post-title

Əli Novruzov: СНАП



I

Dağların dik yamacları boyunca Düşənbəyə doğru uzanan ensiz yol heç gözləmədiyin anda birdən-birə genişlənib balaca platoya çatır. Bizim Beşbarmaqda olduğu kimi burada da maşınlar və avtobuslar dayanırlar, sərnişinlərdən kimisi dükana, kimisi ayaqyoluna, kimisi də kafeyə dağılışır. Çindən ipək, Hindistandan fil dişi və ədviyyat gətirən qədim karvanlar da vaxtilə bu təhlükəli yollarla səfərə çıxardılar və belə yerlərdə dayanıb dinclərini alardılar. Əfsanəvi Baktriyanın bu gün də dillər əzbəri olan misilsiz sərvətləri həmin bu karvanların səfərləri nəticəsində yaranmışdı.

Tacikistanda yeddinci günüm idi, Baktriyanın sərvətlərindən heç yerli arxeologiya muzeyində əsər-əlamət qalmamışdı. Həmin bu dayanacaq yerində də aşkar səfalət hökm sürürdü – hətta küçə itləri acından ölürdülər. Bütün bu qeyri-insani səfalətin arxa fonunda isə Prezident İmaməli Rəhmanın təmtəraqlı sitatı yazılmış nəhəng bir lövhə zorla adamın gözünə girirdi. Bərayi hər yek xalq ba ar və namus istiqlaliyyət mühüm əst – yəni arı və namusu olan hər bir xalq üçün ən mühüm məsələ müstəqil olmaqdır.

Görəsən müstəqillik həqiqətənmi sıravi taciklər üçün ən mühüm məsələ idi? Axı müstəqillik Tacikistana səfalət, qanlı vətəndaş müharibəsi və bir qarın çörək üçün Rusiyaya kütləvi mühacirət məcburiyyətindən başqa bir şey gətirməmişdi. Əlbəttə, yanıla bilərəm, çünki ancaq öz təəssüratlarıma istinad edirəm, amma məncə taciklər müstəqillik üçün çox baha qiymət ödəmişdilər.

Bəs təkcə taciklərmi?

Hər xarici səfər insanın həm də öz ölkəsinə səfəridir. Ətin və meyvənin tamından tutmuş polisin davranışına qədər hər şeyi istər-istəməz müqayisə edirsən.

Ayaqların İstiklâl caddesində addımlayır, amma xəyalın bir az da Torqovaya küçəsində dolaşır. Parisdə Notre Dame kilsəsinin fasadına baxırsan, birdən yadına düşür ki, buradan-bura Bibiheybətdə olmamısan. Hər yeni şəhərdə təbiət tarixi muzeyi axtarırsan, amma qəfil xatırlayırsan ki, Bakıda da təbiət tarixi muzeyi var və heç ünvanını bilmirsən.

Əslində İmaməli Rəhmandan sitat yazılmış lövhə məni bu qədər həyəcanlandırmalı deyildi. Bakıda da belə təbliğat-təşviqat lövhələrini çox görmüşdüm.

Post-sovet ölkələrində sitatlar yazılmış və şəkillər vurulmuş bu lövhələr bizə sovetdən miras qalmış praktikadır. Sovet dövründə bunun ayrıca fənni də var idi, ali məktəblərdə tədris edirdilər – СНАП, yəni Средства Наглядной Агитации и Пропаганды – Əyani Təşviqat və Təbliğat Vasitələri. Sovet İttifaqında bu təbliğat-təşviqat vasitələri müəyyən zaman kəsiklərində kifayət qədər effektiv olurdu, hətta onların arasında Dmitri Moorun “Bəs sən könüllü yazılmısanmı?” və İrakli Toidzenin “Ana Vətən çağırır” plakatları kimi həqiqi sənət əsərləri var.

Məntiqlə düşünəndə, ideoloji dövlət olan SSRİ dağılandan sonra onun bu ideoloji fəaliyyət sahəsi də tarixə qovuşmalı idi, amma müstəqillik əldə etmiş milli respublikalar köhnə vasitəyə yeni təyinat tapa bildilər. Bundan sonra СНАП bir-biri ilə üzvü vəhdətdə olan iki kultu – müstəqillik kultunu və prezident kultunu təbliğ edəcəkdi.

Sovet İttifaqı dağılandan sonra üç Baltikyanı ölkə istisna əksər milli respublikalar uçuruma yuvarlandı. Əhalinin sürətlə yoxsullaşması, əmanət kassalarında batan milyonlar, hiperinflyasiya, zavod və fabriklərin dayanması, kommunal xidmətlərin çökməsi, milli və dini zəmində münaqişələr, müharibələr və vətəndaş qarşıdurmaları, deportasiyalar, qaçqın axını və kütləvi mühacirət – saymaqla bitməz.

Moskvadan qopmaq istəyən yerli elitaların, millətçi hərəkatların və ya dissident demokratların öz xalqlarına vəd etdiyi xoşbəxt gələcək əvəzinə çörək növbələri, çadır şəhərcikləri, soyuq Rusiya bazarlarının piştaxtaları, ya da orta əsr müstəbidlərinə rəhmət oxudan türkmənbaşılar peyda oldular. Sovet dövründə təbii sərvətlərin istismarından qazanılan və bütün ölkə üzrə pis və ya yaxşı, müəyyən dərəcədə ədalətlə paylanan vəsaitlər indi korrupsiyalaşmış yerli siyasətçilərin ciblərinə axmağa başladı. İnsanlar isə kor deyil, hər şeyi yaxşı görür.

Yanlış anlaşılmasın, Sovet quruluşunun da saysız-hesabsız problemləri var idi. Ucqar bir zavodda yeni sexin açılması üçün az qala Moskvada ən üst səviyyədə qərar verilməli idi. O boyda dövlət öz vətəndaşlarını elementar məişət malları və keyfiyyətli geyim-keçimlə təmin edə bilmirdi. İnsanlar antiperspirant əvəzinə qoltuqlarının altına Teymurov pastası sürtürdülər.

Lakin məsələ həm də bu yalançı peyğəmbərlərin təklif etdiyi sadə həll yolunda idi: Sovet İttifaqını dağıdıb hər milli respublika müstəqillik əldə edəndən sonra bütün bu problemlər avtomatik aradan qalxacaq. Kommunizm sizə uzaq gələcəkdə cənnət vəd edir, müstəqillik isə cənnəti sizə öz sağlığınızda nəsib edəcək.

Son nəhayətdə müstəqillik gəldi, amma o vəd olunmuş cənnət gəlib çıxmadı.

Bu gün – SSRİ-nin dağılmasından az qala 30 il sonra da həmin xoşbəxt gələcəyin yalançı peyğəmbərləri yaşlı nəslin sovet nostalgiyasına utanmaz-utanmaz təəccüblənə bilirlər.

Normalda məhvə məhkum olmalı СНАП milli respublikalarda məhz bu tarixi kontekstdə ikinci həyat qazandı. Bir tikə çörək üçün vurnuxan, güllə və bombalardan yayınmağa çalışan, ya da Rusiya bazarlarında soyuqdan donan insanlara mütləq başa salınmalı idi ki, zato indi onlar müstəqildirlər və bu müstəqilliyin qarantı dünya ilə bərabər şərtlər altında danışan öz prezidentləridir.

Daşkənd küçələrini bəzəyən “Qədd-qamətimsən, dayağımsan, iftixarımsan vətənim Özbəkistan” kimi şüarlardan Bakıdakı “Müstəqilliyimiz əbədidir” sözlərinə kimi bütün bu əyani təbliğat və təşviqat vasitələri insanlara müstəqil olduqlarını xatırlatmalı və miskin olduqlarını unutdurmalı idi.

Rusiyada tikintidə canını qoyan moldovan, küçə süpürən tacik, bazarda meyvə satan azərbaycanlı bilməli idi ki, haradasa orada onların öz milli dövlətləri var. Onlar artıq müstəqildirlər. Mühüm olan budur, qalan hər şey təfərrüatdır.

II

Bir dəfə İstanbul reysində mənə yaxın yerlərdə çox tipik bir azərbaycanlı ailəsi oturmuşdu – ata, ana, bir oğlan və bir qız. Uşaqlar bir yana, valideynlər də hədsiz gərgin idilər. Hətta mən də bu gərginliyi öz üzərimdə hiss edirdim. Təyyarəyə minəndə stress keçirən insanlar var, amma bütöv bir ailənin stress keçirməsi mənə qəribə gəlirdi.

Nəhayət təyyarə İstanbula endi. Yerə ayaq basan kimi həmin ailənin əhvalı tamam dəyişdi. Ər-arvad uşaq kimi sevinirdilər. Dillərindən “Allaha şükür” sözləri düşmürdü. Hətta sevinclə uşaqların üz-gözlərindən öpürdülər. Sonra da eyni sevinclə uçuşlar tablosuna baxmağa başladılar. Qərbi Avropa ölkələrindən birinə başqa reysi axtarırdılar.

Mənə birdən çatdı – onlar ailəlikcə mühacirətə gedirdilər, Azərbaycandan canları qurtardığı üçün ürəkdən sevinirdilər. Desəm ki, təəccübdən donub qalmışdım, açıq-aşkar yalan olar, amma öz səfərimin ikinci ayağında bu hadisəni heç cürə ağlımdan çıxara bilmirdim. Görəsən bu ailə niyə Azərbaycanı tərk etməyi qurtuluş kimi qeyd edirdi?

Almaniyada miqrant qaçaqçılığı ilə bağlı açılmış və bir ucu Azərbaycana gəlib çıxan cinayət işi bizdə böyük əks-səda doğurmaya bilməzdi. Deyilənlərə və yazılanlara görə Azərbaycandan Avropa İttifaqı ölkələrinə qanunsuz yollarla miqrant aparan böyük bir şəbəkə var imiş, həmin şəbəkənin vacib yerlərlə lazımlı əlaqələri də var imiş. Yüzlərlə azərbaycanlı – mütləq əksəriyyəti ümumiyyətlə nə siyasətlə maraqlanan, nə siyasi fəaliyyəti olmayan sıravi vətəndaşlar az qala son qəpiklərinə qədər bütün pullarını bu miqrant dəllallarına verib saxta sənədlərlə Avropa ölkələrindən siyasi sığınacaq almağa çalışırmış.

Dövlət Miqrasiya Xidmətinin rəisinin sözlərinə görə bu cinayət işinin fonunda son günlər Azərbaycana readmissiya edilən azərbaycanlıların böyük əksəriyyəti – 70-80%-i sadəcə orta təhsilli və sosial dəstəyə ehtiyacı olan aztəminatlı insanlardır, üstəlik siyasi sığınacaq, onun mahiyyəti və prosedurları haqqında məlumatlı deyillər.

Media bu insanlara “saxta mühacir” damğası vurub üstündən tələsik keçir. Sosial şəbəkələrdə uzun-uzadı şərhlər yazan, müzakirələr açan və ittihamlar yağdıran ictimai və siyasi fəallar üçün də bu insanlar maraqsızdır, çünki onlar hamısı fırıldaqçı və yalançıdır, saxta yollarla Avropada siyasi sığınacaq almaq istəyiblər və bununla da gerçək səbəblərlə sığınacaq almaq istəyənlərin şanslarını sıfıra endiriblər.

Ortada böyük bir insanlıq faciəsi var. İnsanlar son qəpiklərini də şübhəli adamlara verib öz vətənlərindən canlarını qurtarmağa çalışırlar. Onların nə motivasiyası, nə də aqibəti heç kimin vecinə deyil.

Digər tərəfdən, öz işində peşəkar olan, xaricdə oxumuş, bir balaca düşünən insanlar da bu ölkədə özlərinə perspektiv görmürlər. Bir çoxu oxumağa gedib geri qayıtmır, qayıdanların əksər qismi də bir neçə ildən sonra şələ-küləsini yığıb yenidən xaricə köçür. Bir azca savadlı cavan həkimlərimiz alman dilini öyrənib Almaniya xəstəxanalarına işləməyə gedir. Neft mühəndislərimiz qlobal şirkətlərin başqa ölkələrdəki filiallarında iş axtarır. Bu gün Bakıda normal ingilis dili öyrənən qalmayıb, hamı birbaşa IELTS imtahanına hazırlaşır.

Əlbəttə, dünya qloballaşır, qlobal hərəkətlilik artır, amma azərbaycanlılar elə bil lazımından artıq hərəkətlidirlər.

Daha bir ironik tərəf odur ki, bu yazı Avropada yaşayan azərbaycanlıların açdığı saytda çap olunur. Buna görə də AzLogos saytının bu yaxınlarda İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya mövzusunda keçirdiyi yazı müsabiqəsinə bir dənə dişə dəyəsi essenin gəlməməsi mənim üçün çox simvolikdir. İnsanlarımız sanki özünü Azərbaycanla identifikasiya etmək istəmirlər. Nə oxumuşu, nə savadsızı; nə varlısı, nə də kasıbı. Ayağına ayaqqabı geyən hər kəs qaçıb aradan çıxmaq istəyir.

Məsələni bəlkə də ölkədəki siyasi və sosial-iqtisadi vəziyyətlə izah etmək olar, bilmirəm, amma məncə heç bu cəhd də cavabları tam əhatə edə bilməyəcək.

Ümid ən axırda ölür deyə məşhur misal var. Deyəsən Azərbaycanda insanların ümidləri də ölüb.

III

Nevzorovu heç vaxt belə əsəbi görməmişdim. Çıxışlarını mütəmadi izləyirəm, amma həmin gün öz həyat və yaradıcılığının həqiqətən zirvəsində idi.

Peterburqda hərbi parad keçirəcəkdilər, bütün şəhər iflic olmuşdu. Adətən öz fil dişindən qülləsindən kinayəli atmacalar atan piterli Nevzorov bu dəfə dövlətin nəfəsini öz dərisində hiss etmişdi.

“Mən başa düşürəm ki, Rusiya dövlətinin öz böyük və kiçik dövlətçilik ehtiyacları var,” – Nevzorov həyəcanla deyirdi, – [ehtiyac rus dilində həm də tualetə getmək mənası verir] – “amma olmazmı ki, dövlət öz ehtiyaclarını qarşılayanda vətəndaşlara maneçilik törətməsin?”

Müəllim həmişəki kimi haqlı idi. Bu əsəbi biz də Bakıda, məsələn, Formula 1 yarışları vaxtı az keçirmirik.

Ümumiyyətlə, post-sovet dövləti mahiyyətcə qorxunc bir monstrdır. İstər Rusiyada olsun, istər Azərbaycanda, istər Gürcüstanda, istərsə də Türkmənistanda. Məsələ bu dövlətin böyük-kiçikliyində, demokratik-avtoritarlığında da deyil. Bu dövlət heç kəsə məlum olmayan öz daxili məntiqi ilə işləyir. Bu daxili məntiq isə sıravi insanları heçə sayır. Onun üçün vətəndaşlar yoxdur, öz dövlətçilik ehtiyaclarını qarşılayan zaman kənarda dayanıb azarkeşlik etməli olan massovka var.

Bu mənada post-sovet dövləti quru çay yatağı üstündən körpü salmış Dəli Domrula çox bənzəyir. Bu məntiqsiz körpüdən keçəndə Dəli Domrula 33 axça ödəyirdin, körpüdən keçməyib öz yolunla getmək istəyəndə isə Dəli Domrul səndən döyə-döyə 40 axça alırdı.

Dəli Domrulun nə istədiyini bilirik, onun üçün körpü də bəhanə idi, axça da, yoldan keçən insanlar da. Dəli Domrul sadəcə və sadəcə bütün dünyaya öz gücünü nümayiş etdirmək istəyirdi. “Məndən cəsur, məndən güclü bir igid varmı çıxıb mənimlə savaşsın?” – deyərdi Dəli Domrul, – “Mənim cəsurluğumun, pəhləvanlığımın, igidliyimin şöhrəti Ruma, Şama gedib çatıb”.

Post-sovet dövləti bütün dünyaya öz gücünü göstərmək, meydan oxumaq istəyir – insanlar da ancaq onun bu meydangirliyinə azarkeşlik etmək üçün lazımdır.

Post-sovet dövləti sanki səfalət və xarabalıqlar üzərində ucaldılmış yekə bir təbliğat-təşviqat lövhəsidir – insanlar da ancaq onu oxumaq üçün dövlətə lazımdır.

IV

Aşqabadı gəzəndə təsadüfən bir dövlət idarəsinin qarşısına gəlib çıxdım. Böyük və baş hərflərlə alaqapının üstünə yazmışdılar – hətta eynəksiz oxuya bilirdim: DÖVLƏT ADAM ÜÇÜNDÜR.

Bax burada həqiqətən təəccübdən donub qalmışdım. Bu səviyyədə və bu dərinlikdə əsl inqilabi şüarı Aşqabadda görmək heç yuxuda da ağlımdan keçməzdi. Əsl provokasiya idi.

Deməli post-sovet СНАП arada çaşıb sözün düzünü də deyə bilirmiş. Bircə qalır onu funksional oxumaq.

Azlogos.eu
Yuxarı