post-title

Gürcü qambiti

Qonşuda bişər, bizə də düşər…

 Atalar sözü

Azərbaycan Gürcüstandan çox sahədə üstündür. Bizim ərazimiz daha böyük, əhalimiz daha çox, təbii ehtiyatlarımız daha əhəmiyyətli, ordumuz daha güclü, yollarımız, infrastrukturumuz daha yaxşı, şəhərlərimiz daha abad və varlıdır, orta statistik azərbaycanlı daha zəhmətkeşdir və o, orta statistik gürcüdən daha yaxşı yaşayır. Amma bunlarla belə, bir çox azərbaycanlılar gürcülərə həsədlə baxırlar.

Bir neçə gün əvvəl qonşularımız yenə ayağa qalxdılar. Hansısa bir rus deputatın Gürcüstan parlamentinin kürsüsünə çıxaraq nitq deməyə çalışması, gürcüləri özlərindən çıxardı. Nəticədə qonşularımız nəinki rus deputatı kürsüdən aşağı saldılar, hətta parlamentin qarşısında toplaşaraq, kütləvi etiraz aksiyalarına başladılar. Parlamentin spikeri İrakli Kobaxidze istefa verməli oldu.

Bu yazı yazılan vaxt etirazlar davam edirdi və gürcülər Baş nazirin, daxili işlər nazirinin istefasını istəyir və parlamentin buraxılmasını tələb edirdilər. Əsasən gəncliyin və proqressiv təbəqənin iştirak etdiyi aksiyalar itkisiz ötüşmədi, onlarla insan polis tərəfindən saxlanıldı, çox sayda xəsarət alan oldu, etirazlar zamanı 24 yaşlı aktyor Demetre Nakopianın rezin güllədən gözünün çıxması və beyin əməliyyatına məruz qalması gürcü cəmiyyətini silkələdi.

Rusiyaya belə sərt üz göstərməyin təsirsiz ötüşəcəyini fikirləşəcək qədər sadəlövh deyil gürcülər, dəfələrlə təxribatlara, itkilərə məruz qalıblar, torpaqları işğal olunub, 10 il qabaq rus tankları az qalsın Tbilisini də işğal edirdi. Son hadisədə isə Putin Gürcüstana olan bütün təyyarə uçuşlarını dayandırdı, rus turistlərə Gürcüstana getməmək tapşırıldı. İndi Rusiyadan növbəti sanksiya və təxribatlar gözlənilir. Nəyin üstündə? Gürcülər deyir ki, Rusiya bizim 20% torpağımızı işğal edib və buna görə də rus deputat bizim parlamentimizdə çıxış edə bilməz.

Bu, gürcülərin azadlıq və cəsarətinin təntənəsidir. Bir çox azərbaycanlıların  bütün çatışmazlıqlarına baxmayaraq, gürcülərə həsəd aparmalarının səbəbi də onların bu azadlığı və cəsarətidir…

Çünki Günəş altında yaşayan hər kəsə bəllidir ki, Azərbaycanın da 20% torpağının işğal olunmasında və işğalda qalmasında birbaşa Rusiyanın əli var. Hamımız bilirik, Rusiyada çoxlarının bizə münasibəti yaxşı deyil, çoxları bizi sevmir, bizimlə istədikləri kimi davrana biləcəklərini zənn edirlər.

Hamımız bilirik, ərazimizin işğalda qalmasında Rusiyanın əli ola ola, Azərbaycan hökumətinin daxilində açıq-aşkar Rusiyanın maraqlarını qoruyan, ölkənin demokratikləşməsini əngəlləyən şəxslər var.

Hamımızın yadındadır, bir müddət əvvəl azərbaycanlılara dəfələrlə həqarət etmiş Jirinovski ölkəyə gələndə, ən yüksək səviyyədə qarşılanıb orta məktəblərə aparıldı, bizdən razı qalması üçün əldən gələn və gəlməyən hər şey edildi, o, bizdən razılıq edəndə isə hökumət mediası bunu bayramsayağı qeyd etdi.

Hamımız görürük, ölkədə rus dilində danışanların bəziləri hələ də Azərbaycan dilində danışanlara xor baxırlar, azərbaycandillilər isə uşaqlarını rus məktəblərinə qoymaq üçün növbəyə durublar.

Tutalım, Azərbaycanın Gürcüstan qədər lüksü yoxdur, lap tutalım, Azərbaycanın itirəcək daha çox şeyi var, amma heç olmasa bu qədər canfəşanlıq etməmək də olardı, elə deyilmi? Amma edilir. Ona görə də biz gürcülərə həm də bizdən daha ayıqdırlar və özlərinə daha çox hörmət qoyurlar deyə həsəd aparırıq. Onlar rus deputat parlamentdə danışır deyə inqilab edir, biz isə rus deputatı məktəblərimizdə gəzdirir, bizdən razı qalanda isə, sevincdən qanad çalıb uçuruq.  

***

Azərbaycanda Gürcüstanın təriflənməsindən qıcıqlanan xeyli adam var. Deyirlər ki, nə görmüsünüz Tbilisidə, Bakı ondan qat-qat gözəldir, gürcülər tənbəl, xidmətləri pis, özləri də kasıbdırlar, gedin bir Avropanı, Amerikanı da görün, ondan sonra danışın, qurtarın bu Gürcüstan sevdasını!

Bu cür deyənləri başa düşmək olar, çünki bəzən Gürcüstanı tərifləyənlərin məqsədi Azərbaycanı kobudca alçaltmaq, azərbaycanlıları qıcıqlandırmaq olur. Amma fikrimcə, həm bu, həm də digəri yanlış yanaşmadır, çünki əgər bir tərəf bütövlükdə  Gürcüstanı alçaldıb çıxdaş etmək istəyirsə, digər tərəf də bütövlükdə Azərbaycanı alçaldıb çıxdaş etmək istəyir. İkinci tərəf başqa bir yazının mövzusudur, ona görə də gəlin birincilərə köklənək.  

Gürcüstanın xalis bir Avropa ölkəsi olmadığı məlum məsələdir – bu ölkənin idərəçilikdən tutmuş, demokratiyaya, demoqrafiyaya, iqtisadiyyata və hərbiyyəyə qədər çox sahələrdə problemləri var. Amma məsələ budur ki, Gürcüstan xalis bir Avropa ölkəsi olmasa da, siyasi, iqtisadi və fərdi azadlıqlar, şəffaflıq, demokratiya, vətəndaş cəmiyyəti, mətbuat, özünüifadə,  mədəniyyət və s. sahələrdə yenə də bizdən xeyli qabaqdadır. Bu ölkə düzgün istiqamət tutub və o, bizim yaxın qonşumuzdur.

Gürcüstandakı azadlıqlar barədə azərbaycanlılar təkcə mətbuatdan, internetdən oxumur, həm də buna öz gözləriylə şahid olurlar. Hər il Gürcüstanı bir milyona yaxın azərbaycanlı ziyarət edir. Azərbaycanlıları çox vaxt gürcü tərəfdə mühitin daha azad və şəffaf olması təəccübləndirir. Bu mühit Avropada Gürcüstandan qat-qat yaxşıdır təbii, amma Fransa, Danimarka bizim yaxın qonşumuz deyil. İnsanlar müqayisə apararkən, həmişə yaxınlıqda olana müraciət edirlər, uşaqlıqda da valideynimiz bizə həmişə “qonşu uşağı” nümunə göstərməklə, günümüzü qara edərdi.

Qonşuluğumuzda olan ölkələrin böyük şəhərləri ilə müqayisədə Tbilisi bizə ən yaxın böyük şəhər və paytaxtdır, Bakıdan cəmi 447 kilometr məsafədə yerləşir, bu yaxınlıq isə bizə təsirsiz ötüşməyə bilməz.

***

Ola bilər, Gürcüstanla müqayisədə biz çox sahədə üstünük, amma onlardan ağrılı bir fərqimiz daha var: biz daimi əmr rejimi altında yaşamağa məhkumuq, biz əmr quluyuq.  

Əmrlər birbaşa deyil, dolaylıdır. Məsələn, biz yaxşı bilirik ki, polisdən uzaq durmalıyıq, küçələrdəki portretləri görəndə özümüzü düzəltməliyik, bilirik ki, AZTV-nin qülləsi bizə “Böyük qardaş səni izləyir” mesajı verir və əminik ki, nəyəsə etiraz etsək, axırı çox pis qurtara bilər.

Regionlarda əmrlər paytaxtla müqayisədə daha kobud və birbaşadır. Hər bir yad ünsür yaxından izlənilir. Bu yaxınlarda bir dostumuz təsadüfən təkbaşına Ağstafaya gedib çıxıb, deyir, yəqin, bel çantasına, yerlilərinkinə bənzəməyən geyim tərzinə görə, rayon mərkəzində bir neçə polis onu xeyli müddət izləyib. Polislərin ötürdükləri mesaj məlumdur: “birdən jurnalist olarsan, rayon və başçı barədə mənfi nəsə yazmaq, çəkmək istəyərsən, gözümüz üzərindədir, ağıllı ol!” Beləcə, Azərbaycanda itaət etmək, şübhəli görünməmək bir əmrdir və bu əmrə hər kəs tabe olmalıdır. Hər bir əmr isə insanın daxilində bilaixtiyar müqavimət və ağrı yaradır.

Elias Kanetti “Kütlə və İqtidar” əsərində əmrin təbiətini belə açıb:

“Əmr verənlərin iqtidarı hər zaman artır. Nə qədər əhəmiyyətsiz olursa olsun, hər əmr bu iqtidara bir şey qazandırır: ümumən əmr təkcə əmr verən adam üçün faydalı deyil, o, həm də təbiəti etibariylə – yəni təsir etdiyi sahədəki əhatə dairəsi və itaəti tələb etməsiylə – hakimiyyəti hər formada artırıb etibarlı vəziyyətə gətirir. İqtidar  əmrləri tilsimli bir ox yağışı kimi yağdırır: bu əmrlərə hədəf  olanlar təslim olmaq məcburiyyətindədirlər. Əmrlər onları yaralayır, iqtidara təslim olmağa çağırır və yol göstərir…

İnsanı uğura tətikləyən şey bir vaxtlar ona verilmiş əmrlərdən qurtulmaq üçün duyduğu dərin istəkdir.

… özünü əmrlərdən xilas etmək üçün ən çox vaxt sərf edən insan, ya da heç cür xilas ola bilməyən insan, şübhə yoxdur ki, ən az azad olan kəsdir”.

Gürcüstan hadisələri başlamazdan əvvəl, Azərbaycanda yeganə müzakirə məkanı olan sosial şəbəkələrdə gündəm mövzusu 15  İyun barədə idi. Politoloq Rəşad Şirinin Heydər Əliyevin hakimiyyətə gəldiyi 15 İyuna fərqli bucaqdan baxmağı təklif etməsi, etiraz və tənqid dalğası ilə qarşılandı. Axırda Rəşad bəy dedi ki, Azərbaycanda insanların siyasət barədə romantik və moralist baxış tərzləri var və hələlik peşəkar siyasi müzakirələrə açıq deyillər. Bu fikirlərlə razılaşmaq olar, çünki ölkədəki müzakirələr həqiqətən də akademizmdən uzaqdır, məsələlərə xeyr və şər qavramları, əxlaqçılıq və emosional çərçivələrdən baxılır. Amma onları nə qədər qınamaq olar, o da mübahisəlidir. Çünki bir çox insan üçün hansısa mürəkkəb siyasi məsələlər barədə baş sındırmaqdansa, öz dərisində hiss etdikləri daha əhəmiyyətlidir. Onun mövcud hakimiyyətin simvollarına yumşaq desək, kəskin mənfi münasibəti verilən əmrləri xatırlaması ilə bağlıdır. Ona dolaylı da olsa, yaltaqlıq etmək, yollara düzülmək, baş əymək, özünü alçaltmaq və s. kimi əmrlər verilib və bu əmrlərin ağrıları hələ də onun daxilində yığılmış vəziyyətdə qalır.

Kanettinin yazdığına görə, əmrlərdən yaranan ağrının yığılmaq qabiliyyəti var. Ağrı yığıldıqca isə, müqavimət artır və müqavimət artıqca əmrlər gücsüzləşir. Bir hakimiyyət üçün ən qorxulu ssenari təbəələrinin artıq əmrlərə riayət etmək istəməmələri və birbaşa müqavimət göstərmələridir. Kanetti bu barədə yazır:

“Heç bir etiraz qəbul etməmək, əmrin təbiətinin tələbidir. Əmr nə müzakirə olunmalı, nə izah olunmalı, nə də sorğu-sual edilməlidir. Qısa və konkretdir. Başa düşülməsindəki hər bir gecikmə, əmrin gücünü azaldır və bundan sonra yerinə yetirilməsi hər dəfə təkrarlanırsa, əmrin gümrahlığı itir və axırda tükənir, iqtidarsızlaşır; bu əmri yenidən canlandırmağa çalışmaq isə mənasızdır…”

Azərbaycanda mövcud iqtidarın yumşalmasının səbəblərindən biri də, verdiyi əmrlərin getdikcə gücsüzləşməsi və canlılığını itirməsidir. Yəqin ki, əmrlərə qarşı müqavimətin artmasını ondan yaxşı hiss edən tapılmaz.

Nəhayət, azərbaycanlıların gürcülərə həsəd aparmasının səbəblərindən biri də qonşularımızın nəinki böyük əmrlərə, hətta qat-qat kiçik əmrlərə belə tabe olmaq istəməmələridir. Güclünün əmrinə tabe olmayanlar isə həmişə digərlərində həsəd və heyranlıq hissləri doğururlar.

İstəsək də, istəməsək də Gürcüstandakı hadisələrin bizə təsiri hədsiz böyükdür. Biz onların formalaşmasına necə təsir göstərmişiksə, onlar da bizim formalaşmağımıza təsir göstərib və göstərməkdədirlər. Gürcüstana münasibətdə yazının əvvəlində iki yanlış istiqamətdən bəhs edilmişdi: birisi azərbaycanlıları alçaldıb çıxdaş etmək üçün Gürcüstanı qaldırmaq, digəri isə azərbaycanlıları müdafiə etmək üçün Gürcüstanı alçaldıb çıxdaş etmək.

Əslində isə yaxşı olardı ki, biz Gürcüstanda baş verənlərdən, bu ölkənin keçdiyi yoldan yaxşıca dərslər çıxaraq. Dərs almaq, öyrənmək hər halda utanılası bir şey deyil, əksinə başucalığıdır…

P.S. Yazını bitirəndə, Türkiyədə İstanbul Böyük Şəhər bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun qalib gəldiyi xəbəri yayıldı. Beləliklə, daha bir qonşumuzda demokratiya qələbə qazandı. Şübhəsiz ki, qonşunun qazanında bişən demokratiyadan bizə də pay düşəcək…

Cavid Ramazanlı

Azlogos.eu

Yuxarı