post-title

Yarımçıq cəsarət

Budur, biz gecə-gündüz “o boyda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) nə işlə məşğul olurlar? Hanı əldə etdikləri elmi uğurlar, kəşflər, ixtiralar?” deyə sorğu-sual eləyib, baş sındırarkən cavab tapıldı: saytlar AMEA əməkdaşları üçün tikilən mənzillərin rəhbər şəxslər arasında pay-püşk edilməsindən, dədə malı kimi bölüşdürülməsindən yazırlar. Necə deyərlər: dava yorğan  davasıdır. Həmişə olduğu kimi. Yoxsa nə elm, nə ixtira, nə kəşf-zad?

Sovetdənqalma institutların mahiyyəti budur. Onlar elm, ədəbiyyat, mədəniyyət adı ilə pərdələnmiş, əslində isə siyasi hakimiyyətlərə yarınmaq yolu ilə müxtəlif imtiyaz qazanmağa hesablanmış qurumlardır.      

Bir dəfə də yazmışdım, yenə yazmaqda fayda var: 1992-93-cü illərdə rus ordusunun Azərbaycandan çıxarılması nə qədər tarixi hadisədirsə, Elmlər Akademiyasını ləğv etmək təşəbbüsü də bir o qədər qiymətli idi! Nə yazıq ki, işğalçı ordunu ölkədən çıxarmağa cəsarət göstərənlər eyni cəsarəti sovetdənqalma institutların ləğvi ilə bağlı göstərə bilmədilər. Başda AMEA olmaqla, Yazıçılar, Bəstəkarlar, Rəssamlar, canım sizə desin, Aşıqlar, Nağaraçalanlar, Züytutanlar kimi birliklər, ittifaqlar öz mövcudluqlarını davam etdirdilər. Partiya və hökumətin “elmə və mədəniyyətə atalıq qayğısına” bürünmüş bu qurumlar, eynilə, Sovet hakimiyyəti illərində olduğu kimi hakimiyyətin əlində dəyənək rolu oynayırlar: alimi, şairi, yazıçını, rəssamı, bəstəkarı, aşığı, nağaraçalanı, züytutanı dürlü-dürlü imtiyazlarla süsləyib toplumu istədikləri yönə istiqamətləndirirlər. “Akademik”, “xalq şairi”, “xalq yazıçısı”, “xalq rəssamı” kimi “yüksək” adların çətiri altına topladıqları adamların cəmiyyətdə missiyası aydındır: elmi, ədəbiyyatı, sənəti partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək!  Onların süni şəkildə yaradılmış, şar kimi üfürülərək şişirdilmiş nüfuzlarından camaatı itaətdə saxlamaq üçün faydalanmaq!

Məhz bu səbəbdən də Sovetlər Birliyinin dağılmasından sonra görüləcək işlərin başında o dövrdən qalma insititutları tarixin arxivinə göndərilməsi dayanmalı idi! Bu rus ordusunun Azərbaycandan çıxarılması qədər gərəkli idi. Bu milli pulumuzun dövriyyəyə buraxılması qədər əhəmiyyətli idi. Ancaq olmadı. Niyə? Çünki xalqsız xalq şairləri, xalqsız xalq yazıçıları, Nobel mükafatının min ağac ötəsindən keçməyəcək akademiklər-makademiklər xalqın gözündə elə “ali mərtəbəyə” qaldırılmışdı ki, onları oradan endirmək işğalçı rus ordusunu qovmaqdan qat-qat artıq cəsarət, qat-qat artıq güclü ürək istəyirdi.

Nə yazıq ki, nə dünən bizim belə ürəkli, cəsarətli siyasi liderimiz vardı, nə bu gün var, nə də, bu gedişlə, sabah olacaq!

Azərbaycana sözün həqiqi mənasında azad, demokratik gələcək vəd edən bir adamın sevimli şairi Azərbaycan sovet şairi ola bilməz.

Bütün yaradıcılığını Sovet İttifaqının və onun “dahi rəhbərlərinin” vəsfinə həsr edən bir şairə, yazıçıya rəğbətini, məhəbbətini gizlətməyən adamlarmı Azərbaycanı qaranlıqdan işığa daşıyacaqlar?

2013-cü ildə Sovet idarəetməsinin qalığı olan YAP rejiminin namizədinə qarşı çıxardığımız rəqib divarları hələ də 1937 repressiyası qurbanlarının  qanı qoxuyan Yazıçılar Birliyinin üzvü idi! Üstəlik, həmin birlik Cəmil Həsənliyə qarşı hakimiyyət namizdədini dəstəklədiyini, ona səs verəcəklərini yağlı-buğlu bəyanatla açıqladı.

Adamın bu mənzərəni hətta təsəvvür etməyə belə təxəyyülü çatmaya bilər, beyni anındaca error verər: Milli Şuranın namizədi Cəmil Həsənli İlham Əliyevin rəqibidir, ancaq məntiqlə belə çıxır, AYB üzvü Cəmil Həsənli İlham Əliyevə səs verməlidir, çünki üzvü olduğu təşkilat belə qərar qəbul edib!

O günlərdə Cəmil müəllimə, heç olmasa, AYB-nin həmin bəyanatından sonra bu sovetdənqalma birliyin sıralarından istefa verməsi üçün çağırış etdim, rədd cavabı aldım.

Cəmil müəllimin 2013 seçkisində inanılmaz dərəcədə dəyərli performansını, əlbəttə, bir kənara qoyuram. Ancaq kimsə qüsura baxmasın: Yazıçılar Birliyi kimi dünəni və bu günü yaltaqlıqla, donosbazlıqla assosiasiya edilən bir qurumla bağlarını qopartmayaraq, o, tarixi yanlışa yol verdi. Seçkidə qələbəsinin rəsmiləşməyəcəyini, əlbəttə, hamımız bilirdik. Ancaq AYB-dən istefa etməklə Cəmil müəllim ən azından sovet tör-töküntüləri üzərində qələbəni rəsmiləşdirə bilərdi. Yeni cığır aça, yeni nümunə ortaya qoya bilərdi. Deyə bilərdi ki, bəli, biz qarşı cinahla təkcə siyasi olaraq fərqli qütblər deyilik, əxlaqi olaraq da, mədəni olaraq da, mənəvi olaraq da fərqli qütblərik.

Yenə kimsə qüsura baxmasın: bu fərqliliyi ortaya qoymadan, dəyərləri, prinsipləri adlardan, adamlardan ön planda tutmadan mən heç bir uğura inanmıram. Uğur qazanılsa belə, onun dayanıqlı olacağına inanmıram. Necə ki, 1993-cü ildə olmadı…

Mən bu gün iqtidarda olanların təqaüd, mənzil, fəxri ad davalarının ünvanına çevrilən sovetdənqalma AMEA-nı və “yaradıcılıq” ittifaqlarını ayaqda saxlamasına hörmətlə yanaşıram. Onlar, Sovet hakimiyyəti illərində olduğu kimi yenə də toplum üzərində “mənəvi dəyənək” rolu oynayan bu institutlara süni nəfəs verib yaşatmaqla üzlərini gələcəyə yox, keçmişə tutduqlarını qorxmadan, çəkinmədən bəlli edirlər.

Biz isə o qədər cəsur deyilik: sistemi bəyənmirik, ancaq onun vintciklərinə, təkərciklərinə – mənasız şair-yazıçılarına, alimlərinə, artistlərinə güldən ağır söz deməyə çəkinirik. Xalqın beyninə “əvəzolunmaz” kimi nəqş edilmiş bu adamlara yüngülvari bir tənqid söyləsək, camaatın qəzəbinə gələcəyimizdən qorxuruq.

İnciməyin, bu yarımçıq cəsarətlə illər, qərinələr dəyişə bilər, ancaq qarşı çıxdığımız sistem əsla dəyişə bilməz…

Elnur Astanbəyli

Abzas.net

Yuxarı