post-title

Unutmaq haqqı


Qismətin “XXI əsrin söhbətləri” silsiləsindən ilk yazı olan "Unudulmaq haqqı" essesini təqdim edirik.

Ötən əsrin 90-cı illərində Bakıda əcaib bir dəb yaranmışdı: mobil telefon alan dünya azərbaycanlıları bu uzunqulaq gavur icadını qayışlarına keçirib el-obaya nümayiş etdirirdilər. O vaxtın toy kasetlərinə baxın: kamera gah çəngəl-bıçağını, dünya kimi dolub-boşalan qədəhini üç-öpüb bir dişləyən beyrəksifəti göstərir, gah da qayışının üstündə xəbərdarlıq ocağı kimi dikəlmiş qoşa sim-kart sığmayan dar ağızlını. O vaxtlar telefonlar qəribə bir cazibə mərkəzinə, seksual nəsnəyə çevrilmişdi: qocalar onu pencəyin altında gizlədirdi, cavanlar isə “zamok”larının yaxınlığında abidəsini ucaldırdılar. Telefon imkanın, kəməriboş əfəl olmamağın dosta-düşmənə göstərilməsiydi. Amma həmin əzəmətli telefonların zəngdən başqa funksiyası yox idi. Bu günün telefonlarında isə deyəsən zəng vizual görünüşdən, foto-kameranın pikselindən, daxili yaddaşın həcmindən sonra gəlir.

Texnologiya tarixi kitablarındakı ən təməl informasiyalarda deyilir ki, 1950-cı illərdə 1 meqabayt informasiyanı o vaxtın bazburutlu kompüterlərində saxlamağın qiyməti 70 min dollar idi, 80-cı illərdə bu qiymət 500 dollara, 2000-ci illərdə isə 1 sentə düşdü. Bugün xarici yaddaş qurğuları vasitəsilə ilə terabaytlarla informasiyanı saxlamaq, az qala, su qiymətinədir. Bəs unutmaq necə?

Yunan mifologiyasında yaddaş ilahəsi ana torpağın rəmzi olan Geya ilə göylərin rəmzi olan Uranın qızı Mnemosinadır. (A-mneziya – yaddaşsızlıq da həmin sözdəndir.) Mnemosina cavan bir çoban cildində onu yoldan çıxaran Zevslə doqquz gecə sevişir və doqquz qız dünyaya gətirir: bizim ədiblərin tərcüməsində eləcə ilham pərisi olan, amma hər birinin ayrıca adı və təyinatı olan Muzalar. (Muzey – sözü də buradandır, “Muzaların evi” deməkdir)

Qədim təlimlərin çoxunda yaradıcılığın qaynağı yaddaş hesab edilir. Təsadüfi deyil ki, yunan mifologiyasındakı yaddaş ilahəsi Mnemosina ölülər səltənətindəki bir çayın da adıdır. Ölülər səltənətində iki çay axır, biri adama hər şey unutduran Leta çayıdır, digəri isə hər şeyi xatırladan Mnemosina. Yaddaşın axar çay metaforası ilə ifadəsi bizi Yunqun fərdi və kollektiv təhtəlşüur məsələsinə, Borxesin Don Kixotu təzədən yazmaq istəyən Pyer Menarına, “bir çaya iki dəfə girə bilməməyin” yozumlarına aparıb çıxarır. Bu dəfə oraları ötüb birbaşa Yaddaş stansiyasında dayanmaq istəyirəm.

Beyinlə bağlı modellər

Məşhur fizik, elmin populyarlaşmasında yeni əsrin ən aktiv simalarından olan Miçio Kaku “Zehnin gələcəyi” kitabında yazır ki, tarix boyunca hər elmi kəşf beyinlə bağlı yeni bir model ortaya çıxarıb. Beynin ilk modellərindən biri başımızın içində yaşayan və bütün qərarları verən balaca bir adam – Hötenin “Faust” əsərində də xatırlanan “homonkul”dur. Ancaq homonkul beynin içində nələr baş verdiyini izah etmədiyi üçün bu model sıradan çıxıb.
Kaku yazır ki, bəsit mexaniki cihazların kəşf olunmasıyla birlikdə beyinlə bağlı saata kimi mexaniki çarxları və dişləri olan yeni bir model təklif olundu. Bu model həndəsi dəqiqliklə yaradılmış mexaniki bir insan təsəvvür edən Leonardo da Vinçi kimi alimlərin, sənətçilərin istifadə etdiyi bənzətməydi.

1800-ci illərin axırlarında buxar gücüylə işləyən maşınlar imperiyaların formasını dəyişərkən, beyinlə bağlı yeni bir model ortaya çıxdı: bir-biriylə yarışa girmiş enerji axınlarına əsaslanan buxar maşını. Alimlər ehtimal edir ki, bu hidrolik model Freydin bir-biriylə fasiləsiz şəkildə mübarizə aparan Eqo (insanın özünü və məntiqli düşüncəni təmsil edir), İD (ört-basdır edilmiş arzuları təmsil edir) və Supereqo (şüuru təmsil edir) modelinə bənzəyir. Bu model kreativ idi, amma Freydin özü də qəbul edirdi ki, beyin neyronlar səviyyəsində araşdırılmalıdır.Deməli, bir əsr də keçməliydi.

XX əsrin əvvəlində telefonun kəşf olunmasıyla birlikdə beyinlə bağlı azman telefon şəbəkəsi modeli ortaya atıldı. Bu modelə görə, beyin böyük bir şəbəkəyə bağlanmış telefon xətləri kimidir. Bu modeldə şüur böyük bir idarəetmə pultunun qabağında əyləşən və fasiləsiz şəkildə xətləri bir-birinə bağlayan telefon operatoru kimi təsəvvür edilirdi. Əfsus ki, bu model də mesajların beyində bir-biriylə necə bağlantı qurduqları haqqında ağlabatan bir şey demirdi.
Tranzistor kəşf olunanda modellərin sırasına biri də əlavə olundu: kompüter. Köhnə telefon modelindəki “aç-bağla” variantı öz yerini yüz minlərlə transistordan ibarət mikro-çiplərə verdi. Yeni modeldə deyilirdi ki, bəlkə də beyin “canlı kompüter”dəki əməliyyat sistemidir. Bu, günümüzə qədər gəlib çıxmış model olsa da, yenə də mükəmməl deyil. Məsələn, bu model Nyu-York şəhəri boyda bir kompüterin görə biləcəyi işləri beynin necə həyata keçirdiyini izah etmir, üstəlik, beyində, kompüterdə olduğu kimi, “Windows” əməliyyat sistemi yoxdur.

Beyinlə bağlı ən sonuncu model milyardlarla kompüteri idarə edən internetdir. Bu modeldə şüur möcüzəvi şəkildə, milyardlarla neyronun kollektiv şəkildə hərəkət etməsiylə yaranan və “inkişafda olan” bir şeydir. Bu modelin də problemi sözügedən möcüzənin necə baş verməsini izah edə bilmədiyi üçün hər şeyi “Xaos nəzəriyyəsi”nin üstünə atmasıdır.

Kaku yazır ki, bu modellərin hər biri bir az doğrudur, bir az yox. Alimin fikrincə, indiki əsrdə ən yaxşı analogiya “şirkət-qurum, holdinq” bənzətməsidir. Bu analogiyada müxtəlif ofislər arasında əlaqə qurmuş, böyük informasiya axınına malik olan azman bürokratik iyerarxiya mövcuddur. Yalnız ən vacib informasiyalar ən axırda CEO-nun (Baş icraçı direktorun) olduğu idarəetmə mərkəzinə çatır. Son qərarlar orada verilir.

Unut məni və ya “bax, sonra sil!”

Yaponiyada çöldə-bayırda, ictimai nəqliyyatda, plazaların steril dinamikasında tez-tez bir səs eşitmək mümkündür. Bu, kiber zorakılığa, gizli çəkiliş aparmağa qarşı bütün smartfonlarda məcburi olan xəbərdarlıq siqnalıdır. Qıyıqgözlülər diyarındakı bütün telefonlarda bu “düt-düt” səsi var, kimsə ağıl dəryası telefonuyla foto, yaxud video çəkməyə başlayan kimi, həmin siqnal ətrafdakıları xəbərdar edir. Bu funksiyanı bağlamaq mümkün deyil. Smartfonların ortaya çıxmasıyla birlikdə ən çox törədilən cinayət gizlicə başqasını çəkməkdir. Sözü üzə dəyən, kreativ və libidolu həmyerlilərimiz deyə bilər ki, çəkib, çəkib də, silsin, vəssalam. Elə bütün problem də burdadır: biz unuduruq, amma internet unutmur.

Amerikalı Steysi Snayderin başına gələnlər bu məsələylə bağlı çox yaxşı örnəkdir. Ən böyük arzusu müəllimlik diplomu almaq olan 25 yaşlı Steysi xanım “Millersvil Universiteti”nin sonuncu kurs tələbəsi olarkən başına qəribə bir iş gəlir. Gənc qız bir gün Myspace adlı sosial şəbəkəyə bir maskaradda çəkilmiş fotosunu yükləyir. Fotoda Steysi quldur papağı taxıb və əlində plastik bir stəkan var (içindəki içki görünmür). Xanım Snayder fotoya belə bir qeyd də əlavə edib: Sərxoş quldur. Vəssalam, universitet rəsmiləri bu fotonu görür və bunun peşakarlığa zidd olduğunu əsas gətirərək qızı şikayət edirlər. Qız fotonu silmək istəsə də, artıq iş işdən keçib, çünki foto artıq axtarış sistemlərində arxivlənib. Beləliklə, universitet heyəti qərar verir: sözügedən foto balaca uşaqları alkaqola təşviq etdiyi üçün Steysi Snayderə müəllimlik yox, dilçilik diplomu verilir. Ötən ay bu əhvalatı bizim qocaman müəllimlərdən birinə danışdım, bir az fikrə gedib qayıtdı ki, olan işdir, müəllimlərlə içməsin, dilçilərlə içsin.

2005-ci ildə Paris Hiltonun başına gələnlər lap həngamədir. Hilton telefonundakı hər şeyi mərkəzi bir sistemdə arxivləşdirir. Həmin sistem daxil olmaq üçün şifrə tələb olunurdu və əgər istifadəçi şifrəni unudubsa, onda sistem ondan özü seçdiyi bir suala cavab tələb edirdi. Hilton bu xanaya sevimli itinin adını yazmışdı. Paris xanım çox məşhur olduğu üçün internetdə onun sevimli itinin adını tapmaq asan məsələydi. Bığ yeri təzəcə tərləmiş 17 yaşlı bir yeniyetmə Hiltonun sevimli itinin adını taparaq həmin mərkəzi sistemə daxil oldu, xanımın bütün şəxsi informasiyalarını ələ keçirdi və internetə sızdırdı. “Google”un sözü olmasın, Did you mean it gününə qalmaq?

İki ədəbi öncəgör: Borxes və Nabokov

Dünyanı gözüyumulu görən ustadlar ustadı Borxes 1942-ci ildə “Yaddaş Funes” adlı bir hekayə yazır. Hekayənin qəhrəmanı Funes bir gün atdan yıxılır və başından zədələnir. Amma bu qəzadan sonra fövqəladə bir qabiliyyət də qazanır: başına gələn hər şeyi bircə-bircə xatırlamağa başlayır. Borxes insanın hər şeyi xatırlamaq, yadda saxlamaq ehtirasını təhlükəli hesab edir və bizi unutmağın faydaları haqqında düşünməyə çağırır. Çoxyozumlu bu hekayənin ana motivi olan unutmaq-xatırlamaq məsələsi 70 il sonra Argentina məhkəmələrinin qarşısına başqa formada çıxdı.
Argentinanın məşhur pop ulduzu Virciniya Da Cunha aktiv sosial media istifadəçisidir və xeyli açıq-saçıq, provokativ fotolar paylaşır. Bir gün Da Cunhaya dostları deyir ki, “google”da sənin adını axtaranda, fotoların porno saytlarda çıxır. Da Cunha axtarış sistemlərini (google, yahoo) məhkəməyə verib 200 min peso dəyərində maddi təzminat istəyir. Da Cunha iddia edir ki, şəxsi həyatı başqa məqsədlərə alət edilib, üstəlik, ondan heç bir icazə alınmayıb. Pop ulduz məhkəmə qarşısında məsələ qaldırır ki, axtarış sistemləri onun sözügedən fotolarını “unutmalıdır”, qarşı tərəf isə müdafiəsində deyir ki, biz sadəcə ayrı-ayrı məcraları bir platformada toplayaraq təqdim edirik. Yaddaşlara daha çox qalmaq arzusuyla unudulmaq istəyi arasında girinc qalan müasir insanın təlamütünü sözügedən hadisədə hakimlik edən Virciniya Simar dəqiq ifadə edib: bu hadisədə ifadə azadlığı ilə şəxsi həyatın toxunulmazlığı qarşı-qarşıya gəlib.
Yaddaş qovluğunun içində dəyərləndirilən bu mövzu XXI əsrin əsas temalarından biridir.

Lyuk Törnerin 8 punktdan ibarət “Metamodernist manifest”ini tərcümə edəndə fikrim birinci punktda ilişib qalmışdı. Birinci punktda deyilir: “Biz oskilasiyanı (yırğalanmanı) dünya nizamının təbiətinə uyğun sayırıq.” Bu ifadə mənə hardansa tanış gəlirdi, amma nə qədər düşünsəm də, yadıma sala bilmirdim. Yeni il tətilində kitabxanama əl gəzdirəndə Nabokovun məşhur avtobioqrafiyası “Danış, yaddaş” keçdi və dərhal axtardığım yadıma düşdü. Dünya ədəbiyyatının ən möhtəşəm, ən bədii avtobioqrafiyalarından biri sayılan bu kitaba Nabokov yaddaş və zaman məsələsi ilə başlayır: “Beşik uçurumun üstündə yırğalanır və ağlımız bizə deyir ki, mövcudluğumuz iki əbədi qaranlıq arasındakı qısa işıq parıltısından başqa bir şey deyil. Bu iki qaranlıq bir-birinin əkizi olsalar da, insan bir qayda olaraq, doğumundan əvvəlki uçuruma saatda dörd min beş yüz ürək döyüntüsü sürətiylə can atdığı digər uçurumdan daha soyuqqanlı yanaşır. Lakin xronofob bir gənc tanıyıram, doğumdan bir neçə həftə əvvəl evdəki kamerayla çəkilmiş görüntürlərini birinci dəfə görəndə panikaya düşmüşdü. Orda indikiylə birəbir eyni olan bir dünya görmüşdü (eyni ev, eyni insanlar), sonra özünün həmin dünyada mövcud olmadığını və onun yoxluğuna heç kimin kədərlənmədiyini anlamışdı. Anasının ikinci mərtəbənin pəncərəsindən əl elədiyini görmüşdü, bu tanış hərəkət sirli bir vida kimi onu narahat etmişdi. Amma ən çox qorxduğu şey artırmada tabut kimi, özündənrazı halda dayanan təptəzə beşik idi. Onun belə içi boş idi; sanki hadisələrin axarı tərzinə çevrilmişdi, bədənindəki bütün sümüklər tikə-parça olub dağılmışdı.”
Əvvəla onu deyim ki, bu sitatda xatırlanan xronofobiya zamanın ötüb keçməsindən qorxmağa deyilir. Mənə tanış gələn isə yırğalanma məsələsi idi.

Bugün yaradıcı yazıçıların, nəzəriyyəçilərin Nabokovdan borca götürdüyü, tutalım, metamodernist diskussiyalarda tez-tez müraciət edilən yırğalanma anlayışı bir tərəfiylə fizika, digər tərəfiylə çağdaş texnologiyalarla bağlıdır. Ən sadə məişət misalıyla izah etməyə çalışım: hər birimiz internetdə gəzişərkən həmin yırğalanmaya məruz qalırıq; bir səhifənin içinə səpələnmiş başqa-başqa səhifələr, bağlantılar, linklər. Əvvəlki əsrlərdə “proses” sözüylə ifadə edilən məsələ indiki əsrdə “yırğalanma” anlayışı ilə ifadə edilir. Bu iki anlayış bir-birinə bənzəsələr də, aralarında xarakterik fərqlər də var. (Gələcək yazılarda bu barədə geniş yazmağı düşünürəm.)

Metamodernist prozanın ən parlaq müəlliflərindən sayılan Deyvid Eggers 2013-cü ildə çapdan çıxan “Çənbər” (The Circle) adlı kitabında avtomatlaşmanın, rəqəmsallaşmağın sosial nəticələrini araşdırır. Əsərdə bizə çox da uzaq olmayan bir gələcək təsvir edilir və bu gələcəkdə “Çənbər” adlı şirkət “google”, “facebook” və “twitter”i satın alır, yəni bir növ virtual dünyanın. İnternetin əsas hissəsini ələ keçirir. Eggers ən böyük arzusu dünyanın böyük şirkətlərindən birində işləmək olan, Mabelin adlı kariyerist bir tip vasitəsilə xoşməramlılıq adı altında şəxsi həyatı necə məhv edildiyini təsvir edir. Əgər bir uşağı istismardan qoruyacaqsa, GPS izləmə cihazlarının nə ziyanı ola bilər ki? Özəl həyatımızı başqalarından gizlətmək eqoizm deyilmi? Eggers bu cür xoş niyyət, xoş məram arxasında gizlənmiş şəri faş etməyə çalışır. Sualı sadə və dərindir: Rəqəmsal cəmiyyətdə özəl həyat varmı?

Unudulmaq haqqı

Çoxumuz kommunal borclarımızı ödəmək üçün onlayn xidmətlərdən istifadə edirik və istədik-istəmədik abunə olduğumuz xidmətlər üçün bizimlə bağlı rəqəmsal informasiyalar əlçatandır. Müasir telefonlar xeyli baxımdan mükəmməl “nəzarət vasitəsi”dir və XXI əsrdə həm vətəndaşlar, həm cəmiyyətlər üçün problemsiz şəkildə bu sistemdən çıxmaq çətindir. “Wall Street Journal”ının əməkdaşı Culiya Enqvin “Mühasirədəki millət: Ardıcıl şəkildə pusulduğumuz dünyada Məhrəmiyyət, Etibar və Azadlıq axtarışı” adlı kitabı tamamilə analoq bir həyat sürməyə çalışır; məqsədi elektronik pusqudan qaçmağın nə qədər mümkün olduğunu anlamaqdır. Araşdırmaçı elektronikadan uzaq durmağa çalışdıqca, rəsmi dairələrin diqqətini çəkir: Görən niyə belə edir, yəqin nəsə gizlədir? Enqvin yazır ki, modern insan rəqəmsal eko-sistemdə yaşamağa məhkumdur.
Axtarış sistemləri faktiki olaraq unutmağın axırına çıxıb. Halbuki unutmaq həmişə pis deyil, o bəzən bir-birimizi anlamaq, bağışlamaq üçün çox vacibdir.

2014-cü ildə İspaniyalı vəkil Mario Qonzales “google” ilə apardığı hüquqi mübarizədə qalib gəldi və hüquq sisteminə çox poetik adı olan bir qanun qazandırdı: Unudulmaq haqqı. Hadisə belədir: bir gün Mario Gonzales “google”da özüylə bağlı bir şey axtaranda görür ki, sistem illər öncə onun borc ucbatından hərrac yoluyla satılan eviylə bağlı xəbəri önə çıxarır. Gonzales Avropa Birliyi Ədalət Məhkəməsinə müraciət edərək deyir ki, neçə il əvvəl baş vermiş, bugün heç bir əhəmiyyəti qalmayan, amma mənim hələ də davam edən vəkillik fəaliyyətimdə reputasiyamı zədələyəcək bu informasiya axtarış sistemindən silinsin. Üç il çəkən mübarizədən sonra zaman-zaman müzakirə olunan “Unudulmaq haqqı” tarixdə ilk dəfə tətbiq edilir və Mario Gonzales qalib gəlir.

Deyəsən doğurdan bizim təbiətimizə ən uyğun anlayış yırğalanmaqdır: qisasla bağışlama, hərblə sülh, əbədiliklə fanilik, xatırlanmaqla unudulmaq arasında yırğalanma.

2-8 yanvar, 2020

Kulis.az

Yuxarı