Talıbın xatirəsinə
Britaniyada bir cavan oğlan ayağını iplə bağlayıb, 70 metr hündürlükdən hoppanı…
Keçən gün metroda gözüm reklama sataşdı, Bakıda “İnkvizisiya: Orta Əsr İşgəncə Alətləri” tematikasında sərgi keçirilir. Avqust ayına qədər davam edəcəkmiş.
Bu ili Nəsimi ili elan etmişiksə, gərək kiminsə dərisini soyaq.
Dərisi soyulmağa ilk namizəd deyəsən müğənni Afət Fərmanqızı idi. Populyar hind melodiyası üzərində Nəsiminin “Məndə sığar ikən cahan” qəzəlini oxuduğu üçün misli görünməmiş tənqid atəşinə məruz qalan Afət xanım əvvəlcə bir az geri çəkilən kimi oldu, amma vaxtında qətiyyətli əks-hücumla hər kəsi susdurmağı bacardı. İndi Afət xanım öz mahnısına Rusiyada möhtəşəm klip çəkdirib, hələ bədxahların acığına Nəsiminin daha bir qəzəlini də oxuyacaq.
Məndə belə bir güman var ki, əgər eyni hərəkəti Afət Fərmanqızı yox, məsələn, Manaf Ağayev etsəydi, bu dərəcədə tənqidlə qarşılaşmazdı. Cəmiyyətin Manaf Ağayevə oxşar reaksiya verməyə sadəcə cəsarəti çatmazdı. Afət Fərmanqızı qadındır, bizim cəmiyyətdə isə çox təəssüf ki, bir balaca fərqli davranan qadınlara amansız hücum etmək daha asandır, daha cəzasızdır.
Digər tərəfdən, Afət Fərmanqızı yeni bir ixtira da etməyib – sadəcə olaraq, populyar şərq musiqi parçası üzərində Nəsiminin qəzəlini oxuyub. Məgər Azərbaycan mədəniyyətinin açar elementlərindən olan muğam vaxtilə populyar şərq musiqi parçaları üzərində populyar qəzəllərin oxunması nəticəsində ortaya çıxmayıb? Necə ki, Üzeyir bəy yazırdı: “Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü “bina” (dəstgah) şəklində iftixarla ucalmış [...] XIV əsrin axırlarına doğru […] bu möhtəşəm “musiqi binasının” divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır […] bu “musiqi binasının” qiymətli “parçalarından” […] hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni “musiqi barigahı” tikmişdir.”
Əlbəttə, o zaman biz də şərqli idik, amma indi də deyəsən hələ avropalı sayılmırıq. Mənə isə maraqlıdır, görəsən “Nəsiminin qəzəlini hind musiqisi üzərində oxumaq olmaz” deyə şiddətlə etiraz edən insanlar axşamlar muğam müsabiqəsini həyəcanla necə izləyə bilir?
Muğamın yaranması üsulundan post-modern tərzdə istifadə edərək bəstəkar Firudin Allahverdi bu yaxınlarda tar və ansambl üçün “Sıralama” adında nəfis bir bəstə ərsəyə gətirib. Afət Fərmanqızı isə eyni üsulun mahiyyətini çox dəyişmədən, amma bir xeyli ibtidailəşdirərək “Pəncü şeş” adında bir mahnı ortaya çıxarıb. Bu iki əsər arasında əsas fərqlər müasir bəstəkarlıq texnikasına bələd olma, musiqi tarixi və musiqi bilgisi, dünyagörüşü və zövq məsələləridir.
Əgər insanlarımız Afət xanımın mahnısını “bayağı” hesab etdikləri üçün onu ən sərt ictimai qınağa məruz qoyursa, gərək onda məntiqlə Firudin Allahverdi muğam motivindən innovativ istifadə etdiyi “Sıralama” əsərinə görə xalq və dövlət səviyyəsində ən yüksək şərəfə layiq görülərdi. Lakin Azərbaycanda nəinki müasir məntiq, heç Aristotel məntiqi də işləmir.
Mən “Sıralama” əsərinin ilk ifasında olmuşam, zalın 3/4-ü boş idi.
İndi xalqa xitab etmək xeyli dəbdədir, təəssüf ki, mənim belə imkanlarım yoxdur. Ona görə də oxuculara müraciət etmək istəyirəm: əgər “bayağı” sənət əsərləri sizi narahat edirsə, qəzəbli reaksiya verməyiniz təbiidir, amma heç olmazsa, “yüksək səviyyəli” sənət əsərlərinə də eyni dərəcədə və eyni həvəslə öz təqdirinizi göstərin. Nəyin “pis” olduğunu hamı tanıyır, əsl hünər “yaxşını” nişan verə bilməkdədir.
Toxunmaq istədiyim digər məsələ cəmiyyətimizdə mədəni kontekstdə durmadan artan aqressiyadır. İrqi, dini və etnik motivlərlə nifrət hissini yenə başa düşmək olar – bunlar bütün dünyanın bəlasıdır, hətta bu gün çoxillik demokratiyalar olan Avropa İttifaqı ölkələri və ABŞ-da da ksenofobiya və digər nifrət təzahürləri baş qaldırır. Mənə daha çox qəribə gələn bizim əksər insanların zövq və bayağılıq üstündə nifrət alverçiliyi etməsidir. Hər kəsin də öz fərdi standartları var: rus və ya türk pop musiqisinə qulaq asanlar meyxanaya qulaq asanlara nifrət edir; Çingiz Abdullayevi dahi yazıçı hesab edən, bütün detektivlərini vəcdlə oxuyanlar isə Qaraqanın oxucularını “əsl ədəbiyyat” uğrunda boğmağa hazır dayanıb.
Nə gizlədim, mən özüm də bir xeyli old school adamam, məsələn, Dostoyevskini rusca oxumayanları heç cür ciddi qəbul edə bilmirəm, yəni mənim də saysız-hesabsız qərəzlərim var, amma indi bu qərəzləri əlimdə silaha çevirib məndən fərqli zövqə sahib olan insanları nifrət atəşinə tutmaq ixtiyarını mənə kim verib? Hakimlər kimdir? Hələ qədim romalılar zövqləri müzakirə etməkdən aşkar şəkildə imtina edərdilər, bizdə isə hələ də toylarda musiqi üstündə adam bıçaqlayırlar.
Bu günlərdə yerli mediada gördüm, bir neçə nəfər yeniyetmə qıza – güman ki, məktəbli və ya tələbələrə – o məlum “Kazbek” meyxanasının sözlərinə lip syncetdiklərinə görə olmazın təhqirlər və söyüşlər yağdırırdılar. Hələ mənim rast gəldiklərim Azərbaycanın milli-mənəvi dəyərlərinin keşiyində möhkəm dayanan milli mətbuatımızda getmişdi, gör indi başıpozuq sosial şəbəkələrdə nə vakxanaliya baş verir.
İnsanlar necə unudur ki, bu amansızlıqda şəxsi hücumlara məruz qoyduqları qurbanlar hələ yeniyetmə yaşında olan, bir az etirazçı, bir az non-konformist ruhlu, şəxsiyyət olaraq tam formalaşmamış məktəbli, tələbə qızlardır. Onların bütün buonlayn qısnamadan aldıqları travmanın miqyasını təsəvvür edirsiz? Azərbaycanlıların həm həsədlə, həm də ikrahla baxdığı Qərb ölkələri onlayn qısnamanı öz keflərindən cinayət hesab edirlər? Sabah bu yeniyetmələrdən biri özünə qəsd etsə və ya xəsarət yetirsə, bunun məsuliyyətini də cəmiyyətimiz kollektiv olaraq üzərinə götürməyə hazırdırmı?
Yaxud da, Afət Fərmanqızının mahnısına yumoristik videoçarx çəkmiş tibb bacılarını və sanitarları kütləvi şəkildə işdən çıxarmaq, insanları çörəksiz qoymaq, övladlarının ac qalmasına bais olmaq nə zamandan əxlaqlı adamın fəzilətinə çevrilib?
Heyvanların davranışları üzərində müşahidə aparan etoloqlara inansaq, vəhşi təbiətdə yaşayan güclü heyvanlar yalnız gücdə özlərinə bərabər həmnövləri ilə münaqişələrdə öz güclərini işə salırlar, həm də onların dəstələrində yaşayan zəifləri digər güclülərdən müdafiə etmək üçün istifadə edirlər. Yəni güclü heyvan yalnız özünə bərabər heyvanla vuruşur, zəifləri əzmək əvəzinə qoruyur, və öz növündən olmayan, özünə bənzəməyən digər heyvanlara isə sadəcə məhəl qoymur (ov istisna).
Mənim anladığım qədər, Amazon cəngəllikləri və Andaman adalarında yaşayan bacı və qardaşlarımızdan başqa, digər insanlar üçün ov faktoru artıq ölüm-dirim məsələsindən çıxıb. Zorakılığı da biz insanlar legitim məqsədlər üçün çoxdan dövlətlərin inhisarına vermişik. Ona görə də bizdə olan bu zəifi əzmək ehtirası, bizim kimi olmayana nifrət, fərqli olan hər kəsin dar ağacında dərisini soymaq şövqü nəinki heyvani, heç insani hisslər də deyil.
Altı yüz il bundan əvvəl Nəsimini məhkəmə qarşısına çıxaranda Hələbin ən məşhur qazi və üləmaları uzun müddət onun qətlinə fərman vermək məsələsində razılığa gələ bilməmişdi. Hənəfilərin qazisi məsuliyyəti malikilərin qazisinə ötürürdü, malikilərin qazisi həmbəlilərin. Mülki hakimiyyət dini hakimiyyətə etiraz edirdi, dini hakimiyyət isə mülki hakimiyyətə. İş o yerə çatmışdı ki, axırda Misir sultanına yazmalı olmuşdular.
Bu gün olsaydı, Facebook-da bircə status yazmaq kifayət edərdi. Qəliz ittihamlara da ehtiyac qalmazdı. Təkcə bəyan edərdilər ki, Nəsimi bayağıdır.
Əli Novruzov
Azlogos.eu