post-title

Yarım əsr donan məktəblər

Bundan əlli il əvvələ dönüb baxdığımızda, indi dünyamızın tanınmaz dərəcədə dəyişdiyini görürük. Bəs bu dəyişimin lokomotivi olmalı məktəblərimiz necə, dəyişiblərmi? 

İndi də uşaqlarımız 50 il bundan qabaq babalarımızın etdiyini edirlər. Parta arxasında düzülüb müəllimlərin mühazirəsinə qulaq asır, dəftərdə qeydlər edir, dərsliklərindən oxuduqları məlumatları yadda saxlamağa çalışır, nəyi yadda saxlayıb , nəyi yadda saxlamadıqlarını göstərmək üçün imtahan verirlər. 50 il bundan qabaq keçirilən fənnlər də aşağı-yuxarı eyni ilə indi də keçirilir. Son 50 ildə dünya bu qədər dəyişərkən məktəblərimizin dəyişməməsi sizə qəribə gəlmirmi? Bu gün 1-ci sinifə başlayacaq uşaq 2040-cı ildə ilk işinə başlayacaq. 2040-cı ildə işə başlayacaq uşağa bu gün məktəbdə öyrəndikləri nə dərəcədə lazım olacaq? 

Bugünkü məktəblərimiz standart düşünmə şəklini, illərdir öyrədilən standart cavabları mükafatlandırır. Uşaqlarımızın biliklərini test ilə ölçürük və qabaqcadan müəyyən edilmiş 4 cavabdan başqa ona alternativ yanaşma haqqı tanımırıq. Səhv etmək isə böyük bir qəbahət sayılır. Halbuki, səhv etməyi gözə ala bilmirsinizssə, heç bir orijinal fikriniz də ola bilməz. Pikasso deyirdi ki, bütün uşaqlar rəssam kimi doğulur, ancaq rəssam kimi qala bilmək hər kəsə nəsib olmur. Niyə rəssam və ya yaradıcı qala bilmirik? Çünki bugünkü məktəblərimiz səhv etmək cəsarətimizi  öldürür, düşüncə üfüqlərimizi daraldır.  

2040-cı ilə qədər istehsal və xidmət sektorunun mütləq əksəriyyəti süni intellektlə idarə olunacaq. İstehsal müəssisələrində insanları robotlar, xidmət sahələrində çoxfunksiyalı monitorlar, İT texnologiyalar əvəz edəcək.  Bəs bu müəssisələrin sahibi olan, övladlarınızı işə götürəcək sahibkarların uşaqlarınızdan gözləntiləri nə olacaq? Necə bir işçi axtarışında olacaqlar? 

Hər şeyi yadda saxlayıb testdən 700 bal toplamaq və ya bugünkü universitetlərimizi qırmızı diplomla bitirmək 21 əsrdə uğur formulu olmayacaq. 2040-cı ildə sahibkarlar çox daha fərqli keyfiyyətlərdə olan insan axtarışında olacaqlar. Bu keyfiyyətləri aşağıdakı 4 qrupa bölə bilərik:

1. Dünya haqqında bilgili olmaq.

Dünya elə qloballaşıb ki, sərhədlər şərti xarakter daşıyır. Bu gün övladlarımız dünya vətəndaşıdır. Ancaq təəssüf ki, uşaqlarımız özünü dünya vətəndaşı kimi hiss etmir. Çünki dünya haqqında verdiyimiz bilgilər fraqmentaldır və biz uşaqlara əsas etibarilə dünyanın fiziki, coğrafi və tarixi ilə bağlı statistik məlumatları əzbərlədirik.  Məktəbdə, KİV-də dünyanı bizə və onlara bölürük. Əsasən də qərb dəyərləri, qərb insanı və biz kontekstində gedir təbliğat. Qərb və ya şərq dəyəri deyilən bir şey yoxdu, əksəriyyətin qəbul etdiyi ümumbəşəri dəyərlər var. Uşaqlara bu dəyərləri öyrətməliyik, dünya insanının inandığı dəyərləri. Bu gün dünya necədir, necə idarə olunur, iqtisadi, siyasi , sosial institutları necə işləyir - bu barədə məlumat verməliyik uşaqlara. Biz onlara dünyaya sosial, iqtisadi siyasi fenomen olaraq quş baxışı baxmağı öyrətməliyik. Ölmüş, yoxa çıxmış dövlətlərin, xanlıqların uzun-uzadı tarixini deyil, Yuval Hararinin obrazlı ifadəsi ilə desək, sabahın tarixini öyrətməliyik. 
 
2. Sərhədsiz ("out of box") düşünmək. 

Rutin qərarları, standard həll variantlarını süni intellekt də təklif edə bilir, əlavə xərc çəkib sizin uşağınızı niyə işə götürsün 2040-cı ilin sahibkarı? Bunun baş verməsi üçün qeyri-standard, yaradıcı düşünməyi, mövcud hakim fikri sorğulamağı, klişeləri, doqmaları dağıtmağı öyrətməliyik uşaqlarımıza.  Sərhədsiz düşünməkdə hər şey sual verməkdən və şübhə ilə yanaşmaqdan başlayır. Bu gün məktəblərdə müəllimlər dərsi danışır və sonda kiminsə sualının olub-olmadığını soruşur. Halbuki, bütün öyrəniləcək material bir pazl kimi suallar vasitəsilə qurulmalıdır və öyrədilən hər biliyin nisbi olduğu və zamanla dəyişə biləcəyi öyrədilməlidir. Mənim uşaqlara tövsiyyəm odur ki, oxuduqları kitabda bütün nöqtələri, sual işarəsi ilə əvəz etsinlər, sonra oxusunlar, niyə sualını tez-tez versinlər və hər öyrədilən məlumata şübhə ilə yanaşsınlar.  Belə ki, bəşəriyyət tarixində bu niyə belədir, mənim daha fərqli fikrim var deyib mövcud daşlaşmış doqmaları sındırmağa cəsarət etmiş bir neçə elm adamı, düşünür olmasa idi, yəqin ki, indi mağarada oturub, ocaqda aşımızı qaynadacaqdıq. Bugünkü rifahımızı inanan deyil, sual verən adamlara borcluyuq. Gələcək sahibkarlar innovasiyalara, yaradıcı keyfiyyətlərə investisiya edəcəklər. O adamlarla işləməkdə maraqlı olacaqlar ki, onlar xaosun içində qanunauyğunluğu sezə bilir, qanunauyğunluqda isə xaosu görə bilirlər. 

3. İnformasiya mənbələri ilə işləməyi bacarmaq.

Əgər tarixin başladığı andan bu günə qədər insanlığın yaratdığı informasiyanı mobil telefonlarımızda cibimizdə gəzdirə biliriksə, bu informasiyanı niyə yadda saxlayaq? Elə isə yadda saxlamayın! Bu ona oxşayır ki, siz personal kompüterinizdə və ya telefonunuzda yer tutmasın deyə məlumatı hansısa kənar diskdə, flashkartda saxlayırsız. İnternetin olmadığı vaxtlarda oxuduğunuzu yadınızda saxlamaq əhəmiyyətli idi. Çünki aldığınız informasiyaya bir daha çıxışınız olmaya bilərdi. Bugünkü dövrdə isə aldığınız informasiyaya münasibətiniz, onu necə qavramağınız əhəmiyyətlidir.  İnformasiya əsrində uşaqlarımıza böyük həcmdə informasiyanı qısa müddətdə emal və təhlil etməyi, şərh etməyi və bu informasiya əsasında düzgün qərarlar verməyi öyrətməliyik.  Uşaqlara necə öyrənməyi, biliyi harda axtarmağı öyrətməliyik. 

4. Güclü EQ-yə sahib olmaq.

Bugünkü iş mühitində uğur qazanmaq üçün EQ – emosional intellekt ən az İQ qədər rol oynayır. Zamanla EQ-nün rolu daha da artacaq. Çünki süni intellekt İQ-də insanla rəqabət apara bilər, ancaq onun emosiyası olmadığı üçün, təbii olaraq emosional intellekti də yoxdur. Bu hal bizi süni intellektdən bir addım irəli daşıyır. Kommunikasiya keyfiyyətləri, komandada işləmək qabiliyyəti, abstrakt məsələlərə yanaşma şəkli sizin EQ səviyyənizi müəyyən edir. Emosional intellektin ən əhəmiyyətli elementləri empatiya hissinin güclü olması, öz hisslərini düzgün alqılamaq və idarə etməkdir. İQ-dən fərqli olaraq EQ inkişaf etdirilə bilər. Buna ən yaxşı bədii kitab oxumaqla, musiqi və incəsənətlə daha çox iç-içə olmaqla nail olmaq olar. Bu gün məktəblərimizdə musiqi, rəsm dərsləri yaxşı tədris olunmur, ikinci dərəcəli fakultativ fənnlər kimi baxılır. Halbuki, musiqi və rəsm ən azı riyaziyyat və təbiət elmləri qədər əhəmiyyətlidir və uşağın yaradıcı və tənqidi düşünmə qabiliyyətlərinin inkişafında və son nəticədə yüksək EQ-yə sahib olmasında əvəz olunmaz rol oynayır. 

Nurlan Babayev
Kultura.az

Yuxarı