post-title

Bədii təfəkkür haqqında

“…Bilmirəm, ümumilikdə bunların hamısı tale məsələsidi, başa düşürsünüz?

Yadımdadır, şəkli çəkməzdən əvvəl oxudum ki, bir həbs duşərgəsində aclıqdan şikayət eləyən adama diri siçovul yedirdiblər. Hərdən mənə elə gəlir ki, her şey mənasızdır. Milyon illərdi boşluqda fırlanan kiçik planetdə əzabla doğuluruq, böyüyürük, vuruşuruq, xəstələnirik, əziyyət çəkirik, başqalarına əziyyət veririk, qışqırırıq, ölürük. Bu vaxt isə mənasız komediyani təkrar eləmək üçün yeni insanlar dunyaya gəlir.”

Ernesto Saboto “Tunel” əsərindən

İnsanın çoxlu kitab oxuması, hətta nə qədər qəribə səslənsə də insanın cild-cild kitablar yazması belə onun bədii təfəkkür sahibi olmasının göstəricisi sayıla bilməz. Məsələn, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar Rzayev, Elçin Əfəndiyev cild-cild kitablar yazıblar, amma onlarda bədii təfəkkür deyilən şeyin izi-tozu yoxdur. Bədii təfəkkürü hazırcavablıqla da qarışdırmaq olmaz. Şitlik və səydəşlik etmək, hər şeyi lağlağıya çevirmək, hər şeyi lağlağıya qoymaq da əsla və əsla bədii təfəkkürün əlamətləri kimi qəbul edilməməlidir.

Tomas Vulfun “Evinə bax, mələk” əsərində möhtəşəm bir səhnə var. Məncə həmin səhnə və həmin səhnəyə bənzər səhnələr (məsələn, Platonovun “Can” əsərində Nazar Çaqatayevin şkafın içindəki boşluqla vidalaşmaq səhnəsi) nəsrin son həddidir. Ora  gedib çatmaq hər yazıçının işi deyil. Hər yazıçı elə səhnə yaza bilməz.

Deməli Saymon adlı bir imkanlı adam necə olursa (şəhərdəki otellərdə deyəsən yer tapmadığına görə) iki mühafizəçisi ilə bərabər Tomas Vulfun anasının işlətdiyi pansionatda yerləşir. O, eyvanı olan iki otaq tutur və otaqların pulunu da əvvəlcədən artıqlamasıyla ödəyir. Saymon mühafizəçilərlə birlikdə pansionati tərk etdikdə Tomas Vulfu görür, onu nəvazişlə yanına çağırır. Təbəssümlə adını soruşur. Sonra əlini pencəyinin cibinə salıb bir ovuc beş və on sentlik sikkələr çıxarır. Sikkələri Tomas Vulfun ovcuna töküb deyir: “Həmişə quşların qayğısına qal, oğlum… Quşları unutmayın dostlar. Quşların qayğısına qalın…”

İnsan belə səhnələri oxuduqda feyzyab olmursa, yüksək səviyyədə həzz almırsa deməli ən azı onun bədii təfəkkürü ciddi şəkildə axsayır. Deməli o ancaq hadisələrlə, əsərın süjeti ilə tanış olur. Buna da əlbəttə ciddi mənada oxumaq, mütaliə etmək demək olmaz. Həqiqətən də bədii təfəkkürü olmadığı halda ədəbiyyata iddia edən, əsərlərin süjeti ilə tanış olan adamlar çox məzmunsuz, darıxdırıcı mənfi enerjili adamlar olurlar. 

***

İlkin gənclik dövrümdə Folknerin bir müsahibəsini oxumuşdum. Həmin müsahibədə Folkner demişdi: “Mən tənqidçiləri oxumuram. Mən yazıçıları tanımıram. Mənim durub-oturduğum adamlar-fermerlər, maldarlar, ovçulardı. Mən onlarla ədəbiyyatdan yox, atdan, itdən, ovdan, tüfəngdən söhbət eləyirəm”.

O vaxtlar sənət və ədəbiyyat mənasında olduqca maksimalist mövqedə idim. O vaxtkı halıma, ovqatıma, münasibətimə sənət və ədəbiyyat faşisti adı qoysaq daha doğru, mənzərə daha aydın olar. O vaxtlar adamlar mənim üçün iki yerə bölünürdü; Dostoyevskini oxuyanlar və Dostoyevskini oxumayanlar. Dostoyevskini oxumayan adamlara adam kimi baxa bilmirdim. Dostoyevskini oxumuyan adamlara sadəcə yeriyən, yatan, yeyən, danışmaqı bacaran ölü canlar kimi münasibətim vardı.

Belə bir ovqatda Folknerin sözləri mənə sarsıdıcı təsir göstərmişdi. Necə yəni mən tənqidçiləri oxumuram? Bəs nə oxuyursan? Necə yəni mən yazıçıları tanımıram? Bəs kimləri tanıyırsan? Bunu necə başa düşmək olar? Fermerlərlə, maldarlarla, ovçularla Folkner kimi nəhəng yazıçı necə oturub – dura bilər? İşin ən pis tərəfi ondan ibarət idi ki, bu sözləri adi, orta səviyyəli bir yazıcı deməmişdi. Adi, orta səviyyəli bir yazıçı bu sözləri desəydi yəqin ki, mənə o qədər də sarsıdıcı təsir göstərməzdi. “Mən tənqidçiləri oxumuram. Mən yazıçıları tanımıram. Mənim durub-oturduğum adamlar-fermerlər, maldarlar, ovçulardı. Mən onlarla ədəbiyyatdan yox, atdan, itdən, ovdan, tüfəngdən söhbət eləyirəm” – bu sözləri Nobel mükafatı almış, nəhəng bir yazıcı demişdi. Nəhayət uzun düşüncələrdən sonra Folknerin bu sözlərini hoqqabazlıq, epataj kimi qəbul etməkdən savayı yolum qalmadı. Folknerin nə demək istədiyini başa düşmək üçün iyirmi il keçməli idi. Yüzlərlə məclislərin, tədbirlərin iştirakçısı olmalı idim. Minlərlə müxtəlif cür adamlarla görüşməli və söhbət etməliydim. Hələ nə qədər əsərlər oxumalıydım. Nə qədər bədii və sənədli filmlərə baxmalıydım.

***

Yaxın bir dostumun oğlu “Qış tətilini necə keçirdim” mövzusunda məktəbdə inşa yazıb. Uşaq yazıb ki, qış tətilində Daşkəsənə, bibimgilə qonaq getmişdik. Onların evi soyuq idi. Gecə mən corabla yatdım.

Həqiqi ədəbiyyat müəllimi təkcə elə bu cümlələrə görə tərəddüd etmədən uşağa yağlı bir beş yazmalı, uşağı tərifləməli idi. Uşağın bədii təfəkkürünün daha da inkişaf etməsinə, cilalanmasına çalışmalıydı. Həqiqi ədəbiyyat müəllimi uşağın bu cümlələrini oxuduqda sərvət tapmış adam kimi sevinməliydi. Bəs ədəbiyyat müəllimi nə edib? Başlayıb uşağa moizə oxumağa. Ki, corabla yatmaq olmaz zad… Bu nə deməkdir? Bu o deməkdir ki, adam ədəbiyyat müəllimi olsa da bədii təfəkkürü yerli-dibli yoxdur. Belə bir müəllim heç vaxt uşaqlarda ədəbiyyata maraq, sevgi oyada bilməz. 

Azərbaycanlıların bədii təfəkkürünün, bədii-estetik zövqünün yerlə sürünməsinin, biabırçı vəziyyətdə olmasının ən başlıca səbəblərindən biri məncə orta məktəb dərsliklərindəki biabırçı, ədəbiyyata yaxından uzaqdan dəxli olmayan mətnlərdi. Uşaqların ədəbiyyat zövqü orta məktəblərdə elə pozulur ki, sonradan onlarda zövq formalaşdırmaq müşkülə çevrilir. Heç özləri də sonralar bədii zövqlərinin təzədən formalaşmasının qayğısına qalmırlar. Daha doğrusu buna elə bir ehtiyac görmürlər. Tənbəl camaatdı. Oxumaqla, öyrənməklə, düşünməklə araları yoxdu. Kitab görəndə elə bil qutuda ilan görürlər. Bir çoxları isə artıq oxumağı və düşünməyi sadəcə bacarmırlar.

Belə bir qəribə araşdırılma aparılsa məlum olar ki, Azərbaycanda dodağını şişirdənlərin, burnunu qısaldanların, ümumiyyətlə, tikdirənlərin və sökdürənlərin sayı ədəbiyyat zövqünü bərpa edənlərin sayından qat-qat çoxdur.

Azərbaycanlıların bədii təfəkkürü, bədii-estetik zövqü biabirçı gündədir sözlərini yazmaqda məqsədim heç də adamları qıcıqlandırmaq deyil. Qıcıqlandırmaq məqsədim olsa başqa mövzulara girərəm. Bu doğurdan da belədir. Yəni, azərbaycanlıların bədii təfəkkürünün, bədii estetik zövqünün biabırçı vəziyyətdə olması, yerlə sürünməsi faktdır. Bəxtiyar Vahabzadə kimi dayaz, ədəbiyyata dəxli olmayan adama dahi, fəlsəfi şair deyildiyi bir ölkədə adamların bədii təfəkkürünün, bədii-estetik zövqünün hansı vəziyyətdə olmasını uzun-uzadı müzakirə etməyə, bu istiqamətdə ciddi araşdırma aparmağa ehtiyac yoxdu. Görünən dağa nə bələdçi. Dostunu göstər kim olduğunu deyim sözünün başqa bir variantı da var. Oxuduğun kitabları, sevdiyin müəllifləri göstər kim olduğunu deyim. Əlbəttə axsaq atın kor nalbəndi olmalıdı. Əlbəttə bədii təfəkkürü yerlə sürünən, bədii–estetik zövqü biabırçı vəziyyətdə olan bir xalq Bəxtiyar Vahabzadə kimi dayaz, ədəbiyyata dəxli olmayan adamı dahi, fəlsəfi şair kimi qiymətləndirməlidir.

Seymur Baycan 

Azlogos.eu
Yuxarı