post-title

Nabat kimi olmayan “Nabat”

“Nabat” son illərdə Azərbaycanda ən çox təbliğ edilən yerli filmlərdən biri, bəlkə də birincisidir. Rejissor Elçin Musaoğlunun 2014-cü ildə çəkdiyi Qarabağ müharibəsindən bəhs edən filmə iranlı kinematoqraflar da töhvə veriblər. Operator Əbdülrəhim Bəşərat və baş roldakı Nabat obrazının ifaçısı Fatimə Motamed Arya adlı aktrisa İrandan dəvət ediliblər. Filmin adı da elə bu obrazdan götürülüb. 

Bu yaxınlarda Nizami Kino Mərkəzində ödənişsiz nümayiş etdirilən müasir Azərbaycan filmləri arasında “Nabat”ın da adı vardı. Bir neçə nəfər tanışla çoxdan baxmaq istədiyimiz filmi izləmək üçün həvəslə kinoteatra getdik. 

Film başladı. 

90-cı illər, Sovet İttifaqı dağılıb, Azərbaycan müstəqillik qazanıb və Qarabağ müharibəsi alovlanıb. Dağların qoynundakı bir Azərbaycan kəndinə müharibə yaxınlaşmaqdadır. Əvvəlcə onun səsi astadan eşidilir, gün keçdikcə isə daha da təhdidkar olur. Kobud, soyuq, azğın, qəddar, ölümgətirən müharibə allahı kəndə sarı gəldikcə, evlər bir-bir boşalır. 


Nabatın oğlunu artıq müharibə allahı udub. İndi o, evində ölüm döşəyində yatan ərinə yeganə dolanışıq mənbəyi olan Ağca adlı inəyinin südünü satmaqla baxa bilir. Nabat hər gün əlində süd bankaları, uzun yolu piyada qət edərək müştərisinin evinə gəlir, südünü satıb pulunu alır, sonra da şəhid oğlunun itmiş şəklini tapmaq ümidiylə bir neçə yerə baş çəkir. Onun şəkil üçün adamları dəng elədiyi reaksiyalardan aydın görünür. Heç kim şəkil hayında deyil indi, müharibə qapıdadır. 


Qadın yenə şəkilsiz qayıdır evə. Xəstə əri üçün yemək hazırlayır, ev işləri görür, gecə yatağına girəndə isə, müharibə allahının nəriltisi heç vaxt olmadığı qədər vahiməli bir gurultuyla səslənir. 

Növbəti gün Nabat yenə süd bankaları ilə kəndə gedəndə görür ki, hamı çıxıb gedib, evlər yetim qalıb. Öz evinə qayıdanda qadının əri də ölür və indi o, kənddə tamamilə yalqız qalır...

“Nabat”da bir çox “arthaus” filmlərinə xas möhtəşəm təbiət təsvirləri, rakurslar, danışıqsız bəzi uzun səhnələr olduqca maraqlı idi. Filmin kuliminasiya nöqtəsi isə baş qəhrəmanın boşalmış kənd evlərindəki çıraqları kibritlə yandırması səhnəsi oldu. Gecələr evlərdə yanan işıqlar əhalinin kənddən çıxmadığı təəssüratını yaradır, düşmən evlərin boşalmadığını fərz edərək kəndə girmirdi. 

Nabat hər axşam bu işi təkrarlayır, ta yerli ordu özünə gəlib geri qayıdana və kəndə sahib çıxana qədər... 

“Nabat” müharibəyə təkbaşına meydan oxuyan bir qadının hekayətidir. 

Film baş qəhrəmanın evlərdəki çıraqları yandırıb kəndi təslim etməməsi finalıyla və bəzi xırda əlavələr edilməklə bitsəydi, bəlkə də daha yaxşı olardı. Amma rejissor filmi  uzatmaq və mesajların sayını artırmağa qərar verir və ən böyük problemlər də elə bu zaman başlayır: kino vaxtında bitmir, uzandıqca uzanır və tamaşaçı yorulub əldən düşür. 

Nümayiş zamanı bir an oldu, əksər tamaşaçılar danışmağa başladılar. Bu, nəzakətsizlikdən yox, yorğunluqdan qaynaqlanırdı. Gərgin dramatik səhnələrdən yorğun düşən, fokusu itirən bəzi tamaşaçılar dincəlməyə ehtiyac duyurdular. 

Qəfildən yeni bir hekayə çıxmışdı ortaya. Filmdə peyda olan canavar əvvəlcə Nabatın inəyini yedi, sonra isə Nabatı yeməyə niyyətləndi. Artıq bizdə belə bir təəssürat yaranmışdı ki, Cek Londonun məşhur “Həyat eşqi” hekayəsindəki kimi insanla canavarın boğuşmasını görəcəyik. Yırtıcı heyvan Nabatın qapısından əl çəkmirdi, ciddi-ciddi qadını parçalamaq niyyətində idi. Amma xoşbəxtlikdən belə bir şey baş vermədi, film bitdi və biz çölə çıxdıq. 

Təmizdə havaya çıxıb nəfəsimizi dərəndə, aramızdakılardan biri belə dedi: “Bir atom bombası atılmadı, qalan hər şey oldu”. 

Filmdə gözə iynə kimi batan bəzi qüsurlar vardı. Bunlardan biri baş qəhrəman Nabatın bir qarabağlı kimi qarabağ ləhcəsində yox, Cənubi Azərbaycan ləhcəsində danışması idi. Tamaşaçının filmə baxdığı zaman baş rol ifaçısı barədə ağlından keçirəcəyi ilk fikir bu ola bilərdi: “Bu qadın niyə belə danışır?” 

Çünki Nabat yad bir ləhcədə danışırdı: “İtirdiniz oğlimin şəkilini”, “Mən acımişəm”, “Aldatdin mənim başımi”.

Maraqlıdır, doğrudanmı Azərbaycanda bu rolu canlandıracaq aktrisa tapılmayıb ki, İrandan dəvət etmək lazım gəlib? Ola bilər, Fatimə xanım həqiqətən də yaxşı aktrisadır, amma onun danışığı filmdə yamaq kimi görünürdü.

Filmdəki qulaqbatırıcı bomba, raket səsləri, ölüm döşəyində yatan insan, ölünü yağışın altında daşıyıb dəfn etməyə çalışan qadın, şəhid övladın məzarı onsuz da ağır dramatik detallar idi. Bunların üzərinə canavarın peyda olub qadını parçalamağa niyyətlənməsi isə filmə daha da qatı abu-hava verirdi. Tamaşaçıda da haqlı olaraq belə fikir yaranırdı ki, filmdə bircə atom bombası atılmadı, qalan hər şey baş verdi. 

Bəlkə də mən nəsə qaçırmışam deyə, internetdə yerli kino bilicilərinin “Nabat” haqqındakı məqalələrini oxudum. Əksəriyyəti filmə pafoslu tonda, milli təəssübkeşlik  hissləriylə qiymət verib göylərə qaldırmışdılar. Hörmətli professor Aydın Talıbzadə isə “Nabat” filmini Andrey Tarkovskinin, Abbas Kirostaminin, Nuri Bilge Ceylanın filmləriylə müqayisə edib və deyib ki, rejissor Elçin Musaoğlu “dünya kinosunun bir nömrəli adları siyahısına öz adını da yazdırıb”. 

Bu cür qiymətləndirməyə nə ad vermək olar? Ən yaxşı halda ədalətsizlik və qeyri-obyektivlik... 

“Nabat” tipik festival filmidir, indiki dövrdə kino festivallarda bu üslub qiymətləndirilir. Ortabab kino tamaşaçısına belə bu fakt bəllidir. “Nabat” Azərbaycanda yenilik ola bilər, amma nəinki Avropada, hətta post-Sovet ölkələrində belə bu üslubda yetərincə uğurlu filmlər artıq çəkilib. Gürcülərin 2013-cü ildə oxşar mövzuda çəkdikləri “Mandarinlər” filmi Oskar və Kann mükafatının bir addımlığınacan getmişdi. “Nabat”la eyni ildə çəkilən Ukraynaya məxsus“Qəbilə” filmi Kann Film Festivalı daxil, bir çox festivallarda mükafatlar almışdı (Film lal-karların həyatından bəhs edir, ümumiyyətlə danışıq olmayan film o qədər dinamikdir ki, gözlərini axıracan ekrandan çəkə bilmirsən). Qazaxlar son illərdə film dünyasında özlərindən söz etdirirlər. Bu il “Ayka” adlı filmlə yenə əsas film festivallarında mükafatlara namizəddirlər. 

Bunları sadalamaqda məqsədim özümüzü alçaltmaq deyil. Qətiyyən. Amma yalançı təriflər və qeyri-obyektiv təbliğat da reallığın təhrif olunmasına gətirib çıxarır. Bu isə nə ölkə üçün faydalıdır, nə mədəniyyət üçün, nə də fərdlər üçün.  

“Nabat”ı qısaca belə xarakterizə eləmək olar: uğurlu olmaq ehtimalı olub uğurlu ola bilməyən film. O, hələlik Azərbaycanda ciddi film çəkmək istiqamətində atılmış xırda addımlardan sadəcə birisidir... 

Cavid Ramazanlı

Azlogos.eu
Yuxarı