Yaroslav Haşek: Cəhənnəmin gözəlliklərindən - Hekayə
Şeytan Adolf günahkar ruhların qaynadıldığı 28 nömrəli …
(hekayə)
Kağıza yazılmış cadular
Doğulduğum evin yerində indi təmirsiz tualet yerləşir. İri mişar daşları ilə hörülmüş, üstünə kənarları qırıq iki şifer atılmış bir tualet. Təxmin edirdim, amma əmin deyildim. Yaxınlarda getdim, yenidən baxdım. Bəli, doğulduğum evin – yatdığım otağın yerində bir tualet vardı. Anamdan soruşdum, beşiyimi hansı tərəfə qoyurdun? Əli ilə göstərdiyi yer tualetin düz ortası – unitaz idi. Mənim bir zamanlar baş qoyub mışıl-mışıl yatdığım yerə indi insanlar arxalarını qoyub təbii ehtiyaclarını ödəyirlər.
Divarlarından
saman çöpləri çıxan, çiy kərpicdən tikilmiş o ev bütün dünya idi və dünyada
tanıdığım bütün insanlar o evdə yaşayırdı. Ən böyük üstünlüyü iqlimə nəzarət
etməsiydi. Yayda evin içi xeyli sərin, qışda isə xeyli isti olurdu. İki otağı,
bir aynəbəndi vardı. Bir otaqda babamla nənəm, bir otaqda biz qalırdıq – atam,
anam, biz, yəni uşaqlar. Qonaq da gələndə bizim otaqda qalırdı. Hələ otağımızın
başqa sakinləri də vardı, amma o sakinlər haqqında bir az sonra.
Beşikdə gözlərimi
açıb otağa boylandığımda gördüklərim yaşıl boyalı divarlar, divarların tavana
bitişik hissəsində paralel qırmızı xətlər, küncləri oyulub tökülmüş pəncərələr,
pəncərənin birinin üstündə isə içinə fotolent taxılıb fəaliyyəti dondurulmuş
qara işıq sayğacı idi. Zaman keçdikcə otağın divarları boya qarışıq ovulub
tökülməyə başladı. Balaca oyuqlara qəzet kağızları bükülüb soxuldu. İri
oyuqlara isə sulu xəmirlə qəzet səhifələri yapışdırıldı. Bəzən qəzetlər də
cırılırdı, yaşıl divarın ortasında çirkdən qaralmış xəmir parçaları qalırdı.
Divarların döşəməyə bitişən hissəsi, pəncərələrin altı isə ovulduqca ovulur,
dağıldıqca dağılır, qarşısında çarpayı, şkaf olduğuna görə oraları yamamağa heç
kəs ehtiyac görmürdü. Amma bəzən anam dinc dayanmır, hardansa tapdığı oboy
parçasını, ya böyük qəzet səhifələrinin altını bol-bol xəmirləyib divarların həmin
görünməyən hissələrinə yapışdırırdı.
Bəzən
çarpayının arxasındakı divarın dibindən qalxan qəzet o qədər böyük yeri bəzəyirdi
ki, gecəyarı ayılanda üzünü qəfil divara çevirsən, saqqallı bir kişinin, yaxud əlində
kalaşnikov, hərbçi paltarında üç-dörd adamın, ya da bığlı, keçəl bir şairin şəklini
görə bilərdin. Gözlərin iti olsa, ay da otağı bir az işıqlandırsa, gecələr
oturub dörd-beş bənd şeir, müharibə haqqında son məlumatları, ya da, ən
azından, ulduz fallarını oxuya bilərdin.
Sonra gün gəldi
ki, doğulduğum ev söküldü. Həyətin o biri ucundakı evə köçdük və bu kərpic evi
buldozerin iri caynaqları yerlə yeksan elədi. O dövrdə sökülən başqa kərpic evlərdən
bir-ikisində guya qızıl küp tapılmışdı. Qızıl küp tapanın kim olduğunu heç vaxt
öyrənə bilmədik. Amma biz də evimiz dağılarkən həyəcanla qızıl küplərini
axtarırdıq. Buldozerin dağıtdığı yerlərdən heç nə çıxmırdı, atam isə buldozerə
güvənmirdi, öz intuisiyasının arxasınca gedib sökülmüş evin altını da özü bel
ilə qazırdı. Küpdən xəbər yoxdu.
Əvəzində, bir
gün nənəmin illərdir dilə gətirdiyi hissiyyatı düz çıxdı. Evin dağılmış
divarlarının altından, əzilib bir-birinə qarışmış kərpiclərin içindən dualar,
cadular çıxdı. Üçbucaq şəklində parçaya bükülmüş, ərəb hərfləri ilə cızmaqara
edilmiş onlarla “dua” vardı. Duaların çıxması nənəmi qızıl küplərindən daha çox
həyəcanlandırdı. Duaları bir-bir cırıb kağızları əlində dəfələrlə sağa-sola
çevirdi. Gözlərini qıyıb baxdı. İşığa tutdu, günəşə tutdu, kölgəyə keçdi,
stolun üstünə qoyub oxudu. Hər variantda, həyəcanla kağızları incələdi. Nəticədə,
neçə illik müdrik duyğuları doğru çıxmışdı. Bu evdə baş verən bütün bəlaların səbəbini
tapmışdı. Əslində, səbəbini bilirdi və həmişə hər kəsə xəbərdarlıq edirdi ki,
üstümüzdə cadu var. Amma heç kim inanmırdı qadına. Nəhayət, dedikləri doğru
çıxmışdı. Qadın həm də bir az rahatlamışdı, yüngülləşmişdi. Bu evə gələndən
sonra öz bədbəxtliklərinin səbəbini həmişə başqa yerdə axtarmışdı, amma
qoymağa uyğun yer tapmadığına görə içində bir nigaranlıq qalmışdı. Bəlkə, həqiqətən
də, problem onun özündəydi? Bəlkə, həqiqətən də, zəif, gücsüz, ağılsız və iyrənc
bir qadındı, babamın dediyi kimi? İndi evdən tapılan cadular, dualar problemlərin
ondan qaynaqlanmadığını, indiyədək yaşadığı bədbəxtliklərin, əslində, onu sevməyənlərin
şər əməllərinin nəticəsi olduğuna onu inandırmış, rahatlatmış, həm də öz
müdrikliyinə onu bir daha əmin etmişdi.
Qadın içində
cızmaqara edilmiş, saralmış kağızlara çox həssas yanaşdı. Kimin yazmağından və
kimə yazılmağından, niyyətindən asılı olmayaraq orda allahın dilində kəlmələr
yazılmışdı. Cadu kağızlarının büküldüyü ağ, qırmızı, qara, qəhvəyi parçaları
bir yana, içindən çıxan kağızları isə səliqəylə başqa bir yana yığdı. Heç
kimin toxunmasına icazə vermədi. Sonra tərtəmiz bir torba gətirdi. Hamısını
ehmalca torbanın içinə yığdı. Torbanın ağzını bağladı. Ürəyi dözmədi, torbanı
açdı, bir daha içinə baxdı. İçindəkilərin salamat olduğuna əmin olandan sonra
yenidən bağladı. Torbanı aparıb evin bir küncündə, əlçatmaz yerdə gizlətdi.
Sabahkı gün səhər tezdən qalxdı, dəstəmaz alırmış kimi, əlini, qolunu, dirsəyini,
üzünü, alnını, boynunu təmiz-təmiz yudu. Şalını başına saldı. Evin küncündə
gizlətdiyi torbanı götürdü. Həyətdən çıxdı. Küçənin başından axıb keçən arxın
üstünə gəldi. Dodağının altında nəsə oxudu. Sonra suya doğru əyildi. Əlindəki
torbanı yavaşca suya qoydu. Axar su torbanı nənəmdən uzaqlaşdırdı.
Oğru
Bazar gününün
ləzzətli səhər yuxusu atamla bibimin mübahisəsi ilə pozuldu. Atam stolun
üstündəki peçenye qutusunun qapağını açıb içindəki iri peçenyeləri sayır,
axşam qutuda daha çox peçenye olduğunu dayanmadan təkrarlayırdı. Bibim də otağın
ortasında, döşəmənin üstündəki yatağında dirsəklənib peçenyelərdən xəbərsiz
olduğunu deyirdi. Atam dedi, axı gecə hamı yatmışdı, mən bir dənəsini yeyəndən
sonra yerində xeylisi qaldı, indi baxıram, yarıdan da az qalıb. Yemisizsə,
deyin, yemişik, burda nə problem var. Bibim yarı ciddi, yarı zarafat, “Mənə
lazım deyil sizin peçenye, heç xoşuma da gəlmir dadı”, söylədi. Atam qadının
incidiyini görüb, çox üstünə getmədi. Bəlkə də, başqa birinin yeyə biləcəyini
düşündü.
Oxşar söhbətlər
növbəti günün səhəri, daha erkən başladı. Artıq evdə qonaq yoxdu. Amma atam
qutunun içində gecə üç peçenye saxladığını söyləyir, səhər tezdən baxanda isə
bir dənə də qalmadığından gileylənirdi. Bu dəfə şübhəli şəxs kimi bibim də
yoxdu. Evə gecələr oğru gəlirdi, qutunun kip bağlanmış qapağını açırdı, içindəki
peçenyeləri götürürdü, sonra qapağı əvvəlki səliqəsi ilə bağlayır və başqa bir
şey oğurlamadan çıxıb gedirdi. Nə qəribə oğurluq!
Atamçün macəra
başlamışdı. Danışmağa söhbət, mübahisə etməyə məsələ, tapılmağa oğru vardı. Gecədən
xeyli keçmiş, yatmazdan öncə eyni qutunun içinə peçenye doldurub, qapağını
örtüb stolun üstünə qoydu. Özünü yatmışlığa vurub gözlədi. Hamımız gözlədik. Həyəcandan
gözümüzə yuxu getmirdi. Nəfəsimizi içimizdə alırdıq ki, oğru kimdirsə hürküb getməsin.
Xeyli zaman keçdi. İki saat, bəlkə bir az da artıq. Bir xışıltı gəldi. Sonra
yüngül tappıltı. Başımızı yorğandan çıxarıb sakitçə izlədik. Divarın hansısa tərəfindən,
nəyinsə altından iri bir siçovul çıxıb masaya yaxınlaşdı. Əvvəlcə stulun üstünə
qalxdı, sonra da masaya dırmaşdı. Hədəfinin dəqiq yerini bilirdi. Sürətlə,
kiçik, amma iti addımlarla peçenye qutusuna yaxınlaşdı. Kiçik ön ayaqlarını
qutunun aşağısına dayadı. Burnu ilə qapağı qaldırmağa cəhd etdi. Üç-dörd cəhdən
sonra alındı. Sona arxa ayaqlarını qutunun aşağısına dirədi, ön ayaqları ilə
qapağı burnundan təhvil alıb bir az da yuxarı qaldırdı. Sonra sakitcə sivişib
qutunun içinə düşdü. Əməliyyatı sona qədər izləmək qərarında idik. Qutunun
içində bir neçə dəqiqə xırçıltı gəldi. Sonra yenə qapaq aralandı. Siçovul burnu
ilə qapağı qaldırdı, ön əllərini qutunun bayırına çıxardı. Sivişib tappıltıyla
masaya, sonra da döşəməyə düşdü. Bu vaxt atam oğrunu cəzalandırmaq üçün son
fürsət olduğunu anlayıb yanında saxladığı ayaqqabı tayını siçovula sarı tulladı.
Siçovula ayaqqabının kiçik bir hissəsi dəydi. Siçovul səndələdi. Sonra yenə sürətli,
kiçik addımlarla qaçıb çarpayının altında gözdən itdi. Hamımız heyrətlə
bir-birimizə baxdıq, gülüşdük. Oğru tapılmışdı. Atam ağır cinayətin üstünü
açmış müstəntiq ədası ilə, yorğun günün ardından doyunca yatmağı təklif elədi.
Yatmazdan öncə qərara gəlindi ki, sabah evdə gizlənmiş siçovullar barədə təcili
tədbirlər görülsün.
Qisas
Siçovulun
oğurluq əməliyyatını izlədikdən sonra yatdıq. Darıxdırıcı həyatımıza yeni söhbət
gəlmişdi. Günlərlə siçovulun bizi heyrətləndirən bu oğurluğundan danışılacaqdı.
Ən xırda təfərrüatlara eniləcək, siçovulun hər addımı müzakirə ediləcəkdi. Kimsə
razılaşmayıb mübahisə edəcək, başqa birisi digərinin səhvini düzəldəcəkdi.
Sonra söhbət ev daxilindən çıxıb tayfa müzakirəsinə keçəcəkdi. Başqaları,
qohumlardan, qonşulardan kimsə də siçovulları yaxşı tanıdığını deyəcək, bu oğurluğun
siçovullar üçün adi bir şey olduğunu, yaxınlarda filankəsin də başına belə bir
iş gəldiyini söyləyəcəkdi. Beləcə, bir siçovul öz kiçik, ağıllı hərəkəti ilə
bir ailəni, bir tayfanı, bir məhəlləni darıxmaqdan xilas edəcəkdi. Amma
siçovulun həyatımıza müdaxiləsi bununla bitmədi. O kiçik məxluq kürəyinə dəyən
ayaqqabının qisasını çox gecikdirmədi.
Elə həmin gecənin
səhərinə çox az qalmışdı. Çığırtıya yuxudan ayıldıq. Qardaşım yatağının
ortasında bağıra-bağıra ağlayırdı. Atam hövlənak qalxdı, işığı yandırdı.
Hamımız çarpayının divara bitişik tərəfində oturub ağlayan qardaşıma baxdıq.
Uşağın qulağından axan qan boynuna tökülmüşdü. Yastığın da üstündə bir neçə
damla qan vardı. Uşaq əlini qulağına tutub bağırırdı. Atam tez yaxınlaşdı.
Qardaşımın əlini qulağından çəkdi, qanlı olduğuna görə bir şey anlamadı.
Yatağın mələfəsi ilə qulağı sildi. Qulaq məməsindən qığırdağına doğru üç-dörd
yerdə deşiklər açılmışdı. Divarın dibində qəzetin altındakı quru xəmiri
didişdirib, sonra çarpayıya doğru dırmaşan siçovul qardaşımın qulağını gəmirmişdi.
Təcili həkimə
apardılar. Quduzluq iynəsi vurdular. Həkimlər dedi, narahat olmayın, bir şey
olmaz. Amma biz uşaqlar bir neçə gün qardaşımdan uzaq gəzdik. Quduz olub bizi
dişləyəcəyindən qorxurduq.
Qisasın qisası
da tezliklə alındı. Evin xırda sakinlərinin soyqırımı başladı. Hər yer dərmanlandı,
ölən öldü, qaçan qaçdı. Divarın bir deşiyindən çıxıb, özünü itirmiş halda
otağın içinə doğru yüyürən tanış siçovulun qisməti atamın ona tulladığı
ayaqqabının zərbəsi altında ölmək oldu. Atam deyirdi, bu həmin siçovuldur.
Uşağın qisasını aldım. Bəlkə də həmin siçovul çoxdan qaçıb canını qurtarmışdı.
Amma atam əmindi və bu əminlik onu xoşbəxt edirdi.
İkinci ev və onun nadinc sakinləri
Buldozer əzrayıla
dönüb doğulduğum evin canını aldıqca, yerində dünyadakı ilk illərimə dair xatirələrin
qəbirstanlığını salmaqdaydı. Eyni vaxtda biz də bu qəbirstanlıqdan yüz-yüz əlli
metr məsafədəki başqa bir məkanda özümüzə yeni ev, gələcək xatirələrimiz üçün
yeni beşik hazırlamaqda idik.
Zaman keçdikcə
yeni evimizin rəsmi sakinlərindən başqa, bizimlə daimi yaşayan, hər vaxt
başımızın üzərində varlıqlarını hiss etdiyimiz yeni məxluqlar peyda oldu. Köhnə
evin üsyankar xırda sakinlərindən fərqli olaraq, bu məxluqların kiminsə
qulağını dişləmək, kiminsə peçenyesini oğurlamaq, divarları deşib içəri girmək
və yatağımızı bizimlə paylaşmaq kimi iddiaları yoxdu. Onlar sadəcə yer kürəsində
yaşamağa məkan kimi bizim evin damını uyğun görmüşdülər. Bu yabanı göyərçinlər
gündüzləri dünyanı dolaşır, gecələri gəlib bizim damdan içəri girir, orda gecə
həyatlarına davam edirdilər. Damla tavan arasında özlərinə məskən salmışdılar.
Biz onlarla bir damın altında yaşayırdıq. Onlar bizdən daha yuxarıda, biz
onların ayaqları altında, yollaşıb yola gedirdik.
Getdikcə evi
bizimlə bölüşən bu sakinlərin sayı artdı. Say artdıqca aramızda narazılıqlar da
başladı. Gecələri cəhənnəmə çevirdilər. Hər gün sabaha qədər qulaqlarımızı məcburən
şəkləyib onların gecə həyatını dinləyirdik. Söhbət edirdilər, mübahisə edirdilər,
sevişirdilər, qaçışırdılar, oynayırdılar, uşaqlarını danlayırdılar. Artıq
ayaqlarının tavana toxunuşlarından hansı əhvalda olduqlarını, nəylə məşğul
olduqlarını anlayırdıq. Nazik dikt tavanla yabanı göyərçin ayaqlarının təması ən
yorğun, ölü kimi yatmış istənilən insanı şillələyib oyadırmış kimi oyada bilər.
Bir dəfə oyandınmı, yatmaqdan əlini üz. Bəlkə ürəklərinə insaf gələ, səhərə
yaxın bir az mürgüləyərlər, sən də yuxunun dadına baxarsan.
Gecəyarı hücum
Bir müddət
sonra səsli-küylü nadinc sakinlərimizlə aramızda başqa problemlər yarandı.
Tavanın ən xırda, mikroskopik deşiklərindən, kəsişmələrindən quş biti tökülməyə
başladı. Sabaha qədər yatmamaq bir yana, qaşınmaqdan əzab çəkirdik. Qollarımız,
boyunlarımız, ayaqlarımız qaşınmaqdan yara olmuşdu. Yayın istisində də
bürünürdük ki, üstümüzə bit tökülməsin. Bitlərin otağa qanunsuz miqrasiyasının
qarşısını kəsmək üçün bütün tavan boyunca görülməyən tədbir qalmadı. Amma
faydasızdı. Gecəyarı yabanı göyərçinlər tavanda tappıltıyla yeriyəndən on
beş-iyirmi dəqiqə sonra dəli kimi qaşınmağa başlayırdıq. Dəhşətli günlərdi.
İndi bunları yazdıqca qollarımda, boynumda qaşınma başladı.
Bir gün atam
göyərçinlərlə haqq-hesab çəkmək qərarına gəldi. Əvvəlcə onların damdan girəcək
bütün yollarını qapadı. Amma xeyri olmadı. Bir həftə keçməmiş əvvəlcə tək-tük,
sonra isə ardıcıl addım səsləri gəlməyə başladı. Sonra yenə bitlər. Sonra yenə
eyni dəhşətli gecələr.
Atam daha da qəddarlaşdı.
Dözməyə səbri qalmamışdı. Bir gün gecə yarı əlində fənər, dama qalxdı. Damla
tavan arasına girdi, damdakı giriş qapısını açıq qoydu. Əlindəki taxta
parçasını sağa-sola çırpıb göyərçinləri qovmağa başladı. Taxta bəzi göyərçinlərin
başını əzdi, bəzilərinin ayağını qırdı, bəzilərini damın divarlarına çırpdı.
Qaça bilən qaçdı, tez ölə bilən öldü, işgəncəyə məruz qalmadı. Atam taxtanı
hara gəldi çırpır, hirsindən qışqırırdı. Səsə qonşular da ayılmışdı. Sonra
taxta parçasını yerə atdı. İri atma taxtaların üstündə o yan-bu yana qaçıb əllərini
havada yellədir, qorxudan başlarını itirmiş yabanılara qan uddururdu. Qəfil əlinə
bir quş keçdi. Qəzəbdən dəliyə dönmüş atam tutan kimi quşun başını əli ilə qopardı.
Sonra bir taxtanın üstünə oturdu. Alnından tər tökülürdü. Barmaqları quşun
qanına bulaşmışdı. Əlindəki başsız quşun tükləri pırpızlaşmış bədəninə baxdı.
Quşun bədəni hələ də isti idi. Sonra yorğun və kədərli halda damdan düşdü.
Əl-üzünü yudu. Yatağına uzandı. Damda səssizlikdi. Arabir zəif, çox zəif bir
uğultu gəlirdi. Amma ona səs demək olmazdı. Atam yuxuya getdi.
Quşların qarğışı ağır olur
Səhər nənəm
söhbəti eşitdi. Bircə onu dedi ki, heç düz eləməmisən, quşların qarğışı ağır.
Göyərçinlərin qarğışı isə lap pis. Atam dedi, onu ağ göyərçinlər barədə deyirlər,
bu vəhşilərə aid deyil o söhbət. Nənəm haqlı çıxdı, deyəsən.
Hadisədən iki
gün keçmişdi. Bayırda küləkli, soyuq hava vardı. Damdakı boşluqlardan indi
quşların əvəzinə külək girir, uğultu ilə damın altında fırlanır, sonra başqa
bir deşikdən özünə yol tapıb bayıra çıxırdı. İsti odun sobasının ətrafına
yığışmışdıq. Axşamdı və işıqlar yanmırdı. Odun sobası belə anlarda həm istilik
verirdi, həm də işıq. Hər kəs bütün fəaliyyətini sobanın işıqlarının çatdığı məsafədə
həyata keçirməyə çalışırdı. Mən də sobanın yanında, yerdəki döşəkçəyə dirsəklənib
oturmuşdum. Sobanın üstündəki iri dəmir çaydan pıqqıldayıb qaynamağa başladı.
Az sonra anam çaydanın tel kimi nazik qulpundan yapışıb sobanın üstündən
götürdü. Hərəkət trayektoriyası üzrə mənim üzərimdən keçən anda çaydanın qulpu
qırıldı, qapağı yerə dığırlandı və qaynar su ayağıma töküldü. Həm də bir-iki
damla yox, bol-bol, leysan kimi ayağıma şığadı. Ayağımdakı qalın corabı
çıxarana qədər sağ ayağım yaxşıca bişdi. Aylarla əzab çəkdim. Ayağımın yanığı məni
hər incidəndə, qaysaqlanmış yanıq dəri hər dəfə qopub məni qışqırdanda atam
özünü söyürdü. Deyirdi, bir də quşlara daş atmaram. Nənəmsə bir kənarda oturub
haqlı çıxmanın və müdrikliyin həzzini yaşayırdı.
"Adalar və Gəmilər" kitabından
Kultura.az