyə mühacirətin bu qədər adamın həyatını oğurlamasına, xəyallarını, arzularını puça çıxarmasına, ömürlük gözükölgəli etməsinə baxmayaraq, insanlar yenə də mühacir olurlar? Təkcə səfalətdən qaçmaq istəyənlər deyil, pulu, imkanı, təminatı olanlar da mühacirəti seçirlər. Niyə axı?

Böyük ehtimalla, bu sualların cavabı xoşbəxt istisna olmaq duyğusunda gizlənib.

Saysız-hesabsız mühacirlərin arasında ovuç içi qədər də olsa, xoşbəxtliyi tapanlar var çünki.

Şəkillərdə inamla gülümsəyən, yad və gözəl şəhərlərin meydanlarında, ofislərində, restoran və kafelərində, yad insanların arasında arxayınlıqla hərəkət edən və özlərini ifadə edən bu insanlar mühacirət yoluna düşənlərdə həm həsəd, həm heyranlıq, həm də özlərini onların yerində görmək hissi doğururlar.

Mühacirət edən əksəriyyət məhz özünün həmin o, istisnalardan biri olacağına inanır – xoşbəxt istisna!

Halbuki mühacirəti şeytanlaşdırmağa çalışan romanlar, filmlər, memuarlar, mətbu materiallar uğur qazanan bu tək-tük istisnaları nəzərə almır, insanları hərəkətə keçirən həmin o, xoşbəxt istisna olmaq duyğusuna o qədər də vurğu etmirlər.

Mühacirət etmək istəyənləri başa düşmək üçün, xoşbəxt istisna duyğusunu daha dərindən başa düşməyə ehtiyac var halbuki.

Bizim olmadığımız yerlər bizə həmişə daha maraqlı görünür və bu maraqlı yerlərdə cüzi də olsa, xoşbəxt istisnalar varsa, özünü o istisnaların yerində görmək istəyindən təbii nə ola bilər?

Məhz buna görə mühacirət yoluna qədəm qoyanları qınamaq olmur. Qınamaq nəinki, faydasız, hətta əbəs və mənasız bir təşəbbüs kimi görünür.

Nə də olsa, xoşbəxtliyə can atmaq, hər bir insan məxluqunun təbii instinkti və haqqıdır.

Cavid Ramazanlı
Azlogos.eu
Yuxarı