Andrey Makareviç: “Tam hiss olunur ki, bizi müharibəyə hazırlayırlar”
Onunla eyni fikri paylaşanlar gözümçı…
Son aylarda dost-tanışla söhbət zamanı ən azı iki dəfə “klassik musiqi nəyə deyilir?“ və ümumiyyətlə “klassik”lik nədir mövzularına toxunmuşuq. Özü də qəribədir ki, ölkədə iqtisadi vəziyyət daha yaxşı olan vaxtlarda adamlar bu mövzunun narahatlığını heç bu qədər çəkmirdilər. Halbuki belə söhbətləri adətən varlı ölkələrin, imkanlı adamları edir.
Elə o söhbətlər zamanı, bu mövzularda düşündüklərimi həm özüm, həm də başqaları üçün yazılı şəklə salımağı qərara aldım. Çünki biri var adam söhbət edir - o zaman ola bilər nəinki sistematik danışmayasan, hətta özün sistematik düşünə bilməyəsən; biri də var yazırsan - bu zaman məsələyə münasibət daha ardıcıl alınır.
“Klassik musiqi” deyiləndə nəzərdə tutulan məfhum əsasən XVII-XIX əsrlərdə Avropada təşəkkül tapmış, yəni avropalı musiqiçi və nəzəriyyəçilərin gəldiyi nəticələrə görə yazılmış və(/ya) onların alimlərinin inkişaf etdirdikləri alətlərdə ifa olunan musiqidir.
Onu başqa janrlardan fərqləndirən xüsusiyyətlər kimi bunları sadalaya bilərik: əvvəla klassik musiqi dəqiq yazılmış not yazısına malik olmalıdır. Yəni eyni əsərin iki müxtəlif şəxs, ya qrup tərəfindən ifası öz aralarında notlar baxımından heç bir halda fərqlənməməlidir. İfaçıları qiymətləndirmə prinsipi də bu müstəviyə görə müəyyən olunur: yəni səslənən notlar eynidi, amma görək kim necə çalacaq? Bu arada klassik musiqi ifaçılığı üçün həm də uzun illər sürən musiqi təhsili almaq gərəkdir. Beləliklə, klassik musiqidə professionallıq şərtdir.
Bunlardan başqa, “klassik musiqi” mütləq şəkildə müəyyən musiqi prinsipləri və mürəkkəb qaydaları rəhbər tutaraq yazılmış olur. Adətən əsas prinsiplərdən biri kimi “musiqi fikrinin inkişafı” götürülür. Mahnı janrı ilə müqayisə etsək, əgər mahnı janrına aid nümunə bəstələmək üçün bir, ya bir neçə bəsit melodiya, ya musiqi frazası yazmaq kifayət edirsə, klassik janra aid nümunədə istənilən musiqi fikri (melodiyası, frazası, akkordu və s.) əsər boyu inkişaf etdirilməli, beləliklə əsər müəyyən musiqi süjetinə malik olmalıdır. Məsələn, ədəbiyyatla müqayisə etsək roman və simfoniya formaları arasında oxşarlıqlar tapa bilərik.
Sözün özü isə latın sözü `classicus`dan törəmiş, “nümunəvi” deməkdir.
Bax bu məsələ əvvəllər məni yaman narahat edirdi. Qoca Şərqin bütün təəssübkeş yeniyetmə və gənc nümayəndələri kimi, o vaxtlar narahat olurdum ki, niyə məhz avropalıların musiqisi “klassik” adlanmalı, başqaları üçün nümunə göstərilməlidir?
Amma yaş və biliklər artdıqca başa düşdüm ki, tarix bu məsələdə o qədər də ədalətsiz qərar verməyib. Doğrudan da o dövr Avropasındakı musiqi çalışmaları başqa coğrafiyalarla müqayisədə inanılmaz dərəcədə irəlidəydi. Bir neçə misal deyim: götürək bizim Qanun (Kanon) alətini. Buna yaxın konstruksiyalı alətlər qədim zamanlardan bəri nəinki şərqdə və qərbdə, hətta cənub və şimalda da mövcud idi. Amma İntibah dövründən başlayaraq məhz Avropada bu alətə müəyyən mexanizmlər (klaviş, çəkiccik və s.) tətbiq edə-edə, formasını dəyişə-dəyişə təkmilləşdirərək XVIII əsrdə indi bizim Piano kimi tanıdığımız alətə çevirə bildilər. Yəni təsəvvür etmək nə qədər çətin olsa da, Piano - Qanunun təkmilləşdirilmiş versiyasıdı. Bu, Avropada o dövrlər idi ki, hərə öz sahəsində nəyəsə müəyyən mexanizmlər tətbiq edərək öz işini təkmilləşdirməyə başlamışdı: dülgər qapı cəftəsinə, arabaçı təkərə, dərzi iynə-sapına… Eləcə də musiqiçilər və musiqi alimləri sadə tütəkləri, balabanları, zurnaları mürəkkəb konstruksiyalı fleytalara, klarnetlərə, hoboylara çevirirdilər.
Başqa bir nümunə musiqi əsərinin yazılış və ifa prosesinin nə qədər mürəkkəbləşməsi barədədir. Bildiyimiz kimi demək olar bütün dinlərin rituallarında musiqidən istifadə olunur. Amma XVIII əsrin birinci yarısında alman kilsələrində həftəlik, aylıq, illik rituallarda səslənən musiqi artıq o qədər mürəkkəb struktura malik idi ki, o zaman kiçik bir şəhərdə bu işlə məşğul olanlardan birini - J.S.Bach-ı biz indi gəlmiş-getmiş bəstəkarların arasında bədii və ifa texnikalarının həlli sahəsində ən əlçatmazlardan biri hesab edirik.
Məsələn bu əsər Bach-ın 1727-ci ildə Leipzig şəhərinin əsas kilsəsindəki illik ritual üçün bəstələdiyi 2 saata yaxın davam edən iri həcmli əsərindən kiçik bir parçadır; o dövrdə Qərbi Avropanın demək olar bütün şəhərlərinin kilsə rituallarında bu tipli mürəkkəb struktura malik musiqi icra olunurdu:
Burada mühüm bir məsələni də aydınlaşdırmağa ehtiyac yaranır. Həmin dövr Qərbi Avropasında səslənən, yazılan istənilən musiqi nümunəsi hələ “klassik musiqi” demək deyil. Bizim indi adını “klassik musiqi” qoyub, bir janr kimi baxdığımız musiqi o dövrlərdə əsasən yuxarı təbəqənin, aristokratiyanın və monarxların ehtiyacı üçün yaradılan, bir qism də o dövrün şəhər kilsələrində səslənən nümunələrdir.
Sinfi təəssübkeş insanlarda haqlı bir sual yarana bilər: Aşağıların musiqisi ilə yuxarıların musiqisi arasında nə fərq var idi? Niyə kütlələrin deyil, aristokratiyanın dinlədiyi musiqiyə sonralar “klassik” ünvanı verildi?
Məsələ burasındadır ki, yuxarı təbəqəyə aid şəxslər uşaqlıqdan bütün sahələrdə: riyaziyyat, latın dili, hüquq, at çapma, silahla davranma, həndəsə, rəsm, musiqi və digərlərində ən yaxşı müəllimlərdən dərs aldıqlarından artıq yetkin yaşa çatanda bu sahələrin bəzilərində yüksək professionala çevrilirdilər. Onlardan kimlərsə (hətta krallar - misal üçün müasir Almaniyanın bünövrəsini qoymuş sayılan Böyük II Friedrich, - onun fleyta və orkestr üçün bəstələri indiyədək tədris proqramında keçilir) ömrünün axırına qədər professional səviyyədə musiqi ilə məşğul olur, bəziləri isə istedad və bacarıqları olsa da təvazökarlıqlarından, ya da musiqiçi kimi tanınmalarını istəmədiklərindən əsərlərini təxəllüslə yazırdılar (misal üçün Venesiya aristokratı A.Marcello və b).
O zaman Mozart konsert zamanı orkestrlə öz əsərini ifa edəndə zaldakı dinləyicilərin demək olar hamısı səslənən musiqidə hansı proseslər baş verdiyindən zərgər dəqiqliyi ilə xəbərdar adamlardan ibarət olurdu. Bu arada zal dediyimiz məkan faktiki olaraq zadəganın mülkünün salonlarından biri, dinləyicilər adlandırdığımız isə zadəganın qonaqları idi. Səslənən musiqidə isə heç də sadə proseslər baş vermirdi. Aristokratların daim incələn zövqü, genişlənən bilikləri bəstəkarlardan yeni yaradıcı üsullar, əvvəllər eşidilməyən gözəlliklər yaratmaq tələb edirdi. Qiymətləndirmə isə yalnız quru sözlə, ya da alqışlarla olmurdu, sistem elə idi ki, yuxarıların maddi imkanları zövq və bilikləri ilə düz mütənasiblik təşkil edirdi: əslində hər iş düz gedən cəmiyyətlərdə həmişə belə olub, indi də belədir.
Bu baxımdan aşağıların və yuxarıların musiqisi həm bədii-estetik, həm də musiqinin quruluş mürəkkəbliyi baxımından müqayisə edilməz dərəcədə fərqlənirdi. Əgər aşağılar kafe və publarda tərkibi 2-3 musiqiçidən ibarət qrupların bəsit musiqi frazalarından ibarət olan mahnılarına qulaq asıb rəqs edirdisə, yuxarılar konsert salonlarında 50-60 nəfərlik musiqiçidən ibarət orkestr - hər bir musiqiçinin qarşısında sırf özünə məxsus not partiyası, - dərin mahiyyətə və mürəkkəb formaya malik musiqi əsərlərindən zövq alırdı. Günü bu gün də memarlıqdan, ya rəssamlıqdan təsəvvürü olanlar o dövrün dahi memarlq abidəsinin, ya rəsm əsərinin qarşısında durarkən, onlarda eyni zamanda mövcud olan əzəmət və incə işə, həmçinin dərin mənalara necə heyran qalırsa, musiqi bilikləri kifayət qədər olanlar da klassik musiqidəki dahiyanə əsərlərdən analoji estetik həzzi yaşayır.
Avropa klassik musiqisinin bir çox əhəmiyyətli meyarlara görə xeyli irəlidə olmasına baxmayaraq, qloballaşan dünyada mədəniyyətlərin bir-biri ilə təması başqa coğrafiyalarda da musiqiylə elmi-professional yanaşmağa cəhdlərin mövcudluğunu aşkara çıxarırdı. Həmçinin XX əsrdə elə qərbin özündə möhkəmlənmiş etik və əxlaqı dəyərlər Avropanın özünü yeganə və mütləq nümunə kimi təqdim etməyə icazə vermirdi. Bu baş verənlərə görə XX əsrdən başlayaraq get-gedə daha çox “klassik musiqi” deyil, “Avropa (və ya Qərb) klassik musiqisi” terminindən istifadə edilməyə başlanıldı. Başqa coğrafiyaların klassik musiqisi kimi isə məsələn Hindistanın raqa, ərəblərin makam ifaçılığı, Azərbaycan və İranda muğam və ya dəstgah kimi tanınan musiqi növü, eləcə də Türk Sanat Musıkisi və bu qəbildən olan digərləri qəbul olunur. Bu janrlar da Avropa klassik musiqisi kimi öz coğrafiyalarında geniş kütlələrin deyil, xiridarların, bilicilərin əyləncəsi funksiyasını daşıyıb; onların da ifa vərdişlərinə yiyələnmək üçün uzun illərin məşqi lazımdır; onların da qiymətləndirmə kriteriyaları çoxsaylı qayda-qanunlara əsaslanır və s.
Son zamanlar musiqişünaslıqda klassik janrlar barədə başqa bir, “Sənət musiqisi” (inigiliscə Art music) termini də geniş istifadə olunur ki, elə mən özüm də o cür standartlaşmanın tərəfdarıyam. Sənət musiqisində əsas meyar - ideyanın auditoriyaya çatdırılması zamanı başlıca vasitə olaraq musiqinin seçilməsi götürülür. Yəni bu musiqi başqa sənət vasitəsinə, məsələn kinoya, tamaşaya, rəqsə, hətta bir çox hallarda mətnə tabe edilmək üçün yazılmamalıdır. Süjeti də, qəhrəmanı da, dramaturgiyası da musiqi sənətindən istifadə etməklə yaradılmalı, yəni musiqi yalnız musiqidən ibarət olmalıdır. Hətta başqa vasitələrdən istifadə olunsa da, bütün bunlar musiqinin dramaturgiyasına xidmət etməlidir. Bu baxımdan avropalıların da, başqa bir çox mədəniyyətlərin də “klassik” sayılan musiqisi bu anlayışlara cavab verir.
Amma “nümunəvi” mənasını verən “klassik” ünvanı bəzən haqlı olaraq özlərindən sonraya böyük təsir buraxmış, dünya mədəniyyətində böyük iz qoymuş kinomusiqi, pop, jazz və rock nümunələrinə də aid olunur. Yəni E.Morricone də, The Beatles də Beethoven kimi klassik sayılır. Amma Beethovenin yaradıcılığının əksər nümunələri sənət musiqisi kriteriyalarına cavab verirsə, Morricone və The Beatles`də musiqi yaradıcılığının böyük qismi sırf musiqi hadisəsi yaratmaq deyil, başqa vasitələrə tətbiq səciyyəsi daşıyıb: birində kinomatoqrafa, o birində mətnə və hansısa mənada rəqsə.
Bu arada, sənət musiqisinin dinlənməsi və qiymətləndirilməsi prosesi də elə yazılması və ifası qədər çətindir. İlkin çətinlik elə musiqinin mahiyyətindən - başqa incəsənət vasitələrindən fərqli olaraq material şəklə malik olmamasından doğur. Bildiyimiz kimi musiqi gözlə görünmür, ona toxunmaq olmur, mətn kimi də oxunmur; əsas ölçü vasitəsilərindən biri isə zamandır. Bu zaman daxilində isə - xüsusilə də sənət musiqisi - dinləyicidən özünə qarşı maksimal konsentrasiya, obrazlı şəkildə dərk olunması üçün inkişaf etmiş təxəyyül, bütövlükdə qiymətləndirilməsi üçün isə geniş intellektual baza tələb edir. Məhz bu səbəbdən başqa qiymətli nəsnələr kimi, sənət musiqisinin də auditoriyası bütün dövrlərdə kəmiyyət etibarı ilə azlıqdan ibarət olub.
Firudin Allahverdi
Azlogos.eu