Dinin həqiqətdən və yalandan kənar mənası
Bura islam dinində də iddia edilən möcüzələr…
Bu mövzu cəmiyyətimizdə daim aktualdır. Müstəqilliyə qovuşmağımızdan az qala 30 ilə yaxın bir zaman keçsə də, xüsusən sosial şəbəkələr üzərindən bunu bu gün də görmək olur. Hətta müstəqilliyimizlə yaşıd, yəni 1991-ci il təvəllüdlü gənclərin sovet həsrəti çəkdiyinə şahid oluruq.
Sovet imperiyası dövrünün müxtəlif aspektlərindən hazırda ən çox müsbət rəyə malik olanı şübhəsiz ki, sovet təhsilidir. İndiki bərbad təhsillə sovetlərin təhsilini müqayisə edərək əlbəttə ki, sonuncu haqda çox böyük vəcdlə və mifləşdirilərək danışırlar. Bunun doğrudan da belə olub-olmadığını bilmək üçün, Azərbaycanın və sovetlərin tarixinə bir qədər göz atmaq gərəkdir.
Bir əsr öncə rus imperiyası ilk əvvəl 1914-cü ildə I Dünya müharibəsi, onun səbəbindən baş vermiş Burjua İnqilabı, ondan sonra bolşevik çevrilişi və nəhayətdə vətəndaş müharibəsi nəticəsində 1922-ci ildə sovetlərə çevrildi, yəni totalitar dövlət formasını aldı. Hazırda sovet imperiyasının dağılmasından az qala 30 ilə yaxın bir zaman keçir və artıq uzaqlarda qalmış 1989-un ehtirasları, 1991-in dekabrı və sovetlərin keçmiş erası indiki gənclik üçün bir əfsanəyə çevrilmişdir.
Lakin diqqətlə baxsaq həsrəti çəkilən sovetlər erası heç də yek bir formatda, hansısa bir estetika çərçivəsində keçməyib, çünki mövcudluğunun 70 illik tarixində bu ideoliji-totalitar fövqəldövlət-imperiya çox fərqli modelləri özündə ehtiva edib:
• 1922-dən 1934-dək inqilabi-devirimçi kommunanı xatırladan bir cəmiyyət tipi;
• 1934-dan 1956-ya qədər müstəsna qəddarlıqla qurulan totalitar-modernistik imperiya;
• 1956-dan 1966-dək totalitarizmdən nisbətən yumşalmağa meyl, islahatlara edilən cəhd və axtarışlar dövrü;
• 1966-dan 1985-dək bürokratiyanın oturuşduğu və istər ideoloji, istərsə də iqtisadi cəhətdən tamamilə laxlamış, daimi silahlanmadan təngimiş fövqəldövlət;
• 1985-dən sonadək isə ölümcül yaralı, aqoniya halında can verən, od püskürən dəhşətli əjdaha dövrü.
Göründüyü kimi ictimai modellər kifayət qədər fərqlidir və bu da özünü əlbəttə, təhsildə də göstərirdi. 20/30-cu illər təhsili, onun proqram və vəzifələri 80-ci illər təhsilindən köklü surətdə fərqlənirdi.
İlk öncə onu qeyd etməliyəm ki, fevral burjua inqilabı və oktyabr çevrilişindən sonra yaşanmış bir çox neqativ hallara baxmayaraq, məhz bu hadisələr səbəbindən böyük xalq kütlələrinin təhsilə yolu açıldı. Sovetlərin yuxarıda göstərdiyimiz 1922-34-cü illər arası dövründə tətbiq etdiyi kütləvi təhsil, savadsızlığın ləğvi proqramları mütərəqqi xarakterli idi və istənilən halda modernistik cəmiyyət quruculuğu prosesində böyük nailiyyət idi.
Artıq böyük xalq kütlələrinə, əvvəllər yalnız əyanlara mənsub yazıb-oxumaq kimi bir imtiyaz verilirdi və bu cəmiyyəti dəyişmək üçün atılan ən vacib ilk addım idi. Maraqlıdır ki, bu mütərəqqi addım da, hələ irəlidə qurulacaq totalitar imperiyanın təbliğatı üçün əsaslı özül rolunu oynayacaqdı. Son nəticədə isə, kütləvi təhsilin sayəsində, hər hansı bir alternativ fikrin susdurulduğu SSRİ-də yeganə məlumat vasitələri olan dövlət qəzetləri və radio bu təbliğatı yaymaq üçün geniş kütlələrə zəruri çıxışı əldə edirdi. Bu zaman kütləvi təhsilin də əsas məqsədinin ideoloji təbliğat üçün baza yaradılması olduğunu qeyd etmək zəruridir.
Bundan başqa, bu illərdə son nəticədə təhsilə təsir edəcək akademik elm sahəsində maraqlı hadisələr baş verirdi – elm də tədricən ideoliji mahiyyətə bürünürdü. Söhbət yalnız humanitar elmlərdən deyil, habelə dəqiq elmlərdən də gedirdi. Yeri gəlmişkən 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişi ilə Avropada tədricən bərqərar olan nasional-sosialist Almaniyasında da buna paralel alman elmi (deutsches Wissenschaft) anlayışı vardı.
Əgər III Reich ideoloqları (Rosenberg, Goebbels və s.) alimlər və elm insanlarından irqçilik ideolojisindən doğan “yəhudi elementlərindən təmizlənmiş ali irqin elmi”ni yaratmağı tələb edirdisə, sovet elmi araşdırmaları da, bütün sahələrdə mütləq elmi kommunizmin “marksist-leninist” postulatlarına uyğun gəlməli idi. Beləcə birində sinfi, digərində irqi elementlərdən azad edilmiş bu cür ideoloji elmlər hər iki totalitar dövlət ideoloqlarının fikrincə böyük elmi-texniki sıçrayışa gətirəcək, arzu etdikləri sosial və ya irqi cəhətdən cənnəti-utopiyanı yaratmaqda yardımçı olacaqdı. Qısası söhbət yenə də “yeni insan” və ideal cəmiyyət qurmaqdan gedirdi.
4 iyul 1935-ci ildə sovet agronomu Trofim Lısenko akademik oldu.
Sovetlərdə bunlara bariz misal kimi sovet aqronomu Trofim Lısenkonun biologiya səhəsində elmi araşdırmaları (bunlar keçən əsrin 30-cu illərində böyük səs-küyə səbəb olaraq, “Miçurin elmini” tənqid etməyə cəsarət etmiş bir çox sovet alimlərinin repressiyasına gətirmişdi), fiziologiyada Pavlovun refleks haqdakı nəzəriyyəsi, mikrobiologiyada Boşyanın nəzəriyyəsi, genetikanın (bu elm sovetlərdə bir növ irqi nəzəriyyə, yevgenikanın bir bölümü kimi ideoloji şübhə doğururdu, bunun üçün genetikanın sovet analoqu yaradılmalı idi) 40-cı illərdən sonra SSRİ-də ümumiyyətlə elm kimi rədd edilməsi buna bariz misal ola bilər.
Humanitar sahədə isə vəziyyət daha acınacaqlı idi. Yuxarıda qeyd edilmiş inqilabi-devirimçi kommuna dövründə inqilabi proqrama uyğun olaraq təbii ki, ənənəvi sənət məğlub edilməli və yeni proletar incəsənət yaradılmalı idi - bunun üçünsə faktiki total inkar gərək idi. Ən bariz misal kimi, rusların mədəni anlamda «наше все» adlandırdıqları Puşkin məhz bu dövrdə mülkədar şair kimi, 1937-ci ilə qədər az qala qadağan edilmişdi.
Bu devirimçi dövrdə (30-cu illərin əvvəllərinədək) doğrudan da bir çox modernistik layihələr SSRİ-də özünə yer tapdı, Avropada baş verən bir çox müasir incəsənət hadisələri həmən sovetlərə proeksiya olunurdu və bu anlamda Avropa intellektualları sovetlərə məftun olmuşdular. Əks devanqard proses əsas devirimçilər – inqilabın katalizatoru Lev Trotskinin 1927-ci ildə sürgünü (sonradan ölkəni tərk etməsi) və sovetlərin bu zamana qədər faktiki baş ideoloqu, müstəsna intellektual Anatoli Lunaçarskinin 1933-də ölümü (onun yerini zamana müvafiq olaraq qatı konservator və bəsit təfəkkürlü Andrey Jdanov aldı); və faktiki konservativ-patriarxal təfəkkürlü Stalin hakimiyyətinin bərqərar olması ilə başlandı.
Maarif üzrə xalq komissarı Anatoli Lunaçarski sovetlərin ilk dövrünün baş ideoloqu idi
İlk ciddi addım 1936-cı ildə “Правда” qəzetində Dmitri Şostakoviçin, Yeni Vyana Məktəbinin nümayəndəsi Alban Berg’in təsiri altında yazılmış “Mtzensk qəzasının Ledi Makbeti” (Katerina İzmaylova) operasının əleyhinə yazılmış “Musiqi yerinə cəfəgiyyat” adlı məqalənin dərci ilə başlandı və 1937-də Puşkinin ölümünün 100 illiyinin ölkə miqyasında qeyd edilməsiyilə bitdi. Bu proses öz apogeyinə 1943-cü ildə rus ortodoks (pravoslav) kilsəsinin SSRİ-də özünün tam hüquqları ilə rəsmi bərpası ilə bitdi.
Beləcə, faktiki olaraq 1936-cı ildən sonra sovetlərdə konservativ rus imperiyası quruculuğuna başlanır və bu, təhsildə özünü həmən göstərir. Tədricən tarixin tədrisi də dəyişilir, öncələr həqarət və istehza ilə müşayiət eidlən rus imperiya tarixi, xüsusən rus çarlarına münasibətdə radikal əks münasibət sərgilənir. Elə bu dövrlərdə məşhur sovet xadimləri Eizenşteyn və Prokofyev eyni adlı - “Aleksandr Nevski” – müvafiq olaraq film (1938) və oratoriya (1939) yaradırlar. Sonralar Eizenşteyn “İvan Groznı” (1941-45) filminin çəkilişinə başlayacaqdı.
"İvan Qrozni" filmindən kadr, rejissor S. Eizenşteyn, baş rolda N.Çerkasov (1945)
Film Stalinin şəxsi göstərişi ilə çəkilmişdi. Qroznıda Stalin öz tarixi proobrazını görürdü.
Yeri gəlmişkən 1941-45 mühəribəsinin ilk illərində Moskva, ideoloji müstəvidə qalsa da, sonradan, 1942-ci ildən bu məsələyə də münasibət dəyişir. “Qardaş alman proletariatının” nasional-sosializmə və şəxsən Hitlerə necə bir şövqlə qulluq etdiyinin şahidi olan və komissarların beynəlmiləl təbliğatının effektiv olmadığını təcrübədə hiss edən rəhbərlik, təbliğatı millətçi-patriarxal istiqamətə yönəldir. Bütün bunlar, o dövrün döyüş vərəqələri, təşviqat kitabçaları, qəzet məqalələri, marş və plakatları, habelə dövlət rəhbərlərinin nitqlərində geniş yer alır. 1944-cü ildə hətta SSRİ-nin dövlət himni dəyişdi – yeni mətndə rus xalqının dominanatlığı xüsusi olaraq Stalinin təkidi ilə vurğulanırdı.
İdeologiyada patriarxal-millətçi dönüşlə bərabər elmdə, incəsənətdə, tədrisdə əvvəllər mümkün olan bütün mütərəqqi və avanqard təmayüllər rədd və qadağan edildi. Bütün sahələrdə inkişafın avanqard təmayül tərəfdarlarının (məsələn, hərb elmində tank və reaktiv silah versiyasında israr edən marşal Tuxaçevski, teatr sənətində əvəzolunmaz Meyerhold, səsə və musiqiyə yeni baxış konsepsiyasına malik, “Zavod” baletini yazmaq həvəsində olan bəstəkar Aleksandr Mosolov və bir çoxları) müasir zamanla ayaqlaşacaq konsepsiyaları repressiyaya uğrayır. Bu zamandan sonra artıq sovet incəsənətində sosialist realizmi, əslində isə “neoklassisizm” və “ampir” üslubu məcburi-dominant olur. 20-ci illərdə sovet memarlığında avanqard təmayül olan (proletar) konstruktivizimin əsas təşkil etdiyi dövrü, ölkədəki əsaslı tikintilərin başlandığı 30-cu illərin momumental ampiri əvəz etdi. Beləcə sovet şəhərlərinin yeni simasının əsas qayəsini monumental üslub təşkil edirdi.
Parisdə 1937-ci ildəki beynəlxalq sərgidə iki totalitar imperiyanın - III Reich və SSRİ - pavilyonları üzbəüz qoyulmuşdu.
Maraqlıdır ki, təxminən bu dövrdə III Reich idoeloqları avanqard rəssamların yaradıcılığını xəstə yəhudi-bolşevik təfəkkürünün məhsulu kimi, ali irqi zəhərləməkdə günahlandırır və şəxsən Goebbels 1938-ci ildə avanqard rəssamların “Entartete Kunst” (“Degenerativ incəsənət”) adlı anti-sərgisini təşkil edir. Daha əvvəl isə Parisdə beynəlxalq sərgidə, iki totalitar imperiyanın pavilyonları üzbəüz qoyulmuşdu – qübbəsində iri dimdikli müdhiş qartalın bərqərar olduğu tevton asketikliyindəki düzbucaqlı binanın önündə, heykəltərş Vera Muxinanın yaratdığı monumental oraq-cəkici tutmuş kişi və qadın (fəhlə-kəndli) heykəli, eyni üslubda binanın üstündə ucalırdı. Hər iki totalitar imperiyada, öz başlanğıcını antik mədəniyyətdən götürən konservativ təmayül dominant rolda idi.
Sovetlərdə, 1930-cu illərin sonunda baş vermiş patriarxal-millətçi istiqamətə dönüş başqa bir sferada – yazı qrafikasında da özünü büruzə verdi. 1938-ci ildən ölkədə kirillik əsasda “vahid alfavit məkanı” yaradılır – bir neçə istisna və müstəsnalardan başqa bütün qalan SSRİ xalqlarının qrafikası kiril əlifbasına çevirildi. Beləliklə İmperiyanın “vahid alfavit məkanı” təmin edilmiş oldu. Bununla da, artıq “dünya inqilabı”ndan imtina etmiş Stalinin SSRİ-si, tamamilə qapalı bir ortodoksal İmperiyaya çevrilir.
Beləcə dövlət siyasətinin bu cür kəskin sıçrayışı nəticəsində, ideologiyalaşdırılmış təhsil çox böyük dəyişiklilərə uğrayıb tamamilə konservativ, daha doğrusu qapalı bir şəkil aldı. Bu zamandan başlayaraq sovet təhsili yalnız ideoloji nəzərdən düzənlənmiş konservativ bilgilər, daha doğrusu klişelər üzərində qurulur. 30-cu illərdən başlayaraq, 80-lərin sonuna qədər SSRİ-nin möhkəm kilidlənmiş dəmir sərhədləri, bütün sovetlər əhalisinin, o cümlədən elm və incəsənət insanlarının, intellektualların dünyadan təcrid edilməsinə və əyalətləşməsinə gətirdi. Bunun mənfi nəticələri özünü mütləq büruzə verəcəkdi və belə də oldu. Əslində bu təcrid yalnız elm, incəsənət və təhsilə deyil, həyat fəaliyyətinin bütün sahələrinə sirayət etmişdi. Bunun ağır nəticələri haqda, G.G. Marquez tərəfindən hələ 1957-ci ildə qələmə alınmış “Coca-cola reklamı olmadan 2 2400 000 kvadrat kilometr” adlı essedə kifayət qədər dərin müşahidələr var.
Sovetlərin kip qapanmış dəmir sərhədləri; kütləvi təhsil, ideologiyalaşdırılmış elm və incəsənət, habelə 1930-40-cı illərdəki böyük repressiyalar və çoxdalğalı mühacirət nəhayətdə öz neqativ nəticələrini göstərdilər – SSRİ dünyada gedən proseslərdən təcrid edilmiş bir əraziyə çerilərək, bir çox sahələrdə marginallaşdı. Bu proseslərin çox ağrılı nəticələrindən bir də o idi ki, kütləvi təhsil, ideologiyalaşdırılmış elm və incəsənət təbliği nəticəsində müasir tələblərə yararsız elm, incəsənət insanlarının və müəllimlərin nəhəng bir ordusu yarandı – bu SSRİ-nin sonlarınadək belə idi. Hazırkı 50-cilər nəsli nümayəndələrindəki total savadsızlıq bununla bağlıdır. Elmlər Akademiyası, müxtəlif İstitutlardakı yararsız professura (orta yaş 60-65) da bunun bariz sübutudur.
Sovetlərin kip qapanmış dəmir sərhədləri; kütləvi təhsil, ideologiyalaşdırılmış elm və incəsənət, habelə 1930-40-cı illərdəki böyük repressiyalar və çoxdalğalı mühacirət nəhayətdə öz neqativ nəticələrini göstərdilər – SSRİ dünyada gedən proseslərdən təcrid edilmiş bir əraziyə çerilərək, bir çox sahələrdə marginallaşdı.
Əgər uzun illər sovet orta məktəbi istənilən halda öz səviyyəsini saxlayırdısa da, ali təhsil müəssisələri haqda bunu əsla demək olmazdı - müasir tələblərə cavab verməyən və konveyer üsulu ilə buraxılan mütəxəssisləri sosialist vətənində işlə təmin etmək sovetlərin daimi baş ağrısı və çatışmayan yeri idi. Şəxsən mənim təhsil aldığım 1980-ci illərin sonunda konservatoriyada artıq bitməkdə olan XX əsr musiqisi demək olar ki, tədris edilmirdi. Gözəllik meyarları XIX əsr klassikası və sovet musiqisi nümayəndələrinin yaradıcılığından ibarət idi. XX əsr müasir musiqisinin klassikləri - Yeni Vyana Məktəbi nümayəndələri (A.Schönberg, A.Webern və A.Berg) və XX dünya müharibəsi sonrakı avanqard (K.Stockhausen, P.Boulez, Y.Xenakis və b.) ümumiyyətlə tədris edilmirdi – çünki müvafiq mütəxəssislər yox idi.
Və bu problem sırf bizim ölkənin spesifikası da deyildi. İnsafən aparıcı Moskva, Leninqrad, Kiev, Tiflis konservatoriyalarında da vəziyyət eyni cür idi. İdeolojiləşdirilmiş tədris “çürüyən burjua incəsənəti”ni çoxdan qadağan etmiş, bu da musiqi tarixini ciddi öyrənmək istəyənlərin müəllim-professor heyətinin basqısı altında özünütəhsillə məşğul olması ilə nəticələnmişdi. Təbii ki, “burjua incəsənəti”nin tarixini və texnolojisini bilməyənlər, bunu estetik motivlərlə əlaqələndirirdilər. Maraqlıdır, hər hansı bir üslubu və ya cərəyanı estetik cəhətdən qəbul etməmək üçün ilk öncə onu bilmək, tədqiq etmək gərək deyilmi?
Başqa humanitar elmlərdə də belə idi, tarixin (o cümlədən incəsənət tarixinin) heç ismini də çəkmədən fəlsəfə və sosilogiyadan danışsaq, o zaman aydın olar ki, nəinki XX əsrin ikinci yarısının vacib fiqurları – C.Levi-Strauss, R.Barthes, J.Baudrillard, J.Derrida, hətta XIX-XX əsrin klassikləri – F.Nietzsche, S.Freud, M.Heidegger, A.Wittgenstein, T.Adorno və s. də tədris edilməyiblər. Sovetlərdə incəsənət tarixi isə az qala XIX əsrlə bitirdi, hətta sovetlərin özündə inqilabın dalğası ilə gəlimiş 20/30-cu illər avanqardı belə tədris edilmirdi.
Hazırda ölkəmizin yararsız elm və incəsənət xadimlərindən, problemli təhsil sistemindən, naqis müəllimlər və professuradan şikayətlənən insanlar, bütün bunların sovet zamanında aparılan ardıcıl siyasətin məntiqli nəticəsi olmasını anlamalıdırlar. Bu fəsadların dəf edilməsi uzun bir zaman aparacaq, hazırda Azərbaycanda yetişən yeni nəsil nümayəndələri bunun mümkün olmasına müəyyən ümid verməkdədir.
Elmir Mirzəyev
Azlogos.eu