100 illik Cümhuriyyət - zərurət, yoxsa təsadüf?
I hissəBu il bəşər tarixində çox dərin izlər qoymuş hadisələrin yubileyləri ili…
“Bahoz” adlı bir kürd filmi var. Adı kürdcədə “fırtına” mənası verən bu filmdə 90-cı illərdə Türkiyədə davam etməkdə olan sağ-sol davasının kürd hərəkatı qolundan bəhs edilir.
“PKK” terror təşkilatının dəstəkçiləri olan bu gənclər universitetlərdə təşkilatlanmağa, aralarına yeni gənclər qatmağa çalışırlar. Hər il universitetə yeni gələn tələbələrin siyahısından kürd olanları təyin edir, sonrasında onlarla söhbət edərək öz təşkilatlarına qatırlar. Solçuluq adı altında fərqində olmadan kürd milliyətçiliyi edən bu gənclər bir gün yenə universitetə yeni gəlmiş bir kürd tələbəni aralarına dəvət edirlər. Həmin tələbə isə “Kürdistan” deyə bir dövlətin qurulmasında ona maraqlı heç bir şeyin olmadığını bildirir.
Tələbənin həm kürd olub, həm bu təşkilatdan boyun qaçırmağı təşkilatın içindəkilər üçün gözlənilməz olur və bunu böyük hiddətlə, əsəblə qarşılayırlar. Onu tənqid edib, aşağılayır, öz irqinə xain çıxdığını, bizim bir-iki “aydının” dili ilə desək-südündə problem olduğunu bildirirlər. Hətta təşkilatın içindəki qadınlardan biri bir dartışma əsnasında ona şillə də vurur və beləcə, neytral mövqeyi olan bir fərdi öz tərəflərinə çəkmək istədikləri halda qarşı cəbhəyə yaxınlaşmağa sövq edirlər.
Örgütün başında duran və təşkilatlanmanın nə olduğunu bilən adam bunu eşitdiyində gənclərə bu mövzularda radikal olmamağı, hər kəsin düşüncəsini dinləməli və mümkün qədər yumşaq halda öz aspektimizdən tənqid etməli olmağı deyir və əlavə edir ki, tənqid etməkdə isə məqsədimiz əsla qarşı tərəfi alçaltmaq, dəyərlərinin səhv olduğunu demək, onu özümüzdən uzaqlaşdırmaq olmamalıdır, məqsəd o fərdi qazanmaq olmalıdır. Bu üsulu izləyən təşkilat üzvləri o gənci irəliləyən zamanda aralarına qatırlar və o gənc irəlidə həmin təşkilatın ən önəmli üzvlərindən biri olur.
Köklü, şaxəli, illərdir ayaq üstdə duran və gücü qədər də radikal olan bir təşkilat belə bu mövzularda güzəştə getməyin nə qədər önəmli olduğunu qəbul edir, lakin bizim feministlər yox. Ən kiçik fərqli fikir sahibinə qarşı itələmələr, alçaltmalar, kütləvi ifşalar, lağ etmələr, hərdən caps düzəltmələr belə edilir və başa düşə bilmirlər ki, o insanlar feminist platformanın bu etdiklərinə görə heç nə itirmirlər. O insanların nə özləri feminizmi önəmsəyir, nə də ətrafları. Çünki feminizm deyəndə ağıllarına yalnız mənfi mənalı məfhum gəlir. Bunun günahı kimdədir? Yenə də feministlərdə.
“Feministlər” deyəndə özümdən uzaq bir topluluğu nəzərdə tutmuram. Əlhəmdulillah! Mən də feministəm. Daha doğrusu profeminist. Çünki cinsim kişidir. Bəli! Gender bərabərliyini amal seçmiş bir idealogiya günümüzdə türk dilindəki “bay-bayan” kəlimələri ilə mübarizə apardığı halda, öz kökündə qadınlara feminist, kişilərə profeminist deyərək bir növ seksistlik törədib.
İkinci, buna bənzər hadisələr LGBTQİ+ haqları barədə davam edən mübarizədə də özünü biruzə verir. Bilmirəm, feminal və orientasional mövzularda aktivistlik edən şəxslərin əksər hallarda eyni fərdlər olmağındanmı irəli gəlir, yoxsa başqa şeydən, amma eyni hal burda da özünü biruzə verir.
Məsələn, keçən günlərdə baş tutan “Eurovision-2019” mahnı yarışında Fələstinə dəstək çıxan homoseksual İslandiya təmsilçiləri elə homoseksual fərdlər tərəfindən tənqid edildilər. Ki, sizi orientasiyanıza görə o dəstəklədiyiniz Fələstində öldürərlər. Ardından da Fələstinə qarşı sərt sözlər, təhqirlər.
Hətta İsrailin Fələstində törətdiyi hadisələrə haqq qazandıranlar da oldu. Mən ha etdim, bir homoseksual tanışa izah edə bilmədim ki, sən homofobları söyərək, təhqir edərək özünü onlara qəbul etdirə bilməzsən. Əksinə, onlarda özünə qarşı nifrəti daha da artıracaqsan. Çünki o sənə bizim bir unoya bəsləyəcəyimiz münasibət kimi münasibət bəsləyir, səni normal, sıradan bir insan kimi, canlı kimi qəbul etmir. Səni cəmiyyətin və dövlətin əxlaq anlayışına zərər verə bilmək iqtidarında olan zərərli canlı kimi görür. Lakin sən homoseksual olaraq Fələstindəki hadisələrə Fələstin xalqının homofobluğunu, cahilliyini, qəddarlığını bir tərəfə atıb dəstək versən, bunu görən fələstinlilərin artıq homoseksuallar haqqında düşüncəsi dəyişə bilər və belə-belə sən o insanları homofobiya xəstəliyindən xilas edərsən, onları qazanarsan. Stokholm sindorumun bir bənzəri niyə də yaşanmasın?!
Həzrəti Marksdan görüb-götürdüyümüz qədəri ilə bilirik ki, sosyalizm bütün dünyada eyni şəkildə ola bilməz. Sosialist quruluş hər cəmiyyətdə o cəmiyyətin bəzi dəyərlərinə, hər ölkənin imkanlarına və bəzi kriteriyalarına müvafiq şəkildə baş tutmalıdır. Bütün inqilablar eyni cür ola bilməz, əzizlərim! Sən hansısa Avropa ölkəsində edilən feminal aksiyanın eynisini bu ölkədə edə bilməzsən, o aksiyada tutulan plakatları bu ölkədəki aksiyada tutmamalısan.
Sonuncu 8 martda Türkiyənin Taksim meydanında böyük yürüş oldu. Bir neçə qadın dəmir konteynerlərin üstünə çıxıb, çılpaq halda rəqs edərək patriarxı protest etdiyini düşünürdü. Əslində edirdi də! Lakin nəticə?! Bir qadının publik məkanda çılpaq şəkildə rəqs etməyi mənim üçün nə problemdir, nə də əxlağıma ziddir. Mən o qadınla tanış da olaram, sevgili də olaram, lazım gəlsə, evlənərəm də. Heç sevgilimin çılpaq halda rəqs edərək protest etmək istəyinə də qarışmaram. Təki, bu, nəsə bir işə yarasın. Fəqət, mümkün deyil! Yaraya bilməz, anam, atam, bacım, qardaşım, ya-ra-ya biiil-məəəəz!
Biz o Taksim meydanına yığışıb yürüş edən minlərlə insanı əyləndirməli deyil, ailəsi ilə təsadüfən ordan keçən 3 uşaq atasını qazanmalıyıq ki, o ata orda örnək nəsə görüb, öz 3 övladını patriarx xəmiri ilə deyil, sivil insani dəyərlərlə yoğura-yoğura böyütsün və cəmiyyətə sağlam 3 fərd qazandırsın. Lakin ordan keçən ata rəqs edən çılpaq qadın gördükdə uşaqlarının gözünü tutaraq söyə-söyə ordan uzaqlaşmaq məcburiyyətində qalacaq və bir daha sən o insana feminist olmağın qəhbəlik olmadığını izah edə bilmərsən, o insanı artıq qazana bilmərsən. O insan o günə qədərkindən daha da sərt olacaq və daha da sərt düşüncədə 3 fərd böyüdüb, cəmiyyətə qatacaq. Al sənə 3 ‘cani’ daha! Gördünüz mü?!
Tənqid etdiyimiz caniləri özümüz yetişdirdik. O insanın şüuraltına əvvəlcə qadının bir insan olduğunu, sosial haqlarının mövcudluğunu, kişilərdə olduğu kimi onlarda da bəzi hislərin yer aldığını izah etsə idik, 3 cani deyil, 3 dost qazanacaq idik.
Okay! Mən çox yaxşı başa düşürəm. Mən özüm də gender bərabərliyi mövzusunda mübarizə aparan biriyəm və bu izahların heç də asan olmadığını çox əla bilirəm. Fəqət, şərt deyil ki, yolda kimisə tutub pitdə-pitdə nəyisə izah edəsən. Mən bir idealogiyanı təbliğ etməyin ən yaxşı yolu olaraq həmin idealogiyanın kriteriyalarına uyğun yaşamağı görürəm. Təəssüf ki, bu mübarizəni və bu təbliğatı apardığımız cəmiyyət bu cəmiyyətdir və təəssüf ki, bu cəmiyyətdə sadaladığım mövzulardakı mübarizəni cəmiyyətə uyğun şəkildə aparmalıyıq. Əks təqdirdə onları qazanmaq yerinə, özümüzdən daha da uzaqlaşdıracağıq.
Başa düşməli və qəbul etməliyik ki, onların itirəcəkləri heç nə yoxdur! Onlar nəyisə, yaxud kimisə qazanmağa çalışmırlar! Onlara bizlər üçün maraqlı olan həyat tərzləri, insan haqları və bu kimi vicdani məsələlər maraqlı deyil! Onlar yüz illərdir o cür yaşayıblar və bundan qəti narahatçılıq duymurlar, bizim onları sevib-sevməməyimiz də veclərinə deyil! Lakin bizim mübarizəmiz onları qazanmaqdan keçir. Başqa yolu yoxdur.
Döyüşdə qalib gəlmək üçün qarşı tərəfə güllə atmaqdansa, qarşı cəbhədən öz tərəfinə fərd örgütləmək, cəlb etmək daha məntiqlidir və daha məqsədəuyğundur.
Qəbul etmək lazımdır ki, bu gün mağarlarda meyxanaya qulaq asan gənclərin sayı kitabxanalarda gördüyümüz gənclərin sayından qat-qat çoxdur. Biz kitabxanalardakı gənclər bizə bəsdir deyib, ətrafımızı onlardan ibarət saxlamamalıyıq. Biz əgər qələbə istəyiriksə, məhz o mağarlarda meyxanaya qulaq asan gəncləri qazanmağa çalışmalıyıq. Çoxluq onlardır! Bir təşkilatın, bir örgütün uğuru isə onun dəstəkçilərinin sayı ilə düz mütənasibdir. Biz bu radikallıqlarımızı, aqressivliklərimizi, acı dilimizi və hirsimizi yerə qoymadığımız müddətcə qadın haqlarının müzakirələrində də söhbət “toyuq-xoruz” məsələsindən o tərəfə keçməyəcək.
İnqilab Quliyev
Abzas.net