İki müharibə arasındakı möcüzə: modernizm
Dünya ədəbiyyatı Birinci və İkinci Dünya Savaşları aras…
2018-ci ildə Azərbaycanda roman adına
iddialı barmaqla sayılacaq qədər kitab yazılıb. Doğrusu saymağa cəhd etdim, 10-a
çatmadı, hörmətli oxucu da istərsə, o da sınaya bilər.
Roman adına iddialı bu nümunələrin keyfiyyəti bir yana, 10 milyon əhalisi olan ölkədə ilə heç olmasa 10 roman yazılmırsa, burada roman mövzusundan danışmaq ola bilsin, heç etik də deyil. Amma zənnimcə, yerli romançılıq barədə yox, romansızlıq barədə yazmağa və bunun səbəblərini qısa da olsa, aydınlaşdırmağa cəhd etmək olar.
Azərbaycan romansızlığının kökləri
Bizdə yerli roman Sovet dövründə formalaşıb. Ondan əvvəlki dövrdəki tək-tük istisnaları çıxsaq, demək olar, romançılıq anlayışı yoxdur. Sovet dövründən əvvəlki zamana daha çox şeir, pyes, hekayə və felyeton dövrü deyə bilərik. Bizdə romançılığın əsas etibarilə Sovetlərdə formalaşdığını məhsuldarlıqla və ən yaxşı hesab olunan yerli romanların həmin dövrdə yazılmasıyla əlaqələndirmək olar. 2014-cü ildə “Kulis.az” mədəniyyət portalının ədəbiyyat biliciləri arasında keçirdiyi sorğuda seçilən romanların böyük əksəriyyəti Sovet dövründə yazılanlar idi, məsələn, ən yaxşı hesab olunan ilk onluqdakı əsərlərdən səkkizi Sovet dövründə yazılıb, yalnız biri bundan əvvəlki dövrə aiddir - “Danabaş kəndinin əhvalatları”. O da məlum məsələ, povest olsa da, roman adıyla siyahıya daxil edilib. Əgər “Danabaş kəndinin əhvalatları” siyahıdadırsa, mütləq İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" povesti də siyahıya düşməliydi.
Roman Qərbdə modernizm, fərdiyyətçilik və sənayenin formalaşmağa başlamasıyla ortaya çıxıb, onlar inkişaf etdikcə, o da inkişaf edib. Ən çox romanların yazıldığı ölkələr bu institutların ən çox inkişaf etdiyi ölkələrdir. Azərbaycanda həqiqi romançılığın olmamasının köklərini də bu cür institutların formalaşmamasında axtarmaq lazımdır.
Azərbaycandakı mövcud ictimai-siyasi quruluş (xüsusən siyasi, çünki indiki zamanda digər formasiyaların yaranması ondan çox asılıdır) modernizmin, fərdiyyətçiliyin, müstəqil industriyaların və digər azad institutların formalaşmasına imkan vermir.
Sovet dövründən sonra ölkədə az da olsa dişədəyən romanlar yazılıb yazılmağına. Əkrəm Əylisli (“Ətirşah Masan”), Həmid Herisçi (“Nekroloq”), Seymur Baycan (“18,6”, “Quqark”), Əli Əkbər (“Amneziya”), Şərif Ağayar (“Arzulardan sonrakı şəhər”), Rasim Qaraca (“On bir gecə”) kimi yazıçılar romanlar yazıblar. "Daş yuxular" və "Artuş və Zaur" romanlarının ətrafında qalmaqallar baş verib, roman anlayışı müvəqqəti də olsa cəmiyyətin diqqətini cəlb edib. Bununla belə, Azərbaycanda romançılıq institulaşmış bir məşğuliyyətə çevrilə bilməyib, yüksələn xətlə inkişaf etməyib.
Yerli roman istehlakçısı olan bir kütlə olmadığından müasir azərbaycanlı nasir də romançılıq fəaliyyətinin heç bir əhəmiyyətinin olmadığını görüb tezliklə həvəsdən düşür və dağınıq təşəbbüslərlə yadda qalır. Həm də bizdə indiki mühitdə həqiqi romançının ortaya çıxması müşkül məsələdir. Azadlıq olmayan yerdə insan yetkinləşə bilməz və azadlıq olmayan yerdə həqiqi romançılıq ənənəsi də yarana bilməz.
Romançılıq azad mühitin meyvəsidir. Kim nə qədər ”yazın da roman, kimsə sizin əlinizdən tutmayıb ki...” deyirsə desin, quraq çöl bar verməz – ölkədə həqiqi romanların ortaya çıxması üçün sadəcə olaraq mühit yoxdur.
Belə bir Çin misalı var: “İnsana balıq ver, onu bir günlük doyduracaqsan: insana balıq tutmağı öyrət, onu bir ömürlük doyduracaqsan”. Azərbaycanda digər bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də ələ balıq verilir, “balıq tutmaq” öyrədilmir və ya tutulmasına imkan verilmir. Yazıçıya təqaüd, fəxri ad, titul vermək, “dövlət qayğısı”göstərmək, fəxri xiyabanda qəbir zəmanət etmək, kitabxanalar təmir etmək, ehtişamlı kitab mağazaları açmaq insanın əlinə balıq verərək gözünü və qarnını müvəqqəti doydurmağa bənzəyir, həqiqətdə isə bununla əsl, rəqabətə girə biləcək ədəbiyyat yaratmaq mümkün deyil. Necə ki, bunu nəhəng inzibati metodlarla Sovet imperiyası da edə bilməmişdi.
Sovet dövründə “Azərbaycan romançılığı”
Sovet vaxtı Azərbaycanda romanların müəyyən gözlənti ilə, tapşırıq əsasında və senzura ilə yazıldığı cümləyə məlumdur. O dövrdə qələmə alınan istənilən əsər kommunizmin ideoloji qəlibləri əsasında yaradılıb. Sovetlərdə çap olunan bütün kitablar istisnasız olaraq senzuradan keçib və ideologiyanın təqdir etmədiyi heç bir kitab çap edilməyib. Qapalı bir mühitdə sərt ideoloji tərbiyə görən Sovet yazıçısının nəsə azadruhlu bir roman yazması, senzuradan yayınması mümkün deyildi. Nəticə etibarilə də Azərbaycanda Sovetlər dövründə imperiya daxilində ideologiyadan kənar yazılmış, azadruhlu əsərlərə rast gəlinmir. Yazıçılar müstəqil olmadıqlarından müstəqil roman da yaza bilməzdilər.
Həmin dövrdə Azərbaycan romançılığında Sovetlərin dağılması ərəfəsini istisna etsək, görərik ki, romançılıqda estetik axtarışlar da yoxdur, əksər əsərlər müəyyən qəliblər əsasında və güclü təsir altında yazılıb. Bilindiyi kimi mövzudan əlavə, estetik xüsusiyyətləri də romanın təməlində vacib yer tutur, amma estetik axtarışlar və eksperimentizm də elə azadlıq və sərhədləri aşmaq istəyindən doğur. Sovetlər romançılıqda estetik axtarışlara və eksperimentlərə düşmən kəsilərkən, romanı “sünnət etməyə”, onun azad təbiətini amputasiya etməyə çalışırdılar.
Bir çoxlarına görə, Azərbaycan romançılığının zirvəsi sayılan İsmayıl Şıxlının “Dəli Kür” romanı məsələn, xan, bəy quruluşuna qarşı və Mixail Şoloxovun “Sakit Don” əsərinin güclü təsiriylə yazılıb. Hazırda “Dəli Kür” romanında İsmayıl Şıxlının ağa və bəylərə simpatiyasının olduğunu, məhz buna görə də Cahandar ağa obrazını xarizmatik yaratdığını deyənlər var. Məlum məsələ, bu, Sovet yazıçısını və nəsrini təmizə çıxarmaq illuziyasından başqa bir şey deyil. Bununla belə, fakt faktlığında qalır, Sovet imperiyasının yazıçıdan konkret bir gözləntisi olub, yazıçı da bu gözləntini doğrultmağa çalışıb.
Sovet dövründə yazılan istənilən yerli romanı müzakirəyə çıxarsaq, onda tapşırıq və senzura əsaslı sərt ideoloji xəttin olduğunu görərik. Başqa bir məşhur əsər, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanının yazılması yazıçının Sovet Azərbaycanına qayıtmasından sonrakı dövrə təsadüf edir. 1934-cü ildə yazılan “Qızlar bulağı” azərbaycanlılar üçün yeni kimlik yaratmaq istəyən sovetlərin, xüsusən Stalinin “azərbaycanlılar midiyalıların törəməlidir” konsepsiyasının əsasında yazılıb, əsərdə azərbaycanlılar elə zərdüştlərin, midiyalıların törəmələri kimi göstərilir və bunun əsaslandırılmasına cəhd edilir.
İsa Hüseynovun (Muğanna) “İdeal” və “Məhşər” romanları da Sovetlərin azərbaycanlılara qondarma bir kimlik biçmək təşəbbüsünün davamı idi, ən azından 1979-cu ildə “Məhşər”, 1985-ci ildə isə “İdeal” romanlarının çapına icazə verilmişdi. Muğannanın bu əsərləri əslində bu kimlik axtarışlarının cəfəngləşməsinin kuliminasiya nöqtəsidir. Yazıçı əsərlərində “Odər” deyə bir xalq və dil uydurub və azərbaycanlıların da mistik Odər xalqından törədiyini sübut etmək üçün linqvistik uydurmalara əl atıb. Ən pisi də odur ki, axırda özü də bu nonsensə inanıb, öz dövründə bir xeyli adamı da inandıra bilib.
Sovet dövründə yazılan ən yaxşı əsərlərdən biri sayılan və xüsusi kaloriti ilə seçilən “Köç” romanını Mövlud Süleymanlı 1986-cı ildə Qabriyel Qarsiya Markezin mistik-realist “Yüz ilin tənhalığı” romanının təsiri altında yazıb. “Köç” romanı elə Markezin romanı kimi nəsillərin tarixçəsindən bəhs edir. Müəyyən bir müddət ərzində köçəri bir nəslin başına müxtəlif hadisələr gəlir. İki əsər arasında əsas fərqlərdən biri isə budur ki, “Yüz ilin tənhalığı”ndan fərqli olaraq, “Köç “romanında nəslin sonuncu kişi nümayəndəsi yoxa çıxandan sonra günlərin bir günündə mistik şəkildə ortaya çıxır. Məlum olur ki, bu qəhrəman sovetləri quran kommunistlərə qoşulubmuş. O, axırda kommunist bir superqəhrəman kimi peyda olaraq, öz nəslini xilas edir.
Bunlar Sovet dövründə yazılan əsərlərin cüzi qismidir, təbii. Amma əvvəldən də söylənildiyi kimi Sovet dövrünə aid istənilən yerli romanımızı götürüb analiz etsək, onda kəskin ideoloji təbliğatın və ya müdaxilələrin olduğunu görərik. Anarın yeni, müasirləşmiş Sovet adamlarından bəhs edən romanları, Əkrəm Əylislinin müharibə dövrünün çətinliklərinə sinə gərən qəhrəmanları, fədakar kəndliləri də müəyyən ideoloji qəliblərin əsasında yaradılıb və senzuradan keçib. Sovet romanları əsasən Sovet adamlarından bəhs edirdi, o sovet adamları ki, totalitar dövlət onları “Sovet parniki”ndə bir təcrübə nümunəsi kimi yetişdirmiş və tərbiyə etmişdi.
Sovet dövründə Azərbaycan romançılığında yaxşı nümunələr var təbii ki, amma bu əsərlərin hər biri öz üzərində mütləq şəkildə “Sovet”damğası daşıyırlar. Yeganə istisna “Əli və Nino” romanıdır. O da bilindiyi kimi Avropada yazılıb və Sovetlər dağılana qədər nəşrinə qadağa qoyulub. “Əli və Nino” romanında Əlinin timsalında kimliyi, fərdi və ictimai azadlığı üçün vuruşan bir azərbaycanlıdan bəhs olunur. Elə məhz bu xüsusiyyətlərinə görə, orijinalı almanca olsa da, “Əli və Nino”nun ən yaxşı Azərbaycan romanı hesab olunması təsadüfi deyil.
Burda bir məsələni də qabartmaqda fayda var. “Qızlar bulağı”nı yazan Yusif Vəzir Çəmənzəminli ilə “Əli və Nino”nun müəllifinin eyni adam olması kimi bir iddia var, bunu azərbaycanlı tədqiqatçılar irəli sürürlər. Amma Sovet dövrünün yazıçılarının əsərləriylə tanış olanda görürsən ki, “Əli və Nino”nun müəllifindəki nəhəng intellektual baza, azadlıq yanğısı və yazıçılıq qabiliyyətləri nə Çəmənzəminlidə, nə də dövrün digər Sovet yazıçılarında var. Böyük ehtimalla, obyektivlik naminə biz Əsəd Bəy (Lev Nussimbaum) haqqında xarici akademik mənbələrin yazdıqlarına daha çox inanmalıyıq...
Sovetlərin
qətl etdiyi roman
Azərbaycanda sovet dövründən əvvəl həm romançılıq ənənəsi olmadığına, həm də bunun nəticəsində dil inkişaf etmədiyinə görə, sovet irsi yüksək qiymətləndirilir. Çoxlarına görə, ən azından bu dövrdə azərbaycan ədəbi dili formalaşıb - bu dil qeyri-təbii yolla, rus dilinin qəlibləri və güclü təsiri ilə öz həqiqi adından və kökündən qoparılaraq formalaşdırılsa da, çoxları üçün heç yoxdan daha qiymətlidir - Azərbaycan romanı adlı bir anlayış ortaya çıxıb.
Sovet romançılığı bizim üçün qiymətli ola bilər, lakin bu dövrdə yazılmış ədəbiyyata müasir dünyada artıq demək olar, formalaşmış bir münasibət var və bu dövrün romançılığı bir çox hallarda həqiqi romançılıq da hesab olunmur. Milan Kunderanın “Roman sənəti” əsərində bu məsələyə fundamental şəkildə toxunulub. Kundera romanın ölməsi barədə müzakirələrə münasibət bildirərkən, romanın artıq bir dəfə Sovetlərdə öldüyündən və bunun necə baş verdiyindən yazıb:
“…mən ömrümün böyük hissəsini keçirdiyim və adətən totalitar adlandırılan dünyada romanın necə öldüyünü görmüşəm, həmin dövrdə yaşamışam, bu, çox qəddar bir ölüm idi (roman qadağalarla, senzura və ideoloji basqı ilə öldürülmüşdü)...
Qərb dünyasının bir modeli olan,
insani məfhumların çoxmənalılığı və nisbiliyi üzərində qurulan roman sənəti totalitar
kainatla uzlaşmır. Bu uzlaşmazlıq dissidenti “apparatçikdən”, yaxud insan
hüquqları müdafiəçisini işgəncəçidən ayıran uzlaşmazlıqdan daha dərindir, çünki
o, təkcə siyasi və ya əxlaqi deyil, həm də ontolojidir. Burda bunu nəzərdə
tuturam: yeganə Həqiqət dünyası ilə romanın çoxmənalı dünyası tamamilə fərqli
substansiyalarda formaşıblar. Totalitar Həqiqət nisbiliyi, şübhəni, sorğunu rədd
edir; o, heç bir zaman mənim romanın ruhu adlandırdığım şeyi özündə ehtiva edə
bilməz.
Bəs Kommunist Rusiyasında yüzlərlə, minlərlə roman nəhəng tirajlarla çap olunub geniş şəkildə oxunmurmu? Əlbəttə, oxunur, lakin bu romanlar varlığın (“being”) fəth olunmasına heç bir töhvə vermir. Onlar varlığın heç bir seqmentini kəşf etmir, bundan başqa, həmin romanlar hər kəsin dediklərini təsdiq etməklə (hər kəsin deməli olduqlarını) bu deyilənlərin məqsədlərini, ehtişamlılığını, onların cəmiyyətə faydalılığını yerinə yetirirlər. Heç nə kəşf etməməklə, bu romanlar mənim üçün romanın tarixini ehtiva edən şeyin kəşflər ardıcıllığında iştirak etməkdə iflasa uğrayırlar; onlar özlərini həmin tarixdən kənarda saxlayır və ya lap istəsəniz, onlar roman tarixindən sonra gələn romanlardır.
Təxminən yarım əsr əvvəl roman tarixi Rusiya Kommunizmi imperiyasında sona çatdı. Rus romanının Qoqoldan Belıya qədərki böyüklüyünü nəzərə alanda, bu hadisənin vacib əhəmiyyəti var. Ona görə də romanın ölümü sadəcə olaraq ağlasığmaz bir ideya deyil. Biz indi bilirik roman necə ölür: məsələ o deyil ki, roman yoxa çıxır, öz tarixindən uzaq düşür. Onun ölümü sakitcə, gözəçarpmadan baş verir və heç kimin ruhu da incimir.”
Sovet ədəbiyyatı və sovet yazıçıları hələ də dominantdır
Azərbaycan artıq 30 ilə yaxındır müstəqil ölkədir, 10 milyon əhalisi var. Bu dövr ərzində ölkədə yeni nəsil romançılar, yeni mövzular, yeni estetik axtarışlar olmalı idi, amma Sovet ədəbiyyatı, Sovet yazıçıları və Sovet zövqü hələ də dominantdır. Əksər yüksək vəzifələrdə hələ də “homosovetikus”lar təmsil olunur, inzibati metodların sayəsində də mühiti qoruyub saxlaya bilirlər.
Ölkədə müstəqil ədəbiyyat orqanlarının, yayımlarının fəaliyyətinə məhdudiyyətlər var, müstəqil ədəbi təşkilatların rəsmi qeydiyyatdan keçməsinə icazə verilmir, maliyyə tapmaq imkanları yoxdur, müstəqil roman müsabiqələri keçirilmir, mükafatlar verilmir. Nəticədə də ölkədə yeni romançılıq ənənəsi yaranmır, təkamül prosesi getmir. Sovet dağılandan sonra biz romançılıqda və nəsrdə çox az yol qət etmişik.
Halbuki ölkədə nəsillər dəyişib, Sovet dağılanda ölkə əhalisi 7 milyon idisə, bu gün artıq 10 milyondur. Yeni gənclik yetişib. Bu gənclərin dilini, zövqünü, bədii təfəkkürünü, estetikasını, özünüdərk və kimlik axtarışlarını formalaşdıracaq romanlar isə yazılmır, müasir ədəbiyyat yaranmır. Aydındır, biz elm mərhələsinə çatmamış bir cəmiyyətik, ciddi fəlsəfə, sənət mərhələsinə də çatmamışıq, amma romançılıq müəyyən qədər inkişaf etsəydi, heç olmasa vacib estetik, etik və əxlaqi sualların qoyulması və bunlar barədə müzakirələrin aparılması mümkün ola bilərdi. Bunlar yoxdur, nəticədə biz taleyüklü sualların verilmədiyi, axtarışların aparılmadığı, özünü dərk etməyən və tanımayan, sadəcə olaraq illuziyalarla təsəlli tapan bir cəmiyyətdə yaşayırıq. Bir-birindən asılı olaraq, bunu yaradan səbəb və bunun ortaya çıxardığı nəticə isə birdir: “Sovet”lər hələ də davam edir, həqiqi romançılığı və ədəbiyyatı yaradacaq mühit yoxdur...
Cavid Ramazanlı
Azlogos.eu