Azərbaycanda itlərin güllələnərək öldürülməsi görüntüləri, adamın ürəyini dağlayır. Hələ bir foto vardı, ana it dörd ölü balasının başında oturub ağlayırdı. Üzündən də oxunurdu ki, nə baş verdiyini anlamır. Heyvan çaşıb qalmışdı, azərbaycanlılara əsir düşdüyünü bilmirdi.
Bu cür tədbirlərin lehinə olanların arqumentləri ilə tanışam. Onlar deyir ki, küçələri it basıb, bizə hücum edirlər, uşaqlarımızı dişləyirlər, quduzluq yayırlar. Onlar da haqlıdırlar. Lakin on minlərlə itin küçədə-bayırda sülənməsi, doğub törəməsi, hansı kültürsüzlüyün, geridəqalmışlığın göstəricisidirsə, bu problemin aradan qaldırılmasında müraciət edilən metodlar da, həmin kültürsüzlüyün, geridəqalmışlığın nəticəsidir. Bütün hallarda, azərbaycanlılar günahkardır.
Bir də, heyvan hüquqlarının müdafiəçiləri var. Onlar da çox səs-küylüdürlər, aralarında elələri də var ki, tumanlarını başlarına atırlar. Sən, əli tüfəngli adama neynəyə bilərsən? Çox şey eləsən, bir güllə də sənə çaxar. Üstəlik, eşşək boyda kişilərin əllərinə tüfəngləri verib, küçələrin canına salan hər kimdirsə, çox lotu adamdır. Heyvan hüquqlarının müdafiəçiləri, ona görə heç nəyə nail ola bilmirlər. Hətta Leyla Əliyeva da heyvanlarla şəkil çəkdirir, onları qorumağa, öldürməməyə, əziyyət verməməyə səsləyir, xeyri yoxdur.
Bir şey də var ki, gündə əlli it güllələyən azərbaycanlı, pis bir iş gördüyünü səmimi olaraq başa düşmür. Siz ona yaxınlaşıb, “niyə belə edirsən?” soruşsanız, o, gözlərini döyəcək. Qəfildən, Füzulidən bir beyt də oxuya bilər. Ya da nə bilim, Çin atalar sözü deyər, mat qalarsan. Mobil telefonunuzu neçəyə aldığınızı da soruşa bilər və əlavə edər ki, “bundan əmimoğlunda da var, Dubaydan alıb”. Yəni, çox da adekvat adamlar deyillər, həm də onlarlıq bir şey yoxdur.
Qaldı ki, ümumiyyətlə azərbaycanlıların heyvanlara, təbiətə münasibəti çox fərqli, hətta deyərdim fəlsəfidir. İnsan – sosial təlim-tərbiyə prosesindən keçdiyi nisbətdə, insandır. Azərbaycanlılar təbiətin özü olduqları üçün, onlar təbiətin “fövqündə” dayana bilmirlər.
Azərbaycanlıların heyvanlara və təbiətə münasibəti çox rasionaldır - “bu mənə, bax şəxsən mənə, lazımdırmı? Şəxsən mənə, indi və burada?”.
“Soğan olsun, nağd olsun” deyir azərbaycanlılar. Ona görə azərbaycanlılar təbiətdən zövq almırlar. Onu qorumaq barədə düşünmürlər. Onun məsuliyyətini daşıdıqlarını düşünmürlər, bu fikri yaxına belə buraxmırlar.
Siz bir qaya parçasından aşıb yolu bağlamamağı, ildırımdan ağacı vurmamağı, arılardan adamı sancmamağı, sarmaşıqdan lazımsız bir yerdə bitməməyi tələb edə bilməzsiniz. Onlar “lazım bildikləri” zaman aşacaq, vuracaq, sancacaq və bitəcəklər. Azərbaycanlılar (əlbəttə, tək onlar yox, Şərqin böyük hissəsi) özlərini təbiətdən ayrı görmürlər ki, təbiətə zərər yetirən davranışlarında daxili bir ziddiyyət, diskomfort keçirsinlər.
Bu mənada, azərbaycanlıdan təbiətə, heyvanlara qarşı məsuliyyətli olmağı tələb etmək axmaqlıqdan da betərdir. Bu, infantilizmdir. Azərbaycanlı gül-çiçəkdir, ot-alaqdar, dağ-daşdır, qayada bitən mamırdır. Azərbaycanlı hər şeydir, bircə XXI əsrin insanı deyil. (Musavat.com)
Əli Əkbər