post-title

Antik Yunanıstanın seksual yaşamı barədə bəzi gerçəklər

Britaniya Muzeyində keçirilən bir sərgidə Antik Yunanların gözəllik anlayışıyla bağlı gerçəklərlə qarşılaşacağımızı umuruq. Bəs, görəsən, biz mərmərdən hazırlanan bu ehtişamlı kişi vücudlarına baxarkən, yumşaq biçimli qadın bədənlərinə tamaşa edərkən həqiqətən də Antik Yunanların gördüklərinimi görürük?

Bu sualım fəlsəfi yanaşma deyil; gözəllik, seksuallıq və seksuallıqla bağlı gözləntilərimiz və fərziyyələrimizlə əlaqəlidir. Eynilə, bu sənət əsərlərini ərsəyə gətirən və bundan həzz duyan Antik Yunanlarda olduğu kimi,

gözəl üz və bədənlərin bizim daxilimizdə yaratdığı hisslər də fərdi və instinktiv xarakter daşıyırmış kimi görünür. Fəqət bizim bu daxili, instinktiv hisslərə qarşı göstərdiyimiz reaksiya labüd olaraq içində yaşadığımız cəmiyyət tərəfindən formalaşır.

Yunanların seksuallığa yanaşma tərzi bizimkindən fərqliydi. Bəs Antik Yunanların cinsi həyatı barədə yayğın olan bir çox əfsanələrin arxasında gerçəklik payı varmı? Bu sənətə baxışımıza nə dərəcədə təsir göstərə bilər?

Bütün Yunan kişiləri biseksual idilər

Bir kişinin hər iki cinsi də cazibədar sayması Antik Yunan dönəmində normal sayılırdı. Ancaq barəsində xeyli məlumata sahib olduğumuz klassik Afinada yaşayan kişilərin şəxsi həyatları, dövrümüzdə yaşayan hər hansı bir “biseksual” insanın şəxsi təcrübələrindən bir çox baxımdan fərqlənirdi.

Eyni yaşda olan kişilər arasında seksual münasibətlər heç də yayğın deyildi. Bu tip standart münasibətlər adətən yeniyetmə çağında olan bir oğlanla, nisbətən yaşlı, yetkin kişi arasında yaranırdı. Kişilər bununla yan-yana qadın fahişələrə də ehtiyac duyurdular: çoxlu fahişəxanaya, küçə fahişələrinə və dişi cinsindən olan “əyləncə düşkünləri”nə ev sahibliyi edən bir şəhərdə sekslə təmin olunmaq ucuz başa gəlirdi.

Kişilər nadirən 30 yaşından əvvəl evlənirdilər və toy gecəsi istisna olmaqla, evil cütlüklər adətən ayrı-ayrı yatırdılar.

Bu fərqli seksual münasibətlər Antik Yunanıstana xas olan klassik vazalar üzərində cəlbedici formalarda, müxtəlif şəkillərdə təsvir edilmişdir. Homoseksual münasibətlərdə əsas məhvər nöqtəsi adətən flirt, qeydəqalma, pərəstij, preludiya idi; evlilikdə bəyin gəlini evə apardığı an olurdu; fahişələrlə münasibətdə isə cinsi əlaqə önə çıxırdı.

Yunan qadınları düzüb-qoşma üsuluyla evlənirdilər

Bu, böyük ölçüdə doğru qənaətdir. Qız atası, övladı üçün yaxşı ər tapmağı özünə vəzifə bilirdi və oğluna arvad tapmaq işində də önəmli rol oynayırdı. Afinada qız 16 yaşındaykən, öz yaşından ikiqat böyük, adətən ata tərəfdən əmisiylə, ya da atasının himayəsindəki bir kişiylə ailə qururdu.

Razılaşma əsasında qurulan bu cür evliliklərin bədbəxt ailələrin yaranmasına səbəb olacağını zənn etmək olar, ancaq o dönəmin sevgi dolu ailə cütlükləri də var idi.

Sənət baxımından rast gəldiyim ən təsirli məqamlardan biri, abidələr üzərindəki qadınların xarakterik olaraq sadiq, zərif, sevgi dolu analar şəklində təsvir edilməkləridir.

Maraqlıdır ki, gəlinlər, M.Ə 5-ci əsrdə Afinada intensiv şəkildə erotik maraq obyektinə çevrildilər. Vaza üzərindəki gənc qadınlar adətən toydan əvvəl, bəyin əliylə müşayiət edilərkən, paltarlarını və daş-qaşlarını geyinib taxarkən, yaxınlıqda uçuşan qanadlı Erosla birgə təsvir edilirlər.

Yunanlar gənc kişiləri bəyənirdilər

Gənc gəlinlər seksi sayıldığı kimi, yeniyetmə oğlanlar da kişilər tərəfindən cazibədar sayılırdılar. Bir oğlanın cazibəsi, üzündə və bədənində tüklər çıxıb çoxalmağa başladıqda, azalırdı. Cazibənin bu kiçik pəncərəsi, Platonun Charmidesi kimi poster-modelinə bənzər gənclərin coşqunluqla, vəcdlə qarşılanmasını izah edə bilər. Platonun dediyinə görə güləş məktəbindəki hər kəs Charmidesə “sanki bir heykəlmiş kimi” gözlərini dikirdilər, Sokratın özü isə gənclərin bürüncək altında tərpəşən əzalarını görərkən “od tutub yanardı”.

Charmides və digər cazibədar tipajlar, qadınlar, kişilər “gözəl”, “gözəl üzlü” kimi kəlmələrlə tərif edilir, ancaq yunan yazıçıları çöhrələrə xas olan aydın, bəlli cəhətləri nadirən təsvir edirlər. Məsələn, o dönəmdə nə cür göz və dodaq formasının cazibədar sayıldığına dair fikirlərimiz cüzidir. Görəsən üz quruluşuna duyulan bu laqeydliklə yunan heykəllərinin çöhrəsində gördüyümüz qayğısız, sakit, hətta boş ifadələr arasında hansısa əlaqə varmı?

İdmançı vücudlu, hamar, təmiz dərili gənclərdən duyulan həzzdən əlavə, atlet, tanrı və qəhrəman heykəllərinə baxdığımızda görürük ki, yunanlar həm də yetkin kişi bədəninə heyranlıq bəsləyirmişlər. Qədim Afinanın “Miss World” yarışının qarşısına çıxaracaq gözəllik yarışması olan Euandria yarışında, yarışmaçıların fiziki gücləri və bacarıqları ilə birgə gözəllikləri də dəyərləndirilirdi.

Yunanlar əylənməyi yaxşı bacarırdı

Simpozium (Antik Yunan kişilərinin keçirdiyi içkili qonaqlıq) Yunanların olduqca rahat davranışlar sərgilədiyi şənlik idi. Burada, yetkin kişilərlə gənclərin bir-biriylə bağ qurması və erotik həyəcanlar yaşaması üçün uyğun fürsətlər yaranırdı. Qonaqlar bir-biriylə flirtləşərkən, kölələr onların qədəhlərini içkiylə doldurur, “əyləncə” olsun deyə bir gecəlik işə alınan fahişələr ortalıqda dolanırdı.

Qonaqlıqda iştirak edən insanların istifadə etdikləri fincanların üzəri, uzun baxışmalardan tutmuş çılğın orgiyalara qədər ən müxtəlif erotik səhnələrlə boyanıb. Ancaq bu səhnələrin həmin şənliklərdəki gerçək yaşantıları əks etdirib-etdirmədiyi mübahisəli məsələdir. Antik Yunanların azadə seksual həyat yaşadığını düşünməyi sevən insanları bəlkə də təəssüfləndirəcəyəm, ancaq deməliyəm ki, bu orgiya təsvirləri sadəcə və sadəcə hansısa erotik fantaziyaların bəhrəsi, ya da sərxoşluğun nəticələrinə dair xəbərdarlıq da ola bilərdi.

Britaniya Muzeyinin zərif heykəlləri bu erotik görüntülərdən uzaq bir dünyadır. Defining Beauty sərgisi, daha zərif, saf estetikanın xeyrinə, simpoziumun cəncəl, qarışıq əzalarından kənar qalmağa çalışıb. Fəqət tarıma çəkilmiş bədən hələ də nələrsə isbatlayır- və nümayiş edilən gözəlliyin seksi sayılıb-sayılmayacağı, yenə də son nəticədə tamaşaçının baxışlarından asılı olacaq.

James Robson

Bilge.az

Yuxarı