post-title

Dua edir və oğurlayırlar

“Yüz cübbəli gələ, bir çılpağı soya bilməz”

(Azərbaycan ata sözü)

Ölkədə gizli iqtisadiyyatın geniş kök atması sirr deyil. Hətta bu yaxında prezident və iqtisadiyyat naziri Mikayıl Cabbarov da bunu etiraf etdilər. Bəzi ekspertlərin hesablamalarına görə, Azərbaycanda gizli iqtisadiyyatın çəkisi real iqtisadi sektorda 70 faizdən yuxarıdır. Keçən il beynəlxalq təşkilatlardan biri bizim gizli iqtisadiyyatın Ümumi Daxili Məhsulda payının 67 faizi ötdüyünü açıqlamışdı. Müqayisə üçün, bu rəqəm Rusiyada 39, Estoniyada 28, Keniyada 27, Nigeriyada 48, ABŞ-da 8, Yaponiyada 10 faiz idi. Yəni, gizli iqtisadiyyatın miqyasına görə biz hətta Afrika ölkələrini də qabaqlayırıq. Bu, təkcə vergilərin gizlədilməsi deyil, korrupsiya, demokratik qurumların zəifliyi, inhisarlar, biznes mühitinin pis olmasını da göstərir.

Nəticədə Dünya Bankı yayda yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayan əhalimizin sayını açıqlamışdı, bu, ölkə üzrə orta hesabla 24 faiz olmuşdu. (Ən yaxşı Bakı regionu idi, 16 faiz. Ən pis Gəncə-Qazax bölgəsi - 33 faiz). 2015-ci ilədək Dünya Bankı yoxsulluq səviyyəsini ölçmək üçün adamın gündəlik qazancını 1 dollar 25 sent olmasını əsas götürürdü. O zamandan bəri hədd bir qədər qaldırılıb, hazırda 1,9 dollardır. Yəni, Mərkəzi Bankın kursu ilə hesablasaq, hazırda Azərbaycanda hər 4 nəfərdən 1-i (25 faiz əhali) ayda maksimum 97 manatın ümidinə qalmışdır. Əgər ümumi əhali statistikasına inansaq - güman edirəm təzə keçirilən bərbad siyahıyalmadan sonra artıq hamı bu rəqəmin necə ortaya çıxdığını başa düşübdür - hazırda bizdə 10 milyon adam yaşayır və bunun dörddə biri 2 milyon 500 min nəfər edir.

Ancaq təbii ki, hökumət bu rəqəmlə razılaşmır, yoxsulluq səviyyəsinin guya 5 faizə düşdüyünü bəyan edir. Bunun özü də başqa absurddur ki, gizli iqtisadiyyat var, biznes mühiti ötən ilə nisbətən pisləşib, baş prokurorluq az qala hər gün saxta ərzaq, saxta sənəd, dələduzluq, oğurluq, soyğunçuluq cinayətləri haqda açıqlamalar verir, ancaq bizdə yoxsulluq 5 faizdən aşağı düşübmüş! Necə olur bu? Bəyəm adamlar hansısa kanaldan su motorunu yaxşı yaşadıqları üçün çırpışdırmağa başlayıbdır? Bəlkə murdar ət bazarı iş adamları üçündür və ya iylənmiş süd-pendir varlılar üçün kütləvi istehsal edilir? Ya bəlkə dövlət sosial yardım proqramlarını həmin 5 faiz yoxsulu ayaqda saxlamaq üçün günaşırı təzələyir? 5 faizi saxlamaq üçün bu boyda aparat çox deyilmi? Təzəlikcə hansısa saytda başlıq gözümə dəymişdi: Qubada yaşlı qadının protez dişlərini oğurlamışdılar. Saytın yazarı tərbiyəsiz və sinikcəsinə buna “Məzəli hadisə” başlığı qoymuşdu, halbuki, o qadın üçün faciəvi haldır. Obrazlı desək, artıq camaat bir-birinin ağzından dişini qapır.

19-cu əsr dahi rus yazıçısı Saltıkov-Şedrin (sovet vaxtı ilə müqayisədə indiki müstəqil dövrümüzün bir mənfi tərəfi də var ki, o zaman orta məktəbdə uşaqlara Saltıkov-Şedrini keçirdilər, indi isə Anarla Fikrət Qocanı tədris edirlər) maraqlı aforizmləri ilə tanınır. Onun bir müdrik fikri sanki bizim günümüz haqdadır: “Əgər yatsam və yüz il sonra oyansam, məndən hazırda Rusiyada nə baş verdiyini soruşsalar cavab verərəm: içirlər və oğurlayırlar”. Düzdür, bizdə milli adətlərə və iqlim şərtlərinə görə içmək Rusiyadakı qədər geniş yayılmayıbdır, mən yüngülvari dəyişiklik edib yerli şəraitimizə uyğunlaşdırardım: “Dua edir və oğurlayırlar”. Çox təəccüblü haldır, bizdə dindarlıq artdıqca korrupsiya və gizli iqtisadiyyat, yoxsulluq səviyyəsi və yalançılıq da artır. (Əslində mənə təəccüblü deyil, gəlişigözəl söz olaraq yazdım. Sadaladığım amillər bir-birinə nəinki ziddir, əksinə, çox zaman biri o birindən doğur).

Zamin Hacı

Musavat.com
Yuxarı