post-title

Konspirologiya nəzəriyyələri və onlara inananlar nəyə görə təhlükəlidir?



Deniel Allinnqton və Deyvid Toub

Oktyabr ayında Amerika torpaqlarında ard-arda radikal sağçı terror aktları baş verdi. Yəhudi xeyriyyəçi Corc Sorosun ünvanına, həmçinin bir çox amerikalı liberallara poçtla əldəqayırma bomba göndərildi. Bundan qısa müddət sonra isə silahlı bir adam Pitsburq sinaqoqunda 11 nəfər ibadət edən insanı qətlə yetirdi. Bu hadisələrdə əsas şübhəlilər olan Sezar Sayok və Robert Bouersi birləşdirən bir məqam vardı: hər ikisi dünyaya konspirologiya nəzəriyyələrinin pəncərəsindən baxırdılar.

Bir çox rəyçilər konspirologiya nəzəriyyələrinə saflığın əlaməti olan zərərsiz zarafat kimi baxırlar. Keçmiş futbolçu və Yaşıl Partiyanın müşaviri Deyvik İkke danışanda məsələn, biz istehza ilə gülümsəyirik, o, onu dinləmək istəyənlərə Rotşild ailəsinin üzvlərinin qaniçən və nifrətəlayiq ilanlar olduğu barədə çıxışlar edir və bundan pul qazanır.

Amma bizim araşdırmamız göstərir ki, əsasən anti-modern və anti-demokratik baxış bucağından çıxış edən və daim özünü anti-Semitizm şəklində göstərən bu nəzəriyyələrdə narahatlıq doğuran məqamlar çoxdur. Bu nəzəriyyələrin siyasi spektrdə yayılmasında sosial şəbəkələr əsas vasitə sayılırlar. Aşkarca və narahatlıq doğuracaq səviyyədə göz önündədir ki, bir çox konspiroloqların izləyiciləri zərərsiz mövqedən çıxış etmirlər, onlar bu nəzəriyyələri ciddi qəbul edirlər.

Sosial media Sayok və Bouers kimilərin düşüncələrinin yayılmasına şərait yaradır. Sayok “Facebook” və “Tvitter”də fəal olduğu halda, Bouer radikal sağçıların sevimli “Gab” platformasını üstün tuturdu.

Sayokun “Facebook” və “Tvitter” hesabları konspirologiya materialları ilə dolub daşırdı. Bu materialların əksəriyyəti Corc Sorosla bağlı idi, belə görünür ki, Soros indi hətta anti-Semit tənqiddə Rotşildi də arxada qoyub. Məsələn, Sayok Sorosu “Bolşevik sionist dünya konspiratoru olan Yəhudi-plutokrat” kimi xarakterizə edən “meme”ni 7 dəfə paylaşıb. Sayok həmçinin “Tvitter”də Sorosu ölümlə hədələyib, belə hədələrdən birini də o, silaha nəzarət aktivistlərindən birinə ünvanlayıb. Sorosun adresinə əldəqayırma bomba göndərilən gün Sayok çox sayda anti-Soros “meme”si paylaşmışdı. Bunların arasında İkkenin “DÜNYA CORC SOROSUN QORXUNC ƏMƏLLƏRİNİ ARTIQ GÖRÜR” memesi də vardı.

Konspirologiya nəzəriyyələrinə kimlər inanır?


Bouersin sinaqoqa hücumdan əvvəl “Gab”-da paylaşdıqları arasında 3 konspirologiya vardı. Bunlardan birincisi ZİH, yaxud Sionistlərin İşğalındakı Hökumət idi: bu termini uyduranlara görə, Qərb dövlətləri beynəlxalq “Sionist” qəsdinin nəzarəti altındadırlar. İkinci nəzəriyyə Yəhudi-Amerikan Qeyri-kommersiya təşkilatının təşkil etdiyi Milli Mühacir Şabbatla əlaqədardır, konspirologiya nəzəriyyəsinə görə, yəhudilər tarixən ağdərililərin məskunlaşdığı coğrafiyalarda qəsdən mühacirliyi yayırlar ki, onları zəiflədib çökdürsünlər.

Bu nəzəriyyənin kökləri Hitlerə qədər gedib çıxsa da, bu barədə variantlar İkkenin və Macar lider Viktor Orbanın – o, müsəlman mühacirliyini məhz Corc Sorosla əlaqələndirir - davamçıları arasında populyardır. “Gab”da yazdığı sonuncu postda Bouers yenidən bu nəzəriyyəyə müraciət edib: “HİAS insanlarımızı öldürtmək üçün işğalçıları bura gətirir... Gözlərinizi açın. Mən açmışam”.

Qanqaraldıcı hadisələr baş verəndə, insanlar bunun nəyə görə baş verdiyini soruşurlar. Xoşagəlməz fərdləri və ya qrupları bəsit izahlarla günahlandırmaq bir çoxları üçün cəlbedicidir. 18-ci əsrdə Fransa İnqilabının qarışıqlığı hökm sürərkən, bunu masonların və Bavariya İllüminatisinin (hələ də mövcuddur) işi olduğunu deyən miflər var idi. Bundan qısa müddət sonra fantaziya pərəstişkarları konspirologiyanın yeni qrupunu müəyyən etdilər – yəhudiləri. Zaman keçdikcə yəhudilər onların fantaziylarında daha çox mərkəzi mövqe tutmağa başladı, bu da nəticə etibarilə Avropanın yəhudilərlə bağlı qədim görüşünün sekulyarlaşmış versiyası idi.

Modern anti-Semitizm necə “Sionist” bürokratiyasının maliyyə, siyasi korrupsiya və mətbuata nəzarət vasitəsilə vəhşətli nüfuz qazandığına inanırsa, Orta əsrlərdən bu yana bir çox avropalı xristianlar da yəhudilərin Şeytan tərəfindən idarə olunan vampir cadugərlərin intriqantları olduqlarına inanırdılar.

Anti-Semitizmin orta əsrlərdən müasir dövrə keçidi sürətli olub. İkkenin yöndəmsiz fantaziyalarında məsələn, “Rotşild Sionist” elitası həm murdar bürokratiya manupulyatorları, həm də vampir satanist intriqantlardır. Konspirologiya nəzəriyyələri necə bəsitcə konspiroloji ittihamlar demək deyilsə, anti-Semitizm də elə bəsitcə irqçilik demək deyil. Konspirologiya və müasir anti-Semitizm olduqca irrasional baxış tərzləridir, bunlar ikisi tandem şəklində inkişaf ediblər, onları ayırmaq demək olar ki, mümkünsüzdür. Onlar birlikdə dünyadakı insanları iki hissəyə, məsumlara və günahkarlara bölür və güman olunan bədxahlara qarşı çıxış edənləri qəhrəman olmağa şirnikləndirir.

Totalitarlar və terrorçular konspiroloji, qütblü izahlara inanır və bu inancı yayırlar. Radikal sağda konspirologiya nəzəriyyələri dünya nizamından narazı olan fərdləri çoxdan bəri radikallaşdırmaqla məşğuldur. İslamçılıqda müsəlmanlara qarşı olan Yəhudi-Amerikan konspiroloji mifi çox yayğındır. Stalinist məhkəmələr kommunizmin xəyali qəsdçilərini sıradan çıxarmaq adıyla fəaliyyət göstərirdi. “Holokost” Nasist konspirologiya nəzəriyyəçiləri tərəfindən törədilmişdi, onlar “Mənim mübarizəm”ə və “Sion müdriklərinin protokolları”na o dərəcədə inanırdılar ki, müharibəni uduzmalarında günahkar gördükləri yəhudilərə qarşı qırğınlar törətmişdilər.

Artıq konspirologiya nəzəriyyəçilərinin nazıyla oynanılmağa və onların geniş auditoriyalara açılmasına son qoyulmalıdır. “PayPal” və digər korporasiyalar təzəlikcə “Gab”dakı xidmətlərini yığışdırdılar, çünki onların təhlükəli konspirologiya nəzəriyyələri reputasiyaya risk yaradır. İndi əsas sosial şəbəkə platformaları da addım atmalıdır.

Deniel Allinqton London Kral Kollecində sosial və kültürəl süni intellekt sahəsində senyor mühazirəçidir. Deyvid Toub isə “Kvillam”da siyasət direktorudur. (bilge.az)

Kultura.az
Yuxarı