Sektarianizm, Mərkəziyyətçilik və Dördüncü İnternasional
Lev Trotski (1879-1940) (ixtisarla) …
Bu yazıya, gəncliyində qələmə
aldığı gözəl bir essesindən əlavə sonralar yazdığı bir neçə essesində də
Şopenhaueri “Mənim ulu müəllimim” adlandıran Nitsşenin- Şopenhauerlə yanıb kül
olan və elə onun köməkliyiylə də küllərindən yenidən doğulan digər böyük
filosofun- doğru saydığım iki ideyasıyla başlamaq istəyirəm. İdeyalara keçməmişdən
əvvəl, yeri gəlmişkən deyim ki, Nitsşe orta yaşlarında Şopenhauer fəlsəfəsini
çox tənqid etmişdi. Görünür, Nitsşe “öz yolunu tapmaq”ın güvənverici və qüvvətləndirici
diktəsiylə Şopenhauerin sürəkli təsirində qalmağı öz aristokratik məğrurluğuna
yaraşdırmırdı. Lakin bu qəribə yaşantı digər söhbətin mövzusudur.
İdeyalardan
biri (“Nitsşe həqiqətlərindən biri” də adlandıra bilərik) bundan ibarətdir: Bəşəriyyətin yekun hədəfi, çatacağı son məqsəd
zamanın sonunda deyil, insan növünün ən üst örnəklərində aydınlığa çıxa, təzahür
edə, tapıla bilər.
Qısa müddətlik, məsələn, Dostoyevskivari bir əhvala
keçibən bəşəriyyət haqqında qaba cizgilərlə düşünməklə bu ideyanı bir az açaq: Bəşəriyyət
hara gedir və əslində nə istəyir? Deyək ki, maddi rifah istəyir. Yəni digər
heyvanlar kimi bioloji ehtiyaclarının təminatının axtarışındadır. Barəsində
danışılmasından çox sıxıldığım və heç xoşlanmadığım bir məsələyə yan alaraq
“üçüncü dünya ölkələri”ndəki siyasi
proseslerdə iştirak edən, yaxud iştirak edirmiş kimi görünən narahat insanlar
barədə düşünək: Onlar nə istəyirlər? Mənə elə gəlir ki, onlarla bağlı olan bütün
bu siyasi qovğaları, əslində nə olduğu tam anlaşılmayan sosial qışqır-bağırları,
qarmaqarışıq didişmələri, itələşib-cırışmaları üzə çıxaran əsas mənbələrdən
biri həmin bu bioloji ehtiyaclardır. İnsanlar bol yemək-içmək, əylənmək və cütləşərək genlərini gələcəyə yollamaq uğrunda mübarizə
aparır ya da aparmaq istəyir, yaxud oxşar ehtiyaclar səbəbindən narazılıq edirlər.
Təbii istəklərdir. Fəqət bu istəklərin reallaşmasını ali hədəf hesab etmək
olarmı? Bir halda ki, eyni istəklər instinktiv formada vəhşi təbiətdə yaşayan
heyvanlarda da mövcuddusa, onları yüksək, necə deyərlər, insani məqsədlər saya
bilərikmi?
Təsəvvür
edək ki, bir adada beş insan yaşayır və onlar bir otlaq sahədə yemək məqsədilə
on ədəd ətlik inək saxlayırlar. Beş adam hər gün bircə inəyi bölüşərək yeməyi
planlayıb. Deməli, on günlük yeməkləri olacaq. Bu onların normasıdır. Fəqət günlərin
birində adaya yaxın yerdə gəmi qəzaya uğrayır və xilas olan beş nəfər matros üzərək
adaya çıxıb sağ qalırlar. Onlar da bu beş nəfərə qatılarsa, deməli, günə iki inək
yeyiləcək. Biri köhnə beş nəfərin, digəri yeni beş nəfərin gündəlik qidası
olacaq. Nə baş verdi? Adaya beş nəfər artıq gəlməklə, mövcud qidanın sayının
azalması da sürətləndi və vəziyyət gərginləşib anormallaşdı. “Üçüncü dünya ölkələri”
də təqribən oxşar davranış sərgiləmək istəyirlər. Ancaq bunun bədəli var. Maddi
rifahı yüksək olan insanların sayı artacaqsa, planetdən alınacaq xammal sayı da
bir o qədər çoxalacaq, digər orqanizmlər daha artıq ovlanıb, yaxud yetişdirilib
yeyiləcək, daha artıq bitki istifadə olunacaq, daha çox meşələr qırılacaq, təmiz
su ehtiyatı bir o qədər azalacaq, bir sözlə, yerüzünün ehtiyatları getdikcə
dağıdılıb tükənəcək. Bir yandan gələn xeyir mütləq şəkildə digər tərəfdən zərərlər
ortaya çıxarır. Buranın quruluşu, deyəsən, elə əzəldən belə qurulub…Dərindən
qüssələnirəm… Nəysə ki, burada metafizik məsələlərə yönəlməyək.
Bu
yerdə, çox sevdiyim bioloqa (yeri gəlmişkən, gələcəkdə onun barəsində yazı
yazmağı planlayıram) yandaş çıxaraq deyim ki, başqa planetlərdə, göy cisimlərində
həyat əlamətləri aramaq yerinə əlimizdə, gözümüz önündə olan planetimizi mümkün
olduqca qorumağı daha ağlabatan, ümidvar yol hesab edirəm. Fəqət insanlar da
digər təbii orqanizmləri hərəkətə keçirən daxili motivlər əsasında
davrandığından onların qarşısını şiddətlə kəsmək də yararsız iş olar. Başqa
bölgədəki yaşıl və təravətli bitkiləri yeyib bitirərək doğub-törəyən və təzə
qida arxasınca yeni bölgəyə gələn dovşanların arxasınca, başqa bölgənin
dovşanlarını yeyib-bitirərək yeni bölgəyə gələn xələf-sələfli canavarlara bənzər
olaraq, insan növü də bir məkanın ehtiyatlarını istifadə edib-bitirərək yeni məkanlara
yönəlmək istiqamətində proqramlanıbmış kimi görünür. Buna görə də dünyanın, həyatda
qalmağın ən qüvvətli mexanizmlərindən biri, bəlkə də birincisi olan elmə (hələlik belə
görünür, nə zamansa ən dağıdıcı, məhvedici mexanizm də ola bilər, bunun tarixi
örnəyi az deyil)
dəyər verən hissələrindəki işgüzar, praktik insanlar gələcək yaşam üçün həyatayararlı
başqa planetlər axtarışındadırlar. Əgər taparlarsa, ilk növbədə, necə deyərlər,
öz “tayfa”larını aparıb birlikdə xilas
olacaqlar. Və əslində belə olması ədalətlidir. Zəhmətin bəhrəsini ilk növbədə həqiqi
zəhmətçəkən görməlidir. Əksi olsa, bu çox qaba və çirkin bir ədalətsizlik örnəyi
olar.
Fəqət
mənə görə heç bu da ali bir hədəf deyil. Sadəcə evolusyon mahiyyətin məntiqi
görünən, fəqət son məqsəd baxımından kifayət qədər anlamsız təəssürat oyadan ziq-zaqlı gedişatıdır. Təbiətin bol-bol yeyib-içən və
gen artırıb onu hər cəhdlə, nə bahasına olarsa-olsun qoruyan hökmran növü bir
planeti sovurub-bitirib yenisinə keçir, onun da axrına çıxandan sonra başqasın
taparaq indi də onun canına daraşır və proses beləcə davam edib gedir…Hara
gedir? Bilinmir. Hardadır burda ali hədəf?
Deyək
ki, bir zamanlar “Azadlıq, bərabərlik, qardaşlıq” kimi bir ideal varıydı. Lakin
zaman bu idealın da nə qədər kövrək, təməlsiz, uyğunsuz olduğunu gözlər önünə sərdi.
Əgər həqiqətən də yer üzü “azadlıq, bərabərlik, qardaşlıq”ın bərqərar olmasını
mümkün edəcək məkandısa, bəs nəyə görə xeyli sayda qüvvətli ölkə bacarıqlı
ordular hazırlamağa, müasir silahlara, hərbi sahəyə bu qədər maddi vəsait və
vaxt ayırır? Deməli, zərurət, mövcud şərtlər bu davranışı ortaya çıxarıb.
Sevdiyim bir filosofun kədərli, fəqət həqiqi
düşüncəsini çox sevirəm, söyləyir ki, mən
dünyanın həqiqətən sülhlə, dincliklə dolu, qansız-qadasız aydın bir yer
olduğunu çox istəyərdim, belə olsaydı orada özümü çox xoşbəxt və rahat hiss edərdim,
ancaq bilirəm ki, çox təəssüf ki, belə deyil. Ona görə də sağ qalmaq istəyən hər
canlı həmişə tətikdə hazır durmalı, bununçün çalışmalıdır.
Tez-tez
dalaşdığım, küsüşdüyüm, acıqlandığım, bəzən dözülməz dərəcədə qaramatlığa batan
və əlbəttə ki, özünəməxsus zəhərdən xali olmayan, fəqət təmizürəkli olduğundan
həmişə əziz qalan dostum L.Besroxor
demişkən, qoy sərhədlər maksimum möhkəmlədilsin, sonra o sərhədlərin əhatələyib
qoruduğu təhlükəsiz meydanda nə qədər istərsən, könlündə cənnət quşları
uçuşa-uçuşa (yaxşı yada saldı, ən qəşəngləri, məncə, 18-ci əsrin Avropasında səhvən
ayaqsız olduğu düşünülən və Karl Linneyin “ayaqsız cənnət quşu” adını verdiyi paradisaea apoda ilə paradisaea raggianadır- R.A) romantikadan,
insanpərvərlikdən, humanizmdən dəm vurarsansa-vur, kef sənindir; əksinə
davransan, “hop” edib udarlar. Razılaşmaq olar.
Nəhayət
ki, bu ürəksıxıcı və əksərən adamı qeyri-ciddiliyə yuvarladacaq “bəşəri problemlər” məsələsindən uzaqlaşıb
Nitsşe ideyasına qayıdaq (tezliklə bu ideyadakı “bəşəri”likdən də qurtulmağa
ümid edirəm) və mövzunu xülasələşdirək. İndilik hansı nəticəyə gəldik? Deməli,
Nitsşe demişkən, bəşəriyyətin son nəticə (!) kimi gerçəkləşəsi heç bir ali məqsədi,
hədəfi yoxdur. Belə sayılanlar da əslində keçici və səthidirlər. Nitsşeyə görə,
bəşəriyyətin gerçək görünən, inanılası, ciddiyə alınası hansısa hədəfi varsa əgər,
bu da olsa-olsa, insanlığın səpələndiyi müxtəlif bölgələrdə zaman-zaman və hər
dövrdə ortaya çıxardığı mürəkkəb psixi quruluşlu insan örnəklərinin varlığında
yata bilər- yəni, yüksək istedadlı fərdlərdə və onların yaradıcılığında (
Yazının bu yerində əlahəzrət Təsadüfün
yeni və daha heyrətamiz oyununa şahid oldum. Qapı açıldı, xoş gələn məltəm
qızılı saplarla işlənmiş güllərlə bəzənmiş pərdəni dalğalandırıb, sıra-sira rəqs
edən gülləri bir-biriylə öpüşdürdü, yanınca gətirdiyi gün işığıyla “angelo
ruffo” yazılı göy rajokun səthinə tutqun-mavi zolaq saldı, kiliddən asılıb yellənən
gümüşü açarı, rəzənin böyrünü, stul tutacağının yanları sürtülüb yeyilmiş
kvadratşəkilli sağ təpəsinin ön qırağını nazik haşiyəylə parlatdı. Və Besroxor
içəri daldı. Sakit görünürdü, fəqət yenə canıma vəlvələ saldı. Çöhrəsi haqqında
danışmaq istəmirəm. Barmaqlarım dayanmışdı. İzləyirəm. Yaxınlaşır. Əzəcəkdi.
Bilirəm, əzəcəkdi. Döşəmənin xəfif cırıltısı. Çıqqıltı. İki saniyəlik xıvıltı. Stulun
tutacağından sakit əsəbiliklə yüngülcə tutan, açıq çəhrayı dırnaqlı uzunsov
barmaqlar. Azca əyildi. Əvvəllər də geyindiyini gördüyüm “Vitam Impendere Vero”
yazılı köynəyi, üzərindəki xəfif tüklərin səliqəylə yana yaslandığı solğun biləkləri
indi lap yanımdaydı. Diqqətlə yazmaqda olduğum bu yazıya baxırdı. Bəli, artıq əzirdi.
Burun pərələrinin tərpənişindən, sinəsindən qalxan iztehza axınının dodaqlarının
uclarına, göz qapaqlarına doğru qalxdığını artıq hiss edirdim. Donuqlaşıb
susmuşdum. Və yazı stoluna qısılıb büzüşmüş halımla Mister Enfildin irəli cumub
yaxaladığı Mister Hayda, ya da üstünə kley yaxılmış kartona yapışıb gecədən bəri
yerində çırpınıb dartınsa da, səhərçağı qorxunc addımlar eşidəndə, gözlərini ətrafa
zilləyərək tərpənməz qalıb bununla qurtulacağını zənn edən zavallı siçovula bənzədiyimi
hiss edirdim. Təqribən iki dəqiqədən sonra sakitcə dedi: yaxşı, bunu da yaz ora,
ardınca yaz, kursivlə yaz, özü də sonda nida işarəsi qoy: Burada söhbət, özünü hansısa hiyləgər yollarla və bayağı məqsədlərlə ən
müxtəlif intellektual sferalara soxuşduran fırıldaqçılardan, meşşanxislətlilərdən,
həyasızlardan, filisterlərdən, kütbeyinlərdən, şarlatanlardan, dələduzlardan,
aferistlərdən getmir!) .
Və
bəşəriyyətin, bəlkə də özünün də xəbəri olmadan canlı saxladığı bu hədəfi
horizontal gedişatda, qabağa doğru qaçış- tullanışda yox, vertikal
sıçrayışdadır. Və məhz həmin vertikal sıçrayışın əmələ gətirdiyi sənətkarlar,
mütəfəkkirlər, alimlər bəsitcəsinə bioloji ehtiyacların əlində girinc qalan bəşəriyyətin
həyatına anlam, məzmun, mənəvi çəki, dolğunluq, rəngarənglik, dəyər gətirir, onu
psixi-ruhani baxımdan zənginləşdirir və varlığına haqq qazandırırlar
(Nitsşenin, nəzərdə tutduğu bu yaradıcıların xələfi kimi xəyal etdiyi insan
tipi barədə sonralar söylədiyi “Fövqəlinsan
yer üzünün mənasıdır” düşüncəsini xatırlayaq). Məsələn, hətta ən bayağı,
düşük, xüsusi əhəmiyyəti olmayan, adi həyatda üstündən keçiləsi orqanik bir
varlıq belə hansısa seçkin sənətkarın qələminin gücüylə nadidə sənət obrazına
çevrilə, duyğu bolluğu yarada, bir dostluğun, sevginin, vəcdin, gülüşün, gülüşdən
doğan minnətdarlığın, parlaq və qüssəli baxışın, şövqün, heyrətin qaynağı ola
bilər (Məsələn, Qoqolun Çiçikovunu xatırlayaq). Və bu sənətkarların, mütəfəkkirlərin
varlığının fərqinə varmaqdan ötrü bəşəriyyətin getdiyi yolun sonunu gözləməyə gərək
yoxdur, çünki, yuxarıda da qeyd edildiyi
kimi, heç nəylə təmin olmayan bəşəriyyətin hara getdiyi heç ümumiyyətlə
bilinmir, aydın deyil. Əksinə, sözügedən tipə aid olan insanlara isə elə hər
dövrdə və çox yerdə rastlamaq olar. Nitsşeyə görə, başqa bir, Türkiyə türkləri
demişkən, nihai məqsəd aramağa və
gözləməyə dəyməz.
Bu
mənada Nitsşe üçün, müxtəlif çağlarda yaşayıb-yaratmaqlarına baxmayaraq, məsələn,
Homer, Fales, Heraklit, Hippokrat, Sokrat, Diogen, Aristotel, Arximed- Seneka, Avqustin-
Dante, Rafael, Şekspir, Bruno, Monten, Kepler, Spinoza, Bax- Linney, Humboldt,
Höte, Şopenhauer, Brams, Vaqner və onlar kimi dünyanın Şərqli-Qərbli müxtəlif
bölgələrində yaşamış yüzlərlə yaradıcı arasında yüksək kültür doğurmaq
baxımından heç bir radikal fərq yoxdur. Hər biri əsasən öz çağının bilgi və mənəviyyat
dağarcığını zənginləşdirsə də, digər dövrlərdə də aktuallığını qoruyacaq dəyərlər
ərsəyə gətirmişlər. Elə bilgi çağı sayılası 19-cu əsrdə yaşayan Nitsşenin öz fəlsəfi
yolu da düha hesab etdiyi bu cür insan örnəkləriylə apardığı xəyali və dəyişkən
əhvallı dialoqlarla boldur.
Nitsşenin
sözügedən həqiqətini, istəsək, onun illüziyası da saya bilərik. Ancaq, ürəyəyatan
və ən əsası, zərərsiz illüziyadır.
Keçirəm
Nitsşenin esse formasında ifadə etdiyi ikinci ideyasına. Essenin əvvəlində Şopenhauer
barədə danışır, ardınca Vaqnerə keçir. Nitsşe söyləyir ki, uyqar xalqlarla
barbar xalqların təması zamanı, daha düşük kültürə malik olan barbar xalqlar
uyqar xalqların yaratdığı yüksək kültürün pozitiv, müsbət, xeyirli,
sağlamlaşdırıcı özəlliklərini deyil, ilk növbədə onların çatışmazlıqlarını,
qüsurlarını, azğınlıqlarını, zəifliklərini əxz edib canlarına çəkirlər (digər bir
mövzunun açılmasına təkan verəcək çox ləzzətli ideya). Belə davranış fərdlərə də
aiddir. Ardınca sual verir: Şopenhauerin alman ardıcılları onun yüksək kültüründə
nələri cazibəli saydılar, nəylə qidalandılar? Və spesifik Nitsşean qınaqla
davam edir (çıxarış edirəm) : “Məgər
onları cəzb edən Şopenhauerin o xətasız həqiqətpərəstlik duyğusuydumu, yoxsa
onu bir almandan çox bir ingilisə bənzədən həmin özəlliyi- aqilliyə və
aydınlığa yönəlik o sarsılmaz meyliydimi? Yoxsa onları onun intellektual
vicdanımı, xristian Tanrısına və kilsəsinə dair ortaya atdığı suallardakı təmizliyimi,
dürüstlüyümü, seyrədalmanın intellektuallığına, intellektin vasitəvi təbiətinə
və özgür iradənin yoxluğuna dair təlimimi
maraqlandırıb cəlb etmişdi? Yox, bu özəlliklərin heç biri onları özünə çəkmədi
və maraqlı hesab olunmadı”.
Sonra Nitsşe Şopenhauer fəlsəfəsində mənfi saydığı
cəhətlərdən və onların göstərdiyi təsirdən söhbət açaraq Şopenhauerin ən məşhur
ardıcılı olan keçmiş dostu Vaqnerə “hücum çəkir”. Deyir ki, Vaqner alman
dilinin korlanmasına coşqunluqla etiraz edib hiddətlənəndə Şopenhaueri təqlid
edirdi, çünki bu məqamda doğrudan da Şopenhauersiz keçinmək olmazdı, fəqət
açıq-aşkar demək lazımdı ki, Vaqnerin öz stili də alman dilinin korlanması səbəbindən
yaranmış həmin yara və şişlərdən əziyyət
çəkir, hansı ki, elə onların bircə uzaqdan görüntüsü belə Şopenhaueri qəzəbləndirib
quduzlaşdıra bilərdi.
Sual yaranır: İntellektual fəaliyyətlərlə məşğul
olmuşların, olanların yazı stillərində Şopenhaueri, Nitsşenin təbirincə söyləsək,
qeyzləndirib quduzlaşdıran naqisliklər, görəsən, hansılardı? (Oxşar məqamlarla
bağlı qəzəblənməkdən söhbət gedəndə, psixi və mənəvi baxımdan Şopenhauerə yaxın
olan digər böyük yaradıcı- Flober də yada düşür) Görəsən, Nitsşe bu
xatırlatmasıyla nəyi nəzərdə tuturdu?
Görəsən, Şopenhauer mütaliə, kitablar, yazar tipləri və ədəbi üslublar
barədə nə düşünürdü? Şopenhauerin “Parerga und Paralipomena” adlı əsərindəki mövzuyla
əlaqəli digər esselərinə yenidən baxmaq bu suallara cavab tapmağa müəyyən qədər
kömək göstərdi. İndi də həmin esselərdən subyektivcəsinə (!) razılaşdığım,
xoşlandığım, ürəyəyatan mülahizələr, mühakimələr seçib bəziləri barədə
danışmağa, bəzilərinisə tərcümə etməyə keçmək istəyirəm.
Deməli, Şopenhauerə görə, mütaliə zamanı əslində başqası bizim yerimizə düşünməkdədir.
Biz sadəcə onun zehninin işləyiş formasını izləyirik. Buna görə də aşırı dərəcədə,
yəni demək olar ki, bütün gün boyunca kitab oxuyan və öz düşüncələriylə məşğul
olmadan sadəcə arada əyləncəylə rahatlayan adam yavaş-yavaş düşünmək qabiliyyətini
itirir və bir çox təhsilli insanın da vəziyyəti bu durumdan fərqli deyil: çox
oxumaq, paradoksal olaraq, onları axmaqlaşdırır. Çünki bir kəs nə qədər çox
oxuyarsa, oxuduqlarından qalan izlər qaçılmaz olaraq bir o qədər az olacaq,
çünki belə olduğu halda zehnin düşünməyə zamanı olmur, halbuki oxunulan mətnlər,
ideyalar məhz onlar üstündə dərin-dərin, incədən-incəyə düşünməklə həzm edilir.
Filosof söyləyir ki, fərdi
üslubu olan yazıçıları oxumaqla da ədəbi bir keyfiyyətə çatmaq olmaz. Bu üslub
istər inandırmaq, müqayisə aparmaq qabiliyyətiylə, fantaziyanın zənginliyiylə,
cazibəli təzadlar seçməklə, istər cürətkarlıq, incəlik, yumor hissiylə, saf
lıqla bağlı olsun, fərq etməz, bu cəhətlərə sahib üslubu olan yazıçının yazdıqlarını
oxumaqla bu cəhətləri özümüzdə yaradacağımıza inansaq, boş yerə ümidlənmiş
olarıq. Fəqət bu keyfiyyətlər bizim təbiətimizdə zatən əvvəlcədən varsa, yəni
bu potensial bizim varlığımızda yatırsa, bax, o zaman oxumaqla həmin cəhətlərimizin
fərqinə vara, onları üzə çıxara və hansı məqsədlər üçün, necə istifadə edə biləcəyimizi
yavaş-yavaş öyrənə bilərik. Mütaliə yoluyla fərdi üslub yaratmağın yeganə yolu
budur, çünki bununla təbii qabiliyyətlərimizdən nə şəkildə yararlana biləcəyimizi
öyrənirik. Fəqət bu qabiliyyətlərə əvvəlcədən malik olmasaq, sırf oxumaqla
quru, soyuq üslubçuluqdan, manyerizmdən başqa heç nə əldə etmərik və sadəcə bəsit
bir təqlidçi olmaqdan ötəyə keçə bilmərik.
Gözü önündəki həyatı dərindən-dərinə
tanıyan bu tanrıtanımaz və qaşqabaqlı müdrik Dədə, öz dövründəki kütləvi
kütlüyün, qanmazlığın, bu qanmazlığın doğurduğu danqazlığın illər boyunca sürən
ictimai dominantlığından duyduğu güləyən əsəbdən vijqələşib göylərə yüksələn ağ
saçları arasındakı işıqlı dazlığı ahəstə-ahəstə parıldadan şam işığında yazır ki,
həyatda necədirsə, ədəbiyyatda da elədir: Hayana fırlanırsansa-fırlan, özünü
düzəlməz, yolagəlməz bir insan güruhuyla qarşı-qarşıya qalmış bulacaqsan. Eynilə
yaz milçəkləri kimi sürü halında hər yerə doluşub oranı kirlədirlər. Bir yığın
bərbad kitab da eyni mənfi funksiyanı yerinə yetirir, qidasını sünbüllərin
torpağından alan və son nəticədə onu boğuq qurudan istilaçı alaq otlarına bənzəyir
bu kitablar. Onlar insanların zamanını, pulunu, diqqətini qəsb edirlər, halbuki
bu dəyərlərin əsl haqq sahibləri yaxşı kitablar və onların məzmunundakı,
yaradılışındakı alicənab hədəflərdir. Sözügedən pis kitablar isə əsasən şöhrət,
mövqe və pul əldə etmək məqsədilə yazılır, dolayısıyla təkcə yararsız deyillər,
həm də ümumiyyətlə ictimai zərərə səbəb olurlar. Mövcud ədəbiyyatın hardasa
yüzdə doxsan faizinin də xalqın cibindən bir necə quruş qopartmaqdan başqa bir
hədəfi yoxdur və bu hədəfə çatmaqdan ötrü yazar, nəşriyyatçı və tənqidçi əlbirliyi
edib bütün güclərini birləşdirmişlər.
(Bir neçə qeydlə söyləyim ki, dövrümüz və mühitimiz Şopenhauerin
zamanından yaxşı mənada xeyli fərqlənir, o zamandan buyana insanın bezgin və
yorğun qəlbini şahanə fəxarətlərlə dolduracaq dərəcədə mənəviləşmiş, ucalmış,
kamilləşmişik və buna görə də, şükürlər olsun ki, Şopenhauerin son cümlələrdə bəhs
etdiyi alçaq işlərlə daha məşğul olmuruq. Odur ki, son cümlələri ciddiyə
almayıb boşlamaq da olar.)
Acıqlı Dədənin zəhləsi
getdiyi bir qrup digər əməkdar qələm adamları isə bu cür tiplərdir: deməli,
bunlar dövrün ən yüksək zövqü və həqiqi kültürü üzərində hakimiyyət yaradır,
necə deyərlər, yuxarı təbəqələrin, yəni, eleqant
aləmin yüyənini ələ keçirirlər və beləliklə, kübar çevrələrdə hərlənənlər söhbət
mövzusu tapmaqdan ötrü həmişə eyni şeyi, yəni ən yeni, ən son çıxan kitabları
oxumağa şərtləndirilirlər. Beləliklə, bu insanlar da sayları getdikcə çoxalan
bayağı və primitiv insanların ən son yazdıqlarını izləməyi böyük məharət sayır,
bütün çağların və ölkələrin azsaylı böyük və orijinal zehinlərinin yaratdığı əsərlərinsə
sadəcə adlarını bilirlər. Ümumiyyətlə insanlar əksərən bütün zamanların ən
yaxşı əsərlərini oxumaq yerinə, sürəkli olaraq yeni çıxan əsərlərin arxasına
düşdüklərindən, yazarlar da öz dövrlərinə hakim olan ümumi ideyaların dar sahəsinə
sıxışıb qalırlar və bu səbəbdən həmin dönəm öz bataqlığı içində çırpınıb durur.
Və filosof deyir ki, heç zaman yaddan çıxarmayaq: axmaqlar üçün yazanlar hər zaman qarşılarında geniş bir dinləyici kütləsi
tapacaqlar.
***
Bir filosofun qəddar
olduğunu tez-tez söyləyərdilər. Ancaq unudur və ya fərqinə varmırdılar ki, o
filosof özünə qarşı da qəddarıydı. Elə ilk növbədə özünə qarşı əzaziliydi. Əvvəl-əvvəl
özünü intellektual sınağa çəkir, əzablara özü qatlaşır, özünü yoxlayır, özündə
səhvlər tapır, özündəki zehni-mənəvi əyər-əskiklərlə vuruşur, zir-zibilini özü
təmizləyir, özünü döyə-döyə möhkəmlədirdi. Bir tip ki, özünə bu qədər əzab çəkdirirdisə,
o, başqasına qarşı intellektual mərhəmət duyardımı, mülayimlik göstərərdimi? Əlbəttə,
duymaz, göstərməzdi. Çünki, intellektual (!) mərhəmət və mülayimliyin ortabablığın saxta və iyrənc
növünə xas olduğunu vurğulayaraq, bu süni miyanəliyi özünə yaraşdırmaz və “mən bir filosofun qüvvətini və böyüklüyünü,
onun həqiqətə nə dərəcədə tablaşmasıyla, həqiqət arxasınca hara qədər getməsiylə
ölçürəm” deyərdi.
Fəqət çox önəmli və əsla nəzərdən
uzaq saxlanmayası bir məqam var: deyilənə görə, həmin qədimi filosof adi həyatda,
daha dəqiqi, cəmiyyət nümayəndələriylə üz-üzə gəldiyi, görüşüb hal-əhval
tutduğu mühitlərdə xeyli nəzakətli, mülayim, anlayışlı və həssas insanmış. Bu
çox inandırıcıdır. Çünki, varlığının təməl hissəsiylə yaşadığı intellektual
sferada, öz zehni aləmində özünə də, digərlərinə də bunca qəddar olan bu mütəfəkkir
ehtimal ki, məişət həyatında xeyli nəzakətli və hörmətcil davranacaqdı. Çünki,
brutal və rəqabətçi qəddarlığını öz yaradıcılığında- kəlmələrlə, ideyalarla,
duyğularla, başqalarının yaratdığı kültürlərlə apardığı mübarizədə ifadə edən
adamın primitiv, banal, bayağı qəddarlığa, məişət zorakılığına meyli və həvəsi
olmaz.Yüksək kültürlü adamın bir göstəricisi də məhz bu cəhət sayıla bilər:
Ruhani yaradıcılığında xeyli əzazil, fəqət məişət həyatında xeyli nəcib.
Və məhz hansısa
intellektual sferada qəddar olmaq, hansısa fiziki sferada qəddar və zülmkür
olmaqdan, yəni, zülmkarlığını cismləşdirməkdən qat-qat nəcibanədir. Ona görə də
mütəfəkkir qəddarlığından deyil, qəddarlığını və zülmkarlığını çox soyuq,
xırdaçı və ürpərdici bir hiyləgərliklə gizlədən meşşan qəddarlığından çəkinmək,
ikrah duymaq, iyrənmək lazımdır.
Bu mənada Şopenhauerin üslubunu
hansısa qabalıqda, nəzakətsizlikdə ittiham edənlər varsa əgər, gəlin onların
qabağına, yeri gəlmişkən, onun “nəzakət” qavramına bir başqa tərəfdən baxan bu “nəzakətsiz”
düşüncəsini ataq: “Nəzakət, bir-birinin əxlaqi
və intellektual səfilliyini görməzdən gəlmək və üzə çıxarmamaq məqsədilə
bağlanmış gizli bir saziş, razılıq, fikir birliyidir.” Və bu fikrini də
azca izah edib, mətləbi uzadaq:
Dibində bitən bolluca mərcan-
yosunun qırmızı rəngdə olması və Dedalın qanadlandığı səviyyədən görünəcək qədər
geniş ərazilərə yayılması səbəbindən, yuxarıdan qıpqırmızı görünən və bu
qıpqırmızılığına görə “Sazpipiy” adlandırılan dənizin sahilindəki böyük ölkələri
idarə edən hökmdarların görüşünü xatırlayaq (xatırlamayan, qoy, təsəvvür etsin):
yadınıza gəlirsə, hökmdarlar, qəsrin, divarındakı boz oyuqdan qarağaçın
yarpaqları görünən, içinə yayılan nəmişlikdən adamın paçasını gizildədən yarıqaranlıq
hücrəsində görüşmüş, gülüşmüş, hətta bir-birinə yüngülvari xoş sözlər söyləmiş,
qısası, hər iki tərəf düşünülmüş nəzakətlə davranmışdı. Halbuki, imkan olsaydı,
şərait yaransaydı, ordan-burdan edilən müdaxilə olmasaydı, güclü tərəf
tullanardı nisbətən zəif tərəfin üstünə, onu basardı altına, yağmalayardı. Belənçi
hadisənin örnəkləri azmı olmuşdu? (Bəlkə
də Besroxorun təsirinə aşırı məruz qalmışam, bilmirəm...Leksikonum (kasad, qıt,
bərbad, gicgahları qızışdırıb darıxdıran bərbad
bir leksikon!) belə getdikcə onunkuna bənzəyir...Etiraf edirəm ki, bu
hal məni sıxmağa başlayır).
Ancaq o görüş zamanı mühitin
havasında incə söhbətlər oyan-buyana uçuşur, tərbiyəli davranışlar qovuşub-qaçışır, atmosfer qarşılıqlı
anlaşmalarla, məmnuniyyətlərlə, hörmətkəranə əlsıxmalarla dolub-daşırdı. Halbuki
bu hökmdarlar, ” Kaş gözəl sevişərdik”
misrasının məşhur müəllifi olan, xalqını xilas etməkdən ötrü, s-i partiyasının
qalib gəlməsi uğrunda rəqibləriylə amansızcasına cırışan və bir əməkdar xadim tərəfindən
“incə ruhlu şairəmiz” adlandırılıb önə çıxarılan əməkdar incəsənət xadiməsi demişkən, “ahh, o qədər insanı sümürmüşdülər ki...Vah, o qədər kəndlini əzib-incitmişdilər
ki...” Bir neçə sözlə deyəsi olsaq, əxlaqı baxımdan səfil insanlarıydılar (Gur saqqallı qarabuğdayı çöhrələri xeyli
yaraşıqlı olsa da. Hətta bu görüşün keçirildiyi o qədimi ölkəyə qonaq kimi təşrif buyuran daha ucaboy hökmdar, xüsusən də onun,
Tiflisdə yerləşən, arxasını Kürün
axdığı dərəyə çevirən çar Farnavazunki kimi sərt almacıq sümüklü və bir biscolata
reklamındakı şokoladçıdakı kimi kəskin çənəli sifəti, qəsrə yığışan yerli əyanlardan
birinin atasına qoşulub buraya gələn, titrək, sarı-çəhrayı buxaqlı ərgən
qızının təravətli və çəkingən ruhunda, gənc xanımın hamıdan gizləmək istəyəcəyi
“ahh...kaş mənim də bəbişim olaydı...bəbişimin atası da bu yakışıklı olaydı!”
kimi səssiz bir hayqırış doğurmuşdu ). Lakin bir-birindən güc alıb lap
zorbalaşan nəzakəti qorumaqda sürəkli və yorulmaz (ancaq adamyoran) bir dirəniş
göstərirdilər. Üz-gözlərində isə sanki bir-birinə xitabən yaranan bu ifadə hiss
olunardı: Bilirik ki, sən də zülmkar və həyasızsan, mən də, ancaq gəl
bir-birimizə qarşı nəzakətli olmağı qoruyaq və bu xislətimizi açıb-ağartmayaq,
yoxsa hər cəhətdən biabırçılıq olar.
(Qısa fasilə. Əziz oxucu,
xatırlayırsansa yuxarıda Besroxor öz ədasıyla məni əzmişdi. Ona acıqlıyam.
Acığımı isə onun bu balaca və bərbad (çünki, içində müəyyən qədər xoşagəlməz
didaktika və məncə, ştampovka söz birləşmələri var)hekayəsini paylaşmaqla
çıxmaq istəyirəm:
Kiçik olsa da
rahat və səliqəli otağında, əynində hamam xalatı, əsərinin müxtəlif dillərdə
çap edilən cildlərindən, uzun müddətlik əzab və məyusluqlardan sonra ruhunda
kök salan iztehzalı gülümsərliklə söhbət açan keçmiş zadəgan,gənclik əsərlərinin
birində, keşmişdə zabit olmuş və yanına kitab almağa gəlmiş füsunkar xanımın
sualını cavablayarkən siqaretini zərif hərəkətlə külqabını qırağına qoyan və
bircə bu manerasıyla xanımın zehnində özündən xatirə saxlayan solğun bənizli,
cavan, sakit, ciddi və təmiz geyimli mühacirin hərəkətlərini təsvir edir.Demə,
bu mühacir vətənində olarkən, “qırmızılar”la döyüşən “ağlar”ın başçılarından
biriymiş. Bir döyüşdə yaralanır, uzanıb qalır, lakin parlaq ulduzların altında
özünə gəlir. Çoxlu qan itirsə də, dayanmır, qalxır, gecə boyunca sürünə-sürünə,
ovuclarını qanada-qanada, bir ara gəndəlaşların qoxusunu hiss etmək məcburiyyətində
qala-qala özünü Yaltaya çatdırır. Tanışı olan bir dentist qapısını ona açır, zabit
gecəni burada yatır ,azca dirçəlir, bu evdə qalarsa, dentistin ailəsini də təhlükəyə
atar deyə, yola çıxmağı qərara alır və həssas qəlbli dentistin verdiyi yolpulunu
minnətdarlıqla qəbul edir ("bir gün borcumu mütləq qaytaracam, əziz insan!").
Ancaq hardasa
Qırmızı Mühafizəçilərin yanından gözə çarpmadan keçmək istərkən, arxadan bir
qadın qışqırır: Mən bu adamı tanıyıram,tanıyıram, o ağlardandı, saxlayın, tutun
onu!
Zabit də həmin
qadını tanımışdı. Qadın, bir zamanlar, sevimli dostlarla, ağıllı və zərif söhbətlərlə
xoşbəxtləşən evdə xadimə olmuşdu. Dostlar şirin gözqırpmalarla xadimənin o
zamanlar zabitdən xoşlandığını sezdirirmişlər. Bu günsə keçmiş xadimə, indiki
qırmızı inqilabçı zabiti həbs etdirməkçün üzərinə nifrətlə cumurdu.
Bu çətin və
gözəl dünyada bir kəs xadimə olar, digəri zabit. Xadimə də dünyaya lazımdı,
zabit də. Fəqət ürəklər yaxınlaşsa, ruhlar isnişsə, orada nə zabitlik qalar, nə
xadiməlik. Ehtirasdan və həyat eşqindən yanan iki canlı bədən birbirinə
qovuşar, şövqlə içiçə keçər, şəhvət burulğanına qərq olar. Həyata minnətdarlıq,
dünyaya sevgi, varlığa vurğunluq dolğunlaşar.
Amma necə
oldu? Siyasət gəldi və ruhları, zehniyyətləri buxovladı. Bəlkə də əslində alçaq
olmayan xadiməni alçaltdı, əslində lovğa olmayan zabitin vəhşi xislətini zorla
üzə çıxardı. Eyni xalqın doğma olası nümayəndələrini bir-birinə düşmən etdi.
İnsanları xəyali ağlara və qırmızılara ayırdı. Dağıtdı, sökdü, ayırdı, pərən-pərən
saldı. Daxili, həqiqi mədəniyyəti yox edib itirdi, zahiri və saxta cilanı yüksəldib
yayğın etdi.
İdeologiya, cənnət
olasını cəhənnəmə çevirdi.)
Yaxud, görürsən ki, bir “A”
kateqoriyalı (yazıçı və filosoflar kateqoriyalara bölünür, əsla hamısını bircə
torbanın içinə doldurub eyni hesab etmək olmaz, belə etsək, son dərəcə ciddi ədalətsizliyə
yol vermiş olarıq, üstəlik belənçi hərəkətlə ağır zəhmət sayəsində ərsəyə gəlmiş
bir kültürü təhqir etmiş də sayılarıq) yazıçı yaxud filosofdan hansısa
jurnalist müsahibə alır. Ona elə suallar verib, elə söhbətlər edir ki, zavallı
yazıçının sifəti düşdüyü vəziyyətin doğurduğu əzabdan əyilib üzülür. Hiss
olunur ki, narahatdır, gərgindir və jurnalist onu kütbeyniylə yorur; əslində
yazdıqlarından heç nə anlamayıb, sadəcə sual vermək istiqamətində qurulub deyə
elə ancaq suallar verir və xeyli xoşbəxtdir. Ancaq yazıçı həm öz xeyrinə görə,
həm də nəzakətli qalmaq üçün bu kütlüyünü onun üzünə vurmur ki, onu pərt etməsin,
acıqlandırmasın. Nəzakətli olmaqda israr edir, yəni qarşısındakı insanın
intellektual kasadlığını görməzdən gəlməyə çalışır.
***
Şopenhauer məsləhət verir
ki, mütaliə zamanımızı mütləq nəzarətdə saxlayaq və oxumaq üçün ayırdığımız
vaxtı əsasən bütün zamanların və ölkələrin böyük zəkalarının əsərlərini oxumağa
həsr edək; əgər kitablar insana nəsə öyrədirlərsə, məhz bu cür insanların
kitabları bizi tərbiyələndirib-təhsilləndirə bilər. Yaxşı olanı oxumaq üçün pis olanı heç bir zaman oxumamağı gərək özümüzə
mütaliə düsturu kimi seçək: Çünki həyat qısadır və həm zaman, həm dinclik bizim
üçün məhduddur.
Avam insanlar da sadəcə
yeni nəşr olunmuş kitabları oxumaq istəyirlər və hər kəs özünəbənzərləri
sevdiyi üçün də xalq, dövrün dərinlikdən
məhrum, istedadsız beyinlərindən çıxan laqqırtıları böyük zəkaların düşüncələrindən
daha xoşagələn və doğma sayır. Məhz buna görə dünyagörüşləri bu qədər
bayağı və məhdud olan xalq kütlələri özlərinə bənzəyən adamlar tərəfindən
yazılmış keyfiyyətsiz, dəyərsiz kitabları sırf
yeni, müasir olduqları, bu gün nəşr olunduqları üçün oxuyurlar. Hər epoxanın
yetirdiyi azsaylı dərin mütəfəkkirlərin əsərlərisə kitabxana rəflərində demək
olar ki, oxunmamış halda durur.
Şopenhaeur söyləyir ki, hər
şeydən əvvəl iki cür yazar vardır: sırf ələ aldığı mövzu üçün yazanlar və sadəcə
yazmaq xatirinə yazanlar. Birinci tiplər insanlarla paylaşmağa layiq gördükləri
düşüncələrə və təcrübələrə sahibdilər deyə yazırlar, ikinci tiplər isə pula
ehtiyac duyur və dolayısıyla əsasən pul üçün yazırlar. Bu ikincilər,
yarıdoğru-yarıyanlış, əcaib, saxta, məcburi və qərarsız olan düşüncələrini işləmək
tərzləriylə və qarışıqlığa, anlaşılmazlığa tərəf meyillənməkləriylə özlərini
asanlıqla ələ verirlər, çünki bilirlər ki, ancaq bu yolla olmadıqları kimi
görünə bilərlər. Səhifəni doldurmaq üçün yazanlar əslində oxucunu aldadırlar və
bunun fərqinə varılır-varılmaz həmin kitabı uzağa tullamaq lazımdır, çünki
zaman çox dəyərlidir. Mütləq şəkildə ələ aldığı mövzu xatirinə yazan insan isə
oxunmağa layiq yazıçıdır. Və, elə ya belə, bir yazar pul üçün yazmağa
başlar-başlamaz da dərhal nanəcibləşir.
Və...Vay Dədə! İndi görürəm
ki, söhbət çox uzanıb, üstəlik hörmətli redaktorumuzun acıqlanmasından da, nə
yalan deyim, bir balaca qorxuram, ona görə də mövzunu burada dayandırır və ardını
gələcək söhbətlərin birinə saxlayıram.
Rüstəm Ayaks
Kultura.az