L.Tolstoy. Milyonlarla qanmazlıq
Lev TOLSTOY ƏCAİB VARLIQ Yer ü…
Fransız fəlsəfəsinə çox az adam Volter qədər nəhəng təsir göstərib. 1694-cu ildə həyata göz açan Fransua-Mari Arue uşaqlığını Parisdə keçirib. Louis-le-Grand Kollecində yezuitlərdən klassika təhsili alıb.
Məktəbi bitirəndən sonra, o yazıçı olmaq istəyirdi. Atası isə onu davamçısı kimi görür və hüquqşünas olmasını diləyirdi. Arue hüquqda davam edirmiş kimi görsənməklə, atasının gözündən pərdə asır, altdan-altdan isə yazırdı.
Arue həmyaşıdları arasında satirasına və hazırcavablığına görə populyar idi. Təəssüf ki, bu xasiyyəti tezliklə onu cəncələ saldı. Hökuməti həcv etdikdən sonra o, bir ilə yaxın Bastiliyada həbs həyatı yaşamalı oldu. Azadlığa buraxılanda isə, “Volter” təxəllüsünü götürmək qərarına gəldi.
Maarifçilik dövrünün bir çox filosofları kimi Volter də fərdi azadlığı, məntiqi əldə bayraq edir və dini doktrinaları sorğuya çəkirdi. Rəsmi şəxslərlə apardığı mübahisələr sonda onun Fransadan sürgün olunmasıyla yekunlaşdı. Nəticə etibarilə, o, İngiltərəyə, Brüsselə və nəhayət, Prussiyaya səyahətə çıxdı.
Volter tarixi və fəlsəfi əsərlərlə yanaşı, çox sayda pyes və şeir də yazıb. Onun yazdıqlarını 3 kateqoriyaya bölmək olar: bir neçəsi inanılmaz populyarlaşıb, çoxu uğursuz olub və yetərincə saydakı isə ətrafındakı insanları qəzəbləndirib. Onun həyatı da bu modeli əks etdirirdi. O, yeni məkanlarda ona görə qəbul olunurdu ki, tezliklə xaric edilsin.
Cenevrədə bir daha ona qucaq açılmışdı. Bununla belə, əsərləri bəzi isveçrəli intellektualları provakasiyaya yönəltdikdən sonra pyesləri qadağan edildi. Ardınca çəkişmələr və tənqidlər baş qaldırdı.
Yorğun Volter İsverçəylə sərhəddəki Ferney kəndinə çəkildi. Məhz bu kənddə o, həyatının ən məhsuldar və xoşbəxt anlarını yaşadı. Burada o, həm də ən məşhur əsəri “Kandid”i yazdı.
1759-cu ildə çap olunan bədii əsər gənc Kandidin dinclikdə yaşadığı Alman baronunun qəsrində başlayır. Müəllimi, optimist Dr. Panqlos ona “hər şeyin yaxşılığa doğru” olduğunu öyrədir.
Kandid Cənubi Amerikaya və Avropaya səyahət edəndə, başına cürbəcür hadisələr gəlir, buralarda o, təbii fəlakətlərdən tutmuş ədalətsiz zorakı davranışlara qədər müsibətlər görür və yaşayır. O, bunların yaxşılığa doğru olub-olmadığını, bu qorxunc vaqiələrin arxasındakı mənanı sorğulamağa başlayır.
“Kandid” Maarifçiliyin aspektləri, ruhani liderlərin ikiüzlülüyü və ədalət adına törədilən amansız davranışlar barədə fəlsəfi tənqiddir. Əsərdə Yeddi İllik Müharibə, 1755-dəki dağıdıcı Lissabon zəlzələsi, Admiral Con Bingin edamı kimi dövründə bir çoxlarını qeyzləndirən real hadisələrə istinadlar var.
Kitab qısa və əyləncəlidir. Amma kitabın aldadıcı yüngüllüyü sizi tələyə salmasın. Çünki satira və yumor örtüyünün altında dərin mətləblər gizlənib – bunlardan bəziləri indiyəcən də aktualdırlar.
Hekayədə bəhs edilən üç təhlükə bunlardır:
Hekayə boyunca Panqlos Kandidə hər şeyin yaxşılığa doğru olduğunu xatırladır. Donuzlar yemək üçün yaradılıb, ona görə də biz donuz kababı yeyirik. Ayaqlar ayaqqabı geyinmək üçün yaradılıb, ona görə də biz ayaqqabı geyinirik. Və sonda, Lissabon Körfəzi də Jak obrazı boğulsun deyə yaradılıb.
Panqlosun məntiqləri yüksək səviyyədə olsa da, onun xarakteri hər şeyin müəyyən səbəbdən baş verdiyinə inanan filosoflara rişxənd etmək üçün yaradılıb. Volter hesab edirdi ki, optimizmin təhlükəsi fəaliyyətsizliyə səbəb olmasındadır. Kandid Jakı boğulmaqdan xilas etməyə çalışanda, Panqlos Jakın ölməli olduğunu sübut etmək üçün Kandidin qarşısını alır.
Bu, bizə nə qədər məntiqsiz görünsə də, reallıqda biz pozitiv düşüncənin uğurun açarı olduğu düşüncəsinə qurban gedirik. Biz düşünürük ki, əgər sadəcə nikbin olsaq, hadisələr baş verməli olduqları kimi baş verəcəklər. Amma təəssüf ki, araşdırmalar müəyyən nəticə barədə xəyallara dalmağın əslində fəaliyyətə əngəl olduğunu göstərir.
Son nəticəyə köklənməkdənsə, fəaliyyətə başlamaq yaxşıdır. Bu gün qidalanmağı planlaşdırmaq, müəyyən çəkidə olmağı arzulamaqdan daha yaxşı işləyir. Özünü böyük auditoriyaya qarşısında təsəvvür etməkdənsə, hansısa aləti çalmaq səni daha çox qabağa aparır. Sadə məhsulları satmaq özünü hansısa qlobal biznesin sahibi kimi xəyal etməkdən daha yaxşıdır.
Kiçiklə başlamaq sadə, ancaq effektiv metoddur.
Uğuru hər kəs sevir. Biz ona can atır, haqqında danışır, ona cəzb olunuruq. Ancaq heyf ki, uğur insanların yanlış səbəblərdən də cəzb edə bilər.
Kandid qızıl, zinət xəzinəsi və qoyun tapır. Sonra isə bunları səyyah alverçi ilə mübadilə edəndə, alverçi onu aldadır. Kandid özünə dostlar tapır, amma onların məqsədi sadəcə qızıl və zinəti onu əlindən qoparmaq və aradan çıxmaqdır.
Kandidin səyahəti onun yeni “uğurunun” həm yaxşı, həm də qaranlıq tərəflərinin olduğunu göstərir. O, dostlarının azadlığına nail olur və doğrudan da yardımsevər insanlar tapır. Amma heyf ki, o, sadəcə əlindəkilərə göz dikən adamlar üçün də yem olur, beləcə, onun həyata dair nikbin baxışları tutqunlaşır.
Hekayə bizə uğurun özünün çeşidli formalarında verdiyi vədləri doğrultmadığını öyrədir. Çünki Kandid öyrənir ki, uğura çatmaq, problemlərin yoxa çıxması mənasına gəlmir. Əksinə, onlar cürbəcür problemlər yığınına çevrililər.
Kandidin məna axtarışı həm də xoşbəxtlik axtarışıdır. Hekayədə bəzi anlarda Kandid özünü xoşbəxt edəcək məqamlara çatır, lakin bu ona ancaq məmnuniyyətsizlik gətirir. Məsələn, o, özünü möcüzəvi şəkildə zəngin və dinc El Dorado torpağında tapır. Amma burada da onun fikri-zikri yalnız doğma yurduna xəzinəylə qayıtmaq olur.
Kandid yenidən dostlarına və sevdiklərinə qovuşanda, bir daha xoşbəxt olmaq ehtimalı olur. Onlar müharibələrdən, zorakılıqlardan və təbii fəlakətlərdən qurtulublar. Amma yenə də dinc deyillər və darıxırlar. Kandid yalnız zəhmətkeş fermerlə tanış olanda, axır ki, nə istədiyini dərk edir: Məqsəd.
Kandid deyir: “Biz öz bağımızı becərməliyik”. Beləliklə, onlar sərsərilikdən əl çəkib birlikdə işləməyə, müxtəlif işlər görməyə başlayırlar. Nəhayət, doyuma da çatırlar. Bizlərdən çoxumuz işləməyəcimiz günün həsrətini çəkirik. Gündəlik çətinlik və əziyyətlərdən təngə gəlirik. Ancaq dayananda da, məqsədyönlülük hissimizi itiririk.
“Kandid” iş görmədən fəlsəfə üyütməyin necə təhlükəli olduğunu göstərir. Biz öz nəzarətimizdən xaric şeylərə asanlıqla mübtəla oluruq. Başqalarının hansı işlərlə məşğul olduğu qayğısına qalanda, ən son qeybətlərə baş qoşanda, öz vəziyyətimizi yaxşılaşdırmaq bacarığımızı itiririk.
Əvəzində öz bağına üz tut
Öz bağını becər
Volter sakit kəndinə çəkildikdən sonra, sakitliyini uzun müddət saxlamadı. Klassik Volter mahiyyətinə uyğun olaraq, kəndliləri öz düşüncələri ilə hərəkətə keçirdi.
O, fərdlərin hüquqları uğrunda mübarizəni davam etdirdi, dini tolerantlığı müdafiə etdi və yerli siyasətə qarışdı. Nəhayət, yerlilər onun cəhdlərini dəyərləndirdilər və Ferney kəndinin adı Ferney-Voltaire kimi dəyişdirildi.
Volter Parisə ən nəhayət, 28 illik sürgündən sonra qayıtdı. Onu böyük coşğu və sevinclə qarşıladılar. Amma Volter əsərlərindəki əsl mənanı və mükafatı öz bağını becərməklə tapmışdı.
Melissa Chu
Bilge.az