post-title

Onlar ac, amma azad idilər.

Hara istəsələr gedirdilər, harda istəsələr yatırdılar. Dərələrdən su içirdilər, təpələrdə sevişirdilər, yollarda dalaşır, çəpərlərdə oynaşırdılar. Gündüzlər xarabalıqlarda yatışır, gecələr kəndarası yollarda vurnuxurdular. Nə tapsalar yeyirdilər, tapmasalar yemirdilər. Əsasən, kəndin içindəki xəstəxanada yerləşən ştabın ətrafında sülənir, əsgərlərin atdığı artıqlarla yaşayırdılar. Bəzən, əsgərlər onları yedizdirir, sığallayır, bəzən də, qovurdular. Amma onlar heç vaxt heç kimdən küsmürdülər, küsməyi çoxdan unutmuşdular. 

Hara gedirsən get, mütləq, hardasa, hansısa formada qabağına çıxırdılar. Ya yatışırdılar, ya da uzanıb axşamın düşməyini gözləyirdilər.  Biz onları məktəbə gedəndə bir yerdə, qayıdanda tamam başqa bir yerdə görürdük. Harda olmaqları onlara o qədər də maraqlı deyildi. 

Ştabın ətrafında səhər qəlyanaltısı eləyib, sonra sahibi Bakıya gedib qayıtmamış bir evin altına doluşub yatırdılar. Onlar həm də çox tənbəl idilər. O qədər tənbəl idilər ki, həmin sahibsiz evin altında kölgədə yatırdılar, amma Günəş fırlanıb üstlərinə düşəndə durub yerlərini dəyişmirdilər, elə günün altında yatırdılar, ta ki, biz məktəbdən qayıdana qədər. Biz onları döyür, söyür, ələ salırdıq. Heç veclərinə də almırdılar, sadəcə, maraqla bizi müşahidə edirdilər, ən uzağı, durub tənbəl-tənbəl əsnəyir, gedib kölgədə təzədən yatırdılar. 

Tərbiyəli və namuslu ev itlərinin onlara paxıllıqları tuturdu, elə ona görə də onlara nifrət eləyirdilər. Tərbiyəli və namuslu ev itləri də onlar kimi azad olmaq istəyirdilər, amma qorxurdular.  Bəziləri hər axşam verilən bir ovuc yalı itirməkdən qorxurdular, bəziləri, köhnə, çürümüş taxtalardan və  qırıq şiferlərdən olan nəmli və qaranlıq yuvanı itirməkdən.Tərbiyəli və namuslu ev itlərinin ən böyük qorxuları isə öz zəncirlərini itirmək qorxusu idi. Ev itləri zəncirə öyrəşmişdilər. Zəncirin çatdığı ən uzaq nöqtədən kənarda heç vaxt olmamışdılar. Sahibsiz və zəncirsiz yaşamaq ciddi ev itlərinin ən böyük qorxusu idi. Ev itləri özlərini hər axşam vaxtlı-vaxtında verilən yalsız və onları daima soyuqdan, yağışdan, qardan qoruyan yarım kvadrat metrlik yuvasız təsəvvür edə bilmirdilər. Sahibsiz, yalsız, və zəncirsiz yaşamaq, bu ki, əsl dəhşət iti.

Ev itləri hər axşam eyni vaxtda və eyni miqdarda verilən, kəpəkdən, ən keyfiyyətsiz undan hazırlanan yağsız və duzsuz yaldan başqa heç nə yeməsələr də, eyni sudan başqa heç nə içməsələr də, azad itlərin qida rasionu çox zəngin idi. Onlar əllərinə harda nə keçdi yeyirdilər, bir gün selin gətirdiyi sümük qırıntıları, bir gün əsgərlərin onlara atdığı balıq konservləri, başqa gün isə zibillikdən tapdıqları vaxtı keçmiş kolbasa. Bir gün çaydan su içirdilər, bir gün dərədən, bir gün bulaqdan. Onlar susuzlayanda qabaqlarına çıxan ilk sudan içirdilər, hətta bəzən çirkli gölməçədən belə. Onların sağlıqlı və uzun yaşamaq dərdləri yox idi.

Onlar heç vaxt kədərlənmirdilər, heç sevinmirdilər də. Emosiyaların onlar üçün heç bir fərqi yox idi, başlarına nə gəlirdisə, yaşayırdılar. Şikayət eləmədən, götür-qoy eləmədən, daha yaxşı həyat arzulamadan. 

Mən onları sonuncu dəfə görəndə, sahənin ortasında selin yuyub oyduğu xəndəyin kölgəsinə doluşub yatışırdılar.

 Onların nə dünənləri var idi, nə də sabahları. Heç bugünləri də yox idi, zaman anlayışı çoxdan öz əhəmiyyətini itimişdi, onlar üçün. Onların gələcəyə dair ən uzaq təsəvvürləri 1 dəqiqə sonraya aid idi. Ona görə nə planları var idi, nə də arzuları. Onların heç nəyi yox idi, azadlıqlarından başqa.


Babək Abbaszadə 

Kultura.az

Yuxarı