II Hissə
İkinci bölümdən etibarən Tolstoy İvan İliçin xəstəlikdən öncəki sağlam həyatının və xəstəlik dövrünün əsas cizgilərindən bəhs edir. Üç qardaşın ortancılı olan İvan İliç özü kimi məmur oğlu olur. Kiçik oğlan statusca uğursuz hesab edildiyindən, valideynləri, qardaşları və xüsusən də qardaşı arvadları onunla münasibətdən qaçır, kimsə onu xatırlamaq istəmir. Tolstoy bu məlumatın üzərindən bir neçə kəlməylə ötüb keçir və sanki oxucuda sözügedən məlumatın ötəri olduğu təsəvvürü oyanır. Hərçənd oxucu istəsə, görünüşcə önəmsiz görünən bu kiçik qeydin süzülüb gəldiyi qızğın sinirlərin titrəşimini duya bilər. Kiçik oğlan cəmiyyət içində mövqesizdi deyə, İvan İliçin ehtirasla can atdığı, gələcəkdə əldə edəcəyi və müəyyən dərəcədə fəlakətinə səbəb olacaq “yüksək həyat”dan məhrum olduğuna görə maraqlı insan sayılmır, görməzdən gəlinir, xatırlanmır. İvan İliçsə qardaşlar arasında ən uğurlusu sayılır. Necə bir uğurdu bu? Yüksək təbəqənin həyat tərzini, vərdişlərini, zövqlərini mənimsəməyə can atan və o mühitdə özünə yer etməyə çalışan şöhrətpərəst insanın uğuru.
Bu bölümdə bir məqam xüsusən diqqət çəkir: İvan İliç məktəbi bitirəndə atasından pul alıb özünə paltar tikdirir və saatının zəncirinə, üzərində “respice finem” (latıncadan tərcüməsi belədi: son gününü yaddan çıxarma) sözləri yazılmış medalcıq taxıb, yaxınlarıyla şən zaman keçirib, lazım olan əşyaları alıb əyalətə məmur kimi çalışmağa yollanır. Tolstoy üzərində “son gününü yaddan çıxarma” sözləri yazılan medalı nə üçün xüsusilə vurğulayır? Əsas əsərlərinin strukturundan da göründüyü qədər Tolstoy yaradıcılığında artıq təsvirlərə və vurğulara rast gəlinmir. İnstinktiv olaraq oxucunun diqqətinə yetirmək istədiyi məqamı seçir, şüurlu şəkildə cilalayır, bəlli düşüncə və mənzərələri səliqəylə, məqsədindən yayınmadan yerinə otuzdurur.Və zənnimcə, burdakı medalcıq məsələsi Tolstoya, personajının gələcək real fəlakətini daha parlaq hiss etdirməkdən ötrü lazım olur. İvan İliç bəlkə də modaya uyduğundan, ya da sosial mühitinə ədalı görünsün deyə, üzərinə “son gününü yaddan çıxarma” sözləri həkk olunmuş medalcığı üzərində gəzdirir, halbuki son günüylə bağlı əslində heç bir təsəvvürü yoxdu. Bəlkə də bu müdrik kəlam ürəyincədi, cazibəli görünür, əhatəsindəki insanlara ciddi təsir göstərdiyindən könlünə yatır, lakin hekayənin davamından gördüyümüz qədərilə gənc İvan İliç kəlamın mahiyyətinə varmır. Ta ki, xəstələnib hekayənin həqiqətiylə (əlbəttə, hekayənin mənim sezdiyim həqiqətiylə. Hər oxucunun qənaəti fərqli ola bilər) üz-üzə gələnə qədər, yəni son gününü unutduğunun fərqinə varanadək. Gənc olarkən əyləncə və əda xatirinə kəlamlı medalcıq daşıyırdı, sondakı ölümsə əyləncə xətrinə gəlmir.
Tolstoy oxucuda kifayət qədər əhatəli və dəqiq təsəvvür yaratsın deyə personajının psixolojisini, mənəvi laylarını, arzularını, canatmalarını müxtəlif yaşam mərhələləri boyunca geniş, fəqət kəskinliklə və uzatmadan təsvir edir. Oxucu əsəri oxusa özü şahid olacaq. Bu mənada mən də söhbəti uzatmadan (bəlkə də söhbətimiz artıq xeyli uzanmış sayıla bilər. Hər halda Tolstoy olmaq çox çətin məsələdir, genetik təsirlər fərqli ola bilər, beynin quruluşuyla əlaqəli neyronal faktorlar var,ətraf mühitin, şəxsi tarixin, yaşam şərtlərinin, kültürün zehnin formalaşmasına göstərdiyi təsirlər məsələsi var, bu baxımdan da dərrakəli və nəzakətli oxucunun yazının axsaqlıqlarına, çatışmazlıqlarına anlayışla yanaşacağından ümidimi üzmürəm), İvan İliçin həyatının əsas məqamlarından bəzilərini vurğulamaqla kifayətlənəcəyəm. Zənnimcə bu məqamlar hekayətin əsas personajının psixolojisi barədə yetəri qədər aydın fikir yaradacaq.
Örnəyi, əvvəlkindən daha yüksək vəzifəyə keçən İvan İliç yeni işiylə öncəki işi arasında müqayisə aparır. Əvvəlki vəzifələrdə olduğu kimi indi də nəzakətlidi, vəzifəcə özündən böyüklərin sevimlisidi, fəqət bu halət bəlli dərəcəyə qədər belə davam edə bilər. Əgər karyera nərdivanında qalxıb onları ötsə, ehtimal ki, bon enfant (fransız sözüymüş, “yaxşı oğlan” anlamına gəlir) mövqeyini itirmək təhlükəsiylə üzləşə bilər. Axı belə olduqda “Böyüklər” istər-istəməz gözdən düşür, əvvəlki ictimai heybəti itirirlər, şöhrətpərəstlik və əzilmiş qürur hissi isə soyuqqanlı aqressiyaya yol açmış olur. Ancaq İvan İliç hələ ki yeni vəzifəsinin keyfini çıxarmaqda, böyüklərinin tapşırıqlarını canla-başla yerinə yetirməkdədi. Keçmiş vəzifəsində olarkən qibtəoyandırıcı vismundirinə örtünmüş məğrur varlığıyla, aşağı təbəqədən olan şikayətçilərin məzlum, vəzifəli iş yoldaşlarınınsa paxıl baxışları qarşısından ötüb rəisin otağına keçərdi və bu halından xoşbəxtlik duyardı. İndi tale sifətinə daha genişliklə gülümsəyir. Əlinin altında xeyli sayda işçı var, könlü çəksə, istənilən özündənrazını hüzurunda sındırmağı bacarar, ancaq etmir. Əsas odur ki, hakimiyyət hərisliyiylə bağlı ehtiyacı geninə-boluna təmin olunsun, gizlincə fərəhlənməklə də kifayətlənə bilər (iztehzalı-sevincək təbəssüm, yuxarıdan aşağı tuşlanmış təxəşşüslü- atasayağı baxışlar, qan qoxuyan xan mərhəməti). Qıraqdan, zahirən alicənab görünmək (!) isə həm yüksək təbəqənin, həm də aşağı təbəqənin nəzərində əlavə ictimai üstünlüklər qazandıracaq.
İvan İliç, içinə düşdüyü yeni mühitlərə görə davranmağı, uyğunlaşmağı asanlıqla bacarır. Örnəyi, şəhərə gələn kimi artıq quberniya işçiləri ondan ötrü önəmsizləşməyə başlayır, şəhərli zadəganlara tərəf meyillənib onlarla can-ciyərləşir. Bəlkə də əvvəllər hökümətdən narazı deyildi, ancaq bu yeni və daha yüksək cəmiyyətin içinə girdikdə bir balaca narazılıq etməyə başlayır, tez zamanda liberallaşır, xüsusi vətəndaş mövqeyinə yiyələnir, hələ saqqalına da azadlıq verir ki, qoy nə qədər istəyir uzansın ( Yeri gəlmişkən deyim, əgər İvan İliç gözümün qabağından gözoxşayan vismundiriylə keçsəydi, heç paxıllanmazdım, amma ondakı bu uyğunlaşma qabiliyyəti məndə qibtə oyandırdı. Bu, bioloji evolyusiya baxımdan- yəqin ki, mədəni evolyusiya baxımından da- çox önəmli qabiliyyətdi. İvan İliçin təsadüfi-axmaq bir səbəb ucbatından tez zamanda xəstələnib ölməyinə baxma sən, əziz oxucu, bu cür sürətli uyğunlaşma qabiliyyətinə malik olan orqanizmlər bu dünyada əksərən uzun və şad yaşayar. Bu qabiliyyətdən məhrum olanların, ya da ona yetəri qədər sahib olmayanların halı isə fənadır).
Növbəti abzasların birində Tolstoy İvan İliçin kart oyunundakı məharətini vurğulayır. Bu yer adama, əsərin digər iki personajını, yazının birinci hissəsində adları çəkilən Şvartsla Pyotr İvanoviçi xatırladır- İvan İliçin yas mərasiminin ağır, narahatedici atmosferindən (ölüm düşüncəsindən) canlarını qurtarıb kart oynamağa qaçan iki keçmiş yoldaşını. Tolstoy sanki qəsdən bu kartoynama məharətindən və ləzzətindən söhbət açır və adamın zehnində qarşılaşdırma, müqayisələndirmə, bənzətmə istəyi oyandırmaq istəyir: Belə aydınlaşır ki, əsərin bu yerində təsvir edilən İvan İliç aşağı-yuxarı Şvartsla Pyotr İvanoviçə bənzər bir tipiymiş, əvvəllər o da kart oynamağı çox sevirmiş və yaxşı oyunçu olmasıyla qürrələnirmiş. Bu biri tərəfdənsə, ətrafda gəzişən xidmətçilərin zahiri qayğıkeşliyiylə əhatələnən bir ortamda, ləzzətlə kart çırpan canlı və şux cənabların- Şvartsla Pyotr İvanoviçin də gələcəkdə İvan İliçin aqibətinə tuş gələcəklərini hiss etdirir. Sanki onların gələcəyini indidən görür. Fəqət bu cənablar vəziyyətin fərqində deyillər. Çünki, hekayətin həqiqətiylə üzləşməkdən israrla qaçırlar.
Gələk İvan İliçin evlilik mərhələsinə: Hərləndiyi yüksək cəmiyyətdə rast gəldiyi, əvvəl yüngül, sonrasa ciddi münasibətlə yanaşdığı Praskofya Fyodorovna buranın “ən qəşəng, ağıllı və parlaq” qızı hesab olunur (Rəqslər, gülüşmələr, yəqin ki, nəzakətli tövrlərlə evə ötürmələr, müvəqqəti ayrılıqdan öncə “hələlik” toxunuşuyla bir-birinə qovuşan zərif əllər, utancaq görünən ədəbsiz baxışlar, ailə həyatının bəxş edəcəyi sevinclərlə bağlı uca xəyallar və s..). Fəqət özünü, təsdiqləyici “Doğrudan da niyə evlənməyim ki?” sualıyla yola gətirən və bu istəyi yuxarı təbəqənin vəzifəli şəxsləri tərəfindən də dəstəklənən İvan İliçin evlilik həyatı əvvəlcə fərəhli hiss olunsa da, zaman keçdikcə, zadəgan mühitinin bu “qəşəng, ağıllı, parlaq” qızının əsaslı iştirakıyla tam mənasında bir cəhənnəmə çevrilir: Səbəbsiz qısqanclıqlar, yersiz qayğıkeşlik tələbləri, kobud söyüşlər, bitməyən deyingənlik, məvaciblə bağlı narazılıqlar, yeni köçdükləri evdən duyulan qeyri-məmnunluq, ara-sıra yaranan qısamüddətli sevgi anlarının ardınca gələn uzunmüddətli və qaçılmaz dava-dalaşların doğurduğu dərin, çökdürücü, əsəbi peşmanlıq, həyatdan bezmə halı, uşaqların dünyaya gəlməsiylə ortaya çıxan gerçək xəstəliklər və uydurma xəstəliklər və digər bu kimi yaşantılardan ibarət bir cəhənnəmə. Diqqət edin ki, qısqanclıq içində qıvrılan qadın əri İvan İliçi vəzifə, şöhrət, ictimai hörmət-izzət ləzzətindən uzaqlaşdırmaq üçün hansı yollara əl atır: Qəsdən, özündən xəstəliklər uydurur ki, onu boş yerə avaragor edib həyatını zəhərləsin. Bu məqamda yenidən Pyotr İvanoviç yada düşür: Yazının birinci hissəsində vurğulandığı kimi onu da arvadı, qohumlarına heç bir xeyri dəymir deyə, tez-tez tənbeh edirdi. Tolstoy, personajlarına xas olan mənəvi korluğu və kütlüyü oxucusunun diqqətinə çatdırsın deyə, onu, hiss etdirmədən, dolayı üsullarla, yenidən müqayisə aparmağa, incə psixologizminin, zərif moralizminin analizinə cəlb və dəvət edir.
Buraya Tolstoyun sözügedən bölmə üçün qələmə aldığı bircə cümləlik təsvirini köçürmək istəyirəm: fəqət “Hakimiyyətə, ixtiyara və məhv etmək istədiyi istənilən adamın başını batırmaq gücünə malik olduğunu dərk etməsi, məhkəmə iclasına girəndə və yoldaşları ilə görüşəndə ona tuşlanan baxışlarda oxuduğu qibtənin qəlbinə doldurduğu vüqar hissi, özündən yuxarıda çalışan vəzifəlilər və tabeliyində çalışan insanlar yanında qazandığı hörmət və müvəffəqiyyət, əsasən də iş aparmaqda sərgilədiyi bacarıq onu sevindirir, yoldaşları ilə apardığı söhbətlər, naharlar, ziyafətlər və kart oyunlarıyla birgə həyatını doldurub mənalandırırdı.” Bu cümlə, personajın yaşamına xas olan mürəkkəb, fəqət seçkin məqamları bircə cümlə içindəcə sərrastlıqla ifadə etmək istedadının ən gözəl örnəklərindən biridir. Bəli, beləliklə İvan İliç xilasını tez-tez evdən baş götürüb dövlət qulluğunun, fəxri mövqenin, namdarlığın və onların bəxş etdiyi illüzor xoşbəxtliyin qoynuna qaçmaqda görür. Məzlumlarda hürkü, sayğı, qibtə, vəzifədaşlarında isə həsəd və dargözlük oyandıran bu “güclü” (dırnaqsız da ola bilərdi, kəlmənin bu yerdə necə ifadə ediləcəyi zövqlərdən və yəqin ki, həyat təcrübəsindən asılıdır) kişi evinin içindəki qadınla yola getməyi, hesablaşmağı, uyğunlaşmağı bacara bilmir. Və İvan İliçin ömrünün on yeddi ili bu minvalla da ötüb keçir.
Və günlərin bir günü İvan İliç sol böyründə küt ağrı hiss etməyə başlayır. Bu ağrının səbəbkarı nə olur? Tolstoyun hiss etdirdiyi qədərilə son dərəcə bayağı bir ehtiyacın, əslində lüzumsuz bir istəyin doğurduğu yersiz bir hərəkət. Deməli, bütün bu illər ərzində karyera nərdivanında daha yüksək məvacib, daha ali mövqe uğrunda onla-bunla cırışarkən hikkələnən, lənətlər yağdıran, rəisləriylə küsüşən, arvadının soyuq nəzərləri və aramsız dedi-qoduları altında iztirabla əzilən, yenidən qüvvə tapıb mücadiləyə atılan, əldə etdiyi yeni uğurlarla düşmənlərini alçaltmaqdan həzz alan, maaşı və cəmiyyət içindəki statusu yenidən yüksəlib gözəgirən olduğu andaca arvadının, qohum-qonşunun, cəmiyyətin nüfuzlu adamlarının nəzərində dəyəri yenidən yüksələn və bundan son dərəcə xoşhallanıb “dünyanın xoşbəxti” olan İvan İliç, arvadının da köklü təhrikiylə, yeni aldığı və içərisi “zadəganlara xas olan ləyaqətli dəbdəbə”ylə bəzənmiş mənzilinin hazırlığıyla məşğul olarkən, bir məqamda elə həyəcanlanıb işgüzarlaşır ki, onu anlamayan ustanı başa salmaq üçün nərdivana çıxanda ayağı qaçır, yıxılır və böyrü pəncərənin qirağına dəyib əzilir (Bu yerdə, nədənsə, Tolstoy gülüşünün xəyali əks-sədası yenidən eşidilir). O anda bu ağrıya nəinki vız qoymur, hətta sonralar bu hadisəni, evə gəlib İvan İliçin fərasətinə, çalışqanlığına, mənzilin cəlalına, ehtişamına heyran qalan ailə üzvlərinə gülə-gülə danışır.
Ailədə, işdə ab-hava pis olmur. Ancaq ailə nümayəndələri görəndə ki, evdə daha görüləsi iş qalmayıb, başlayırlar darıxmağa. Beləcə, yeni tanışlıqlar, evdə ziyafətlər, şənliklər təşkil olunur. İvan İliç qonaq otağını yüksək cəmiyyət adamlarına xas olan evlərdəki qonaq otaqlarıyla tutuşdurub bənzərlikdən həzz alır, özünü də onlara bənzədir. Evdə yüksək təbəqəyə layiq olan xüsusi bir qonaqlıq keçirilir. Təsəvvürə gətir ki, evdə qonaqlıq olacaq. Arvadla kişi qonaqlara ikram olunmuş tortla konfet barəsində dava edirlər. Kişi qonaqların yanında qürrələnsin deyə gedib çoxlu tort alır, onun da çoxu yeyilmir, tökülüb qalır. Şirniyyatçıya da qırx beş manat pul borclanırlar. Dava alovlanır, qadın kişiyə “gicin biri gic, sarsaq, mızı” deyir, kişi əsəbi əzabla başını tutub bir anlıq boşanmaq haqda mızmızlanır. Ancaq gedib məclisə təşrif buyurmuş “knyaginya Trufonova ilə, “Kədərimi al, apar” cəmiyyətini yaratmaqla adı dillər əzbəri olmuş knyaginyanın bacısı ilə rəqs eləyir”. İnsan naturasının dərinliklərində kök salmış əlçəkməz bayağılığın bu böyük rəssamı, öz professionallığıyla burda da adamı heyrət içində buraxır. Eynilə İvan İliçdə olduğu kimi, bu mühitin digər insanlarını da yönləndirən sosial ehtirasların diktəsilə bir zadəgan qadın hardasa, “Kədərimi al, apar” adlı (nə qədər də sentimentalanə bir ismi-əzəm!) cəmiyyət qurub. Gəl ki, bu təşəbbüsün əslində kimsəyə xeyri yoxdu. Olsaydı, İvan İliçin timsalında, “üstü bəzək, altı təzək” bir həyatın üzüntüsü, cansıxıcı mahiyyəti altında inləyən bu adamların dərdinə dəva olardı. Kütləvi emosionallığa hesablanmış, məzmunca kasad, əslində öz-özüylə təklikdə qalmaqdan qorxan və darıxan insanların baş qatmasına imkan yaratmaqdan savayı heç bir işə yaramayan, kimsəyə ciddi və köklü xeyri dəyməyən təşkilatlar, qruplaşmalar, toplantılar, cəmiyyətlər...peşəkarlıqla, sezdirmədən istifadə olunmuş bir neçə kəlmədəcə ifşa olunur (Əgər yanlış tapıntıdısa, qoy Tolstoyun uca ruhu məni bağışlasın..)
Beləcə, İvan İliç böyründəki ağrıdan qaçıb bu cür işlərlə baş girələyir, ancaq böyrək bu işlərə baxmaz heç, o, öz işində, çürüməyindədi.
Və çürüdükcə İvan İliçi addım-addım ölümə yaxınlaşdırır, yaxınlaşdırdıqca pillə-pillə həqiqətə yüksəldir, gözləri önündəki illüziya pərdəsini yavaş-yavaş qaldırır. Həqiqətin parlaq günəşi qalxıb öz şüalarıyla ətrafdakı rəzaləti gizlədən dumanı dağıdır, sağlamkən “ölü”olan İvan İliçi indiki xəstə halında mənən “dirildir”. Arvadi, qohum-qonşusu, iş yoldaşları, ümidsiz, fəqət tragikomik bir əhvalla üz tutduğu həkimlər onu xəstə sayır, o isə arvadını, qohum-qonşusunu, iş yoldaşlarını, həkimləri. Həkimlərin lovğa, “hər şeyi bilən”, ədalı duruşlarında, “yolaverən” davranışlarında özünün məhkəmədəki yüksək vəzifəsi zamanı müttəhimlərə, ona işi düşən məzlumlara, çətin vəziyyətdə olan adamlara göstərdiyi eyni laqeyd münasibəti görür. Məhz indi, xəstə halında və ölümün bir addımlığında, dözülməz tənhalıq içində qıvrılarkən həqiqət işığının aydınlığı altında öz-özüylə tanış olmaqdadı. Məsələn, arvadının zəhlətökən süniliyində, “gənclik təravətiylə aşıb-daşan” qızının cavan kütlüyündə, şamla işıqlanan balaca otağında dərdiylə boğuşarkən, “qonaq otağından gələn gurultulu səslərin, mahnıların” sədası altında əylənən qonaqların qanmazlığında özünün keçmiş saxtalıqlarını, qabalığını, qanacaqsızlığını görür. Təkcə qulluqcusu Gerasimlə söhbət edəndə nisbi yüngüllük duyur. Təkcə bu cavan kişinin aydınlığı, sünilikdən uzaq, bəsit, səbirli və anlayışlı xeyirxahlığı tezliklə öləcək İvan İliçin bezgin qəlbinə sular səpir. Ədəbiyyatı həqiqətən sevən bir kəs, Tolstoy xəyalının bəhrəsi olan Gerasimin otağa girərkən “özüylə bir yerdə gətirdiyi təmiz qış havasının təravətini” iliklərində duymaya bilməz. Yüksək təbəqədəki həkimlərin, dostların bəxş edə bilmədiyi istiliyi, insanlığı, mehribanlığı qulluqçu Gerasim əlavə cəhdə ehtiyac duymadan , özünün də xəbəri olmadan, özlüyündən İvan İliçə bəxş etmiş olur. İvan İliç riqqətlənir, indiyə qədərki korluğuna iztehzayla gülür, ancaq çifayda, artıq gecdi, artıq iş-işdən keçib.
Əsərin dördüncü bölümündən sonuna qədər təsvir edilən xəstəlik prosesindəki incəlikləri Tolstoy alimanə təmkinlə işləyib. Həm alim, həm yazıçı olan, dünyaya ən böyük modern yazıçılar bəxş etmiş üç Avropa dilində mükəmməl istedadla yazıb yaradan və (haqlı olaraq) özündənrazı bir yazıçı, bəlkə də buna görə, “Düzünü desəm, dünyanın heç bir yerində Tolstoya tay-bərabər olan başqa yazıçı görmürəm. Ancaq ondan sonra Coysla Prust gəlir” söyləyirdi. Deyilənə görə, həmin yazıçının, keçirdiyi mühazirələrdə belə bir üsulu varmış. Deməli, bütün pərdələri çəkib otağı qapqaranlıq edirmiş. Sonra danışmağa başlayırmış, “Rus ədəbiyyatının səmasında Qoqol budur” söyləyəndə, zalın lap axrında lampa yanıb işarırmış. “Bu, Çexovdur” dedikdə, tavanda daha bir ulduz parlamağa başlarmış. “Bu da sizə Dostoyevski” deyəndə, əlini atıb elektrik açarını şıqqıldadırmış. “Bax, bu isə Tolstoydur!” deyibən pəncərələri taybatay açanda, içəri gözqamaşdıran günəş işığıyla dolarmış.
İvan İliç üç gün çığırıb can verdikdən sonra ölür. Ancaq nədənsə mənə elə gəldi ki, ölümündən bir saat əvvəl, dodağını onun əlinə yapışdırıb ağlayan oğlunun toxunuşunu hiss edəndə, üzünü çevirib arvadının üzündəki dəhşət ifadəsini, gözyaşı damlalarını görəndə, onları bağışlayaraq ölür. Ona görə ki, hər nəyi anlayan, hamını da bağışlayır.
Önəmli qeyd: Bu yazıdakı mülahizələr sadəcə bircə oxucunun qənaətləridi. “İvan İliçin ölümü” əsəriylə bağlı söylənmiş mütləq qənaətlər sayıla bilməz. Dünyada milyonlarla oxucu olduğu kimi, bir-birindən fərqlənən milyonlarla da şərh ola bilər.
Birincidən daha önəmli ikinci qeyd: Bu yazıdakı söhbət yalnızca 19-cu əsrin rus yazıçısı Lev Tolstoyun “İvan İliçin ölümü” əsərinin məzmunuyla bağlıdı və onun çərçivələriylə də məhdudlaşır, bu söhbətin ətrafımızdakı çevrəylə əlaqəsi çoxd...yox, çaşdım, üzr istəyirəm, 21-ci əsrin dünyəvi həyatıyla heç bir əlaqəsi yoxdur.
Rüstəm Ayaks
Kultura.az