post-title

Şopenhauerin insan yaşamına dair bir neçə ideyası


 

  Argentina yazıçısı Xorxe Luis Borxesin ən sevdiyi müəlliflərdən biri alman filosofu Artur Şopenhauer olub.  Ailəsinin nümayəndələri bir-biriylə əsasən ingiliscə və ispanca ünsiyyət saxlayırdılar. Buna görə də ingiliscəni uşaqlıqdan çox yaxşı bilən Borxes on yeddi yaşında Şopenhauerin əsərləriylə ingiliscə tanış olur. Fəqət bu onu təmin etmir və Cenevrədə təhsil almağa başlayan Borxes Latıncanı, Fransızcanı öyrənərkən, Şopenhauerin üslubundan aldığı həzz daha dolğun olsun deyə Almancanı da öyrənməyə başlayır. Onun təmiz, azadə və poetik  nəsrində Şopenhauer yaradıcılığının izlərini sezmək mümkündü. Örnəyi, “Alman rekviyemi” hekayəsinin personajı Otto Ditrix bir hissədə belə söyləyir: “Mən 1908-ci ildə Marienburqda doğulmuşam. İndi xeyli zəifləmiş iki ehtirasım- musiqi və metafizika, həyatımın ən ağır illərinin öhdəsindən zəfər və ləyaqətlə gəlməkdə mənə kömək oldu. Minnətdar olduğum insanların hamısının adını çəkə bilmərəm, ancaq iki nəfər barədə susa bilməyəcəyəm, yoxsa haqsızlıq olar. Bunlar Brams və Şopenhauerdi. Əvvəlcə məni teologiya məşğul etdi, ancaq Şopenhauerin düzgün və kəskin dəlilləri mənim zehnimi bu fantastik elmin (və xristian inancının) təsirindən həmişəlik uzaqlaşdırdı”. Personajın bu sözlərinin Borxesin öz mənəvi yaşantılarıyla bağlı olduğunu təxmin etmək olur (hərçənd bu qənaət sadəcə oxucu təsəvvürü də ola bilər).

Digər sevgili yazıçının, Nabokovun əsərlərinin atmosferindən də Şopenhauerdən təsirləndiyini hiss edirdim. Məsələn, sezdiyim çoxsaylı örnəklərin birindən, onun gənckən yazdığı “Xəfiyyə” adlı povestinin mütaliəsindən yaddaşıma taxılıb qalan “axı insanla birgə bütün dünya da məhv olub yoxa çıxır” cümləsindən xüsusilə Şopenhauer düşüncəsinin qoxusu  gəlirdi. Qənaətimi möhkəmlədən, sözügedən yazıçının əsərin yazıldığı dövrdə Berlində yaşamış olmasıydı. Deməli, Almaniyada yaşayarkən oranın kültürüylə daha yaxından tanış ola bilərdi. Bəs nə üçün onunla bağlı oxuduğum mətnlər içində digər yaradıcı adamlardan söhbət edərkən Şopenhauerin adını çəkmirdi? Orijinallığa dair kəskin, hətta bəzən əsəbləşdirici və əzici iddiasına görəmi?

Hobbim olan “təsirləniş ovu”na çıxdım. Altdan o kitabı çıxarıb vərəqlədim, bu kitabı axtardım, saytın birindən girib digərindən çıxdım, nəhayət qısa bir cümlə tapdım. Şikarım xırdaydı, fəqət bəs edərdi, rahatlayıb xoşhallandım.

 Deməli, həmin sevgili yazıçının oğlu illər sonra verdiyi müsahibədə belə deyirdi: “ Atayla oğul arasında belə söhbətlər nadirən olur, ancaq mən ondan yaradıcılığa necə gəldiyi barədə soruşanda çox aşkar şəkildə cavab verdi: “Bəlkə də hər şey, Şopenhauervari tərzdə söyləsək, nazik pərdəylə örtülüdü və o pərdəni sadəcə qaldırmaq, altındakını aşkara çıxarmaq lazımdı. Və mən də onu aşkara çıxarıram.”

Yaşlandıqca modada olan sosial hərəkatlardan və siyasətdən uzaq duruban “fildişindən qala” içində yalnızca ürəyindən gəldiyi kimi yazıb-yaradan birinci yazıçının Şopenhauer sevgisinin səbəbi nə ola bilərdi? Amerikalı yazıçı Uilyam Bakli ilə gerçəkləşən müsahibəsində Şopenhauerin “Parerga und Paralipomena” adlı əsərinin də adını çəkəndə korluq səbəbindən azca çəpləşən donuq gözlərində məlahətli sevinc işartıları görünür. Əgər o əsərdəki bəzi esselər barədə söhbət etsək, bəlkə də həmin kor yazıçının Şopenhaeur sevgisini aşkara çıxara bilərik. Edək, çünki, məncə, oxşar zehni macəralar kitabsevərlərə tanış yaşantıdı.

Həmin kitabda Şopenhauer insan xoşbəxtliyinin, dincliyinin, rahatlığının iki əsas düşməninin iztirabla can sıxıntısı olduğunu söyləyir. Mövzunu xeyli bəsitləşdirib qısaldaraq anlaşıqlı etməyə çalışaq: Şopenhauerə görə, insan maddi ehtiyaclar içində olanda əziyyət çəkir, inciyir, fəqət onunçun zəruri olan nəsnələrdən daha artığına sahib olursa, bu dəfə də digər dərd gəlib onu tapır: darıxmaq hissi. Dolayısıyla belə ümumiləşdirmək olar: aşağı təbəqənin insanları gündəlik ehtiyaclarını təmin etməkdən ötrü sürəkli mücadilə aparmağa məcburdularsa, yuxarı təbəqənin insanları da darıxmağın öhdəsindən gəlməyin dərdindədilər. Örnəyi, istədikləri məkanlarda istirahət edə bilirlər, arzuladıqlarını alıb yeyirlər, ancaq arzuları reallaşdıqca da gözlənilməz boşluğa düşürlər. Belə insanların ünsiyyət, yoldaşlıq üçün həmcinslərinin, digər insanların, əyləncənin, hər cür lüzumsuz lüksün arxasınca düşməsi əsas etibariylə bu ruhi boşluqdan qaynaqlanır. Və Şopenhauerə görə insanı, dəruni zənginlik, mənəvi zənginlik qədər başqa heç nə bu vəziyyətə düçar olmaqdan uzaq tutub, daha yaxşı qoruya bilməz.

Həmin mənəvi zənginliyin yaratdığı düşüncə aləmi isə ucsuz-bucaqsız ruhani həzz qaynağıdır! Çünki, düşünüş prosesi özündə və təbiətin çeşidli fenomenlərində həmişə üzərində düşünüləcək zehni materiallar axtarıb tapa bilir. İnsan məhz burada müəyyən dərəcədə dinclik yaşaya bilər. Fəqət bu qabiliyyətin bəlli dezavantajları da vardır.  Yüksək zehin dərəcəsi orqanizmə özüylə birgə yüksək həssaslıq bəxş etmiş olur. Geniş hiss və duyğu tutumu, zəngin təxəyyül gücü hər cür ruhi və cismani əzabın şiddətini artırır, həyati əngəllərə qarşı böyük səbirsizliklərlə, hər növdən müdaxilələrə qarşı böyük  küskünlüklə nəticələnir. Deməli, Şopenhauerin ağıllı insanı yayğın iztirablardan və xarici təcavüzlərdən uzaq olmağa çalışacaq, səssizlik və boş zamanla bol olan təvazökar bir həyat tərzi axtarışına çıxacaqdı.

Ancaq bu cür insan tipinin ziddi olan, yəni xəttin ən ucqardakı digər nöqtəsində qərarlaşan insan tipi isə gündəlik məişət ehtiyaclarının caynağından qurtulan kimi, nə bahasına olarsa-olsun əylənmək və cəmiyyətə qarışmaq üçün çabalayır. Boş zamanını dəyərləndirməklə məşğul olan yaradıcı insanın əksi olan bu adam boş zamanını özünü mənəvi baxımdan zənginləşdirməyə həsr etmir, vaxtını öldürməyə can atır. Bunun səbəbi odur ki, ikinci tip öz ağlını sadəcə maddi nəsnələrdən və fiziki həzzlərdən asılı olan iradəsinin ehtiyaclarını təmin etməkçün istifadə edir. İradəsinin xarici qıcıqlanmalara məruz qalmadığı boş zamanlarda canı, el arasında deyildiyi kimi söyləsək, ürəyi qorxunc dərəcədə sıxılmağa başlayır. Belə insan öz-özünə yük olur və bu yükdən qurtulmaq üçün zamanının çoxunu xarici dünyada keçirməyə sürüklənir. Halbuki, Şopenhauerə görə, heç kim digər insanlardan, ümumi ifadəylə söyləsək, xarici dünyadan aşırı gözlənti içində olmamalıdır. Bir insanın digər insan üçün daşıdığı önəm əslində böyük deyil, nəticədə hər kəs yalnız qalır və önəmli olan da bir insanın yalnızkən kim olduğu, daxilən nəyə sahib olduğudur. Səfalətlə və iztirabla dolu olan dünyada əldə ediləsi çox şey yoxdur. Adətən pislik qalib gəlir, gurultu salan və səsi yüksəkdən çıxan ən yayğın cəhət də hər yanda üzə çıxan axmaqlıqlardır. Belə bir dünyada daxilən zəngin insan Milad ərəfəsindəki işıqlı, isti, xoşbəxtliklə dolu evə bənzəyir (bir filosofun, yəni rasional düşüncə insanının ədəbiyyat mütaliəsindən doğan bənzətməsinə diqqət et, əziz oxucu: Milad bayramı ərəfəsindəki işıqlı, isti, xoşbəxtliklə dolu ev. Dikkensi xatırladınmı? Xatırlamadınsa xatırla, lütfən. Milad hekayətlərini, onlar əsasında çəkilən filmləri xatırla. Məsələn, xəsis Ebenezer Skrudjun əlinin altında işləyən işçinin- o sakit və mərhəmətli kişinin yoxsul, fəqət mehriban ailəsinin Milad bayramındakı şadyanalağını)

Şopenhauerə görə, can sıxıntısının ən böyük qurbanları yüksək təbəqənin varlı insanlarıdı. Filosof Lukretius yüz illər öncə onlar haqqında belə yazırmış: “Zənginlər darıxdıqları üçün öz malikanələrində nadirən uzun müddət qala bilirlər. Fəqət bayıra çıxanda onları ovudacaq daha yaxşı nəsnələr tapa bilmədiklərindən yenidən bu məkanlarına qayıdırlar. Yenə darıxırlar, qaça-qaça bağlarına gedirlər, sanki ora od tutub yanmaqdadı və bunlar da tez çatıb alovu söndürməlidilər. Can sıxıntısı burda da yaxalarını buraxmır, addımlarını kandardan içəri atar-atmaz əsnəməyə başlayırlar və yuxuyla hər şeyi unutmağa çalışırlar, o da alınmayanda təzədən şəhər həyatına qayıdıb ordakı qələbəliklərə qarışırlar.”

Sıradan insan həyatının xoşbəxtliyini ancaq özünün dışındakı nəsnələrə bağlayır: mala-mülkə, şöhrətə, uşaqlara, cəmiyyətə və onların bənzərlərinə. Buna görə də onları itirəndə xəyal qırıqlığına uğradığından xoşbəxtliyinin təməli də laxlayır. Bu cür insan, tutalım, bir gün aldığı atlardan sevinc duyur, tezliklə bezir, nə edəcəyini bilmir, qərara gəlir ki, digər gün dostlarına ziyafət versin, bu dəfə də təmin olmur, o biri gün səyahətə başlayır, bir sözlə, lüksla dolu şəşəəli bir həyat keçirir..Fəqət ləzzət almaqdan ötrü üz tutduğu bütün obyektlər onu heç cür təmin etmir, bunun da səbəbi, həmin insanın öz təkliyindən ləzzət ala bilməməyi, deməli, əslində özündən narazılığıdır. Özüylə təkbaşına qalmaqdan qurtulmaq üçün, daxili dünyasının boşluğundan uzaqlaşmaq üçün xarici nəsnələrin aldadıcı cazibəsini pənahgah sayır.

Şopenhauer, yaradıcılığının mənbəyindən, yəni özündən həzz alan və hüzur qaynağını təməl olaraq özündə daşıyan insanla onu tam ziddi olan, yəni barəsində bir az əvvəl söhbət açılan “bayağı, sıradan insan” adlandırdığı  insan tipi arasında yerləşən digər bir insan tipinin psixolojisi barədə də söhbət açır. Bu insanın əsas xarakterik cəhətləri necədi bəs? Belə insan bayağı insandan fərqli olaraq təkcə faydaçı maraqlarla yaşamır, iradəsi təkcə maddi nəsnələrə yönəlik deyil, yalnız onlar tərəfindən cəlb olunmur. O, mənəvi yaradıcılıqlara müəyyən qədər maraq duyur, yaxud diqqətini hansısa bir elm sahəsinə yönəldib oradakı araşdırmalardan həzz almağı bacarır. Əgər onu əhatələyən nəsnələrə olan həvəsi azalarsa, yaxud tale onun əlindən bu maddi üstünlükləri alarsa, belə adam mehrini saldığı həmin mənəvi yaradıcılıqlarla əylənib, təsəlli tapa bilir. Fəqət Şopenhauerə görə, sənətə qarşı hiss edilən bu cür bir səthi maraq, həqiqi bir yaradıcı fəaliyyətdən çox fərqlənir. Həvəskar elmi məşğuliyyət də eyni keyfiyyətə sahibdir, belə intellektual fəaliyyət əldə etdiyi qənaətlərdə dayazlığa meyillidir və heç zaman “fenomenlərin birbiriylə olan əlaqələrini anlamağın ötəsinə keçib məsələnin can damarına nüfuz edə bilmir.”

Fəqət zamanını və həyatını əsaslı şəkildə onu maraqlandıran intellektual mövzulara həsr edəcək dərəcədə həvəs sahibi və yaşam enerjisiylə dolu olan insan tipi isə Şopenhauerə görə dahi insan tipidir. Belə insan üçün həyatda boş zaman və yalnızlıqdan daha yaxşı heç nə olmur. Onun xarici dünyadan istədiyi əsas şey, zehni qabiliyyətlərini artırıb mükəmməlləşdirmək üçün ehtiyac duyduğu dinclik, sakitlik və məişət qayğılarından qurtulmuş azadə vaxtdır. Başqaları boş vaxtı öldürmək üçün xarici dünyanın maddi həzzlərinə tərəf qaçarkən, bu cür insan, əksinə, xarici dünyanın məcburi olaraq yerinə yetirməli olduğu məşğuliyyətlərindən xilas olub düşüncələriylə birgə harmoniya içində yaşayacağı boş zamana yetmək üçün çalışır.  

Şopenhauerə görə, bütün çağların və ölkələrin böyük sənətkar və mütəfəkkirləri əslində sadəcə bu tip insanlar üçün yaşayıb yaradırlar. Çünki, onları gerçəkdən və dərindən anlayan insanlar məhz bu adamlar olur. Qalan adamlar isə, istər bu yaradıcıları, istərsə də onların ardıcıllarını sadəcə yarımçıq və səthi halda anlayan təsadüfi dinləyicilərdən başqa bir şey deyillər.

Beləliklə, sualımızı bir daha təkrarlayaq: “fildişindən qala” içində yaradıcılığıyla xoşbəxt olan o kor yazıçının Şopenhaeur sevgisinin altında hansı yaşantı, hansı qənaət, hansı təcrübə yatırdı? Bu marağı, həmin yazıçının kütləvi sosial hərəkatlardan, bitik-tükənməz və heç zaman da bitib tükənməyəcək ictimai dərdlərdən əl çəkib, sadəcə və sadəcə onu anlayacaq, təmiz sənətin estetizmindən, sənətkar istedadından, özgür və dolğun bir yazıçının zəngin xəyal aləmindən həzz alacaq, həqiqətən sənət və bilgi aşiqi olan insanlar üçün yaratmaq istəyiylə əlaqələndirə bilərikmi? Bəlkə də cavab budur. Bəlkə də o yazıçı da Şopenhaueri özünün mənəvi sələfi sayırdı özünə. Qoy, sözügedən esselərdən birindəki düşüncəni olduğu kimi də oxuyaq: “Similis simili gaudet, yəni, hər insan özünə bənzər insanları sevdiyinə görədir ki, xalq, dövrün dərinlikdən məhrum istedadsız qafalarından çıxan laqqırtıları böyük zehinlərin düşüncələrindən daha doğma və xoş hesab edir”.

Müəyyən qədər kiniklərin də mənəvi kötücəsi olan bu acıqlı müdrik Dədə “Philister” adlandırılan tipi də iynələmədən söhbətini bitirmir. Sonda bir az da bu “maraqlı” tip barədə danışaq. Şopenhauer söyləyir ki, filister əslində zehni ehtiyacları olmayan insan tipidir. Necə deyərlər, filister muzaların, yəni ilham pərilərinin tərk etdiyi insandır. O heç zaman bilgini sevmir. Yəni bilgi və anlayış bu insan üçün məqsədin özü deyil. O bilgini məhz bilgi olduğu üçün sevmir.  Yəni saf bilgi və onunla yaxından bağlı olan estetik həzzin, vəcdin nə olduğunu bilmir. Bilgidən heç zaman gerçək bir həzz almağı bacarmır. Çünki, “Gerçək ehtiyaclar olmadan gerçək həzzlər yaşanıla bilməz”.

Axtardığı sadəcə yüksək mövqe, nüfuz, sərvət və şöhrətdir. Snobluq hərisidir. Çünki yalnız bu zahiri üstünlüklər hesabına özünü digər insanlardan üstün hiss edəcəyini düşünür və hər imkandaca bu üstünlükləri qazanmağa yönəlir. Zəngin insanların mühitinə qoşulmaq, “onların ehtişamının kölgəsində günəşlənmək bu cür adamın ən böyük arzusudur”.  Bu tip insan əsla hansısa dostunun həqiqi bir bilgi və zehni məşğuliyyət hərisi olmasını istəməz. İşti-şayəd belə adamla qarşılaşarsa ondan dərhal uzaqlaşır, hətta ona nifrət etməsi də gözləniləndi.  Onun gözündə dünyanın yeganə həqiqi üstünlükləri və dəyərləri şan şöhrət və ictimai iqtidardır. Və yaşamı boyunca da bezib yorulmadan bunların arxasınca qaçır ki, onlar vasitəsiylə özünü üstün hala gətirsin.

Rüstəm Ayaks

Kultura.az

 

 

 

 

 

 

Yuxarı