post-title

Cem Yılmaz niyə baş əydi?



İndi bilmirəm bu ənənə davam edir, ya yox: mən Bakı Dövlət Universitetində oxuyanda, müəyyən müddətdən bir kostyumlu adamlar qapını döymədən mühazirə zalına girər və tələbələri YAP-a üzv olmağa çağırardılar. Səslərinin tonundan bunun çağırışdan daha çox tələb olduğu sezilərdi. Görənlər görüb, mühazirə zalına hər belə ziyarətdə kostyumlular bir xeyli tələbəni YAP-a üzv olmağa aparardılar. Mısmırığını sallayanlar olardı, amma səslərini çıxarmazdılar.  

Belə təcrübələr həmişə olub əslində. Çoxlarının yadındadır: 90-larda yüzlərlə şagirdi, tələbəni maşın karvanına əl eləmək üçün yollara düzərdilər. Sonralar dövlət orqanlarından, idarələrdən xeyli adamı Fəxri Xiyabana baş əyməyə aparmağa başladılar. Bəzi təcrübələrin Sovet dövründə qaldığını düşünürdük, lakin bu yaxınlarda gördük ki, rayonlarda müəllimləri yenə pambıq yığmaq üçün məcburən tarlalara göndərirlər.  

Bizi gələcəkdə hansı sürprizlərin gözlədiyini zaman göstərəcək, amma gələcəkdə nəyin baş verməsindən asılı olmayaraq, bir məsələ faktdır ki, bütün bu mənfi təcrübələr izsiz ötüşmür, bunlar daşlaşmış stereotiplər və düşüncə tərzləri yaradırlar.

İnsanların kütləvi surətdə məcburən şəxsiyyətə pərəstiş tədbirlərinə, əmək işlərinə cəlb olunması camaatımızın müti və gözüqıpıq olduğuna dair stereotiplərin yaranmasına gətirib çıxarıb. Stereotiplər təkcə özümüzdə yaransaydı, dərd yarıydı, pisi odur ki, bu stereotiplər yadlarda da yaranır və qalıcı olurlar, həmçinin qərarların verilməsinə və onların həyata keçirilməsinə də təsir göstərirlər.

Stereotiplərin bir insanın düşüncə tərzini necə şəkilləndirdiyini və bir müddətdən sonra bu cür stereotipik düşüncə tərzinin necə təbiiləşdiyini ilk dəfə fransız filosof Maurice Merleau-Ponty “Qavrayışın fenomenologiyası” (Phenomenology of Perception) əsərində ortaya atıb. Ondan sonra da Simone de Beauvoir özünün cinsiyyət nəzəriyyəsində stereotiplərlə bağlı bu analizi inkişaf etdirib.

Merleau-Ponty stereotipləri insanın dərrakəsində düşüncələrə istiqamət verən çöküntülərə (sediment) bənzədirdi. Onun yazdığına görə, axar çay zərrəcikləri və qalıqları toplayaraq necə özünün axışına istiqamət verən çöküntü strukturları yaradırsa, insan da öz həyatının axışı zamanı informasiyanı eləcə toplayır və bu informasiyalar (çöküntülər) tədricən və bilaixtiyar bizim davranışlarımızı müəyyənləşdirən dərketmə strukturuna çevrilirlər. Beləcə çay öz strukturu boyunca necə təbii şəkildə axıb gedirsə, insanın dərrakəsində də stereotipik düşüncələr o cür təbii yolla özünü biruzə verməyə başlayır.

Simone de Beauvoir’ın Merleau-Ponty’dən götürdüyü çöküntü fəlsəfəsində kökləndiyi əsas məsələ stereotiplərin bizim cinslərlə bağlı düşüncə və davranışlarımızı necə formalaşdırması haqqındadır. Məsələn, qızlarla oğlanlar fərqli cür gözləntilər və stimullarla böyüdülürlər, onlara daim öz cinslərinə uyğun şəkildə davranmaq və düşünmək təlqin edilir. Qızlardan həyalı və ailəcanlı olmaq, oğlanlardan isə ağır və dominant olmaq tələb olunur. Bu cür daimi gözləntilər bizim uşaqlıq və yeniyetməlik boyunca əsas tutduğumuz düşüncə və davranışları formalaşdırır. Düşüncələrin və davranışların təkrarlanaraq təqdir olunması isə çöküntü yolu ilə bizim dərrakəmizə hoparaq iz buraxır. Beləcə hər cinsə dair gözləntilər fərqli olduğu üçün bizdə sırf cinslə bağlı düşüncə və davranışlar formalaşır, sonda da bu proses dünyagörüşümüzdə cinslə əlaqəli stereotipləri daşlaşdırır.

Yəni, məsələn, bizim cəmiyyətimizdə də yayğın olan qadının xaraktersiz və zəif varlıq olması barədə fikir bunun təbiətdən qaynaqlandığı mənasına gəlmir, bu, sadəcə olaraq əsrlər boyunca təkrarlanan stereotiplər nəticəsində daşlaşan və çoxlarına artıq təbii görünən bir düşüncə tərzidir.

Stereotipik düşüncə tərzi təbii göründüyü üçün də ondan qurtulmaq hədsiz dərəcədə çətindir, əgər güclü istək və səy olmasa, stereotiplər qalıcı olur.

İndi də gələk Cem Yılmazla stereotiplərin əlaqəsi məsələsinə.

Cem Yılmazın Bakıya səfəri zamanı Fəxri Xiyabanda baş əyməsi bəziləri tərəfindən tənqid olundu. Aktyor yaltaqlıqda və mövqesizlikdə ittiham edildi. Bir daha onun şoularına getməyəcəyini, baxmayacağını deyənlər var.

Hərçənd zənnimcə, bu məsələlərlə əlaqədar mütləq qeyd edilməli bəzi nüanslar da var. Ən birincisi odur ki, Fəxri Xiyabanda heykəl qarşısında baş əymək məsələsi Azərbaycanda hətta diplomatik protokolun tərkib hissəsidir. Yadınızdadırsa, 2012-ci ildə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Heydər Əliyevin heykəli qarşısında baş əyməsi ölkəsində xeyli narazılıq yaratmışdı.

İkincisi, heç Azərbaycanın özündə mərhum prezidentə münasibət yekdil deyil, onun böyük şəxsiyyət olduğunu, böyük işlər gördüyünü və qarşısında baş əyilməyə layiq insan olduğunu deyənlər var, digər mərhum prezident Əbülfəz Elçibəy də müsahibələrinin birində kabinetində Heydər Əliyevin portretinin asıldığını etiraf etmişdi. Buna görə də əgər minlərlə dövlət rəsmisi, əhali, ABŞ səfiri onun heykəli qarşısında məcbur, ya qeyri-məcbur baş əyirsə və ən əsası, biz hələ öz ziddiyətlərimizi həll etməmişiksə, Cem Yılmazdan niyə “mövqe” gözləyirik, başadüşülən deyil.

Üçüncüsü də, Cem Yılmaz sırf stereotiplərlə hərəkət etmiş ola bilər.

Bu məncə, çoxlarında şübhə doğurmur ki, Türkiyədə Azərbaycanla bağlı müəyyən stereotiplər var. Bir qism insan milliyətçilik üzərindən tərif deyib, sənətimizi, sənətçilərimizi öyüb eqomuzu sığallasa da, Türkiyənin xüsusilə avropalaşmış və təhsilli təbəqəsində bizə qarşı müəyyən stereotiplərin olması da aşkardır: bizə geridəqalmış, kəmsavad, bütün gün “aybalam”la danışan camaat gözüylə baxırlar. Bizdəki şəxsiyyətə pərəstiş kultundan, neft ölkəsi olmağımıza baxmayaraq yoxsulluğumuzdan, korrupsiyalaşmağımızdan, insan ləyaqətinin yetərincə qiymətləndirilməməsindən, ifadə azadlığının və insan hüquqlarının əhəmiyyətsiz olmasından nəinki xəbərdardırlar, hətta bunlar artıq bizə qarşı stereotipik düşüncə tərzinə çevrilib. Yəni biz heç də bütün türklər üçün sandığımız qədər əhəmiyyətli deyilik. Belə olduğu halda, bir avropai türk kimi Cem Yılmazın bu stereotiplərlə hərəkət etməsindən təbii nə ola bilər? Çox güman, kənardan müvəqqəti gəlmiş biri kimi əməlində xüsusi bir şey görməyib, baş əysə nə olacaq, əyməsə nə olacaq? Türkiyədə bununla maraqlanmayacaqlar, burda mövqe tələb edən təbəqə isə diqqət yetirilməyəcək dərəcədə kiçikdir, bəlkə də aktyor bu təbəqədən ümumiyyətlə xəbərdar belə deyil. Hər halda bu təbəqənin fikirləri Cem Yılmaza çatacaq qədər qabarıq və vacib olsaydı, aktyor bəlkə də nəsə bir tərəddüd edərdi, amma etməyib.

Əlbəttə, türklərin bizdə qüsur kimi gördükləri şeylərdən özlərində də kifayət qədər var, Türkiyə ilə bağlı bu stereotiplər ölkənin onillər boyu Avropa Birliyinin qapısında gözlədilməsi ilə nəticələndi. Əvvəlcədən qeyd edildiyi kimi stereotiplər münasibətin formalaşmasında və qərarların verilməsində həlledici rol oynayır. Öz ölkənlə bağlı stereotiplərin necə olduğunu xüsusilə xaricə səyahətlərdə kiçik bir müşahidə qabiliyyətilə asanlıqla görmək olar. Bu mənada Avropaya ilk səyahətim zamanı başıma gələn hadisəni çox güman, ömrüm boyunca unutmayacam.

Praqada təyyarədən düşüb terminala daxil oldum. Kafkanın möcüzəvi şəhərinə gəldiyimə görə, həyəcanlı və sevincli idim. Pasport yoxlanışı məntəqəsinə yaxınlaşanda, məni niyə gəlmisən, nə qədər qalacaqsan, birinci dəfədirmi gəlirsən kimi suallarla xeyli yubatdılar. Prosedur bitəndə, indi nəhayət şəhərə daxil olacağam düşüncəsiylə pasport yoxlanışı nöqtəsindən aralanmışdım ki, bu dəfə önümü polis uniformalı dörd nəfər kəsdi. Qarşımda düzülüb pasportumu tələb etdilər. Biri pasportuma baxır, o birilər məni süzürdülər. Əslində üzərimdə məni şübhəli göstərəcək hansısa bir əlamət yoxuydu, görünüşüm də ki irqi ayrı-seçkilik salacaq qədər spesifik deyil. Sadəcə əlimdə tutduğum pasportumun rəngi və ya üzərindəki ölkə adı onlarda şübhə oyatmışdı.

Polis nəfəri pasportumun üz qabığına baxdı, sonra içini açıb uzun-uzadı vərəqlədi, nəhayət, geri qaytaranda üzünü yanındakılara tutub kinayəylə gülümsəyərək “Azerbaydjan” dedi.

Polislər qarşılıqlı pis-pis gülümsəyərək, qarşımdan çəkildilər…

Aeroportdan Praqa şəhərinə çıxanda soyuq qış yağışı yağırdı. Lakin bu soyuqluq polis nəfərindən eşitdiyim buz kimi atmacanın yanında heç nə idi. Hiss etdim ki, bu pis atmacanın soyuqluğu daim sümüklərimi sızıldadacaq.

Cavid Ramazanlı

Azlogos.eu
Yuxarı