Birinci Dünya müharibəsi zamanı baş vermiş məşhur bir əhvalat var. Ləqəbi “Çöl qaplanı” olan Fəxrəddin Paşa aclıqdan ümidsizliyə qapılmış əsgərlərinə ruh vermək üçün tarixi bir nitq söyləyir. Paşa təxminən belə deyir: “Başa düşürəm, aclıqdır, ərzağımız yoxdur, amma gəlin bir anlıq düşünək, biz sərçə əti yeyə bilməsək də, çəyirtkə ki yeyə bilərik. Çəyirtkənin sərçədən nə fərqi var ki? Heç nə. O da uçur, bu da. Çəyirtkənin bircə tükləri yoxdur…”
İndiki çağda da elə bil sənət aləmində buna bənzər bir düşüncə formalaşır. Hansı kinofestivala, ədəbi müsabiqəyə, musiqi yarışmasına baxırsan, adamın qabağına milli və cinsi azlıqlarla bağlı yazılmış, çəkilmiş, bəstələnmiş ortabab sənət nümunələri çıxır. Bir mövzunu bu qədər istismar etmək olarmı? Tutalım, mənim hansısa xalqın, ya etnik qrupun öz dilində danışmaq arzusuna, kimlərinsə öz orientasiyalarını utanmadan ifadə etmək istəyinə heç bir iradım, etirazım yoxdur. Amma son vaxtlar ciddi-ciddi düşünməyə başlamışam ki, adına əcaib-qəraib etiketlər yapışdırıb, əsas məsələni, yəni estetik meyarları, keyfiyyəti qulaqardına vuraraq, guya, “sənət” yaratmaq nə qədər davam edə bilər axı?
Yeni-yeni yazmağa başlayan gənc nasirlərdən biri bugünlərdə dedi ki, mənə bir mövzu deyin, tezcə populyar olmaq istəyirəm. Mən çox sadə, tipik konyunktur bir mövzunu – elə çay içə-içə – gənc həmkarım üçün uydurdum: başını götürüb illeqal yollarla Avropaya qaçan bir etnik azlıq nümayəndəsi getdiyi şəhərdə özündən bir-iki yaş böyük bir fransızla tanış olur. Gənc fransız ona yardım əlini uzadır, ev təşkil edir, iş tapır və bir müddət keçəndən sonra bu iki oğlan başa düşür ki, onlar… bir-birlərini sevirlər. Romanın sonrası bu yasaq münasibətə elegiya olmalı, arada gənc mühacirin rakursundan fləşbəklərlə keçmişdə baş verən müsibətlər xatırlanmalıdır, vəssalam. Hətta onu da dedim ki, dini eyhamlar üçün fransıza xristian dünyasının, o birinə isə müsəlman aləminin məşhur şəxsiyyətlərindən birinin adını qoymaq olar. Davamını açıqlamağa ehtiyac varmı?..
Bu, məncə, ən tipik nümunədir. Maksimalist səslənməsin, fikrimcə, belə bir roman indiki dünyada ortabab şəkildə yazılsa, kifayətdir. Mən məsələnin qətiyyən o tərəfini istisna etmirəm ki, usta bir yazıçının əlində hətta bu cür banal və konyunktur süjet də böyük sənət əsəri ola bilər. Amma… amması üçün geniş araşdırmaya ehtiyac var. Elə bil rəhmətlik Roman Yakobsonun səsini eşidirəm: “Hər şey mətndir, bəs ədəbiyyat hansıdır?”
Konyunkturu təsnif etmək çətindir, amma, zənnimcə, elə ilk baxışdan görünən bəzi nümunələrə əsasən müəyyən bir bölgü aparmaq olar.
Vətənpərvərlik, milliyyətçilik mövzusunda;
Son illər xüsusilə çoxalmış təsəvvüf, sufizm temasında;
Milli və cinsi azlıqlar mövzusunda;
Banal erotika üzərinə qurulmuş sevgi mövzusunda…
Siyahını uzatmaq olar. Məqsədim dünyadakı bütün temaları gözdən salıb, vəziyyəti çətinləşdirmək deyil. Zatən Jorj Poltidən, Elizabet Frenzeldən sonra dünya ədəbiyyatındakı ana motivlər, süjetlər aşağı-yuxarı məlumdur. Amma məsələ odur ki, böyük ölkələrin oturuşmuş kitab sənayesi, kitab bazarı ildə milyonlarla kitabı dünya oxucusunun ixtiyarına verir və belə bir bolluğun içində kitab bazarı, kitabçılığı yeni-yeni formalaşan ölkələrdə oxucunun da, yazıçının da, türklər demiş, kafası qarışır. Konyunkturun, ikinci, üçüncü tip ucuz ədəbi mətnlərin yeni-yeni formalaşmaqda olan cəmiyyətlərə təsiri böyükdür. Mən bunu son illər daha aydın hiss edirəm. Düşünürəm ki, bizdə – çox təcili şəkildə – qarşılaşdırmalı ədəbiyyat dərslərinin, konfranslarının təşkilinə, bu yöndə araşdırmalara ehtiyac var. Yalnız bundan sonra müəyyən oturuşmuş nəticələr əldə etmək, meyarların sərhədlərini cızmaq olar. Fikrimi bir az da açım. Məsələn, dünya ədəbiyyatı tarixində məşhur Faust mövzusu var. Orta əsr Avropa xalq hekayələrindən sonra bu mövzuda XVI əsrdə ingilis Kristofer Marlo, XVIII əsrdə Lessinq, XIX əsrdə Göte, XX əsrdə isə Tomas Mann yazıb. Əfsanə həmin əfsanədir, süjet eynidir, amma ayrı-ayrı əsrlərdə mövzunu işləyən hər adam öz əsrindən, öz gerçəkliyindən, dünyagörüşündən oraya nələrsə qarışdırıb və nəticədə bütün bu əsərlər hər biri ayrı-ayrılıqda müstəqil əsər kimi yaşamaq hüququ əldə edib, ikinci dərəcəli olmaqdan çıxıb, konyunktur təzahürünə çevrilməyib. Yaxud psevdo-vətənpərvərlik mövzusunda sloqançılıqdan, şüarçılıqdan o tərəfə keçə bilməyən mətnlər gündən-günə çoxalır. Bu məqamda da, fikrimcə, qarşılaşdırmalı ədəbiyyat metodları karımıza gələ bilər. Məsələn, bir ədəbiyyatda başqa bir millətin obrazı necədir? Tutalım, Türkiyədə belə araşdırma görmüşdüm: Türk ədəbiyyatında Alman obrazları və Alman ədəbiyyatında Türk obrazları.
Hələlik isə vəziyyət belədir ki, bizə çəyirtkəni sərçə adına yedirtmək istəyirlər. Nuş olsunmu?..
sim-sim.az