“İkinci cins” əsəri haqqında
9 Yanvarda görkəmli fransız feministi və intellektualı Simon de Bovuarın (1908-1986) doğumunun 111-ci illiyi qeyd olunurdu. Bilge.az saytı filosof və onun ən monumental əsəri - “İkinci cins” barədə məqaləni təqdim edir.
Simon de Bovuar 20-ci əsrin ən görkəmli intellektuallarından biri və yəqin ki, ən məşhur feministi idi. Onun “İkinci cins” adlı kitabı siyasi və egzistensial ədəbiyyatda böyük səs-küyə səbəb olmuşdu, amma onun ən ciddi töhvəsi qadınların özlərini, münasibətlərini, cəmiyyətdəki rollarını necə başa düşmələri və cinsiyyətin konstruksiyası barədə idi.
De Bovuarın egzistensial etikası azadlığı universal məfhum kimi ələ alır, belə ki, qadının həyata keçirdiyi hər bir fəaliyyət ya onu azadlıqdan uzaqlaşdırır, ya da həm onun, həm də başqalarının azadlığa gedən yolunu açır. Bu, qadından azadlığı qazanmağı tələb edir, lakin reallıqda qadın azadlığın məsuliyyətlərindən qaçmağa çalışır, bu qaçış isə onu hətta insandansa bir obyekt olmağa qədər enməyə vadar edə bilər.
Basqıya məruz qalan qrupların nümayəndələri azadlığı qazanmaqda daha böyük çətinliklə üzləşirlər. Boyunduruqları onlara hərəkət etməyə imkan vermir: cəmiyyət onların fəaliyyətini məhdudlaşdırır, seçimlərinə hədd qoyulur, gözləntilərinin qarşısı alınır. Onların taleyi hətta basqının təbii olması fikri ilə formalaşdırıla bilər.
De Bovuar burjuanın əzdiyi işçi sinfi, ağların əzdiyi qaradərililər və əzilən yəhudilər daxil olmaqla, basqının müxtəlif formalarından bəhs edir, amma “İkinci cins” əsasən qadınlara edilən basqılara vurğu edir. Qadınlara tətbiq olunan basqı digər təzyiq formalarından fərqlidir, çünki onun tarixi başlanğıc nöqtəsi məlum deyil: həmçinin qadınlar iqtisadi maraqlara görə əzilmirlər, hətta basqının müəyyən “ictimai məkan”ı belə yoxdur. Qadınlar qadın olduqlarına görə əzilirlər, onlar bir-birindən qopuqdurlar və onların ictimai siniflərində daha çox kişilərlə ortaqlıqları mövcuddur, nəinki başqa siniflərdən olan qadınlarla.
Kitabın birinci hissəsində de Bovuarın məqsədi qadınların nəyə görə əzildiyini, onların niyə “ikinci cins” olduğunu araşdırmaqdır. Bioloji baxımdan qadınlar kişilərdən aşağıdırlarmı? Qadınlar pxisoanalizin təsvir etdiyi itaət yolundamı addımlayırlar? Bu, onların, ana və ya potensial ana rolunun nəticəsidirmi? İqtisadi, psixoanalitik və xalis bioloji izahları araşdırdıqdan və rədd etdikdən sonra, de Bovuar ontologiyaya üz tutur. “Ontologiya” “varlığın öyrənilməsi” mənasına gəlir. De Bovuarın qadınların nəyə görə əzilməsinə dair izahı qadının varlığına, yəni onun qadın kimi mövcudluğuna əsaslanır.
Qızlar cəmiyyətin onları tərbiyə etdiyi kimi passiv və obyekt şəklində böyüyürlər. Əslində azad varlıq olan qadın müəyyən rollar icra etməli olduğuna inandırılıb, beləliklə, onun azadlığı məhdudlaşdırılıb. Egzistensial dildən istifadə etsək, Bovuar deyir ki, qadın Digər kimi müəyyən edilib.
“Qadınlıq”, yaxud “qadın müəmması” kultu qadınlara edilən basqını saxlamaq üçün istifadə edilib və bu fikir nəsillərdən nəsillərə ötürülüb.
De Bovuar qadınların vəziyyətini daha ətraflı izah etmək üçün immanens (ətalət) və transendens (azadlıq) konseptlərindən yararlanır. İmmanens bir situasiya daxilində hərəkətsiz qalmaqdır, transendens isə fəaliyyət göstərməklə gələcəyə çatmaq və azadlığa nail olmaqdır. Bir vaxtlar bu konseptlər müvafiq olaraq “vücud” və “təfəkkür” kimi də başa düşülürdü, amma bu, Bovuarın fəlsəfəsini təhrif edir. Biz hamımız təfəkkürdə təcəssüm olunuruq: bu, bizim mümkün azadlığımızın şərtidir.
Hər bir “varlıq” – hər bir insan xilqəti – həm immanent, həm də transendent olsa da, bəzi sosial təcrübələr kiminsə transendentə/azadlığa çatmasını əngəlləməklə, immanensdə/ətalətdə həbs edə bilər. Bu, hər bir təzyiq formasında özünü göstərir. Belə ki, qadınlar məqsədyönlü bir fəaliyyətlə gələcəyə çatmaq istəsələr də, transendent/azadlıq sahəsini kişilər tutur, qadınlar azad seçimlərinin olmasından xəbərsiz olduqlarına görə, təzyiq onları immanens/ətalət vəziyyətində saxlayır. De Bovuar aybaşı dövrünün başlamasını qıza özünün ətalətini xatırlatması kimi qələmə verir. Aybaşı qıza bədəninə bağlı olduğunu və törəmək yolu ilə növünün qulluqçusu olduğunu hər ay xatırladır. Bu, (başqa şeylərlə birlikdə) qadının qeyri-azad olmaqla “təbii” olduğunu vurğulayır. Onlar öz bədənlərinin bir vəziyyətdən digərinə keçməsinə məhkumdurlar, amma kişilər deyillər.
Müəyyən mənada kişilərin bundan yayınması ilə qadınlar təbii olaraq “Digər”ə çevrilirlər. De Bovuar iddia edir ki, kişi özünü “Bir”, yaxud “Öz” kimi, qadını isə Digər kimi bəyan edir. Bu standartdır, normadır. Standartdan kənar olan istənilən şey isə səni Digər kimi xarakterizə edir. Qeyd etmək vacibdir ki, Öz (kişi) identikliyi üçün Digərə (qadın) ehtiyac duyur. Öz (kişi) Digər (qadın) olana münasibətdə Öz (kişi) olur. Bunun əksinə Digər öz identikliyini Özdən götürür: bu qanundur.
Özün Digəri basqıda saxlamasına səbəb müəyyən mənada bu münasibətin təsdiq olunmasından irəli gəlir. Müvafiq olaraq kişi qadında özündə məhrum olanı görür və onu arzulayır. Beləliklə, kişi nəzarət və dominantlıq yolu ilə qadını itaət etməyə məcbur etməlidir ki, məhrum olduğunu ala bilsin. Həmçinin Digər Öz üçün egzistensialist təhlükə törədir, çünki Digər Birin başına gələcək şeyə dair canlı nümunədir.
Burada Bovuarın sadəcə qadınların əzilən qrup olduğunu nəzərdə tutmadığını vurğulamaqda fayda var. Qaralar ağlara münasibətdə, yoxsullar zənginlərə münasibətdə əzilən təbəqədirlər. Burada ağlar və zənginlər normaya çevrilirlər, qaralar və yoxsullar isə normadan uzaq olduqları üçün Digər kimi ikinci dərəcəyə endirilirlər. Amma qadınların həmişə əzilən qrup olduğu faktına əlavə olaraq, qadınlara tətbiq olunan basqı ilə sinif və irqə tətbiq olunan basqı arasında vacib bir fərq var. Qadınlar onlara olan basqıda iştirak edirlər. Egzitensial terminlərlə danışsaq, qadınlar cinslərinə olan gözləntiyə və kişinin təqibinə haqq qazandırırlar. Onlar müşahidə altında olmalarını dərk edirlər və qadınların öz düşüncəsi bu müşahidəni qəbullanır. Bundan sonra da qadınlar “əbədi qadınlıq” modeli əsasında yaşamağa can atırlar. Başqa sözlə desək, onlardan nə gözlənilirsə, onu da edirlər: transendent mövcudluq varlığın ətalətinə məhkum olunur. De Bovuar kitabında qadınların onlardan təqlid etmələri gözlənilən obrazı doğrultmaqdan ötrü mənimsədikləri “mif və idolların” geniş siyahısını verir.
De Bovuarın məşhur “İnsanlar qadın kimi doğulmurlar, qadın olurlar” deyimi “İkinci cinsdə” həlledici məqamlardan biridir. Bu, Bovuarın qadının doğuşdan yetkinliyəcən keçdiyi həyatını yenidən təsvir etdiyi ikinci hissənin başlanğıcında verilir. “İkinci cins”in bu hissəsində qadınlara doğuşdan bəri təlqin olunan və onların transendentə/azadlığa nail olmaq bacarığını məhdudlaşdıran çoxsaylı maneələrdən bəhs olunur. Bu, onun egzistensialist etikası “Qeyri-müəyyənliyin etikası”ı ilə birgə oxuyanda xüsusilə gözə çarpır. De Bovuar əvvəlcə bizi uşaqlıq dövründən keçirir: qızı onun gələcək roluna, yeniyetməliyə hazırlayan kukla ilə oynaması kimi məsələlərə toxunur, bu zaman qızlar anlayırlar ki, onlar həm azaddırlar, həm də onlara basqı elə bir vəziyyətdə qurulub ki, bu azadlıq üzərində hərəkət etmək, demək olar, mümkünsüzdür.
De Bovuarın fikrincə, bütün qadınlar qadınlıq rolunu oynamalı olduqlarını düşünürlər. Hərçənd “İkinci cins”də o, “qadınlıq” rolunu adətən ən açıq şəkildə ifa edən üç cür qadından – fahişədən, narsistdən və mistikdən bəhs edir. Fahişə tam olaraq Digər, bir obyektdir. Amma onun özü də istismarçıdır. O, həm pul üçün, həm də kişilərdən aldığı Digərliyin təsdiqi üçün fahişəlik edir (ehtimal edə biləcəyiniz kimi, bu analiz müxtəlif düşərgələrdən gələn çoxsaylı tənqidlərlə üzləşmişdi). Müvafiq olaraq, narsist subyekt olmağı bacarmır, yəni özü üçün azad şəkildə fəaliyyətləri və məqsədləri həyata keçirə bilmir. Bunun əvəzində o, özünün Digərliyinə müraciət edir və özü özünün obyektinə çevrilir. Mistik isə özünü Tanrıya təslim etməyə, Tanrı ilə identifikasiya olunmağa çalışır. O azadlığı axtarmaqdansa, sahib olunmağı arzu edir.
Bir egzistensialist kimi de Bovuar qadınlığın bir mənasının olduğunu rədd edirdi: “qadını” təyin edən hansısa təbii, yaxud universal bir xüsusiyyət yoxdur. Onun kimliyi sosial cəhətdən konstruksiya edilib.
“Qadın”lıq kişilər tərəfindən, onun itaətkarlığını qanun halına salan ideoloji sistemləri mühafizə edən cəmiyyət tərəfindən və həmin sistemlərdə iştirak edən qadınlar tərəfindən konstruksiya edilir.
Bu vəziyyət qadının azadlığını məhdudlaşdırır və onun həyat fəaliyyətlərini müəyyənləşdirir. Başqa sözlə desək, cəmiyyət qadını azadlığa və ya transendentliyə gedən yolunu qapalı saxlayır. Ona görə də qurtuluş həm fərdi, həm də ictimai transformasiyadan keçir. Qadın kişilər kimi özünü obyekt kimi yox, subyekt kimi görməlidir. O, özünün azadlığına və onun azadlığına imkan verəcək fəalliyətlərə qucaq açmalıdır. Lakin qadınlar özlərini həm də bir sosial qrup kimi təsdiq etməlidirlər. Qadınlar birlikdə məruz qaldıqları basqı şərtlərində özlərinin ittifaqını qurmalıdırlar. Buna müvəffəq olmamaq basqının saxlanılmasına rəvac verir.
De Bovuarın qadının transendentə və subyektivliyə gedən yolunu açacaq üç strategiyası bunlardan ibarətdir:
1. Qadınlar işləməlidirlər.
2. Qadınlar intellektual fəaliyyətləri izləməli və bu fəaliyyətlərdə iştirak etməlidirlər (qadınlar üçün dəyişikliklərə liderlik etməlidirlər).
3. Qadınlar cəmiyyəti sosialist cəmiyyətə tranformasiya etməyə çalışmalıdırlar (qurtuluş üçün əsas faktor olan iqtisadi ədalətə can atmalıdırlar).
Simon de Bovuarın qadınlar barədəki bu monumental əsəri lazımınca qiymətləndirilməlidir. Qadınların məruz qaldıqları saysız-hesabsız məhdudiyyətləri aydın şəkildə təsvir etməklə, o, bütün dünya qadınları üçün özlərinin şəxsi təcrübələrinin sosial və siyasi təmayüllərini aydınlaşdırmağa imkan verib. Onun əsərləri feminist aktivistliyində yeni dalğa təsiri yaradıb, ona görə ki, de Bovuarın qadınların ictimai, ailəvi, vücudi, siyasi və mədəni təcrübələrini ictimailəşdirmək kimi bir cəsarəti vardı.
Salli Şolz Villanova Universitetində fəlsəfə professorudur. O, “Bovuar haqqında” kitabının müəllifi, “Azadlığın məhdudiyyətləri: Bovuarın “Mandarinləri” haqqında Fəlsəfi Esselər” kitabının isə həmmüəllifidir.
Bilge.az