post-title

Dixotomiya və Mürəkkəblik

Aprelin ikinci yarısı transatlantik düşüncə məkanında ən çox müzakirə olunan mövzu Kanadalı Jordan Peterson və Sloveniyalı Slavoj Zizek-in təqribən üç saat çəkən debatı oldu. Debatın başlığının “Xoşbəxtlik – Kapitalizm və Marksizm” olaraq seçilməsi təsadüfi deyildi. Çünki, Peterson mühafizəkar dəyərlərin müdafiəçisi və marksizm əsaslı post-modernist fəlsəfənin tənqidçisi olaraq tanınır. Zizek isə Şərqi Avropanın artıq getdikcə endemikləşən Marksist düşüncə məktəbinin ən məşhur və (bəlkə də) sonuncu müdafiəçilərindəndir.

Debatın yerinin Kanada olması da ayrıca məna daşıyırdı. Kanada Amerika qitəsində son bir neçə onillikdə sosialist abı-havanın ən çox möhkəmləndiyi ölkədir. Məsələn, artıq mühafizəkar texaslıların gözündə Kanada kommunist ideyaları ilə “korlanmış” bir yerdir. Ona görə də ABŞ libertarianlarının yumşaq desək Kanadanı görməyə gözü yoxdur.

Kapitalizm və Marksizm kontrastı mənə təqribən 15 il öncə bakalavr illərimdə İqtisad universitetindəki müzakirələrimizi xatırlatdı. Xatirimdə o qalıb ki, biz bu iki ziddiyətli baxışdan təbii ki, kapitalizmi və azad bazar iqtisadiyyatını yekdilliklə qalib elan etmişdik. Bu dixotomiyanın marksizmin xeyrinə həll olunması istər tarixi (70 illik Sovet ideologiyasının iflası) və istərsə də gələcək inkişaf hədəfləri baxımından mümkün deyildi. Yox, səhv anlaşılmasın, elə indi də marksizmə isti baxmıram. Diqqəti yönəltmək istədiyim nöqtə bir az fərqlidir.

Adətən, ən maraqlı və çox vaxt da ən faydasız debatlar iki əks qütblər arasında gedən debatlardır. Məsələn, dindar-ateist debatları bu qəbildəndir. Sən ya dindarsan və ya ateist. Üçüncü, dördüncü və ya beşinci klassifikasiyaya yer yoxdur. Məsələn, mən desəm ki, “sami xalqlarının tanrılarına inanmıram, lakin mənim üçün islamın Qafqazdakı proyeksiyası əzizdir, çünki mən onda islamdan öncəki yerli inancların nişanələrini görür, sədalarını eşidirəm”. Desəm ki, misal olaraq “Beş Barmaqdakı pirin tarixi islamdan qədimdir. İçəri şəhərdə yatan Seyid Yəhya Bakuvinin xəlvətiliyi bəlkə də Tibet rahiblərinin fəlsəfəsindən daha mistikdir…” və s. və i. Amma binar – ikili sonluqlu sual-cavablar üzərində qurulmuş debatlarda belə hibrid yanaşmalara adətən yer olmur. Odur ki, belə müzakirələrdə ya ağ, ya da qara çadırı seçməli olursan.

Yox, problem Azərbaycanlı olmaqda deyil. Bu cür binar yanaşmalar insanlıq qədər qədimdir. Kökü bizim təkamül prosesimizə gedir. Sağ qalmaq hədəfi ilə proqramlanmış insan beyni analoq mexanizm kimidir. Hərəkət edən və yaxınlaşan heyvan ya yırtıcıdır ya da ot yeyən. Sağ qalmaq istəyən insan bir neçə saniyədə qərar verməlidir. Ya dərhal qaçıb canını qurtarmalı, ya da risk edərək alətlərini hazırlayıb axşam mağaraya aparacağı şikarını ovlamalıdır. Beləcə yüz minlərlə il boyu beynimiz ziddiyətlərdə aralıq və ya orta mövqeləri görmədən nəsnələri ya sıfır ya da bir olaraq klassifikasiya edib. Çünki belə daha asandır. Elə indiki kompyuter texnologiyası da binar kodlar üzərində qurulub. Çünki hesablamaq baxımdan belə daha əlverişlidir. Diqqət edin – ən yaxşıdır demirəm, ən əlçatandır deyirəm. Bunun əksi qeyri-səlis məntiqdir. Həyatın əslində ağ-qara deyil boz və onun çalarlarından ibarət olduğu gerçəyidir.

Qütblər arasında davamedici və sonsuz (continuum) nöqtələri görmək kompleks yanaşma tələb edir. Nüanslara hörmət etməyi gərəkdirir. Təbiətdəki qeyri-xəttiliyi modelləşdirməyi labüd, stoxastikliyin çuğlaşan dünyasında baş gicəllənməni zəruri edir. Bu yanaşmaların elmdəki yaşı 200 ili ya keçir ya keçmir. İnsanlıq olaraq mürəkkəbliyi hələ təzə-təzə öyrənirik. Yüz min illərlə fərqli şəkildə inkişaf etmiş insan beynini bu qədər qısa vaxtda dəyişmək çox çətindir…

Amma bir şeydə əminik. Təhsil və elm mürəkkəbliyi qavramağa kömək edir. Qavranan incəliklər insanlar arası münasibətlərə də təsir edir. Məsələn, iqtisadi sövdələşmə al-ver anlayışını da ehtiva edən geniş termindir. Şəhərə məhsul gətirən kəndli al-verə gedir. Onun beyni adətən binar nəticələrə hədəflənir. Ya alıcı tapıb malını satacaq – {1} ya da malı əlində qalacaq – {0}. Halbuki, Nyu York birjasında iqtisadi sövdələşmələrin onlarla (swap, futures, derivatives və s.) növü var. Odur ki, sövdələşmə öz mürəkkəbliyini birja misalında tapır, kənd bazarında yox. Maliyyə bazarlarının inkişafı da sövdələşmələrdəki incə nöqtələri ehtiva edə bilən iqtisadi alətlərin ortaya çıxmasından keçir. Belə maliyyə sistemi olmayan ölkələr vaxtaşırı böhranlarla silkələnir. Bazar piştaxtası kimi bank idarə edənlərin iqtisadiyyatı necə iflic etdiyini görmədikmi?

Peterson – Zizek debatı mənə Slavoj-un illər öncə çəkilmiş bir videosunu xatırlatdı. Həmin videoda biz Zizek-i Lyubliyananı iki hissəyə bölən Sava çayı üzərindəki körpüdə görürük. Qışdır. Çayın hər iki sahilində qarla örtülmüş gözəl evlər görünür. Bir dəqiqəlik videoda Zizekin sözləri təxminən belədir – ˝Bu arxamda gördüyünüz çay yay aylarında çox gözəl olur. Və sizə elə gələ bilər ki, bu çayın hər iki sahili eynidir. Yox, yanılırsınız! Bu çay Balkanlarla (yəni Şərq) Orta Avropanın (yəni Qərb) çoğrafi sərhədidir. Çayın şərq tərəfində zorakılıq və despotizm hökm sürür. Qərb sahilində isə yüksək sivilizasiya var.˝ Sava çayı Dunaya tökülür. İllər öncə Budapeştdə Dunayda qayıq gəzintisi zamanı bələdçim mənə demişdi ki – ˝Budapeşt, şərqlə qərbin mədəni sərhədidir. Viyanadan şərqə doğru səyahət edəndə, oğurluqla ilk elə bu şəhərdə tanış olursan. Şərqdən qərbə səyahət edəndə də qərb mədəniyyətinin ilkin izlərini elə məhz burada görürsən.˝ Deyilənə görə Berlin divarı hələ ayaqdaykən almanlar arasında belə bir söz var imiş: ˝Berlin divarı üzərinə banan qoy, hansı tərəfdən dişləsələr bil ki, o tərəf şərqdir.˝

Qərb-Şərq dixotomiyası İstanbuldakı Avrupa və Asya yakası ziddiyyətini də yadıma salır. Maraqlısı budur ki, Qərbi Avropanın qərbində bu coğrafi diskriminasiya şimal və cənub üzərindən davam edir. Məsələn illər öncə The Economist dərgisi Avropadakı iqtisadi böhranlara səbəb olan ölkələri PIGS (Portuqaliya, İtaliya, Yunanıstan (Greece) və İspaniya (Spain) adlandırmışdı. Qeyd edim ki, pigs ingilis dilindən ˝donuzlar˝ kimi tərcümə olunur. ABŞ-da da oxşar stereotiplər mövcuddur – cənublular kəndli, dindar və geridəqalmış kimi qələmə verilir, şimaldakılar isə liberal və kübar. Adətən, şimali Londonluların intellektual, cənubluların isə kobud olduğu düşünülür.

Bəzən binar klassifikasiyalar problemləri öyrənmək üçün ilk addım olaraq faydalı ola bilər. Məsələn, müəssisənin texnoloji inkişafının onun strukturu əsasında stimullaşdırılması ilə bağlı bir neçə onilliklərdir elmi ədəbiyyatda müzakirələr aparılır. Problem belə bir ümumi sual ətrafında gedir ki, bəs müəssisə araşdırma və inkişaf (R&D) proqramını necə idarə etsin. R&D proqramları iki istiqamətdə aparıla bilər – radikal dəyişiklik və ya inkrimental (kiçik artımlarla) inkişaf. Radikal dəyişikliklər adətən riskli olur və üzərində işlənilən məhsulun bazarda uğursuz olması ehtimalı yüksəlir. Amma əgər məhsul uğur qazansa, müəssisənin gəliri olduqca böyük məbləğdə artır.

Məsələn, iPhone Apple şirkətinin bazara çıxardığı və onun son on ildə milyardlarla dollar qazanmasına imkan verən radikal məhsul idi. Fəqət problem odur ki, radikal tədqiqatlara həm çox resurs lazım olur, həm də ki, onların uğur qazanma ehtimalı çox aşağı olur. Bunun əksinə inkrimental tədqiqatlar mövcud məhsulların kiçik modifikasiyalarla inkişafını təmin edir. İnkrimental tədqiqatlar nisbətən az resurs tələb edir və onların uğur qazanma ehtimalı olduqca yüksək olur. Amma müəssisə inkrimental tədqiqatlara yönəldikcə mayopiya artır və bazardakı inkişaf oxunu görə bilmir. Məsələn, Sony Ericsson inkrimental inkişaf mərhələsində lazım olandan daha çox qaldı və nəticədə smartphone bumunda bazardan tamamilə sıxışdırılıb çıxarıldı.

Menecerlərin başlıca problemi bu iki əhəmiyyətli inkişaf strategiyası arasında düzgün nisbəti yaxalaya bilməkdir. Müəssisə inkrimental araşdırmalardan imtina edə bilməz, çünki qısa-müddətli dövrdə nəğd pul axını və xərclərin ödənə bilməsi məhz bu tip tədqiqatlarla istehsal olunmuş məhsulların satışı vasitəsi ilə mümkün olur. Ancaq uzunmüddətli dövrdə bazarda qalmaq üçün radikal araşdırmalar vacibdir. Adətən inkrimental tədqiqatçılar dissiplinli, alman mühəndislər kimi dəqiq proqramlı olurlar, qeyri-müəyyənliklərdən və risklərdən uzaq durmağı sevirlər.

Əksinə radikal tədqiqatda olan araşdırmaçılar qanunları və sabit iş qrafikini sevmirlər. Onları korporativ qaydalara tabe etmək mümkün deyil. Radikal araşdırma komandaları adətən çərçivədən kənar düşünürlər və onlar daim mövcud oturuşmuş sistemə və inkrimental tədqiqatçılara əks mövqedə dayanırlar. Yəni təkcə tədqiqat istiqamətləri yox, bu tədqiqatları aparan araşdırmaçılar da təbiətləri etibarilə fərqli olurlar. Qısası, menecerlər məşhur deyimlə ˝İnnovator Paradoksu˝ ilə üzləşir. Onlardan bu iki fəqrli tədqiqat istiqamətini və komandaları bir çərçivədə ümumi məqsəd üçün idarə etmək tələb olunur.

Son 20 ildə elmi ədəbiyyat paradoksaları idarə etməkdə qərb və şərq yanaşmasından danışır. Şərq yanaşması ziddiyyətləri paralel dünyalarda məhdudlaşdırıb idarə etməyi tələb edir. Bu yanaşmaya görə fərqlilikləri idarə etməyin ən ideal metodu onları üzləşməkdən çəkindirmək və sərhədləri dəqiq müəyyən etməkdir. İslam məmləkətlərində şəhər həyatı buna misal ola bilər. Qədimdə hər şəhərin müsəlman, yəhudi və xristian məhəllələri olub. Məhəllələşmə adətən fərqliliklərin təmassız mövcudiyyətini təmin edib. Misal olaraq, müsəlman istədiyi vaxt yəhudi məhəlləsinə gedə bilməzdi, hətta onun oraya izinsiz daxil olması problem yarada bilərdi. Eyni ilə də, xristianın müsəlman məhəlləsində donuz əti satması mümkün deyildi. Öz növbəsində müsəlman da yəhudi məhəllələrdə spirtli içki içilməsinə qarışa bilməzdi. Beləcə şərq yanaşması ziddiyyətləri izolyasiya edib idarə etməyi təbliğ edir.

Qərb yanaşması isə ziddiyətli tərəflərin şərqdəki kimi qarşılıqlı hörmətini gərəkdirir, amma paralel deyil kəsişən və tədricən üst-üstə düşən həyat modelini təklif edir. Bu yanaşma fərqli cinahlardan qarşılıqlı hörməti və müzakirə yolu ilə ziddiyyətləri zamanla minimumlaşdırıb ortaq məxrəcə gəlməyi tələb edir. Buna ən yaxşı misal Almaniyadakı assimilasiya əsaslı immiqrasiya siyasətidir. Yəni gəlmələrin həyat tərzinə hörmət edilsə də onlardan zamanla dominant kültürü mənimsəyib almanlaşmaq gözlənilir.

Müəssisədə radikal və inkrimental tədqiqat qruplarının şərq yanaşması ilə idarə olunması o deməkdir ki, hər iki qrupa ayrı resurslar verilir və onlar arasındakı ünsiyyət minimumlaşdırılır. Problem ondadır ki, bu yanaşma zamanla iki qrup arasındakı ziddiyyətlərin daha da kəskinləşməsinə və korporasiyanın ümumi işindəki harmoniyanın pozulmasına səbəb ola bilər. Əksinə qərb yanaşması tədricən bu iki qrupu yekcins etməyi tələb edir ki, bu da sonda ya inkrimental ya da ki radikal araşdırmalardan imtina etmək deməkdir. Beləliklə aydın olur ki, innovator paradoksunun həlli nə şərq nə də ki qərb yanaşmasındadır. Qısacası, istər təbiət və istərsə biznes praktikası qütb, 0 və ya 1, və yaxud dixotomik yanaşmanı sevmir – hər zamankı kimi düzgün yanaşma əks uclar arasındakı bir nöqtədir. Hibrid yanaşmadır.

Zizek-Peterson debatına gəlincə qısa bir-iki qeyd edim. Debatı Peterson açdı və dərhal ˝Kommunist Manifesti˝-ni tənqid etdi. Peterson, kommunistlərin tarixi siniflərin mübarizəsindən danışmasının səhv olduğunu dedi. Yaxşı proletariat və pis burjaziya yanaşmasının bir çox detalı nəzərdən qaçırtmağa səbəb olduğunu vurğuladı. Hazırki post-modernist fəlsəfənin kommunistlərin yolu ilə gedib sinfi mübarizəni kimliklərin mübarizəsinə çevirdiyini iddia etdi.

Zizek isə cavabında solçu liberalları tənqid etdi. Marksizmi müdafiə etmək yerinə Kommunizm, Kapitalizm və Xoşbəxtlik trinitisini Çin misalında izah etdi. Ümumiyyətlə, debat fikir istehsalı cəhətindən dağınıq keçdi. Peterson və Zizek nimdərin fərqli tərəflərində durub yumruq göstərən amma güləşməyən idmançıları xatırlatdı mənə. Buna baxmayaraq, ikisinin də razılaşdığı bir nöqtə oldu – yutalitarian (zövq almağa hesablanmış) xöşbəxtliyin əldə edilməsi çətindir, səhrada ilğımı qovalamaq kimidir. Müasir mədəniyyət xoşbəxtliyi Baham adalarındakı tətil kimi bizə sırıyıb, halbuki xoşbəxtlik hədəf deyil, hədəfə gedən yolda ˝aralıq məhsul˝ olmalıdır.

Samir Hüseynov

Yuxarı