post-title

Yaşın fərqi

“Bu almanı hər kəs yesəymiş on beş yaşında oğlan olurmuş”

(Azərbaycan xalq nağılı “Məlikməmməd”)

Proseslər İlhamə xanımın ölümündən sonra dünyada nə qədər dəyişikliyin baş verdiyini əyani şəkildə nümayiş etdirir: yaşın fərqi varmış. Özü də böyük fərqi varmış, nə qədər “sevirəm” desən xeyri olmur, şələ-küləni yığışdırıb bir gün “ata evinə” getməli olursan. Bəzən ata evində geri dönməyə üz qoymayanlar olur, onların vəziyyəti ağırdır.

Misal üçün, antiinhisar işlərinə baxan idarənin inhisar kimi nəhəng bir nazirliyə birləşdirilməsi əslində çoxdan atılası addım idi. Onsuz heç bir iş görmürdülər. Daha doğrusu, fəaliyyət sıfıra bərabər idi. Sıfırı da nəyə vursan sıfır alınır. Bu baxımdan mən İçərişəhər-təhsil-vergilər marşrutu üzrə nisbətən uğurlu performans göstərmiş (hər halda, bizdə “bu dükan, toyxana, kafe, marşrut filankəsindir” deyə adı çıxmamaq özü humanist detaldır) yeni iqtisadiyyat nazirinin böyük çətinliklər qarşısında olduğunu düşünürəm. Ölünü diriltmək tapşırılıbdır və bu işdə yanılmıramsa İsa peyğəmbərdən bəri kiminsə məqsədinə nail olması məlum deyildir. Ancaq bu işdə ona mələklərdən Mikayıl kömək etmişdisə, nə sözümüz olar? Hələ o mələyin əsas funksiyasının insanlara ruzi paylamaq olması məlumdursa, bütün daşlar yerinə oturur.

Əlbəttə, dini temaya müraciətimiz hörmətli Allahşükür müəllimi də istefaya çağırmaq məqsədi güdmür. Elə adamlar var artıq tarixi abidəyə çevriliblər. Misal üçün, köhnəlib deyə Qız qalasını sökə bilərikmi? Yaraşmaz. Ərəb turistlər gəlib baxırlar. Sadəcə, bizdə nədənsə hamı hökumətin möcüzələr icad edəcəyinə ümidlidir. Əliağa Vahidin məşhur şeirindəki kimi: “Tutalım əsrimizin Həzrəti-İsası mənəm, Bu soxasoxda necə möcüzə icad eləyim?”. Papaqların yerini dəyişməklə başın içində inkişaf getmir, bunun üçün oxumaq lazımdır. Nəinki oxumaq, hətta klip çəkdirsən lap yaxşı olar. İqtisadiyyatı iqtisadiyyat naziri yox, adamlar, vətəndaşlar yaratmalıdır, bunun üçün onlara sərbəstlik verilməlidir. Eyni zamanda, bu yanaşma çıxılmaz dalan yaradır: bəs adamlar özü sərbəstlik istəmirsə, “Allahdan buyruq, ağzıma quyruq” ideyası ilə yaşayırsa, nə etməli? Necə deyərlər, bir dəfə gəlmişdilər, gördük... Bunu başqa ata sözündə də yaradıblar: “Qızı özbaşına qoysan ya zurnaçıya ərə gedər, ya halvaçıya”. Hərçənd, bu peşələr öz-özlüyündə xeyli perspektivlidir. Zurna çalıb şadlıq sarayında işləyərsən, halva-halva deyib millətin ağzını şirin eləyərsən. 

Hazırda ağzımız inanılmaz dərəcədə şirin olubdur və bir az da eyforiya yaşayırıq. Elə adamlar vəzifədən gedir ki, onlar yüz illərdir bizdə “sabitliyin qarantı, iqtisadiyyatın anası, ömrümüzün mənası” sayılırdılar. Onlar gedir, sabitlik isə yerində durubdur! Sevindirici, eyni zamanda düşündürücü haldır. Demək, bizdə sabitliyin əsas dayaqları ayrı-ayrı şəxslər yox, həmişə uca millət özü olmuşdur. Səbir və dözümünə görə bu xalqın qədrini bilmək lazımdır, başına pərvanə kimi fırlanmaq lazımdır. Əsas odur bütün dəyişikliklər minimum əmək haqqında da özünü göstərsin. Yoxsa dözülməz rəqəmlərlə qarşılaşırıq. Bu yaxında divarda elan gördüm, həftədə 5 gün, hər gün 6 saat dükanda işləmək üçün 150 manat maaş təklif edirdilər. Hələ bu faciəyə guya humanizm donu biçmək üçün yuxarısına “tələbələr üçün iş elanı” yazmışdılar. Tələbəni, üzr istəyirəm, eşşək yerinə qoyursan, sonra da fikirləşirsən niyə bunlar oxuyub bizi ağ günə çıxartmır. 

O da doğrudur ki, çörək olmasa piroq yemək mümkündür. Ancaq bunun üçün şərait yaradılmalıdır. Bəzi paralel addımlar isə bizi tam bayram ab-havası yaşamağa qoymur. Örnək üçün, dünən xəbər çıxmışdı: yeni ildən spirtli içkilərin aksiz dərəcəsi qaldırılacaq. Yaxşı, bəs millət bu islahatların sağlığına necə içəcək? Gözləmək olmazdımı? Mütləq gərək bir üzümüz güləndə o biri üzümüz ağlasın. İkiüzlü gülmək istəyirik.

Zamin Hacı

Musavat.com
Yuxarı